Pandemiya və müharibə ilə yadda qalan 2020-ci il həm də hökümətin qazla bağlı yeni siyasətinə görə əlamətdar oldu. Bayram ərəfəsində—dekabrın 28-də Nazirlər Kabineti əhaliyə “Azərbaycan Respublikası daxilində təbii qaz təchizatının təşkil edilməsi haqqında qərar” adlı yeni il hədiyyəsini təqdim etdi. Bu qərara görə, təbii qazın qaz istehsalçılarından satın alınması, onun nəqlinin, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması Azərbaycan Respublikasının Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinə həvalə edildi. Yəni, əvvəl qazı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) strukturuna daxil olan “Azəriqaz” İstehsalat Birliyi elə “SOCAR”ın daxilində olan “Azneft” İstehsalat Birliyindən alır, əhaliyə satırdısa, indi bu əməliyyatda vasitəçi yarandı. İndi “Azneft” İB təbii qazı “Azərkontrakt” ASC-yə satır, “Azəriqaz” İB, eləcə də “Azərenerji” ASC və digər müştərilər qazı “Azərkontrak”dan alırlar.
Beləliklə, əhalinin yeni ili qarşılamağa hazırlaşdığı günlərdə Nazirlər Kabineti faktiki tariflərin artımı barədə elan verdi. Nəzərə almaq lazımdır ki, Azərbaycanda istehsal olunan elektrik enerjisi əsasən təbii qazdan alınır. Ona görə də təbii qaz tariflərində artım elektrik enerjisinin da bahalaşmasına səbəb olur.
Qərardan sonrakı bahalaşma 2021-ci ilin iyul ayında göründü; təbii qaz tarifləri qaldırıldı. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, əvvəlki qaz paylayıcısı (“Azəriqaz” İB) təbii qazın 1000 kubmetrini 75 AZN-ə alırdı. Qərardan sonra “Azərkontrakt” ASC də həmin 1000 kubmetri 75 AZN-ə alır və həmin qaz paylayıcısına 110 AZN-ə satırdı. Bir neçə ay sonra—həmin ilin oktyabrında bu rəqəmlər də artırıldı, “Azərkontrakt” ASC qazı 90 AZN-ə alıb, 118 AZN-ə satmağa başladı. Ustəlik, 2021-ci ilin oktyabrında elektrik enerjisi tarifləri də qaldırıldı.
Ancaq fiziki olaraq heç nə dəyişmədi, qaz indi də eyni borularla gedir, “Azneft” İB-dən alınıb, “Azəriqaz” İB-yə verilir, sadəcə “Azərkontrakt” vasitəsilə. Bəs vasitəçi nə ilə məşğuldur?
“Azərkontrakt” kimə və niyə lazım idi?
Açıq mənbələrdə “Azərkontrakt” ASC barədə geniş məlumat yoxdur. Bu şirkətin rəsmi saytı daha çox formallıq naminə qurulmuş səhifə təəssüratı yaradır. Məsələn, 2022-ci ilin dekabrına kimi saytın son məlumatı 2020-ci il, dekabrın 30-na aid idi (işçilərə bayram münasibətiylə pul mükafatı verilməsi barədə yazılırdı). Halbuki, 2020-ci il, dekabrın 28-ə qədər əsas fəaliyyəti müxtəlif anbar və torpaq sahələrini icarəyə verməkdən ibarət olan qurum bir günün içində hər bir Azərbaycan ailəsinin təsərrüfatından qazanmaq hüququna yiyələnmişdi...
Rəsmi sənədlərdə də xüsusi nə isə qeyd olunmayıb. Sadəcə arada qalan fərqin (əvvəl 35 AZN, sonra 28 AZN) “Azərkontrakt”ın hesabına köçdüyü anlaşılır. Bəs bu vəsait hesabına hansı işlər görülür?
