SAATINI İTİRƏN RƏŞAD ABDULLAYEVİN YENİ HEKAYƏSİ

10.07.2019 / Polisə şikayət ərizəsinə düzəliş edilərək, saatın ona deyil, Seymur Mehdiyev adlı şəxsə olduğu qeyd olunub


Rəşad Abdullayev. Səbayıl Futbol Klubunun Facebook səhifəsindən



İspaniyada oğurlanan saat -- “Riçard Mil” brendinə məxsus 1,35 milyon dollarlıq qol saatı (brendin ən bahalı nümunələrindən olan bu saat cəmi 75 ədəddir) geniş müzakirələrə, ittihamlara və əks-ittihamlara səbəb olub.

Saatın Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidentinin oğlundan oğurlandığını yazırlar. Həqiqətdirsə, bu fakt ciddi siyasi nəticələrə səbəb ola bilər

İbiza (İspaniyada ada, istirahət zonası) polisi oğurluğun iyunun 19-da baş verdiyini bildirib. Azərbaycan mətbuatı da ehtiyatla -- polisə istinad edərək, oğurluq qurbanının 25 yaşlı Rəşad Abdullayev (SOCAR-ın prezidenti Rövnəq Abdullayevin oğlu) olduğunu yazır. SOCAR-ın mətbuat xidməti xəbəri təkzib edib, şirkət rəhbərinə qarşı ittihamların əsassız oluğunu bildirib.

Amma polisin məlumatı şikayətçinin məhz Rövnəq Abdulayevin oğlu Rəşad Abdullayev olduğunu göstərir: ad, doğum tarixi, ana adı Azərbaycan vətəndaşları haqda məlumat bazasındakı informasiya ilə üst-üstə düşür. Rəşad Abdullayevin polisə müraciət edərkən verdiyi elektron poçt ünvanı da onun 2014-cü ildə Linkedin şəbəkəsində göstərdiyi ünvanla eynidir.

İspaniyada təqaüdə çıxmış bir polis zabiti İbiza polisinin məlumatını yoxlayıb və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsinə (OCCRP) informasiyanın saxta olmadığını bildirib. Keçmiş zabit adının açıqlanmasını istəməyib, belə bir informasiyanı almaq, açmaq səlahiyyəti olmadığını deyib. Onun sözlərinə görə bu oğurluq İbiza polisi üçün də adi hal deyil. “Onlar belə bir şey görməyiblər. İbizadakı müstəntiqlər şikayətin motivinin nə olduğunu hələ bilmirlər.” Keçmiş zabit belə deyib.

Əvvəl saatın sahibinin başqa bir azərbaycanlı—biznesmen Fərhad Əhmədovun oğlu Timur Əhmədov olduğunu yazırdılar. Amma T.Əhmədov Youtube vasitəsiylə video yayaraq, saatın ona məxsus olmadığını bildirdi, üstəlik, onun adını hallandıran Abdullayevlər ailəsini oğru adlandırıb, Azərbaycan büdcəsini taladıqlarını söylədi.

“Neft şirkətinin rəhbərinin oğlunun saatını keçən həftə İbizada oğurlayıblar.” T. Əmədov iyunun 28-də yaydığı videoda belə deyir. “Azərbaycan mətbuatı saatı oğurlanan adamın mən olduğunu yazır, güya mən milyon dollarlıq saatları sevirəm… Əslində mən heç saat taxan deyiləm, saata ehtiyacım yoxdur, saat sevmirəm. Aydındır ki, bu oğlan özünü qorumağa çalışır.”

Yeni hekayə

SOCAR-ın təkziblərinə baxmayaraq, Rəşad Abdullayev, deyəsən, bu hekayənin bir hissəsinin həqiqət olduğunu təsdiqləmək qərarına gəlib.

Polisə ərizəyə düzəliş edilərək Rəşad Abdullayevin adı başqa adla əvəzlənib.

OCCRP-nin müxbirləri gəncin vəkilinin polisə şikayət ərizəsinə etdiyi düzəlişləri görüblər. Bu ərizədə 25 yaşlı oğlanın İbizada olduğu, saatın mövcudluğu və dəyəri haqda məlumat qalır. Ancaq düzəlişdən sonrakı variantda saatın Rəşad Abdullayevə deyil, Seymur Mehdiyev adlı birinə məxsus olduğu, Rəşad Abdullayevin saatı müvəqqəti taxdığı deyilir.

