Səbail bələdiyyəsi vergi yığımında birdən-birə aktivlik göstərməyə başlayıb. Əslində bu, müsbət məqamdır (yeri gəlmişkən, bələdiyyə vergisi ödəmə sistemi Dövlət Vergi Xidmətinin sistemindən rahatdır). Ancaq vergi verənlər ödədikləri vəsaitin necə xərcləndiyini bilmək istəyirlər və bunu öyrənmək o qədər də çətin deyil. Kiçik araşdırma aparaq.
Sən demə, 2021-ci ildə Səbail bələdiyyəsində “şəffaflıq dövrü" başlayıb və bələdiyyənin rəsmi sayt yerinə istifadə olunan Facebook səhifəsində ilin birinci yarısına dair hesabat da var.
Səbail Bələdiyyəsi əsas gəlirini turizmdən götürür
Bələdiyyənin verdiyi məlumata görə, bu ilin ilk yarısında vergi yığımlarının həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 60% artıb. Bələdiyyənin əsas gəlirini "kurort və mehmanxana rüsumu" təşkil edib. Bu nə deməkdir? "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" qanununa görə bu, “bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş”dir. Bu ödəniş “hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla müəyyən edilir”. Bələdiyyənin bu rüsum üzrə gəlirinin 191,9 min manat təşkil etdiyini nəzərə alsaq, bələdiyyə ərazisində yerləşən mehmanxanalarda 174,5 min gecələmə olduğunu müəyyən edə bilərik. Müqayisə üçün baxsaq, görərik ki, 2022-ci ilin yanvar-iyun aylarında bütün Bakı üzrə gecələmələrin sayı 566,1 min təşkil edib. Bu o deməkdir ki, gecələmələrdə Səbailin payı 30,8% olub (2021-ci ilin eyni dövründə bu göstərici 28% idi). Yəni, Bakı mehmanxanalarında qalan şəxslərin (o cümlədən, turistlərin) üçdə biri Səbail rayonunun ərazisində qalıb.
Bələdiyyənin digər gəlir mənbələri
Gəlir mənbələri arasında 2-ci və 3-cü yerləri “fiziki şəxslərdən əmlak vergisi” və “avtomobil dayanacaqları üzrə ödəniş” tutur. Əmlak vergisi Vergi Məcəlləsi tərəfindən müəyyən edilir, avtomobil dayanacaqları üzrə ödəniş isə rayon ərazisində dayanacaqdan sutka ərzində istifadə edən maşınların sayından asılıdır. Müvafiq qanuna görə, “bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş” var. “Bu ödəniş hər bir nəqliyyat vasitəsi üçün sutkada 0,1 manatdan çox olmamaqla müəyyən edilir”.
Səbail bələdiyyəsinin ərazisində (nəzərə almaq lazımdır ki, Səbail rayonu ərazisində 3 bələdiyyə mövcuddur: Səbail, Bibiheybət və Badamdar) 6 ay ərzində parklanmadan 556110 avtomobil istifadə edib. Bu da gündə orta hesabla 3072 avtomobil deməkdir. Müvafiq ödənişdən yığımlar bütün Bakı bələdiyyələri üzrə 2021-ci ildə 335,2 min manat təşkil edib. O zaman Səbail bələdiyyəsinin payına 15,8% düşüb.
Bəs bu vəsaitlər necə xərclənib?
Cədvəldən görünür ki, bələdiyyə 6 ay ərzində cəmi 401 min manat qazanıb. Rəsmi məlumata görə, bunun 176,3 min manatı və ya 47,9%-i bələdiyyə işçilərinin əməkhaqlarının ödənilməsinə gedib. Yəni bələdiyyə vəsaitlərinin az qala yarısı maaşlara sərf olunub. Belə çıxır ki, Səbail sakinləri toplanıb, 20-30 (bəlkə də daha çox) işçi üçün iş yeri açıb, onlara aylıq məvacib verir? (Bu, hələ yaxşı vəziyyətdir. Bəzi yerlərdə bələdiyyə vəsaitinin 60-70%-i işçilərə gedir.) Bu azmış kimi, bələdiyyə 6 ay ərzində "mükafat, ad günü təltifləri və ezamiyyət" maddəsi üzrə 3,8 min manat xərcləyib. Maraqlıdır, kimi, hara, niyə ezamiyyə ediblər?
Həmçinin, hesabatdan öyrənirik ki, bələdiyyənin xidməti avtomobili var. Bu avtomobilin saxlanması ayda ortalama 1250 manata başa gəlir. Yəqin bələdiyyə sədri bulvarı çox sevmir. Çünki bələdiyyənin ərazisinin əvvəli 20-ci sahədir (bulvarın başlanğıcı), sonu isə Azadlıq meydanı tərəfdədir. Yəni bütöv ərazini keçmək üçün piyada maksimum 1-1,5 saat lazımdır. Belə ərazidə xidməti avtomobildən istifadə, bələdiyyə üzvlərinin gəzməyi və ictimai nəqliyyatı sevmədiklərinə görə mümkün ola bilər.
Bundan başqa, "təsərrüfat məqsədləri" ilə 96 min manat xərclənib. Keçən ilin eyni dövrü ilə müqayisədə bu 9,2 dəfə çoxdur. 2022-ci ilin ilk yarısında nə baş verdiyini demək çətindir, amma "təsərrüfatların" ciddi sürətdə artığını ehtimal eləmək olar.
Beləliklə, 367 min manatlıq xərclərdən 310 min manatı faktiki olaraq, işçi heyətin və işçilərin oturduğu ofisin saxlanılmasına gedib.
Birbaşa sakinlərə aid istiqamətlər üzrə xərclər çox da böyük deyil: 28,8 min manat maddi yardımlara, 23,4 min manat abadlığa (yenə də bələdiyyənin özünün abadığına, yoxsa?), 3,8 min mədəni tədbirlərə və s. xərclənib. Rəqəmlər bələdiyyə xərclərinin 84%-nin bələdiyyənin özünə getdiyini göstərir. Yəni, bu bələdiyyənin əsas məqsədi sadəcə bələdiyyə olmaqdır.
Yazını bir istifadəçinin bələdiyyənin 2021-ci ilin hesabatına şərhi ilə bitirək: "Yığılan vəsaitin 93,6%-ni öz fəaliyyəti üçün, 1%-dən azını ərazidə abadlıq işlərinin aparılması üçün xərcləyən Səbail bələdiyyəsi həmin ərazidə yaşayan sakinlərə lazımdırmı? Sual ritorikdir, cavab verməyə ehtiyac yoxdur."