Open Azerbaijan

Analytic Portal

RÖVNƏQ ABDULLAYEVIN OĞLU LONDONDA 22,4 MILYON DOLLARLIQ MÜLK ALIB

01.02.2023 / Mülk Gernsi adasında qeydiyyatdan keçmiş ofşor şirkət vasitəsilə alınıb


Rəşad Abdullauevin mülkü bu binada yerləşir



Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) keçmiş prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev Londonda dəyəri 22 milyon dollardan çox olan mənzilə sahibdir. Dəbdəbəli mənzil Londonun ən bahalı rayonlarından birində, məşhur “Qrauvener” meydanında (Grosvenor Square) yerləşir. Bu haqda məlumatı Beynəlxalq Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması üzrə Jurnalistika Layihəsi (OCCRP) yayıb.

OCCRP Rövnəq Abdullayevin SOCAR-a 17 il rəhbərlik etdiyini, bu müddətdə şirkətin qeyri-şəffaf fəaliyyətinə, korrupsiya və gizli maliyyə sövdələşmələrinə, Azərbaycan elitasını, eləcə də öz ailəsini dövlət büdcəsi hesabına zənginləşdirdiyinə görə dəfələrlə tənqid olunduğunu xatırladır. Eyni zamanda, R.Abdullayevin ailəsinə məxsus dəbdəbəli xarici mülkün ilk dəfədir müəyyən edildiyini yazır.

R.Abdullayevin oğlu Rəşad Abdullayev Londondakı mənzilini 2019-cu ildə, gizli ofşor şirkət vasitəsilə 17,3 milyon funt sterlinq (22,4 milyon dollar) ödəyərək alıb. 4 yataq otağı olan mənzil binanın 3-cü mərtəbəsində yerləşir. Binanın öz şərab zirzəmisi, 25 metrlik hovuzu var. Mənzillərə “Four Seasons” brendinin işçiləri xidmət göstərirlər.

“The Telegraph” keçən ilin martında həmin binadakı bəzi mənzilləri xarici iş adamlarının aldıqlarını yazmışdı (https://www.telegraph.co.uk/news/2022/03/30/inside-story-billionaire-towers/). Mənzillərdən birinə Rəşad Abdullayevin sahibləndiyini üzə çıxarmaq yalnız indi—yeni qanunun qəbulundan sonra mümkün olub (Keçən il Birləşmiş Krallıq ölkədə mülkiyyəti olan xarici şirkət və ya qurumların onların beneifsiar sahibi haqda məlumatı açıqlamasını tələb edən qanun qəbul edib).

OCCRP müəyyən edib ki, mənzil korporativ mülkiyyət məlumatlarının açıq olmadığı Gernsi adasında bir şirkətin—“Mount Street Investments PCC”-nin mülkiyyətindədir. “Mount Street Investments PCC”in bir az əvvəl dərc etdiyi bəyannamədə onun sahibinin Rəşad Abdullayev olduğu və şirkətə 2019-cu ilin iyun ayından sahiblik etdiyi göstərilir. Böyük Britaniyanın torpaq mülkiyyəti sənədlərinə görə, şirkət Londondakı mənzili elə həmin ilin dekabrında alıb.

Rəvnəq Abdullayev oğlunun Londondakı mənzilindən xəbərsiz olduğunu deyib

Rəşad Abdullayev özü bu məsələyə münasibət bildirmək istəməyib. Atası Rövnəq Abdullayev isə emeyl göndərərək, oğlunun mənzili üçün ödəniş etmədiyini, bu mənzilə görə verilən pulun mənbəyi haqda heç nə bilmədiyini deyib: “Hətta o mənzili Rəşad Abdullayev alıbsa, onun qanunsuz əməliyyat aparmadığına, əlində bununla bağlı qanuni sənədləri olduğuna əminəm.”

Mənzil üçün ödənilən pulun mənbəyi haqda məlumat verilmir.

Rövnəq Abdullayev hazırda Azərbaycanın İqtisadiyyat nazirinin müavinidir və onun maaşından əlavə gəlir yeri haqda rəsmi məlumat yoxdur.