Şikayət ərizəsində Seymur Mehdiyevin ünvanı olaraq. Moskvanın mərkəzindəki Tverskaya küçəsi göstərilir. OCCRP-nin müxbirləri axtarış edib, Rusiyada, Azərbaycanda, həmçinin Birləşmiş Krallıqda Seymur Mehdiyev adlı adamın qeydiyyatda olduğunu öyrəniblər. Ancaq sənəddəki informasiyanın azlığı şikayət edənin hansı Seymur olduğunu müəyyən etməyə imkan verməyib. Həm də tapılan seymurların heç biri elə bahalı saat taxacaq qədər varlı deyillər. Yəni onların elə varlı olduğunu sübut edən dəlil aşkar edilməyib.

Moskvadakı mülklərin qeydiyyat bazasından əldə edilən məlumata görə, ərizədə göstərilən ünvandakı mənzil Seymur Mehdiyevə deyil, Şimali Osetiyanın keçmiş maliyyə naziri və baş nazirinin müavini olmuş Oleq Kalayevə məxsusdur.

“Bəli, bu, mənim mənzilimdir. Biz Moskvaya gələndə bu mənzildə qalırıq.” O. Kalayev OCCRP-a belə deyib. “Mən Seymur Mehdiyev adlı adam tanımıram. Nə isə səhv var. Bu mənzil illərdir mənimdir… Burda qeydiyyatda cəmi üç adam var—mən, oğlum və bacım… Yüz faiz səhv var.” -- Kalayev deyib.

Təvazökar rəsmilər

Azərbaycan prezidenti İlham Əliyev 2003-cü ildən hakimiyyətdədir, korrupsiyaya bürünmüş ölkəni müstəqil jurnalistikanı və müxalifəti boğaraq idarə edir. Ancaq çıxışlarından birində İ.Əliyev demişdi ki, məmurlar, eləcə də onların ailə üzvləri təvazökar olmalı, təkəbbürlü davranmamalıdırlar. “Məmurlar hesab etməməlidirlər ki, onların xüsusi statusları var. Məmur xalqla bir yerdə olmalı, özünü xalqdan yuxarı tutmamalıdır. Məmurların işi xalqa xidmət etmək, xalqın problemlərini həll etməkdir.”

SOCAR-ın illik hesabatına görə, 2018-ci ildə şirkətin prezidentinin və 12 vitse-prezidentinin rəsmi maaşları və gəlirlərinin ümumi həcmi 1.28 milyon manat (755 min dollar), yəni oğurlanan saatın dəyərindən az olub…

Abdullayevlərin saat həvəsi

Dövlət neft şirkətinin rəhbərinin oğlu birinci dəfə deyil, “mikroskop altına düşür”. OCCPR-ın öncəki araşdırmalarından biri onun 21 yaşında ikən SOCAR-ın tabeliyində olan biznes strukturlarında çalışdığını, hətta SOCAR-la bir xeyriyyə cəmiyyətini (cəmiyyət Tükiyədə təhsil alan minlərlə azərbaycanlı tələbəni maliyyələşdirirmiş) idarə etdiyini aşkara çıxarmışdı. Araşdırmaya görə Rəşad Abdullayev 17 yaşından SOCAR-da işləyirmiş.

Oğurlanmış saat Rəşad Abdullayevə məxsusdursa, bu, onun ilk bahalı saatı deyil. 2017-ci ildə Səbayıl Futbol Klubunun (R. Abdullayev klubun rəhbəridir) toplantısında çəkilmiş şəkillərdən birində onun qolunda, saat üzrə mütəxəssis olan birinin dediyinə görə, Roger Dubuis Excalibur Quatuor (İsveçrə saat markası) görünür. Bu saatın da dəyəri 1 milyon dollardan çoxdur.

R.Abdullayevin atası, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin özünün də bəzi şəkillərində bahalı saatlar taxdığı nəzərə çarpır, amma onun saatlarının heç biri oğlununku qədər bahalı deyil.

“SOCAR rəsmilərinin və yaxınlarının rəsmi gəlirlərindən qat-qat dəyərli saatlarla parlaması ciddi suallar yaradır,” korrupsiya əleyhinə təşkilat “Global Witness”dən Barnaby Pace belə deyir. B.Pace özü də bir zaman Azərbaycanın neft gəlirləriylə bağlı aşadırma aparıb. “Biz SOCAR-dakıların həqiqi gəlirləri haqda ictimai informasiyanın qıtlığı barədə narahatlığımızı dəfələrlə bildirmişik. Ancaq yenə də jurnalistlər, eləcə də vətəndaş cəmiyyətləri fəalları Azərbaycanda korrupsiayayla bağlı sual verəndə zorakılıqla, repressiya ilə üzləşirlər və Azərbaycan neftinin əslində kimləri varlandırmasıyla bağlı şübhələrimiz yalnız artmaqdadır.”

Məsələylə bağlı suallarımıza nə Rəşad Abdullayev, nə də SOCAR cavab verib.

Ülviyyə Əliyeva, José Bautista, Dmitry Velikovsky, Lawrence Marzou