Açıq Azərbaycan

Onlayn media

ZAKİR FƏRƏCOVUN 10 MİLYONLUQ “GÜL-ÇİÇƏK BİZNESİ”

08.11.2026 / Sumqayıt İcra Hakimiyyətinin ağac, kol, gül və qazon tenderlərinin qalibləri kimlərdir?


Sumqayıtda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində zeytun ağacı əkililir. Foto Azərtacdan götürülüb.



Sumqayıt Şəhər İcra Hakimiyyəti ağac, kol, gül və qazonların alınması məqsədilə son 7 ildə 10 milyon 49 min manat dəyərində satınalma müqavilələri bağlayıb. Sayı 45-ə çatan bu müqavilələrə icra hakimiyyəti və onun tabeliyində fəaliyyət göstərən müxtəlif qurumlar — əsasən Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsi, “Sumqayıt Bulvar” MMC imza atıb. Sövdələşmənin qarşı tərəfində isə tanınmayan 10-dan çox şirkət və fərdi sahibkarın adl çəkilir.[1] Kimdir bu sahibkarlar?

4,9 milyonluq tenderləri udmuş “SAFFİRA PLUS” MMC

Dövlət Satınalmaları Vahid İnternet Portalında yer alan məlumatlardan görünür ki, 2020-2026-cı illərdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin sifarişi əsasında yaşıllıqların salınması işlərini görən şirkətlərdən ən fəalı “SAFFİRA PLUS” MMC (VÖEN – 6701559471) olub.[2] Son 3 ildə bu şirkətlə 4 milyon 961 min 900 manat dəyərində 14 satınalma müqaviləsi imzalanıb.

Nizamnamə kapitalı 10 manat olan “SAFFİRA PLUS” MMC dövlət qeydiyyatına 2023-cü il yanvarın 26-da alınıb və cəmi 5 ay sonra — 2023-cü ilin iyun ayında Sumqayıt Yaşıllaşdırma İdarəsinin 279 min 660 manat dəyərində tender müsabiqəsinin qalibi elan edilib.

“SAFFİRA PLUS”ın hüquqi ünvanı Saatlı rayonu, Əlisultanlı kəndində yerləşir və MMC-nin qanuni təmsilçisi Zeynalova Nurlana Şahin qızıdır. Açıq mənbələrdə MMC barədə daha ətraflı məlumat mövcud deyil, əlaqə vasitələri yoxdur. Yalnız portaldakı cədvəldən görünür ki, “SAFFİRA PLUS” 2026-cı ilin sentyabr və noyabr aylarında Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə ümumi dəyəri 1 milyon 190 min manat olan daha 2 satınalma müqaviləsi imzalayıb.[3] Müqaviləyə əsasən, MMC ilin sonunadək Sumqayıt şəhərinin park və xiyabanlarında yaşıllıqların salınması məqsədilə icra hakimiyyətinə yeni ağac, bitki və güllər tədarük edəcək.

Açıq mənbələrdə yer alan məhdud məlumatlardan biri də odur ki, dəyəri milyonlarla ölçülən tenderlərin qalibi olmuş “SAFFİRA PLUS” MMC-nin dövlət büdcəsinə 17,3 min manat vergi borcu var.

“4 MM AQRO” MMC-nin də təmsilçisi eyni şəxsdir

“SAFFİRA PLUS” MMC-nin qanuni təmsilçisi olan Zeynalova Nurlana Şahin qızı eyni tarixdə — 2023-cü il yanvarın 26-da dövlət qeydiyyatına alınmış başqa bir şirkətin – “4 MM AQRO” MMC-nin də (VÖEN – 6701560141) qanuni təmsilçisidir. Bu şirkətin də hüquqi ünvanı Saatlı rayonu, Əlisultanlı kəndində yerləşir. Diqqət çəkən daha bir məqam odur ki, Dövlət Satınalmaları Vahid İnternet Portalındakı cədvələ əsasən, şirkət dövlət qeydiyyatına alındıqdan cəmi 7 gün sonra Sumqayıt İcra Hakimiyyətinin yaşıllıqların salınması işləri ilə bağlı elan etdiyi tenderin qalibi olub və icra hakimiyyətindən 293 min 230 manat alıb.

