Nurlan Huseynov

Freelance Jourlanist

HINDISTAN-İRAN-AZƏRBAYCAN-RUSIYA DƏHLIZI ILƏ DAŞIMALAR ARTIR

01.02.2023 / Amma ticarət dəhlizinin inkişafını əngəlləyən 40 baryer var

Azərbaycan dəmir yolları xəbər verir ki, 2022-ci ildə Şimal-Cənub beynəlxalq ticarət dəhlizi ilə daşımaların həcmi 2.9 milyon artaraq, 7.5 milyon tona çatıb. Şimal-Cənub dəhlizi Azərbaycan üzərindən keçən, Hindistanla Avropanı birləşdirən beynəlxalq ticarət yoludur. Quru, dəmir yolu və gəmi daşımaçılığından ibarət 7200 km-lik nəqliyyat dəhlizi layihəsi 2000-ci ildə Hindistan, Rusiya və İranın təşəbbüsü ilə yaradılıb (bundan əlavə, layihə üzə daha 10 ölkə razılaşma imzalayıb). Bu yol vasitəsilə Hindistan, İran və Körfəz ölkələrindən gələn tranzit yüklərin Rusiyadan keçməklə Şimali və Qərbi Avropaya daşınması hədəflənib. Rusiya ilə İran arasında dəhliz 3 xətt boyu – Xəzər boyu, onun qərb hissəsi (Azərbaycan) və şərq tərəfindən (Qazaxstan, Türkmənistan) keçir. Gəmi, quru və dəmir yolları Hindistanın Mumbay limanından İranın Bəndər Abbas limanı, həmçinin Bakı, Həştərxan, Moskva, Sankt Peterburq xətti ilə Avropa və Skandinaviyaya uzanır.

Yeni yol hazırda mövcud dəniz daşıma yollarına alternativdir və layihə tam həyata keçiriləndən sonra indiki yol üzrə daşıma vaxtını yarıya qədər, xərcini isə 30% azaldacaq.

20 ildən çoxdur üzərində iş gedən layihənin əhəmiyyəti keçən il—Rusiyanın Ukraynaya hücumundan sonra yaranan geopolitik reallıq fonunda ciddi şəkildə artıb. Müharibə başlayandan ölkələr Şimal-Cənub dəhlizi ilə əlaqəli bir neçə görüş keçirib və işlərin praktik həlli istiqamətində razılaşmalar əldə olunub.

Dəhliz üzrə ilk yük 2022-ci il, iyulun 17-də Sankt Peterburq şəhərindən Hindistanın Mumbay şəhərinə çatıb.

Şimal-Cənub dəhlizi İran və Rusiya üçün nəfəslik rolunu oynayır.

Dəhliz Hindistan, Mərkəzi Asiya ölkələri və digər halqa ölkələrinin hər biri üçün xüsusi strateji əhəmiyyətə malikdir. Region ölkələrinə gəlincə, izolyasiya olunmuş, sanksiyalarla üzləşmiş iki ölkə—Rusiya və İran üçün bu dəhliz nəfəslik rolunu oynayır.

Rusiyaya Ukraynaya hücumuna görə tətbiq edilən sanksiyalar bu ölkə üzərindən keçən ənənəvi Şərq-Qərb ticarət xəttinin işini, demək olar, dayandırıb. Bu konteksdə Rusiyanın daxili və xarici ticarətini aktiv tutması üçün alternativ yollara ehtiyacı var. Və Şimal-Cənub dəhlizi hazırda Rusiyanın Cənubi Asiya ilə yeganə mümkün quru yoludur. Bu yolla Rusiya həmçinin cənub sərhədlərindən İran vasitəsilə beynəlxalq sulara, Qərbə və Afrikaya açıla bilir.

İran isə bu dəhlizdə ən önəmli həlqədir. Tranzitin əsas nöqtəsi Çabahar limanı son illərdə Hindistan investisiyası ilə xeyli genişləndirib, modernləşdirilib. Dəhliz boyu Rusiya İran vasitəsilə Cənuba, Hindistan isə eyni xəttlə şimala çıxa bilir. İran rəsmiləri bildirirlər ki, ötən il “ölkənin tranzit daşıma həcmi 20 milyon ton artıb və müvafiq tədbirlər və planlama ilə İranın tranzit qabiliyyətini 300 milyon tona çatdırmaq olar”.