Nazirlər Kabinetinin sənədlərindən məlum olur ki, “Azərkontrakt” ASC-nin illik dövriyyəsinin 0,5 faizinədək məbləğdə vəsait onun idarəetmə xərclərinə, o cümlədən maddi-texniki bazasının təkmilləşdirilməsinə, işçilərin əməyinin ödənilməsinə və digər formada maddi həvəsləndirilməsi məqsədlərinə, habelə ölkədə qaz təchizatı ilə əlaqəli proqnoz xarakterli tədqiqatların aparılmasına və müvafiq təkliflərin hazırlanmasına” yönəldilir. Başqa hər hansı məlumat yoxdur.
Dövlət şirkəti barədə danışarkən, adətən onun rəhbərliyində olan şəxslərə diqqət yetirilir. “Azərkontrakt” Səhmdar Cəmiyyətinin keçmiş sədri Miri Əhəd oğlu Qənbərov 2020-ci ilin fevral ayının 11-də vəfat edib və 2023-cü ilin əvvəlinə olan məlumata görə, “Azərkontrakt” hələ də sədrsiz fəaliyyət göstərir. Rəsmi saytda yalnız sədr müavini Güləddin Dadaşov haqqında informasiya var. O da keçmiş sədr kimi “Azərkontrakt”da şirkət yaranandan çalışır.
Bir sözlə, “Azərkontrakt” uzun müddət sanki gizli fəaliyyət göstərir, saytında yeniləmələr görünmür, yalnız şirkətin Şəfayət Mehdiyev küçəsi 83-də (indi 177), “Lider TV”nin binası kimi tanınan binada (əslinə qalsa, bina həmişə SC-yə məxsus olub) yerləşdiyi bilinirdi. Bir də Azəriqaz İB nümayəndələri, onlardan qaz tariflərinin qalxmasının səbəbini soruşanda vasitəçini yada salırdılar. 2022-ci ilin dekabrında vəziyyət bir qədər dəyişdi, “Azərkontrakt”ın maliyyə məlumatları çıxdı.
45,3 min manatdan 358,4 milyon manata qalxan aktivlər
2022-ci il, dekabrın 9-da dövlət satınalmalar portalında “Azərkontrakt” ASC-nın satınalma müqavilələri barədə ilk məlumat yerləşdirildi. Göstərilən müqavilə “Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) keçid balansının auditi və 2021-ci il üçün maliyyə hesabatlarının illik audit xidmətinin satın alınması” ilə bağlı idi. Müqaviləyə görə, “Baker Tilly Audit Azərbaycan” QSC müvafiq xidməti 2022-ci il, noyabrın 25-dən dekabrın 31-dək təqdim etməli idi (76110 AZN müqabilində). Rəsmi saytına inansaq, audit şirkəti həmin xidməti daha tez yerinə yetirə bilib, çünki hesabatını sayta dekabrın 17-də yerləşdirib (şirkətə isə rəy dekabrın 6-sı təqdim olunub). Beləliklə, ilk dəfə olaraq, “Azərkontrakt” ASC-nin maliyyə məlumatlarını əldə edə bilirik (cədvəl 1).
Hesabatdan məlum oldu ki, 2020-ci ildə cəmi 45,3 min manat aktivə malik olan şirkət, 2021-ci ildə bu rəqəmi 358,4 milyon manata qaldırıb. Şirkətin dövriyyəsi isə 1,2 milyard manat təşkil edib (cədvəl 2). 2020-ci ildə şirkət tərəfindən əldə olunmuş gəlir barədə məlumat verilmir, ancaq görünən rəqəmlər müəyyən təxminlərə imkan verir. Belə ki, 2020-ci ilin nəticələrinə görə, şirkətin kapitalında qalmış bölüşdürülməmiş mənfəət 9 min manata bərabər olub. 2021-ci ilin nəticələri bu məbləğin 83,5 milyon manat təşkil etdiyini göstərir (cədvəl 1).
