Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsi 2026-cı il noyabrın 6-sı istifadəyə verildi.[1] Rəsmi məlumata görə, birinci mərhələdə kəndin ərazisi 108,5 hektar təşkil edib. Ərazidə 420 fərdi ev, inzibati bina, uşaq bağçası, həkim məntəqəsi və çoxfunksiyalı bina tikilib. Bu siyahını eyni gündə istifadəyə verilmiş və daha az əhalisi olan Cahangirbəyli kəndinin siyahısı ilə müqayisə etsək, Soltanlıda məktəb binasının olmadığını görərik. 242 fərdi evdən ibarət kənddə məktəb var, amma 420 fərdi evi olan kənddə yoxdur. Kənddən rayona—Cəbrayıl şəhərinə qədərki məsafə isə 14 km-dir, yəni ordan rayona məktəbə getmək, Masazırda yaşayıb, Bakıda oxumaq deməkdir. Bəs bu necə təşkil olunacaq? Niyə Soltanlı kəndinin birinci mərhələsində məktəb tikilməyib?
Soltanlını bərpa edən Macarıstan şirkətləri
2023-cü ilin yayında Azərbaycan və Macarıstan arasında 100 milyon kubmetr qazın təchizatı və 50 milyon kubmetrlik Azərbaycan qazının Macarıstandakı yeraltı qaz anbarlarında saxlanılmasına dair razılaşma əldə edildi. Elə həmin il sentyabrın 12-də Budapeştdə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycanın o vaxtki iqtisadiyyat naziri Mikayıl Cabbarovla birgə keçirdikləri mətbuat konfransında Soltanlını Macarıstanın ən böyük tikinti şirkətlərinin konsorsiumunun bərpa edəcəyini bildirdi.[2] İki ay sonra — noyabrın 24-də Cəbrayıl rayonunun Soltanlı kəndində təməlqoyma mərasimi keçirildi. Mərasimdə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev və Soltanlı kəndinin sakinləri iştirak edirdilər.[3] Rəsmi məlumatda deyilirdi ki, Soltanlı kəndinin baş plan layihəsini Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu və Macarıstanın tikinti və layihələndirmə sahəsində fəaliyyət göstərən “KÉSZ Group” hazırlayıb. “KÉSZ Group” isə öz bəyanatında layihələndirməni digər macar şirkəti olan “bim.Group”un həyata keçirdiyini bildirirdi.[4]
Həm “KÉSZ Group”, həm də “bim.Group” adi Macarıstan şirkətləridir. “KÉSZ” şirkətlər qrupu 1982-ci ildə ailə biznesi olaraq təsis edilib, Varga Mihaly adlı sahibkara məxsusdur.[5] Şirkət yerli hökumətin tenderlərində çox görünmür, əsasən özəl və xarici layihələrdə iştirak edir. “bim.Group” isə çox da iri olmayan layihələndirmə və dizayn şirkətidir. Bu şirkət əvvəllər elə “KÉSZ Group”un memarlıq ofisi olub və yalnız 2017-ci ildən qrupa daxil olan[6] müstəqil şirkət kimi fəaliyyət göstərir.[7]
Macarıstan şirkətinin Azərbaycan bölməsi hesabat vermirmiş
Maliyyə hesabatlarına baxsaq, “KÉSZ Group”un dövriyyəsinin son 3 ildə 34% azaldığını görərik. Şirkət rəhbərliyi bunu Macarıstanda son illər davam edən seçkiqabağı qeyri-müəyyənliklə izah edir[8]. Onların dediyinə görə, seçkidən əvvəl özəl sektor investisiyaları qismən dayandırılıb, investorlar seçkini gözləyiblər. Şirkət əsasən özəl investisiyalardan asılı olduğundan gəliri aşağı düşüb.
Diqqət çəkən məqam odur ki, rəsmi hesabatda “KÉSZ Group”un Azərbaycan bölməsinə dair heç bir məlumat yoxdur. Maliyyə hesabatında “bölmə ümumi hesabat üçün məlumat təqdim etmədi” deyilir. Həm də bu məlumat nə 2024-cü, nə də 2025-ci ildə verilib (həm “KÉSZ Group”un ümumi hesabatında, həm də onun bölmələrinin hesabatında Azərbaycanda olan şirkətin maliyyə məlumatları yoxdur, sadəcə qeydiyyat məlumatları əks olunur). Səhmdarlar qarşısında hesabatında isə şirkət rəhbərliyi qısaca, “A KÉSZ Csoport alacsony kockázatú szereplőként megkezdte azeri integrációját” yazır, yəni: ““KÉSZ Group” Azərbaycana aşağı riskli oyunçu qismində inteqrasiyaya başlayıb”.
