Bakir Narimanoglu

Freelance Journalist

İRƏVANIN ERMƏNISTANA VERILMƏSI CINAYƏT IDI, YOXSA MƏCBURIYYƏT?

13.06.2022 / Necə oldu ki, İrəvan şəhəri ermənilərə verildi?


İrəvan xanlığının xəritəsi



Azərbaycan prezidenti İlham Əliyev İrəvanın Ermənistana verilməsinə görə cümhuriyyət qurucularını qınayır, demək olar ki, hər dəfə “28 May” günü ilə bağlı çıxışlarında bu fikrini təkrar edir. Bu il, mayın 27-də Zəngilan rayonunda “Ağıllı kənd” layihəsinin açılış mərasimində çıxışı zamanı prezident eyni tənqidi səsləndirib: “...Onu da artıq nəinki Azərbaycanda, dünyada bilirlər ki, dövlət müstəqilliyimiz elan olunandan bir gün sonra Azərbaycan Xalq Cümhuriyyəti bizim qədim şəhərimiz olan İrəvanı Ermənistana təhvil verdi və bu, bağışlanmaz bir cinayət idi. Beləliklə, bizim qədim diyarımız bizdən ayrı düşdü”.

Bəs tarix nə deyir? Necə oldu ki, İrəvan şəhəri ermənilərə verildi? O illər Azərbaycan tərəfinin bu məsələdə mövqeyi nədən ibarət idi?

“Erməni dövlətinin yaranması zərurət idi”

Tarixçi alim Solmaz Rüstəmova-Tohidi yazır ki, I dünya müharibəsinin sonlarında erməni dövlətinin yaranması zərurət idi: “Söhbət sadəcə onun hansı ərazilərdə yaradılacağından gedirdi. İddia etdikləri Osmanlı vilayətləri 1915-ci ildən başlayaraq, xəyanətkar erməni əhalisindən, demək olar ki, təmizlənmişdi. Erməni mənbələrinin özlərinin yazdığına görə, 350-450 min hüdudunda Osmanlı ermənisi 1916-1917-ci illərdə daşnak qoşunlarının müşayiəti ilə Cənubi Qafqaza, əsasən İrəvan quberniyasının ərazilərinə keçmiş, burada yerli azərbaycanlı əhalini kütləvi surətdə qırmış və qovmuş, məskənlərini zəbt etmiş, bölgənin demoqrafik vəziyyətini əsaslı surətdə dəyişmişdilər” (Solmaz Rüstəmova-Tohidinin facebook səhifəsi, 2 iyun 2020-ci il).

S.R.Tohidi əlavə edir ki, istər o dövrdə, istərsə bu gün azərbaycanlılardan və türklərdən başqa heç kim İrəvanı Azərbaycan şəhəri saymayıb: “Ermənilər bu məkanı daim özlərinin tarixi, digərləri isə Rusiya İmperiyasının quberniya şəhəri bilirdilər, indi də belə hesab edilir. Odur ki, həmin dövr üçün dövləti olmayan və bu səbəbdən rəsmi şəkildə İrəvana hər hansı iddia etməyə hüququ çatmayan azərbaycanlıların bu iddiasını heç ciddiyə almırlar. Məhz bu sonuncu səbəbdən həmin “güzəşt” aktı hər hansı tərəflərarası müqavilə şəklində mövcud olmayaraq, yalnız Milli Şuranın 29 may tarixli iclasının protokolunda öz əksini tapıb”.

Mayın 29-da (1918) Azərbaycan Milli Şurasının iclasında “İrəvanın Ermənistana güzəştə gedilməsi” məsələsi müzakirəyə çıxarılıb. Alim S.R.Tohidi deyir ki, iclasda Azərbaycan hökumətinin başçısı Fətəli Xan Xoyskinin bu hadisəni dönə-dönə “qaçılmaz tarixi zərurət”, “bizlər üçün acı həqiqət” kimi qiymətləndirməsinin fərqinə varmaq lazımdır.

Azərbaycanın da daxil olduğu Zaqafqaziya Osmanlı ilə müharibəyə başlamışdı

Rusiyada 1917-ci ilin fevralında Romanovlar sülaləsi devriləndən sonra qurulan hökumət çox yaşamadı. 1917-ci ilin oktyabrında çevriliş oldu və hakimiyyətə bolşeviklər gəldilər. Bolşeviklər Müəssislər Məclisini tanımadığına görə, Cənubi Qafqazdan seçilən deputatlar Rusiyaya gedə bilmədilər. Bu deputatlar 1918-ci il, fevralın 23-də Tiflisdə Cənubi Qafqazın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini, başqa sözlə Zaqafqaziya parlamentini yaratdılar(Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, s.27).