Ölkənin qaz təsərrüfatı gəlirləri azalıb?
Gəlirin strukturuna müraciət etsək, 612 milyon manatlıq hissənin qaz təsərrüfatının payına, 587 milyon manatlıq hissənin elektrik enerji istehsalının payına düşdüyünü görürük.
Dövət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə ölkənin qaz təsərrüfatı təbii qazın satışından cəmi 779,7 milyon manat qazanmışdı. O zaman müvafiq xərclər 687,8 milyon manat təşkil etmişdi. 2021-ci ildə isə Dövlət Statistika Komitəsi ölkənin qaz təsərrüfatı barədə heç bir məlumat vermir (vasitəçi yaranandan şəfafflıq azalıb). Yalnız təxmin edə bilərik ki, xərclər azı 30% civarında artıb. Misal üçün, Naxçıvan MR Qaz İstismar Xidməti 2021-ci ildə təbii qaz satışından 38799616 manat toplayıb. Cədvəldən görünür ki, bunun da 22 milyon manatı (yəni 56%-i) “Azərkontrakt” SC-yə çatıb. Halbuki, bütün infrastruktur işləri (boruların uzadılması, qazlaşdırma, sayğacların dəyişdirilməsi və s.) qaz təsərrüfatının çiyinlərində qalır.
“Azəriqaz” İB üzrə kapital qoyuluşlarının azalması da gəlirlərin azalmasının nəticəsi ola bilər. “SOCAR”ın 2021-ci il üzrə fəaliyyət hesabatına görə, 2020-ci ildə kapital qoyuluşlarının faktiki yerinə yetirilməsi həcmi 108 milyon manat idisə, 2021-ci ildə eyni göstərici 46,7 milyon manat təşkil edib.
Milyonlar qazanıb, amma kreditini ödəyə “bilməyib”
Eyni zamanda “Azərkontrakt” SC vasitəçi kimi 105,5 milyon manat qazanıb. Başqa sözlə, “Azəriqaz” və “Azərenerji”dən əldə olunan vəsaitin 8,6%-i vasitəçiyə qalıb. Bu isə ortalama qaz çekindən təxmini 5% deməkdir. Yəni təbii qaz və ya elektrik enerjisinə görə hər ödənişin 3-5%-i “Azərkontrakt” SC-yə gedir. Ya da belə deyək: 2021-ci ildə qaz üçün ödədiyimiz 100 manatdan 5 manatı “Azərkontrakt” SC-yə qalıb. Sənədlər isə bu şirkətdə hər hansı struktur dəyişikliyi olmadığını, şirkətin sadəcə əlavə əməliyyata—qaz alış-verişinə vasitəçi olmaq hüququnu əldə etməklə qazandığını göstərir.
Daha bir sual: Cədvəllərdən göründüyü kimi, 2021-ci ilin əvvəlində şirkətdə hansısa qaz alışı etməyə vəsait olmayıb. Şirkət o qədər pulu hardan alıb?
“Azərkonrtakt” Maliyyə nazirliyinin zəmanəti ilə üç bankdan (“Kapital Bank” ASC, “Azərbaycan Beynəlxalq Bank” ASC və “Azər Türk Bank” ASC) 55 milyon dollar həcmində kredit (ilk iki bank 24 milyon, “Azər Türk Bank” 7 milyon dollar həcmində) götürdü. Borc müqaviləsi 2021-ci il, oktyabrın 21-də imzalanıb. Kredit illik 1%-lə götürülmüşdü. Ödəmə müddəti 2022-ci il, oktyabrın 21-nə kimi olub. Maraqlıdır ki, “Azərkontrakt” həmin vaxta qədər kreditin 1/3-ni ödəyə bilib. Bundan sonra kredit müqaviləsi 2023-cü il, fevralın 28-nə qədər uzadılıb.
“Azərkontrakt”ın mənfəəti “Kapitalbank”da saxlanılır.