Togrul Valiyev

Economist

QURU SƏRHƏDLƏRIN BAĞLI QALMASINDAN QAZANAN TƏKCƏ AZALDIR

13.02.2023 / Azərbaycandan Gürcüstana gedən turistlərin sayı kəskin azalıb

AZAL (Azerbaijan Airlines-Azərbaycan hava yolları) Gürcüstanda ən çox xidmət göstərən 10 aviaşirkətdən biridir. Gürcüstan Mülki Aviasiya Agentliyinin 2022-ci ilin nəticələrinə dair statistik məlumatları bunu göstərir. Məlumata görə, Gürcüstanın aviabazarının lideri Macarıstanın “Wizz Air” aviaşirkətidir. Sərnişin daşımaları üzrə bazar payı 13% olan “Wizz Air” ötən il Gürcüstanda 588226 sərnişinə xidmət göstərib. İkinci yerdə cüzi fərqlə “Turkish Airlines” qərarlaşıb—547 min sərnişin daşıyıb, bu da bazarın 12%-i deməkdir. “Pegasus” aviaşirkəti isə 408,8 min sərnişinə xidmət göstərərək, 3-cü yerdə qərarlaşıb. Beləliklə, Gürcüstan üzrə hava nəqliyyatı ilə həyata keçirilən bütün sərnişindaşımanın 1/3-i bu 3 şirkətin əlində toplanıb. Qalan aviaşirkətlərin ümumi payı 6%-i keçmir.

AZAL isə ilk onluğa düşüb; 2022-ci ilin nəticələrinə görə, AZAL Gürcüstana və Gürcüstandan 209415 sərnişin daşıyaraq, 6-cı yeri tutub. Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin nəticələrinə görə, AZAL Gürcüstanda 70154 nəfərə xidmət göstərmiş, bazarda 2,9%-lik payla 11-ci yeri tutmuşdu. Beləliklə, rəqəmlərdən görünür ki, AZAL Gürcüstan istiqamətində sərnişindaşımanı 3 dəfə artırıb.

İlin ikinci yarısında birinci yarısından 2 dəfə çox sərnişin daşınıb

AZAL-ın Gürcüstan istiqamətində fəaliyyətini təsvir etmək üçün deyək: 2022-ci ilin ilk 6 ayı ərzində bu aviaşirkət Bakı-Tbilisi-Bakı reysi üzrə 70409 sərnişinə xidmət göstərib. Yəni, 2021-ci ilin göstəricisi artıq ilin birinci yarısında üstələnib. Bu dövrdə AZAL Gürcüstanda fəaliyyət göstərən aviaşirkətlər arasında daşınan sərnişin sayına görə 7-ci yerdə qərarlaşıb və bazarda payı 4%-ə çatıb. AZAL üçün ilin ikinci yarısı daha uğurlu olub. Bu dövrdə AZAL ilin birinci yarısı ilə müqayisədə iki dəfə çox (139,3 min nəfər) sərnişin daşıyaraq, bazarda payını bir az da artırıb.

Gürcüstana gedən turistlərinin sayına görə Azərbaycan 1-ci yerdən 6-cı yerə düşüb

2019-ci illə 2022-ci ilin göstəricilərini müqayisə edək:

Gürcüstan Turizm Administrasiyasının məlumatına görə, 2019-cu ildə Gürcüstana səfər etmiş Azərbaycan vətəndaşlarının sayı 1526,6 min olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, onların yalnız 28447 nəfəri Gürcüstana hava yolu ilə gedib. Gürcüstandan Azərbaycana səfər etmiş Gürcüstan vətəndaşlarının isə 10899 nəfəri hava yolu Bakıya gəlib. Bu, aviaşirkət üçün maksimum 78,7 min sərnişin deməkdir.

İndi isə alternativ olmadığına görə, yəni Azərbaycanın Gürcüstanla quru sərhədi hələ açılmadığına görə Azərbaycan vətəndaşları hər iki istiqamətdə aviaşirkətə müraciət etmək məcburiyyətindədirlər. Gürcüstan vətəndaşları isə Azərbaycana gəlmək üçün yalnız və yalnız hava yolundan istifadə edə bilir (qayıtmaq üçün quru yollardan istifadə etmək imkanları var, xarici ölkə vətəndaşları Azərbaycanın quru sərhədlərini keçə bilir). Nəticədə karantindən əvvəl Gürcüstandan Azərbaycana, ya da Azərbaycandan Gürcüstana təyyarə ilə gedib-gələn sərnişinərin sayı əvvəl maksimum 80 min civarında olduğu halda, 2022-ci ildə 209,4 minə qalxıb.

Halbuki, 2019-cu ildə Gürcüstana gedən turistlərin sayına görə Azərbaycan birinci yerdə idisə, 2022-ci ildə altıncı yerə düşüb.

Azərbaycanın quru sərhədlərinin açılmamasının “Azərbaycan hava yolları” QSC-yə sərf etməsi, ona görə də AZAL rəhbərliyinin sərhədlərin bağlı saxlanmasına tərəfdar olması haqda mətbuatda müxtəlif fikirlər səslənir.

Fakt odur ki, Gürcüstan nümunəsi indiki vəziyyətdə yeganə qazanclı tərəfin AZAL olduğunu göstərir.