Seymin müsəlman fraksiyasının və Osmanlı dövlətinin tələbi ilə (həmin dövrdə Cənubi Qafqazda yaşanan prosseslərə Osmanlı dövlətinin təsiri güclü idi) 1918-ci il, aprelin 22-də Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan etdi və Zaqafqaziya Federativ Demokratik Respublikası yaradıldı(Anar İsgəndərov, Azərbaycan həqiqətləri 1917-1918, s.50).

Zaqafqaziya hökuməti Trabzonda Osmanlı dövləti ilə danışıqlar apardığı vaxtda, bolşevik Rusiyası ilə Dördlər İttifaqı-Almaniya, Avstriya-Macarıstan, Türkiyə və Bolqarıstan arasında “Brest-Litovsk” müqaviləsi imzalandı (1918-ci il, 3 mart)( Dr. Mustafa Görüryılmaz, Türk Qafqaz İslam Ordusu və Ermənilər (1918), Bakı 2009, Qismət nəşriyyatı, s.70).

Müqaviləyə görə, Rusiya müharibənin əvvəlindəki sərhədlərə qayıtmalı, işğal olunmuş Osmanlı torpaqlarından—Qars, Ərdəhan, Batum və digər ərazilərdən çıxmalı idi. Bu sənədlə Rusiyanın I Dünya Müharibəsində iştirakına son qoyuldu.

Osmanlı dövləti Zaqafqaziya Seymindən də “Brest-Litovsk” müqaviləsinin şərtlərinə əməl etməyi tələb etdi. Seymə daxil olan gürcü və erməni deputatları bununla razılaşmadılar və müsəlman fraksiyasının etirazına baxmayaraq, Osmanlı dövləti ilə Trabzon danışıqlarını kəsib, müharibəyə başladılar. Müharibədə məğlubiyyət Zaqafqaziya Seymini yenidən Osmanlı ilə danışıqlara məcbur etdi.

Türkiyə əlavə ərazi, o cümlədən Azərbaycan torpaqlarını istədi

1918-ci il, mayın 11-də Batumda keçirilən ilk iclasda Osmanlı nümayəndə heyətinin rəhbəri Xəlil bəy Menteşə Brest müqaviləsinin şərtlərini indiki danışıqlar üçün əsas kimi qəbul etmədiyini bildirdi, Türkiyənin hərbi əməliyyatlarda verdiyi qurbanların əvəzi olaraq Qars, Ərdəhan və Batum vilayətlərindən başqa yeni ərazilər və imtiyazlar tələb etdi. Bu tələblərə Tiflis quberniyasının Axıska və Axalkələk qəzaları, İrəvan quberniyasının Aleksandropol (Gümrü) və Sürməli qəzaları, Eçmiədzin qəzasının Sərdarabad hissəsi, İrəvan qəzasının cənub və cənub-qərb hissəsini təşkil edən Kəmərli (Gərnibasar), Uluxanlı (Zəngibasar) və Vedibasar bölgələri, Şərur-Dərələyəz qəzasının Şərur hissəsi və Ordubad istisna olmaqla Naxçıvan qəzası, habelə Qars-Aleksandropol-Culfa dəmir yolu daxil idi(Enis Şahin, Osmanlı’nın ‘Unutulmuş Son Diplomasi’ Zaferi: Batum Antlaşmaları (4-8 Haziran 1918), https://www.ttk.gov.tr/wp-content/uploads/2022/04/05-EnisSahin.pdf ).

Bundan əlavə, İngiltərəyə qarşı müharibə apardığı müddətdə Osmanlıya Zaqafqaziyanın bütün dəmir yol şəbəkəsindən istifadə etmək hüququ verilməli idi.

Osmanlı dövlətinin 11 may tarixli ultimatumu cavabsız qaldı. 26 mayda yeni ultimatum verildi, ancaq Zaqafqaziya Federasiyası artıq dağılmışdı. Osmanlı danışıqları müstəqilliyini elan etmiş milli respublikalarla davam etdirməli oldu.