Azərbaycanla İran arasında dəmir yolu bağlantısı açılmalıdır

Bunun üçün hazırda Şimal-Cənub xəttinin Xəzərin qərb istiqaməti üzrə quru qolu—Azərbaycanla İran arasında dəmiryolu bağlantısı açılmalıdır. Hazırda Azərbaycan tərəfdə İran sərhədinə qədər işlər yekunlaşdırılıb və Azərbaycan Astarası ilə İran Astarası arasında dəmiryolu körpüsü tikilib. Hətta Azərbaycan tərəfi İran ərazisində terminal icarəyə götürüb. Ancaq İranın şimalından Azərbaycan sərhədinə uzanan hissə—164 km-lıq Rəşt-Astara dəmiryolu hazırlanmır. Bu günə qədər xəttin tikilməsini əngəlləyən İrana qoyulan sanskiyalar idi. Amma son vaxtlar bu istiqamətdə yeniliklər olub: Rusiya prezidenti Vladimir Putin keçən ilin iyulunda İrana səfərində ölkəsinin dəmir yolunun tikintisini maliyyələşdirə biləcəyini deyib. Bu günlərdə İran mətbuatı həmin maliyələşmə ilə bağlı razılığın əldə olunduğunu yazıb.

Azərbaycanda da koridor marşrutu üzrə işlər yekunlaşmayıb

Nəqliyyat və Logistika üzrə ekspert Rauf Ağamirzəyev deyir ki, hələ görüləsi işlər var: “Sumqayıt-Yalama istiqaməti yenidən qurulur, işlər başlayıb, davam edir, hələ ki. Bakı-Böyükkəsik istiqamətində yol örtüyü ilə bağlı işlər bitib, dəyişən cərəyanla bağlı işlər Ucardan Bakıya kimi qalır”. Ekspert bildirir ki, bunlardan əlavə, yol üzrə iki alternativ qolun – Ələt-Culfa, Osmanlı-Astara hissələrinin yenidən qurulmasına ehtiyac var.

Amma Şimal-Cənub dəhlizinin qarşısında digər əngəllər də var. Ukraynada müharibə başlayadan sonra koridorin şimal qapısı Finlandiya Rusiya ilə yükdaşımaları dayandırıb. Bu isə o deməkdir ki, koridor üzrə daşıma Cənubi Asiya ilə Avropa Arasında yox, sadəcə Hindistanla, Rusiya, İran və Mərkəzi Asiya ölkələri arasında gerçəkləşəcək.

Şimal-Cənub dəhlizinin silah transferi üçün istifadə ediləcəyiylə bağlı narahatlıqlar var

Avrasiya İnkişaf Bankı Şimal-Cənub dəhliziylə bağlı son hesabatında (2022-ci ilin sonunda dərc edilib) koridorun əhəmiyyətinin yeni logistika fonunda artdığını qeyd edib. Bununla belə, bank dəhlizin inkişafını tormozlayan bəzi əngəllərin qaldığını—uyğunlaşdırılmış sərhəd keçid prosedurlarının, kağız-sənədləşmə, effektiv əlaqələndirmə mexanizmlərinin olmadığını, tariflər, yük və nəqliyyat vasitələrinin sığortası və s. kimi 40 cür baryerin müəyyən edildiyini bildirir.

Bəzi ekspertlər Rusiya və İranın Şimal-Cənub dəhlizindən qadağan olunmuş mallar və silah transferi üçün istifadə edəcəyindən narahatdırlar. Bu isə yola beynəlxalq nəzarətin daha çox olacağı, yaxud yolun sanksiya ilə üzləşə biləcəyi deməkdir. “Həm bu yol, həm də ümumilikdə Rusiya-İran bağları diqqətlə izlədiyimiz sahədir. Biz Rusiyanın sanksiyalardan qaçmasına hər hansı formada kömək etmək cəhdlərindən narahatıq” Bayden administrasiyasının sanksiyalar üzrə ən yüksək rəsmisi Ceyms O'Brayen belə deyib.

Şimal-Cənub dəhlizinin vacibliyi heç vaxt olmadığı qədər artıb, onun reallaşması yönündə görülən işlər də sürətlənir. Ancaq tək bu dəhlizin deyil, ümumilikdə Rusiyanın taleyi indi Ukryanada müharibənin nəticələrindən asılıdır. Müharibə isə hələ davam edir.