Avropa Birliyinin Azərbaycan Ermənistan sərhədinə göndərəcəyi missiyanın uğur qazanması üçün onun bütün resurslarla—lazımi mandat və vasitələrlə təmin edilməsi gərəkdir. Beynəlxalq Böhran Qrupunun “Azərbaycanla Ermənistan arasında yeni müharibənin qarşısının alınması” adlı hesabatında belə deyilir.
Hesabat müəllifləri Azərbaycanla Ermənistan arasındakı keçən ilki münasibətlərə nəzər salır, Rusiya və Avropa Birliyinin vasitəçiliyi ilə keçirilən danışıqları, yeni riskləri müzakirə edir və regionda silahlı toqquşma təhlükəsinin hələ qaldığını, hətta yüksək səviyyədə olduğunu bildirirlər: “Qarabağ uğrunda ikinci müharibədən iki il keçib və Azərbaycanla Ermənistan üçüncü müharibəni başlamağa yaxındır.”
“Azərbaycan nəticəsiz prosesdən yorula bilər”
2022-ci ilin sonunda imzalanması gözlənilən sülh sazişi üzrə danışıqların il boyu aparıldığı, eyni zamanda Qarabağla yeni təmas xətti, eləcə də Azərbaycanla Ermənistan sərhədi boyu silahlı toqquşmaların qeydə alındığı xatırlanır. Keçən il bölgədə 3 silahlı toqquşma olub. İlk toqquşma mart ayında Ağdamın qərbindəki Fərrux yüksəkliyi ətrafında baş verib. Avqustda Laçın yüksəkliyi istiqamətində döyüş olub. Ən qanlı toqquşma isə sentyabr ayında Azərbaycan və Ermənistan sərhədində getmiş iki günlük müharibədir. Hesabat müəllifləri qeyd edirlər ki, Azərbaycan bu 3 əməliyyat nəticəsində həm “Dağlıq Qarabağ”, həm də Ermənistana qarşı hərbi mövqelərini gücləndirib. Xüsusilə sentyabr əməliyyatlarından sonra Azərbaycan ordusunun Ermənistanın Cermux şəhərinin 7 km-liyinə çatdığı bildirilir və əməliyyatların davam edəcəyi halda Azərbaycanın buradan Ermənistanın cənubuyla digər bölgələri arasında əlaqəni iki gün içində kəsə, İrəvanı daha çox güzəştə məcbur edə biləcəyi vurğulanır. Hesabat müəllifləri hesab edirlər ki, danışıqlar alınmasa və Bakı nəticəsiz prosesdən yorularsa, silahlı toqquşma yenidən alovlana, bu isə böyük insan itkisi ilə nəticələnə bilər. “Bakının bu cəbhədə üstünlüyünü gücləndirməkdən çəkindirmək üçün çox az şey var.” Müşahidəçilər narahatlıqlarını belə ifadə edirlər.
Böhran qrupu Azərbaycanla Ermənistanın təkcə sülh sazişi deyil, başqa məsələlərdə razılığa gələ bilmədiyini qeyd edir. Qrup yazır ki, 2022-ci ildə Rusiyanın başı Ukraynadakı müharibəyə qarışdığından Avropa Birliyinin Ermənistanla Azərbaycan arasındakı danışıqlarda vasitəçiliyi artıb. Buna baxmayaraq, ölkələr arasında razılaşma əldə olunmur. Əsas razılaşdırılmamış mövzu yenə də Qarabağdır. Ermənistan tərəfi Qarabağ erməniləri üçün xüsusi haqq və təhlükəsizlik qarantı istəyir, Azərbaycansa Qarabağ məsələsinin ölkənin daxili iş olduğunu və bu mövzunu başqa tərəflərlə müzakirə etməyəcini deyir. Razılaşdırılmayan digər iki məsələ, a) ölkələrarası sərhədin demarkasiyası, b) Ermənistan üzərindən keçən və Azərbaycanı onun eksklavı olan Naxçıvanla birləşdirən nəqliyyat dəhlizinin (Azərbaycan bu yolu “Zəngəzur dəhlizi” adlandırır) açılmasıdır.
“Bakının cəsarətlənməsinin bir neçə səbəbi var”
Böhran qrupu yazır ki, Bakı enerji ixracatının gəlirlərindən cəsarətlənib və 2020-ci il müharibəsindən sonra hərbi büdcəsini 40% artırıb, yeni silahlar alıb, ordusuna yeni birləşmələr və xüsusi təyinatlı dəstələr əlavə edib. Digər tərəfdən, müttəfiqi Türkiyədən yardım (hərbi təlimlər, maddi və texniki dəstək, kəşfiyyat məlumatları formasında) alır. Ukraynadakı müharibə nəticəsində Avropanın Azərbaycan qazına tələbatının artması da Bakıya cəsarət verir.
Ermənistan isə bu müddətdə, əksinə, zəifləyib və onun müttəfiqi və sülh danışıqlarında ona zamin duran Rusiya Ukrayna müharibəsi nəticəsində gücünü itirib, onun regiona təsirləri azalıb. Ermənistanın silahları yoxdur, onun müttəfiqi Rusiya isə silahları Ukrayna cəbhəsinə daşıyır.
Müəlliflər yazır ki, yeni toqquşmaları AB-nin Ermənistan sərhədinə göndərəcəyi monitorinq missiyası əngəlləyə bilər (yanvarın 23-də AB sərhədə iki illik missiya göndərəcəyini elan eləyib). Bölgəyə bundan əvvəl başqa monitorinq missiyalarının gəlməsi müzakirə olunub. Ancaq qrup yazır ki, Ermənistan tərəfi Rusiyanın KTMT-sini ona güvənmədiyinə görə istəməyib, Azərbaycan isə ATƏT-in monitorinq missiyasının bölgəyə gəlməsinə etiraz edib.
İndi vacib olan AB missiyasının əməliyyat təfərrüatlarını işləyib hazırlamaq, əməkdaşlıq üçün Bakının razılığını almaq və sərhəddəki rusiyalı hərbçilərlə effektiv şəkildə birgə işi qura bilmək, transsərhəd keçidə nail olmaq, bünün üçün missiyanı lazım olan mandatla təmin etməkdir. “AB missiyası yeni toqquşmalar baş verməmiş sərhədə yerləşməli və toqquşmaların qarşısını alacaq mandata sahiblənməlidir,” deyə qrup yazır.