“Dövlət satınalmaları haqqında” qanunun 23-cü maddəsində təchizatçılara dair tələblər var. Həmin maddənin 23.4.1-ci bəndində açıq şəkildə qeyd edilir ki, satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlıq və təcrübə olmalıdır. Nəinki rəsmi veb-səhifəsi, hətta sosial şəbəkə hesabı olmayan şirkətlərin qeydiyyatdan keçdikdən az sonra tender qalibləri elan edilməsi onların qanunvericilikdə tələb olunan təcrübə və peşəkarlığı ilə bağlı suallar yaradır.[4]

Hazırda passiv vergi ödəyicisi olan “4 MM AQRO” MMC-nin dövlətə 1,4 min manat vergi borcu var.

Şirkət yaradılır, tenderi udur, fəaliyyətini dayandırır. Vergi?

“SAFFİRA PLUS” və “4 MM AQRO” MMC kimi, Sumqayıt Şəhər İcra Hakimiyyətinə gül-çiçək satan başqa şirkətlərin, eləcə də fərdi sahibkarların fəaliyyəti barədə məlumat tapmaq çətindir. Başqa ümumi cəhət odur ki, siyahıdakı şirkətlərin demək olar ki, hamısı qeydiyyatdan keçib, tenderi udub, bir müddət sonra fəaliyyətlərini dayandırıblar. Üstəlik, dövlət büdcəsinə olan vergi borclarını vaxtında ödəməyiblər.[5]

Məsələn, “CRATOS-BOOKSTORE” MMC (VÖEN – 6801562831) adlı şirkət 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Cəmi 2 manat nizamnamə kapitalı olan bu şirkətin hüquqi ünvanı kimi Sabirabad rayonunun Nizami kəndi göstərilir, qanuni təmsilçisi Quliyev Rəşad Rəşid oğludur. Şirkət 2020-ci ilin aprel ayında Sumqayıt Yaşıllaşdırma İdarəsi ilə 298 min 953 manatlıq satınalma müqaviləsi imzalayıb. Vergi Xidmətinin reyestr məlumatlarından görünən odur ki, “CRATOS-BOOKSTORE” MMC-nin də dövlət büdcəsinə 29,1 min manat vergi borcu var. Əlavə məlumat verilmir.

2020-ci ildə Sumqayıt Yaşıllaşdırma İdarəsi ilə 297 min 596 manatlıq satınalma müqaviləsi imzalayan daha bir şirkət – “ARSENAL-M" MMC də (VÖEN – 8200136121) 2024-cü ildə fəaliyyətini dayandırıb, dövlət büdcəsinə 66,6 min manat vergi borcu qalır. Şirkətin hüquqi ünvanı Biləsuvar rayonu, 10-cu qəsəbədə yerləşir, qanuni təmsilçisi Kazımova Müsavirə Məmmədtağı qızıdır.

Kazımova Müsavirə Məmmədtağı qızının rəhbərlik etdiyi daha bir şirkət – "ASTROİT" MMC (VÖEN – 8200173141) isə Yaşıllaşdırma İdarəsi ilə 2022-ci ildə 243 min 80 manatlıq satınalma müqaviləsi imzalayıb. Lakin 2024-cü ildə bu şirkət də fəaliyyətini dayandırıb. Şirkətin dövlət büdcəsinə vergi borcu 20,8 min manata bərabərdir.

Bir maraqlı məqam da var: "ASTROİT" MMC-nin hüquqi ünvanı yuxarıda adı çəkilən “SAFFİRA PLUS” ilə eyni yerdə – Saatlı rayonu, Əlisultanlı kəndindədir.

Başqa bir şirkət – “FİRE ENGİNEERİNG” MMC (VÖEN – 2001805261) də diqqəti çəkir. Bu şirkət 2023-cü ilin may ayında Yaşıllaşdırma İdarəsinin ard-arda 2 tenderinin qalib olub. İdarə yaşıllıqların salınması üçün MMC-yə ümumilkdə 587 min manat vəsait ödəyib. Daha sonra şirkət adını dəyişərək “SM CONSTRUCTİON COMPANY” MMC-yə çevrilib və 2025-ci ildə yenidən tenderə qoşulub, Yaşıllaşdırma İdarəsinin 293 min 584 manatlıq tenderini qazanıb.