Osmanlı imperatorluğunun tələblərində elə bir dəyişiklik yox idi. Həmçinin, erməni dövlətinin yaradılmasının gələcəkdə Türkiyə üçün problem olacağından narahat idilər. Zaqafqaziya Seyminin dağılması ərəfəsində—mayın 24-də Osmanlı dövlətinin sədr-əzəmi Tələt paşa Batum konfransındakı türk nümayəndə heyətinin rəhbəri Xəlil bəy Menteşəyə göndərdiyi teleqramında yazırdı: “...Ermənilərin bir hökumət halında təşəkkül etməsinə qətiyyən tərəfdar deyiləm. Kiçik bir erməni muxtariyyəti beş il sonra beş milyon əhalisi olan bir erməni dövləti halına gələcək və bütün Qafqaza hakim olaraq, Şərqin Bolqarıstanına çevriləcəkdir. İran və Amerikada olan bütün ermənilər orada toplanacaq, ingilis və fransızlardan hər cür yardım alaraq, gələcəkdə xristian gürcülərlə və çox asanlıqla əcəmlərlə birlikdə bizim əleyhimizə hərəkət edəcəklər. Bu səbəbdən, mümkün olsa, çibanı kökündən təmizləmək ən xeyirli iş olacaqdır. Bu mümkün olmadığı təqdirdə Ermənistanın çox zəif və yaşamayacaq şəkildə təşəkkül etməsi zəruridir...”( Vasif Qafarov, İrəvanın verilməsi: Osmanlı niyə "çibanı kökündən təmizləmədi?!", Respublika qəzeti, 14 iyul 2016, s.7.).

Azərbaycan Osmanlının tələblərini qəbul etməyə məhkum idi

Türkiyə tərəfindən təqdim olunan ultimatumda Azərbaycan torpaqları ilə bağlı ərazi tələbləri var idi. Bu dövrdə, demək olar ki, Bakı Sovet Rusiyasının əlində idi və müsəlmanların erməni-bolşevik birləşmələrinin törətdikləri vəhşiliklərindən qurtarmaqda ümidi Osmanlı dövlətinə idi. Elə Osmanlının—Qafqaz İslam Ordusnun müdaxiləsi nəticəsində Azərbaycanın bir neçə şəhəri, sonda 1918-ci ilin sentyabrında Bakı erməni-bolşevik dəstələrindən təmizlənmiş, Bakı paytaxt elan olunmuşdu. Bütün bu tarixi şəraitə görə Azərbaycan nümayəndələri Türkiyənin ərazi tələblərini qəbul etməyə məhkum idilər.

Digər tərəfdən “erməni məsələsi” ilə bağlı Osmanlı rəhbrəliyində vahid mövqe yox idi. Tələt və Ənvər paşalar “erməni məsələsi”ndə “çibanı kökündən təmizləməyi” düşünsələr də, Xəlil bəy Menteşə və Vehib paşa kimi siyasilər ən azından beynəlxalq aləm qarşısında ermənilərə bir mövcudiyyət və müəyyən güzəştlər verilməsinin vacib olduğunu bildirirdilər(Vasif Qafarov, İrəvanın verilməsi: Osmanlı niyə "çibanı kökündən təmizləmədi?!", Respublika qəzeti, 14 iyul 2016, s.7.).

Azərbaycan nümayəndələri də erməni dövlətinin yaradılmasının əleyhinə deyildilər. Onlar hesab edirdilər ki, bölgədə üç—gürcü, müsəlman və erməni kantonları yerinə yalnız gürcü və müsəlman dövlətləri yaradılsa, Cənubi Qafqazda və xüsusilə ultimatumda tələb edilən, Osmanlı dövlətinə birləşdiriləcək ərazilərdə qalan böyük erməni kütləsi Azərbaycana axışacaq. Bu da Azərbaycana daha böyük qırğınlar, müsibətlər və dağıntılar gətirəcək. Buna yol verməmək üçün kiçik bir ərazidə ermənilərin milli dövlətlərini yaratmaq və onları ora cəm etmək lazım idi. Azərbaycan nümayəndələri 1918-ci il, mayın 23-də Batumdan Ənvər paşaya yazılı müraciət göndərdilər. Müraciətnaməyə Azərbaycanın Batum sülh konfransındakı nümayəndələri olan M.H.Hacınski və M.Ə.Rəsulzadədən başqa Əhməd bəy (Can Baba), A.Səfikürdski, Ə.C.Pepinov, M.Y.Cəfərov, F.X.Xoyski, N.Yusifbəyli və X.Xasməmmədov imza atmışdılar. Bu sənədin göndərilməsindən bir gün əvvəl—mayın 22-də Ə.Hüseynzadə və Ə.Ağaoğlu da Tələt paşa və Ənvər paşaya eyni məzmunlu müraciətnamə yazmışdılar(İrəvan ermənilərə necə verildi? REAL TV, İrəvan ermənilərə necə verildi?).

