Roza Məmmədova

Müstəqil jurnalist

ORDENLİ KORRUPSİONER İCRA BAŞÇILARI

22.03.2021 / Vəzifəli şəxslərin həbsi Azərbaycanın korrupsiya reytinqini yaxşılaşdıra bilməyib

Keçən il Azərbaycanda həm də xeyli məmurun, özü də yüksək vəzifəli məmurların həbsiylə yadda qaldı.

Son səs-küylü həbs 2021-ci il, yanvarın 28-də baş verib--“Baku Steel Company” MMC-nin (poladəritmə zavodu) rəhbəri Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanıb. Mətbuat, R.Məmmədovu Prezident Administrasiyasının keçmiş rəhbəri, Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin “qara kassası” kimi təqdim edir, R.Məmmədovun maliyyə əməliyyatlarını R.Mehdiyevin gəlini Nigar Mehdiyevanın 75 faiz paya malik olduğu “BTB Bank” vasitəsilə həyata keçirdiyini yazır. Vəkili Elçin Sadıxov isə R.Məmmədovun elə T.Mehdiyevin, eləcə də R.Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevin şikayətiylə saxlandığını bildirir.

R.Məmmədov külli miqdarda ziyan vurmaqla dələduzluqda, mənimsəmə və ya israf etmədə, vəzifə səlahiyyətlərindən sui-istifadədə günahlandırılır, haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Əvvəl ordenə, sonra həbsə layiq görülürlər

2019-cu ilin oktyabrında—Bakının keçmiş meri Hacıbala Abutalıbov istefaya gedəndə prezident İlham Əliyev iqtidarda təmsil olunan və yaşı 70-i haqlamış digər məmurların da oxşar addım atacağına ümidli olduğunu bildirmişdi. Bir neçə ay sonra başlayan DTX əməliyyatları vəzifədən uzaqlaşdırılanların yalnız yaşlılar olmadığını göstərdi.

Ağstafa rayonunun İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev öz kabinetindəcə saxlanan ilk icra başçısı oldu. N.Quliyev 2019-cu il, dekabrın 19-da DTX-nın keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanmış, vəzifə səlahiyyətlərindən sui-istifadədə, dövlət vəsaitini mənimsəməkdə, külli miqdarda rüşvət almaqda günahlandırılmışdı. N.Quliyev Ağstafadan əvvəl Goranboyun İcra Hakimiyyətinin başçısı kimi çalışmış, 2014-cü ildə "Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə" "Şöhrət" ordeni ilə təltif edilmişdi. Onunla birgə saxlanan müavini Ramiz Tatarovsa hakim YAP-ın yerli təşkilatının sədri idi.

Eyni gündə Yevlağın İcra Hakimiyyətinin keçmiş başçısı Qoca Səmədov da külli miqdarda vəsaiti—təxminən 1 milyon manatı mənimsəməkdə ittiham olunaraq, həbs edildi. Q.Səmədov vəzifəsindən bir neçə ay əvvəl-- 2019-cu ilin oktyabrında azad edilmişdi. Amma elə həmin il də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdu.

DTX-nın 2020-ci ildə keçirdiyi əməliyyatlar nəticəsində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev (20 fevral), Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev (29 aprel), İmişlinin icra başçısı Vilyam Hacıyev (5 may) həbs edildilər. V. Hacıyevin həbsindən bir neçə gün sonra oğlu--Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru vəzifəsində çalışan Məhəmməd Hacıyev də işdən çıxarıldı. YAP-ın üzvü olan V.Hacıyev 2017-ci ilin avqustunda prezident tərəfindən 2-ci dərəcəli “Vətənə xidmətə görə" ordeninə, İ.Vəliyev isə həbsindən bir neçə ay əvvəl eyni ordenə layiq görülmüşdü. Tutulanda isə həm İ. Vəliyev, həm də digər həbs edilən icra başçıları (ilin sonunda Cəlilabad rayonunun icra başçısı Namiq Zeynalov da həbs edildi) vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma və mənimsəmədə ittiham olundular.

2020-ci ilin mayında DTX əməkdaşları Respublika Prokurorluğu ilə birlikdə Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsində də əməliyyat keçirərək, DSX-nin rəis müavini general-leytenant Əfqan Nağıyev, eyni zamanda, yüksək rütbəli hərbi qulluqçular və mülki şəxsləri şübhəli şəxs qismində saxladı. Ə.Nağıyev də rüşvət almaqda, dövlət vəsaitlərini məsimsəməkdə, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunsa da, sonradan bu ittihamlardan bəraət aldı.

Nazirliklərdə təmizləmələr

2020-ci ilin mayında DTX Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovu da həbs edib. Z.Sultanov da, R.Bayramov da vəzifə səlahiyyətlərindən sui-istifadədə, mənimsəmədə, saxtakarlqda günahlandırılıb. R.Bayramov 2011-ci ildə prezidentin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 2018-ci ildə isə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” medalı ilə təltif olunmuşdu.

Mədəniyyət Nazirliyində əməliyyatlardan bir ay keçməmiş nazir Əbülfəz Qarayev vəzifəsindən azad edildi.

2020-ci il, iyulun 9-da DTX-nin Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyat nəticəsində İşlər idarəsinin müdiri, Tender Komissiyasının sədri Fərhad Mollazadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev rüşvət, korrupsiya, vəzifədən su-istifadə, saxtakarlıq və s. maddələrlə təqsirli bilinərək həbs edildilər. Bu hadisədən 5 gün sonra isə Xarici İşlər naziri Elmar Məmmədyarov vəzifəsindən çıxarıldı. (Dekabrda F.Mollazadə və S.Əlizadə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.)