Amma “bim.Group” gəlirlərinin həm də Azərbaycan hesabına artdığını gizlətmir
“bim.Group”un maliyyə hesabatı gəlirlərinin ciddi şəkildə çoxaldığını göstərir.[9] 2024-cü ildə şirkətin qazancı ikiqat artıb, 2025-ci ildə bu tendensiya davam edib. Azərbaycanda 2023-cü ildə başlanan layihələndirmə işlərindən şirkət 420 min manat əldə edib. Daha bir layihələndirmə işi şirkətə əlavə 6.3 milyon manat gətirib. Beləliklə, “bim.Group”un iki il ərzində qazandığı 68 milyonluq gəlirin 10%-i rəsmi olaraq Azərbaycan layihələrinin hesabına olub. Üstəlik, şirkət “KÉSZ Group”un Azərbaycandakı digər layihələrində də subpodratçı kimi (əlavə layihələndirmə, nəzarət, mühəndislik və s.) iştirak etmiş ola bilər. Bu isə o deməkdir ki, 68 milyonluq ümumi gəlirin 10%-dən də çox hissəsi məhz Azərbaycan hesabına formalaşıb. Hər halda, “KÉSZ Group”un memarlıq bölməsi sayılan “bim.Group” Azərbaycanda fəaliyyətə başlayandan bəri qazancını ciddi şəkildə artırmağa müvəffəq olub.
QEYD: “bim.Group” “KÉSZ Group” üçün subpodratçı olaraq çıxış etməklə yanaşı, özü də bir çox xidmətləri digərlərinə ötürür. Hesabatında qeyd edir ki, gəlirlərin 88%-i onunla bağlı olan digər şirkətlər hesabına formalaşıb. Başqa sözlə, Soltanlı kəndində həyata keçirilən işləri üçüncü tərəfə yönəldib.
Macarıstan Soltanlının bərpası üçün Azərbaycana 189 milyon manat verib
Adı çəkilən şirkətlərin ikisi də sadəcə podratçılardır, əsas məsələ Macarıstanın Soltanlı məktəbinin və ümumi olaraq kəndin tikintisində iştirakıdır. Azərbaycan mediasından fərqli olaraq, Soltanlı kəndi artıq çoxdan Macarıstan mediasının diqqət mərkəzindədir. 2025-ci il dekabrın 4-də “Magyar Hang” adlı media qurumu yerli “Açıq Məlumatlar” portalına istinadən məlumat verib[10] ki, Macarıstan Soltanlı kəndinin bərpası ilə əlaqədar Azərbaycana 39 milyard forint, yəni təxminən 189,1 milyon manat ödəniş edib. Bu ödəniş üç hissədən ibarət olub:
QEYD: Bu rəqəmlər Azərbaycan Mərkəzi Bankının 2025-ci ilə aid rəsmi illik orta məzənnəsinə əsaslanır, təxminidir. Soltanlı məktəbinin layihələndirilməsinə dəstək üçün ayrılan məbləği həmin məzənnə ilə çevirsək, təxminən 6,5 milyon manat edir, amma “bim.Group”un maliyyə hesabatında layihələndirmə üçün dövlətdən 6.3 milyon aldığı göstərilib.
İstinad olunan reyestrdə qeyd edilir ki, 39 milyard forint Macarıstanın Xarici İşlər Nazirliyinin tabeliyində olan “Hungary Helps Ügynökség Nonprofit Zrt.” vasitəsilə ayrılıb. (Qısa olaraq “Hungary Helps” adlanan bu təşkilat müxtəlif humanitar məqsədlər üçün yaradılıb və dünyanın bir çox istiqamətlərində fəaliyyət göstərir, ən azı vəsait ayırır və dəstək olur). Azərbaycana ödəniş etmək üçün bu təşkilat yalnız vasitəçi olaraq seçilib, çünki vəsaitlər agentliyin balansına oturmadan köçürülüb.
Soltanlı məktəbinin layihələndirmə işləri 2024-cü ilin dekabrında bitməli imiş
“Açıq Məlumatlar” portalında yer alan rəsmi qeydə görə, Soltanlı məktəbinə dair layihələndirmə işləri 2024-cü ilin dekabrın 31-də bitməli imiş. “bim.Group”un maliyyə hesabatında 6.3 milyon manatın “Hungary Helps”dən əldə edildiyi və bu məbləğin ayrıldığı işlərin 2025-ci il mayın 28-nə kimi bitirilməli olduğu qeyd edilib. 2025-ci ilin hesabatında isə, yuxarıda qeyd edildiyi kimi, “bim.Group” 6,3 milyon manatı öz gəliri kimi tanıyıb və işlərin bitdiyini qeyd edib.