Beləliklə, Batum danışıqlarında ilkin razılaşma əldə olunduqdan dərhal sonra, hələ Batum müqavilələrinin bağlanmasına, yəni 1918-ci il, iyunun 4-nə bir həftə qalmış, 1918-ci il, mayın 29-da Azərbaycan Milli Şurasının qərarı ilə qədim Azərbaycan şəhəri İrəvan, onun ətrafındakı 9 min kvadrat kilometr ərazini əhatə edən torpaqlarla birlikdə ermənilərə verildi([1] Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, s.56).

İrəvanla yanaşı verilən Azərbaycan torpaqları bunlar idi: Yeni Bayazit qəzası (Basarkeçər adlanan cənub-şərq qismi istisna olmaqla), İrəvan qəzası (Qəmərli-Gərnibasar, Uluxanlı-Zəngibasar və Vedibasar istisna olmaqla), Eçmiədzin qəzası (Sərdarabad istisna olmaqla) və Aleksandropol qəzası (qəza mərkəzi Aleksandropol istisna olmaqla). Beləliklə, yeni yaradılmış Ermənistan Respublikası Göyçə gölü ilə Osmanlı dövlətinin yeni sərhədləri arasındakı dar dağlıq ərazini əhatə edirdi(Yaqub Mahmudov, İrəvanın ermənilərə verilməsi ilə bağlı əsl həqiqətlər, Azərbaycan qəzeti, 10 iyun 2020).

Ermənilərə verilmiş Azərbaycan ərazisinin əhalisi cəmi 321 min nəfər idi ki, onun da 230 mini erməni, 80 mini türk-müsəlman, 11 mini isə digər xalqların nümayəndələri idi.

Ermənilərin əməl etmədiyi öhdəlikləri

Ermənilərə dövlət yaratmaq üçün torpaq veriləcəyi halda erməni tərəfi Azərbaycan və Osmanlı tərəfləri qarşısında bir sıra öhdəliklər götürdü(Enis Şahin, Osmanlı’nın ‘Unutulmuş Son Diplomasi’ Zaferi: Batum Antlaşmaları (4-8 Haziran 1918), https://www.ttk.gov.tr/wp-content/uploads/2022/04/05-EnisSahin.pdf ). Həmin öhdəliklər aşağıdakılar idi:

1. Ermənilərlə müsəlmanlar arasında düşmənçilik aradan qaldırılacaq və erməni tərəfi Şaumyanla əlaqəyə girib, Bakının müsəlman əhalisinin təhlükəsizliyini təmin edəcək, bununla azərbaycanlılara qarşı kütləvi qırğınların qarşısı alınacaqdı. Erməni tərəfinin üzərinə götürdüyü bu öhdəlik Osmanlı İmperiyası ilə yenicə yaradılmış Ararat (Ermənistan) Respublikası arasında 1918-ci il, iyunun 4-də Batumda bağlanmış "Sülh və Dostluq” müqaviləsində təsbit olundu. Batum müqaviləsinin 11-ci maddəsində erməni silahlı qüvvələrinin Bakıdan çıxacağı vəd edilirdi: "Ermənistan Respublikasının hökuməti erməni qüvvələrini Bakıdan çıxmağa məcbur etmək üçün özünün bütün qüvvələrini səfərbər edəcəyini öhdəsinə götürür”. Yenicə yaradılan Ermənistan Respublikasının hökuməti həmçinin "Respublika ərazisində (yəni Ermənistan Respublikası ərazisində) hər hansı silahlı quldur dəstələrinin yaradılmasının qarşısını alacağını, ölkənin müxtəlif yerlərində gizlənən və fəaliyyət göstərən bütün quldur dəstələrinin tərksilah ediləcəyini öhdəsinə götürdü”.