Tanınmış siyasi fiqur, Serbiya, Monteneqro, Bosniya və Herseqovinada səfir, keçmiş baş prokuror Eldar Həsənov da keçən il həbs edilən və vəzifə səlahiyyətlərindən sui-istifadədə, rüşvət almaqda və mənimsəmədə ittiham olunanlardandır. Onun biznes ortağı kimi tanınan, Türkiyə və başqa ölkələrdə bizneslə məşğul olan Bəhruz Əsədbəyli də 2020-ci ilin sentyabrında saxlanıb, eyni ittihamlarla həbs edilib.

İl başlayan kimi, yanvar ayının 9-da “Azərxalça” MMC-nin rəhbəri, prezidentin vaxtilə “Şöhrət” ordeni ilə təltif etdiyi Vidadi Muradov, yanvarın 14-də isə Azərbaycan Respublikasının Prezidenti yanında KİVDF-nun icraçı direktoru Vüqar Səfərli həbs edilib.

Müsadirələr dövlət büdcəsinə 24 milyon manat gəlir gətirib

Söhbət 2017-2019-cu illərin müsadirələrindən gedir. Hesablama Palatasının "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" rəyində bildirilir ki, məhkəmələrin qərarı ilə büdcəyə müsadirə yolu ilə 2017-ci ildə 605,7 min manat, 2018-ci ildə 9,1 milyon manat, 2019-cu ilin yanvar-avqust aylarında 14,3 milyon manat, ümumilikdə 24 milyon manat vəsait daxil olub.

Haşiyə: Azərbaycanda icra başçılarının maaşları rayon əhalisinin sayından asılı olaraq, 900-2000 manat arasında dəyişir. Bundan başqa icra başçılarına dövlət hesabına ev, avtomobil ayrılır. Nazir və onların müavinlərinin aylıq məvacibi isə 2000 manatdan yuxarıdır.

Baş prokurorun müavini--Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2019-cu ildə korrupsiyaya yol verən 19 nəfərin cinayət başında yaxalandığını, axtarışda olan 17 şəxsin saxlanıdığını, 49 nəfər üçün cinayət işinin açıldığını bildirib.

Azərbaycan Avropa Şurasının Korrupsiyaya dair Cinayət və Mülki Qanun Konvensiyalarına və BMT-nin Korrupsiyaya qarşı Konvensiyasına imza atan ölkələr sırasındadır. Azərbaycan prezidenti İlham Əliyevsə çıxışları zamanı korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin Azərbaycanda sözdə yox, əməldə aparıldığını dilə gətirir: “Korrupsiya və rüşvətxorluq halları bütün ölkələrdə var... Azərbaycanda bu məsələlərə dözümlülük sıfır səviyyəsindədir və hesab edirəm ki, gördüyümüz işlər bunu təsdiqləyir."

Korrupsiya Qavrama İndeksi Azərbaycanda dəyişiklik olmadığını göstərir

Beynəlxalq Şəffaflıq Təşkilatı –“Transparency International” 2020-ci il üçün Korrupsiya Qavrama İndeksini (KQİ) açıqlayıb. Azərbaycan 30 balla 180 ölkə arasında 129-cu yerdədir (qiymətləndirmə 100 ballıq sistemlə aparılır, 100 bal olduqca təmiz, 0 bal isə olduqca yüksək korrupsiyalaşma deməkdir). Cədvəl son illər Azərbaycanda xüsusi dəyişiklik olmadığını göstərir.

“Sistem kökündən dəyişməidir”

Siyasi şərhçi Nəsimi Məmmədli “Turan”a müsahibəsində DTX əməliyyatlarını belə izah edib: “Cəmiyyətdə müəyyən qruplar üzərində nüfuz və təsir imkanları olan, əlinə külli miqdarda maliyyə vəsaiti toplamış, cəmiyyətdəki narazılığı səfərbər edə bilən, etirazları istiqamətləndirmək təcrübəsi və gücü olan, hakimiyyət üçün problem yaratmaq ehtimalı olan hər kəsi belə aqibət gözləyir.” N. Məmmədlinin fikrincə, hakimiyyət problemləri həll etmir, həbs və təqiblərlə qorxunu dərinləşdirməy’, vaxt qazanmağa çalışır.

Hüquq müdafiəçisi Rəsul Cəfərovun fikrincə, islahat təkcə kadrların dəyişilməsi ilə baş tuta bilməz, idarəetmə sistemi kökündən dəyişməlidir. Onun sözlərinə görə, indiki sistemin işləyəcəyini gözləmək, özünü aldatmaqdan başqa bir şey deyil.

R. Cəfərov, məsələn, yerli icra hakimiyyətlərimim mərkəzə tabeli bələdiyyə insitutu ilə əvəzlənməsini, seçkili və güclü bələdiyyə sistemi formalaşdırılmasını təklif edir. “Müstəqilliyin təzə əldə olunduğu illərdə icra hakimiyyətləri nisbətən düzgün sistem hesab oluna bilərdi, ancaq indi regionlarda yaşayan insanlar da bu qurumların fəaliyyətsizliyindən şikayətlənir. Bizlə mədəni yaxınlığı olan Türkiyədə seçkili bələdiyyə orqanları fikrimcə daha yaxşı idarə sistemidir.”

R.Cəfərli işğaldan azad edilmiş ərazilərdə birbaşa prezidentə tabe olan valilər insitutu yaradıldığını xatırladır, bu idaretəmə sisteminin tədricən digər rayonlarda da tətbiqinin mümkünlüyünü bildirir.