Əslində bu məbləğə təkcə layihələndirməni yerinə yetirmək deyil, böyük bir məktəb kompleksini tikmək olardı. Məsələn, Cəbrayıl rayonunun Şükürbəyli kəndində 360 şağirdli məktəbin tikintisi 4.5 milyon manata başa gəlmişdi.[12]
Reallıq budur ki, Macarıstan hökumətinin “hədiyyəsi” (məktəbin Azərbaycana hədiyyə olduğunu “KÉSZ Group” şirkətlər qrupunun rəhbəri Otto İzso Soltanlı kəndinin təməlqoyma mərasimində demişdi[13] hələ də istifadəyə verilməyib. Bəs buna nə mane olub? Necə olub ki, Soltanlı məktəbsiz təhvil verilib?
Xronologiyaya baxaq
2024-cü ilin avqust ayında məktəbin layihələndirilməsi üçün Macarıstan hökuməti 6.3 milyon manat ayırır. Yəqin ki, vəsait xərclənir və məktəbin tikintisi başlayır, çünki mətbuatda, hətta Macarıstan mediasında bunun əksini iddia edən xəbər yoxdur.
2025-ci il iyunun 3-də SOCAR və “MOL Group” Şamaxı–Qobustan bloku üzrə “Əsas Şərtlər Sazişi”ni imzalayır.[14] “Əsas Şərtlər Sazişi”nə əsasən Macarıstan şirkətinin operator olacağı layihədə “MOL Group”un 65%, SOCAR-ın isə 35% paya sahib olması nəzərdə tutulurdu.
2025-ci il avqustun 15-də dövlət qurumu—Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında bərpa, tikinti və idarəetmə xidməti Soltanlı kəndində fərdi yaşayış evlərinin, qeyri-yaşayış obyektlərinin, sahədaxili və xarici mühəndis kommunikasiya sistemlərinin (su, kanalizasiya, rabitə şəbəkəsi, elektrik təchizatı və qaz xətti), yol və səkilərin (yaşıllaşdırma, abadlıq) işlərinin satın alınması ilə bağlı iki şirkətdən ibarət konsorsiumla— ”KÉSZ Group” və 19 Saylı Tikinti Təmir İdarəsi MMC ilə müqavilə imzalayır. 114,5 milyon manatlıq bu müqavilə haqda məlumat bir ay sonra— sentyabrın 19-u dərc olunur.
2025-ci il sentyabrın 1-də Macarıstan hökuməti Soltanlıda tikinti üçün 37,64 milyard forint, yəni təxminən 182,5 milyon manat ayırır (məlumat Macarıstan “Açıq Məlumatlar” portalındandır). Lakin bu vəsait thissə-hissə ayrılmağa başlayır.
2025-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə “Hungary Helps” arasında “Azərbaycan Respublikası Cəbrayıl rayonunun Soltanlı kəndinin tikintisi çərçivəsində yaşayış binalarının yenidən qurulması” layihəsi ilə bağlı qrant vəsaitinin qəbuluna dair Təsdiq Məktubu” imzalanır (Azərbaycan Nazirlər Kabinetinin hesabatında belə deyilir). Həmin sənədə əsasən, Cəbrayıl rayonunun Soltanlı kəndində aparılan bərpa işlərinə Macarıstan dövləti tərəfindən 30 mln. ABŞ dolları məbləğində qrant ayrılması nəzərdə tutulub. Beləliklə, Soltanlının bərpası çərçivəsində yaşayış binaların tikintisinə ayrılan 48,5 milyon manat Azərbaycan hökuməti tərəfindən alınıb.
2025-ci il sentyabrın 30-da imzalanan prezident sərəncamına[15] görə, Şamaxı, Qobustan, Abşeron, Hacıqabul və Ağsu rayonlarının bir hissəsində kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü ilə bağlı "MOL Vector Ltd" şirkəti ilə sazişin hazırlanması və imzalanması səlahiyyəti SOCAR-a verilir.
2025-ci il dekabrın 17-də SOCAR ilə Macarıstanın "MOL Group" şirkəti arasında Azərbaycanın Şamaxı-Qobustan sahəsində kəşfiyyat və hasilat üzrə pay bölgüsü sazişi imzalanır.
2026-cı il aprelin 12-də Macarıstanda parlament seçkiləri keçirilir. Seçkilərin nəticələri hökuməti dəyişir, müxalifət hakimiyyətə gəlir.