2. Erməni tərəfi Azərbaycan qəzalarında da erməni silahlı birləşmələri tərəfindən müsəlmanlara qarşı həyata keçirilən kütləvi qırğınların dayandırılacağına söz vermişdi. Bu öhdəlik Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi sənədlərində öz əksini tapıb. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı Fətəli xan Xoyski Milli Şuranın 29 may tarixli qərarından (İrəvan və ətrafındakı torpaqların ermənilərə verilməsi qərarı) dərhal sonra Xarici işlər naziri Məmməd Həsən Hacınskiyə verdiyi rəsmi göstərişdə yazırdı: "Biz ermənilərlə bütün mübahisələri bitirdik, onlar ultimatumumuzu qəbul edəcəklər və müharibəni dayandıracaqlar. Biz İrəvanı onlara güzəştə getdik”.

3. Ermənistan hökuməti İrəvanda və yeni yaradılan erməni dövlətinin digər ərazilərində müsəlmanların sərbəst dini ibadət, mədəniyyət, siyasi və ana dilində təhsil almaq hüquqlarını təmin etməli idi. Ermənilərin qəbul etdiyi bu öhdəlik Osmanlı dövləti ilə yenicə yaradılmış Ermənistan Respublikası arasında bağlanmış Batum müqaviləsinin 6-cı maddəsində və müqaviləni tamamlayan III əlavədə təsbit olunmuşdu. Sənədə görə, yeni Ermənistan Respublikasındakı türk-müsəlman əhali yuxarıda göstərilən bütün sahələrdə ermənilərlə eyni hüquqa malik olmalı idi: "Ermənistan Respublikasında yaşayan müsəlmanların dininə və adətlərinə hörmət olunmalıdır... Onlar başqa mədəniyyətlərə mənsub olan digər sakinlərlə eyni vətəndaşlıq hüquqlarına və siyasi hüquqlara malik olmalıdırlar. Onlar öz etnik dillərində təhsil ala və öz dinlərində ibadət edə bilərlər... Müsəlmanlar öz dinlərində ibadət etmək və xeyriyyəçilik işləriylə məşğul olmaq üçün müsəlman icmaları yaratmaq, məscidlər, xəstəxanalar, məktəblər, dini müəssisələr açmaq və xeyriyyə cəmiyyətləri təşkil etmək hüququna malikdirlər... İrəvan şəhərində Ermənistan Respublikası Müftisinin və respublikanın digər vilayətlərində müftilərin fəaliyyət göstərməsi zəruri hesab edilsin...”

Müqaviləni tamamlayan III əlavədə yuxarıda göstərilən öhdəliklər təfərrüatı ilə qeyd olunur, Ermənistan hökumətinin ibtidai və orta təhsil verən müsəlman məktəbləri açacağı deyilirdi.

4. Batum danışıqları zamanı əldə olunmuş razılığa əsasən ermənilər Azərbaycana qarşı ərazi iddialarından imtina edəcəkdilər.

5. İrəvan və ətrafındakı torpaqların verilməsi müqabilində ermənilər Azərbaycanla vahid konfederativ dövlətdə birləşməli idilər.

“Ya İrəvan, ya Bakı”

Tarixçi alim Nəsiman Yaqublu deyir ki, həmin tarixi dönəmdə Xalq Cümhuriyyəti liderlərinin gənc dövlət üçün ata biləcəyi ən doğru addım bu idi: “İrəvan məcburiyyətdən verildi. Fətəli xan gəldi, dedi ki, artıq İrəvanın paytaxt olmasını böyük dövlətlər istəyir, tələb edirlər bizdən. Xoyski bu halı hətta “qaçılmaz bəla” adlandırmışdı. Demişdi ki, biz məcburuq ki, oranı ermənilərə verək. Bizim ordumuz yox idi, qoşunlarımız yox idi. Biz Bakı uğrunda mübarizəyə hazırlaşırdıq. Ona görə biz qalmışdıq sual qarşısında – ya İrəvan, ya Bakı”( Azadlıq Radiosu,11 yanvar 2018-ci il, https://www.azadliq.org/a/xalq-cumhuriyyeti-100/28969357.html).

Ermənilər məqsədlərinə nail olduqdan dərhal sonra Batum müqavilələrinə əsasən götürdükləri bütün öhdəlikləri yerinə yetirməkdən imtina etdilər. Üstəlik, öz ərazilərini Azərbaycan torpaqları hesabına genişləndirməyə başladılar. 1918-ci ilin mayında 9 min kvadrat kilometrlik Azərbaycan torpağında yaradılmış Ermənistan dövləti müxtəlif dövrlərdə, Sovet imperiyasının birbaşa köməyi ilə daha 20,8 min kvadrat kilometr Azərbaycan torpağını ələ keçirərək ərazisini 29,743 min kvadrat kilometrə çatdırdı...