16 yaşlı “mütəxəssis”

Rəşad Abdullayevin Linkedin-dəki profilində (indi silinib) onun 16 yaşında “SOCAR Trading”də (dövlət neft şirkətinin qoludur) “ticarət və biznesin inkişafı üzrə mütəxəssis” işlədiyi göstərilirmiş. Rövnəq Abdullayev yazılanlara etiraz edib, oğlunun “SOCAR Trading”də yox, SOCAR-la bağlı başqa şirkətlərdə təcrübə keçdiyini bildirib.

Cəmi 3 il sonra—19 yaşında Rəşad Abdullayev Türkiyədə daşınmaz əmlaka sərmayə, konsaltinq və mülk idarəçiliyi şirkəti qurub. Həmin dövrdə o, həm də Türkiyənin Bodrum şəhərində bir retoranın sahibi, eyni zamanda Gürcüstanda yanacaqdoldurma məntəqələri şəbəkəsinin sahiblərindən biri olub. 2019-cu ildə—25 yaşında isə Londondakı mənzilini alıb.

2019-cu ildə Rəşad Abdullayevin adı, onun ailəsinin zəngin olduğunu göstərən başqa bir hadisədə də çəkilmişdi, Qərb mətbuatı Rövnəq Abdullayevin oğlunun İbizada 1,35 milyon dollarlıq saatının oğurlandığını yazmışdı. O zaman SOCAR bu haqda şaiyələri təkzib elədi. Ancaq OCCRP müxbirləri polisə ünvanlanan şikayətin dəyişdirilmiş formasını görüblər. Bu formada Rəşad Abdullayev saatın ona məxsus olmadığını iddia edərək, diqqəti özündən yayındırmağa çalışıb.

2021-ci ildə mətbuat Rəşad Abdullayevin London küçələrində “Mercedes” markasına məxsus, 300 min dollarlıq nadir maşınlardan biri ilə göründüyünü yazırdı (https://www.habererk.com/halk-perisan-haldeyken-bile-luks-arabalarini-esirgemiyorlar).

Rəşad Abdullayevin indiki işi və gəlirləri haqda məlumat yoxdur.

Bu, SOCAR-ın birinci “uğuru” deyil.

SOCAR Azərbaycanın neft sərvətlərinin böyük hissəsini idarə etməklə yanaşı, hesabatlılığın yoxluğuna, ictimaiyyətə məlum olmayan şəxslərlə qaranlıq maliyyə sövdələşmələrinə görə çox tənqid olunub. Məsələn, OCCRP SOCAR-a məxsus iki törəmə şirkətin böyük qaz layihəsindən 1,7 milyard dollar mənimsəmək cəhdlərini (https://www.occrp.org/en/investigations/bp-turned-a-blind-eye-to-corruption-in-prize-azerbaijan-gas-project), yaxud Rövnəq Abdullayevin adamlarını, o cümlədən qaynatası Adəm Əliyevi varlandırmağa yönəlmiş planları (https://www.occrp.org/en/investigations/2627-socar-oil-deal-benefits-hidden-investors-linked-to-socar) üzə çıxarmışdı.

Birləşmiş Krallığın qəbul etdiyi yeni qanun isə dünyanın müxtəlif ölkələrindən olan məmurların gizli ofşor şirkətlər vasitəsilə sahibləndiyi mülklər haqda məlumatları aşkara çıxarır (söhbət Böyük Britaniyadakl mülklərdən gedir). “Dəyəri sahibinin (xüsusilə, bu sahiblər yüksək korrupsiya riskinə görə tanınırlarsa) gəlirlərindən qat-qat artıq olan sərmayə varsa, demək ki, polisin araşdırmalı olduğu məsələ var.” Bunu, beynəlxalq şəffaflıq təşkilatı “Transparency İnternational”ın Birləşmiş Krallıqdakı bölməsinin tədqiqatlar üzrə rəhbəri Ben Kaudok (Ben Cowdock) deyib.