Open Azerbaijan

Online Media

TƏHSILDƏ KEYFIYYƏT TƏMINATI AGENTLIYINDƏ CIDDI MALIYYƏ POZUNTULARI AŞKARLANIB

24.10.2026 / Dövlət vəsaitləri təyinatından kənar xərclənib və satınalmalar əsasən bir mənbədən aparılıb


Fotonun originalı Elm və Təhsil Nazirliyinin saytından götürülüb.



Azərbaycan Hesablama Palatası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyində (TKTA) dövlət vəsaitlərinin idarə olunması, satınalmaların təşkili, təhsil müəssisələrinin akkreditasiyası və xarici diplomların tanınması sahələrində ciddi pozuntular və sistemli çatışmazlıqlar aşkarlayıb.

Bu barədə Hesablama Palatasının TKTA-nın 2023–2025-ci illərdəki fəaliyyətinə dair keçirdiyi səmərəlilik auditinin nəticələri haqqında
açıqlamasında bildirilir.

Auditin məqsədi TKTA-nın fəaliyyətinin təşkilinin səmərəliliyini və həyata keçirilən tədbirlərin nəticəliliyini qiymətləndirmək olub. Yoxlama zamanı Agentliyin idarəetmə sistemi, maliyyə dayanıqlılığı, dövlət satınalmaları, akkreditasiya fəaliyyəti, xarici kvalifikasiyaların tanınması, ekspert potensialı və hesabatlılıq mexanizmləri araşdırılıb.

Hesablama Palatası müəyyən edib ki, Agentliyin fəaliyyətindəki problemlər ayrı-ayrı nöqsanlarla məhdudlaşmır. Bu hallar qurumun fəaliyyətinin səmərəliliyinə və maliyyə dayanıqlılığına mənfi təsir göstərib.

Dövlət vəsaitləri təyinatına uyğun xərclənməyib

Audit zamanı TKTA-da dövlət vəsaitlərinin bir sıra hallarda təyinatına uyğun istifadə edilmədiyi müəyyənləşdirilib.

Agentliyin dövlət satınalmaları demək olar ki, yalnız bir mənbədən satınalma metodu ilə həyata keçirilib. Nəticədə satınalmalarda rəqabətli mühitin formalaşdırılması təmin olunmayıb.

Bundan başqa, satınalma müqavilələrinin icrasına nəzarət edilməyib. Bu isə müqavilələr üzrə ödənilmiş vəsaitlərlə faktiki əldə olunmuş nəticələr arasında uyğunsuzluqlara gətirib çıxarıb.

Audit zamanı mühasibat uçotu və maliyyə hesabatlarının aparılmasında da nöqsanlar aşkarlanıb.

Agentliyin gəlirləri əməkhaqqı xərclərini belə qarşılaya bilməyib

Audit TKTA-nın maliyyə dayanıqlılığı ilə bağlı problemləri də üzə çıxarıb.

Müəyyən edilib ki, Agentliyin göstərdiyi xidmətlərdən əldə etdiyi gəlirlər onun xərclərini, xüsusilə əməkhaqqı xərclərini qarşılamaq üçün kifayət etməyib.

Hesablama Palatası hesab edir ki, proqram akkreditasiyası, xarici kvalifikasiyaların tanınması və digər xidmətlər üzrə mövcud gəlir potensialından tam istifadə olunmayıb.

Bəzi təhsil müəssisələri akkreditasiyasız işləyib

Hesablama Palatası təhsil müəssisələrinin akkreditasiyası sahəsində də ciddi çatışmazlıqlar aşkarlayıb.

Məlum olub ki, akkreditasiya üzrə normativ baza və qiymətləndirmə meyarları bütün təhsil pillələrini əhatə etməyib. Təsdiqlənmiş akkreditasiya qrafikləri yerinə yetirilməyib, proseslərin elektronlaşdırılması üçün nəzərdə tutulan sistemlər yaradılmayıb.

Akkreditasiya sənədlərinin hazırlanmasında və ekspertlərin fəaliyyətinin təşkilində də nöqsanlar müəyyən edilib.

Ən diqqətçəkən tapıntılardan biri bəzi təhsil müəssisələrinin akkreditasiyadan keçmədən fəaliyyət göstərməsidir.

Bu məlumatların açıqlanmaması akkreditasiya sistemində aşkar edilmiş problemlərin miqyasını qiymətləndirməyi çətinləşdirir.

Akkreditasiya prosesində maraqların toqquşması

Auditin digər mühüm nəticəsi TKTA-nın institusional müstəqilliyi ilə bağlıdır.

Hesablama Palatasının qənaətinə görə, Agentliyin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərməsi və Akkreditasiya Şurasına Agentliyin icra orqanının rəhbərinin sədrlik etməsi akkreditasiya prosesində maraqların toqquşması riskləri yaradır.

Bu idarəetmə modeli təhsildə keyfiyyət təminatı qurumlarının müstəqilliyinə dair yerli və beynəlxalq standartlarla tam uyğun gəlmir.

Palata bildirib ki, mövcud uyğunsuzluqlar TKTA-nın beynəlxalq akkreditasiya imkanlarını da məhdudlaşdırıb.

Audit zamanı Agentliyin strateji planlaşdırmasında, fəaliyyət hədəflərinin müəyyən edilməsində və hesabatlılıq mexanizmlərində də çatışmazlıqlar aşkarlanıb.