HAŞİYƏ: Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovdur. O, 2015-ci il sentyabrın 2-dən bu vəzifədədir. 1954-cü ildə anadan olan Z.Fərəcov 1978-ci ildə Sumqayıt şəhəri Mənzil-Kommunal Təsərrüfatı Birliyində şöbə rəisi, 1981-ci ildə baş direktorun müavini, 1988-ci ildə Mənzil-Kommunal İstehsalat Birliyinə baş direktor təyin olunub. 2000-2005-ci illərdə o, Sumqayıt bələdiyyəsinin sədri vəzifəsini də icra edib. Z.Fərəcov 2005-2015-ci illərdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı olub.

Sumqayıt İcra Hakimiyyəti ilə 1 milyon 272 min 50 manat dəyərində 8 satınalma müqaviləsi imzalayan "EKO FERMA AZƏRBAYCAN" MMC-nin (VÖEN – 1203022601) hüquqi ünvanı Bakıda – Yasamal rayonu, Qurban Xəlilov küçəsi, ev 8, mənzil 59-da yerləşir. MMC-nin qanuni təmsilçisi Masimov Rüfət Ramazan oğludur. Masimov Rüfət Ramazan oğlu özünün sosial şəbəkə hesabında həm də "AABACUS" MMC-nin (VÖEN – 1303108011) təsisçisi olduğunu qeyd edir.[6]

Qaliblərindən biri Mərkəzi Bankın keçmiş departament direktorudur

"AABACUS" MMC 2020-2025-ci illərdə Mərkəzi Bank ilə ümumi dəyəri 1 milyon 352 min manat olan 6, “Bakı Metropoliteni” ASC ilə 37 min manatlıq 1 satınalma müqaviləsi imzalayıb. Diqqət çəkən məqamlardan biri odur ki, hazırda "AABACUS" MMC-nin qanuni təmsilçisi Masimov Rüfət Ramazan oğlu yox, onun qardaşı Məsimov Hacıbaba Ramazan oğludur və bu şəxs əvvəllər Mərkəzi Bankın Nağd pul departamentinin direktoru olub.[7]

Açıq mənbələrdə barəsində heç bir məlumat olmayanlardan biri də, Sumqayıt İcra Hakimiyyətinə gül-çiçək tədarük edən fərdi sahibkar Nigar Rauf qızı Bağırovadır (VÖEN – 1702068062). Nigar Bağırova Sumqayıt İcra Hakimiyyətinə tabe olan qurumlarla son 7 ildə 7 satınalma müqaviləsi imzalayıb və bu müqavilələrin ümumi dəyəri 877 min 150 manat olub. Nigar Bağırovanın fərdi sahibkar kimi qeydiyyatda olduğu ünvan Bakı şəhəri Səbail rayonu, Teymur Elçin küçəsi, ev 4, mənzil 14-dür. Maraqlıdır ki, "Bİ Tİ EL" MMC (VÖEN – 1701942891) adlı şirkət də bu ünvanda qeydiyyatdadır. Hazırda aktiv fəaliyyəti olmayan "Bİ Tİ EL" MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb, 2018-ci ildə “Şahdağ Turizm Mərkəzi” QSC ilə 32 min 800 manat dəyərində satınalma müqaviləsi imzalayıb. Şirkətin qanuni təmsilçisi Süleymanov Polad Süleymanoviç "Bİ Tİ EL" MMC-nin rəhbəri olmazdan əvvəl “Paşa Holdinq”də tədbirlər üzrə menecer, Satış və Tədbirlər şöbəsinin rəhbəri vəzifəsində işləyib.[8]

P.S. Mənbə kimi qeyd olunan linklər bəzi dövlət qurumlarının internet saytlarına ölkə xaricindən girişə qoyulan məhdudiyyətlər səbəbindən açılmazsa, istinad olunan məlumatlarla məqaləyə əlavə edilmiş PDF faylında tanış ola bilərsiniz.