AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun qızı Mila (Məlahət) Əsgərovaya məxsus olan “Gazelli Art House” qalereyası Nyu-Yorkun Manhetten hissəsində 7,5 milyon dollara iki kommersiya obyekti alıb.
Bu barədə jurnalist Cavanşir Həsənli Facebook hesabında məlumat yayıb. Alqı-satqı haqqında məlumat ABŞ-ın daşınmaz əmlak bazarını izləyən “Traded” platformasında da yer alıb.
“Traded”in məlumatına görə, alqı-satqı 2026-cı il iyunun 30-da baş tutub. Manhettenin Çelsi məhəlləsində, 543 West 25th Street ünvanında yerləşən iki kommersiya obyekti “MRCRI Prop LLC” vasitəsilə alınıb. Satıcı isə “Marlborough Gallery” ilə əlaqəli “Marlborough Real Estate LLC” şirkəti olub.
Platforma alıcı tərəfdə Mila Əsgərovanı, satıcı tərəfdə isə Duqlas Kent Uollanı göstərir. Əmlakın sahəsi 4 678 kvadrat fut, yəni təxminən 434,6 kvadratmetr kimi qeyd olunub. Bu hesabla bir kvadratmetrin alış qiyməti təxminən 17,3 min dollara bərabərdir.
“Gazelli Art House”un rəsmi saytı qalereyanın Mila Əsgərova tərəfindən 2010-cu ildə yaradıldığını təsdiqləyir. Saytda London və Bakı ilə yanaşı, Nyu-York məkanı da göstərilir. Onun ünvanı isə 545 West 25th Street kimi təqdim olunur.
Nyu-Yorkda yerləşən “Urgent Matter” nəşrinin məlumatına görə, alınan məkan əvvəllər “Marlborough” qalereyasının yerləşdiyi “Chelsea Arts Tower” binasının birinci və ikinci mərtəbələrini əhatə edir. Satışa ilkin olaraq 10,9 milyon dollara çıxarılan əmlak 3,4 milyon dollar aşağı qiymətə satılıb. Nəşr “Gazelli Art House”un bu qalereyanı Nyu-Yorkdakı daimi məkanına çevirməyi planlaşdırdığını bildirir.
AZAL və Əsgərovlar ailəsinin biznesi
Cahangir Əsgərov Azərbaycanın mülki aviasiya sektorunun ən uzunömürlü rəhbəri olub. O, 1996-cı ildən AZAL-a rəhbərlik edib: əvvəl şirkətin baş direktoru, 2008-ci ildən isə “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti kimi işləyib. O, Prezident İlham Əliyevin 1 sentyabr 2023-cü il sərəncamı ilə vəzifəsindən azad edilib. Beləliklə, Əsgərov faktiki olaraq 27 il ölkənin dövlət aviaşirkətinin rəhbəri olub.
Bu dövr təkcə AZAL-ın böyüməsi ilə deyil, dövlət aviasiya sektorunun ətrafında böyük özəl biznes qrupunun — “Silk Way Holding”in formalaşması ilə də üst-üstə düşür.
2010-cu ildə AzadlıqRadiosunun araşdırması göstərirdi ki, SW Holding tədricən AZAL-la əlaqəli bir sıra gəlirli fəaliyyət sahələrində — yükdaşımalar, təyyarələrə texniki xidmət, catering, hava limanı xidmətləri, duty-free, sığorta və digər istiqamətlərdə — dominant mövqelər əldə edib. Araşdırmada AZAL-ın bir sıra strukturlarının özəlləşdirilməsi prosesinin şəffaflığı ilə bağlı əsaslı suallar qaldırılmışdı.
Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması Layihəsinin (OCCRP) də bir araşdırması da “Silk Way Group”un Azərbaycan mülki aviasiya sektorunun böyük hissəsinə nəzarət etdiyini üzə çıxarıb. Əslində, qrupa daxil olan “Silk Way Airlines”, “Silk Way West Airlines”, “Silk Way Technics”, “Silk Way Construction”, “Silk Way Insurance” və digər şirkətlər faktiki olaraq AZAL-ın qurumlarının özəlləşdirilməsi nəticəsində meydana çıxıblar. Həmçinin “Silk Way Airlines” dövlət zəmanətindən istifadə edərək ABŞ-ın EXIM Bankından 419,5 milyon ABŞ dolları həcmində kredit almış və bunun hesabına üç ədəd Boeing 747-8 təyyarəsi əldə etmişdi.
Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevanın adı uzun illər “Gazelli” kosmetika biznesi ilə hallanıb. Ailənin iki qızı — Cəmilə Əsgərova və Mila (Məlahət) Əsgərova da müxtəlif bizneslərdə görünür.
Ailənin biznes maraqları Azərbaycanın hüdudlarından kənara da çıxıb. Meydan TV-nin Gürcüstanın dövlət reyestr məlumatlarına əsaslanan araşdırmasına görə, 2010-cu ildə yaradılmış “SW-INN” şirkətinin səhmlərinin 35 faizi Məlahət Əsgərovaya, 35 faizi Cəmilə Əsgərovaya, 30 faizi isə Silk Way rəhbəri Zaur Axundova keçib. Sonradan Axundovun payı Zərifə Həmzəyevaya ötürülüb. Şirkət daha sonra “Gloria” adlandırılıb və Batumidə daşınmaz əmlak və otel əldə edib.
Əsgərovlarla Əliyevlərin biznes əlaqəsi
Bu tarixçənin ən diqqətçəkən tərəfi Əsgərov ailəsinin bizneslərinin prezident İlham Əliyevin ailəsinin biznes maraqları ilə kəsişməsidir.
Ən yaxşı sənədləşdirilmiş nümunələrdən biri “Silk Way Bank”dır. AzadlıqRadiosunun 2010-cu ildə apardığı araşdırmaya görə, bankın səhmdarları arasında həm Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva, həm də prezident İlham Əliyevin qızı Arzu Əliyeva yer alıb. Prezidentin mətbuat katibi Azər Qasımov həmin vaxt Arzu Əliyevanın bankın səhmdarı olduğunu təsdiqləyərək onun yetkin Azərbaycan vətəndaşı kimi bizneslə məşğul olmaq hüququna malik olduğunu bildirmişdi.
AzadlıqRadiosunun həmin araşdırması Əsgərovun qızları ilə Arzu Əliyevanın biznes əlaqələrinə də toxunub. Meydan TV-nin Gürcüstan reyestri əsasında apardığı araşdırmada da Məlahət və Cəmilə Əsgərovaların “Silk Way” strukturlarında Arzu Əliyeva ilə biznes əlaqələrinin olduğununu üzə çıxaran sənədlər yer almışdı.