Beləliklə, Hesablama Palatası yalnız ayrı-ayrı akkreditasiya prosedurlarını deyil, bu prosedurları həyata keçirən qurumun idarəetmə modelini də problemli hesab edib.

Xarici diplomların tanınmasında gecikmələr və problemlər

Hesablama Palatası xaricdə əldə edilmiş kvalifikasiyaların Azərbaycanda tanınması sahəsini də yoxlayıb.

Audit nəticəsində müəyyən edilib ki, qanunvericilikdə nəzərdə tutulan alternativ tanınma mexanizmlərindən tam istifadə olunmayıb. Normativ hüquqi bazanın və bəzi qiymətləndirmə meyarlarının təkmilləşdirilməməsi müraciətlərə baxılma müddətlərinin uzanmasına səbəb olub.

Bu isə xaricdə təhsil almış şəxslərin diplomlarının və peşə kvalifikasiyalarının tanınması prosesində əlavə çətinliklər yaradıb.

Hesablama Palatası xarici kvalifikasiyaların tanınması zamanı saxta diplomların da aşkar edildiyini bildirib.

Palata həmçinin bildirib ki, diplomların tanınması ilə bağlı məhkəmə qərarlarının böyük əksəriyyəti TKTA-nın mövqeyini dəstəkləyib. Bu, Agentliyin qəbul etdiyi qərarların ümumilikdə hüquqi əsaslara söykəndiyini göstərən amil kimi qiymətləndirilib.

Lakin açıqlamada saxta diplomların sayı, onların hansı ölkələrdə və təhsil müəssisələrində verildiyi, eləcə də tanınma ilə bağlı məhkəmə mübahisələrinin statistikası göstərilməyib.

Audit materialları nazirliklərə göndərilib

Hesablama Palatasının Kollegiyası auditin nəticələrinə baxaraq müəyyən edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı qərar qəbul edib.

Qərara əsasən, auditor hesabatı Elm və Təhsil Nazirliyinə və Agentliyə göndərilib.

Audit zamanı xaricdə təhsil almış şəxslərin tibb ixtisasları üzrə diplomlarının tanınması ilə bağlı ayrıca problemlər də müəyyən edilib.

Dövlət vəsaitlərinin idarə olunması ilə bağlı aşkar edilmiş nöqsanlar barədə Maliyyə Nazirliyinə məlumat verilməsi qərara alınıb.

Hesablama Palatasının məlumatına görə, söhbət Azərbaycanda ekvivalenti olmayan tibb ixtisasları üzrə xaricdə təhsil almış şəxslərin diplomlarının tanınması zamanı aşkarlanmış hallardan gedir.

Xaricdə əldə edilmiş və Azərbaycanda ekvivalenti olmayan tibb ixtisasları üzrə diplomların tanınması ilə bağlı müəyyən edilmiş hallar isə Səhiyyə Nazirliyinin diqqətinə çatdırılıb.

Bununla belə, açıqlamada konkret hansı tibb ixtisaslarından söhbət getdiyi, neçə diplomun tanındığı və müəyyən edilmiş problemlərin hüquqi xarakteri izah olunmayıb.

Hesablama Palatası auditin nəticələrinin TKTA-nın idarəetmə modelinin, hüquqi bazasının, maliyyə idarəetməsinin, akkreditasiya və kvalifikasiyaların tanınması mexanizmlərinin yenidən nəzərdən keçirilməsini zəruri etdiyini bildirib.

Palata şəffaflığın, institusional müstəqilliyin və hesabatlılığın gücləndirilməsi, eləcə də fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılması üçün kompleks islahatların həyata keçirilməsini vacib sayıb.

Pozuntuların maliyyə miqyasını açıqlamayıb

Qeyd edək ki, Hesablama Palatası TKTA-nın fəaliyyətinə dair auditin yalnız ümumi nəticələrini açıqlayıb. İctimaiyyətə təqdim edilən məlumatda dövlət vəsaitlərinin təyinatından kənar istifadəsinin məbləği, satınalma müqavilələrinin dəyəri, həmin müqavilələri əldə etmiş şirkətlərin adları və ödənişlərlə faktiki nəticələr arasındakı uyğunsuzluqların maliyyə həcmi göstərilmir.

Eyni zamanda, akkreditasiyasız fəaliyyət göstərmiş təhsil müəssisələri, saxta diplomların sayı və xarici tibb kvalifikasiyalarının tanınmasında aşkarlanmış konkret hallar barədə məlumat verilmir.

Açıqlamadan məlum olur ki, auditor hesabatı müvafiq dövlət qurumlarına göndərilib. Lakin ictimaiyyətə təqdim edilmiş məlumat auditin bütün tapıntıları və onların miqyası barədə tam təsəvvür yaratmır.

Hesablama Palatasının müəyyən etdiyi problemlərin xarakteri nəzərə alındıqda, auditin tam hesabatının açıqlanması dövlət vəsaitlərinin necə xərcləndiyini, satınalmaların hansı şərtlərlə həyata keçirildiyini və təhsildə keyfiyyət təminatı sistemindəki çatışmazlıqların miqyasını qiymətləndirmək baxımından əhəmiyyətlidir.