SOCAR-la “MOL Group” arasında sazişin imzalanmasından dörd ay, Macarıstanda hakimiyyət dəyişikliyindən dörd gün sonra Azərbaycan Nazirlər Kabineti hökumətin saziş üzrə təminatı və öhdəliklərini təsdiq edir.[16] Bundan sonra yalnız sazişin Milli Məclis tərəfindən ratifikasiya edilməsi qalır. Amma bu məsələ uzanır, 11 ay keçib, ratifikasiya haqda heç bir xəbər yoxdur.
Soltanlını məktəbsiz qoyan Macarıstanın yeni hökuməti ilə münasibətlərdir?
Yuxarıda adı çəkilən “Hungary Helps” 2025-ci ilin nəticələrinə həsr olunmuş hesabatında qeyd edir ki, Azərbaycana ayrılan bütün vəsait tamamilə istifadə olunub.[17] Üstəlik, mənbənin məlumatına görə, 27 milyard forint, yəni təxminən 131 milyon manat “Soltanlının bərpası çərçivəsində tikinti işləri”nə yox, məhz “Soltanlı kəndində məktəb kompleksinin” tikintisə ayrılıb. 131 milyon manatın bir məktəb kompleksinin tikintisinə ayrılması bir qədər qəribədir. Bəlkə də hesabat tərtibatçıları sadəcə adları çaşdırıblar (eyni agentlik başqa müxtəlif fondlar vasitəsilə “ermənilərə yardım” adı ilə 285 milyon forint (təxminən 1.4 milyon manat) xərcləyib).
QEYD: Hakimiyyət dəyişikliyindən sonra Macarıstan Xarici İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən və xarici ölkələrdəki yardım layihələrini maliyyələşdirən “Hungary Helps” agentliyində hərtərəfli maliyyə yoxlamasına başlanılıb. Agentliyin rəhbəri dəyişdirilib, əvvəlki hökumət dövründə bağlanmış bütün müqavilələr və həyata keçirilmiş bütün ödənişlər yoxlanmaqdadır.[18]
Beləliklə, sadəcə açıq mənbələrə əsaslanaraq qeyd edə bilərik ki, Macarıstan Soltanlı kəndinin bərpasına 189 milyon manat həcmində vəsait ayırıb. Bunun bir hissəsi 2024, bir hissəsi 2025-ci ildə göndərilib. Sonuncu hissəsinin 2026-ci ildə çatmalı olduğunu təxmin edə bilərik. Vəsaitlərin ayrılması və iki ölkə arasında gedən neft-qaz müzakirələri xronoloji olaraq üst-üstə düşür, amma Macarıstanda baş vermiş hakimiyyət dəyişikliyi (həm də ilin əvvəlindən müşahidə olunan qeyri-müəyyənlik) işləri dayandırıb. Azərbaycan hökuməti “MOL Group”la imzalanan sazişi ratifikasiya üçün parlamentə göndərmir, Macarıstan tərəfi isə Soltanlı kəndində elan olunan layihələrə dair heç bir məlumat vermir.
Beləcə, kəndin nəinki ikinci mərhələsi, heç birinci mərhələyə daxil edilən məktəb haqda məlumat tapmaq olmur.
Bir məqam da var: “bim.Group” dövlətdən aldığı qrantın daxil olduğu dövrdən sonra— 2025-ci ildə 3,7 mln manat dividend ödəyib. Bəlkə də məktəb tikilib, sadəcə rəsmi açılışı Macarıstan ilə münasibətlərdən asılıdır.
[1] https://azertag.az/xeber/cebrayil_rayonunun_soltanli_kendinin_birinci_merhelesinin_achilisi_olub__yenilenib__video-4498188
[4] https://www.keszgroup.com/en/news/soltanli-cornerstone-laid-another-international-opportunity-kesz-group
[6] https://epiteszforum.hu/egy-altalunk-megirt-segedprogrammal-a-pepecseles-konnyu-mozdulattal-kivalthato--beszelgetes-a-bimgroup-csapataval
[10] https://hang.hu/belfold/kozel-negyvenmilliardot-adhat-a-kormany-egy-azerbajdzsani-falu-ujjaepitesere-183184
[11] https://kif.gov.hu/adatszolgaltatasok/adat?contractingPartyName=Hungary+Helps+%C3%9Cgyn%C3%B6ks%C3%A9g+Nonprofit+Zrt.&contractSubject=Soltanli&visibleKeys=contractingPartyName%2CcontractSubject%2CperformanceLocation%2CprovisionPeriodStart%2CprovisionPeriodEnd&pageSize=25&view=card
[13] https://report.az/infrastruktur/kesz-soltanli-kendinde-tikilecek-mekteb-macaristandan-hediyyedir