Pensiya yaşı məsələsi Azərbaycan ictimaiyyətinin gündəmindən düşmür. Parlamentarilər danışmağa başlayıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli pensiya yaşına yenidən baxmağın lazım olduğunu deyib. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini isə yaşla əlaqədar təkliflərin yeni hazırlanan konsepsiyada nəzərə alınacağını bildirib.
Azərbaycanda pensiya yaşı həddi 2017-ci ildə artırıldı. Daha doğrusu, həmin il “Əmək pensiyaları haqqında” qanuna edilən dəyişikliyə görə pensiya yaşı hər il 6 ay artırılmaqla, kişilər üçün 2021-ci ildə, qadınlar üçün isə 2027-ci ildə 65 yaşa çatdırılmalıdır. Bu dəyişiklik ciddi sosial narazılığa səbəb olub. Deputat Ə.Məsimli deyir ki, Azərbaycanda orta ömür uzunluğu nəzərə alınmalı, kişilərin pensiya yaşı 63-ə, qadınlarınkı isə 60-a endirilməlidir. Başqa bir deputat daha da irəli gedərək, pensiya yaşının kişilər üçün 60, qadınlar üçün 55 olması təklifini səsləndirib, o da fikrini ölkədə orta ömrün uzun olmaması ilə izah edib.
Əslində 2017-ci ilki qanun dəyişikliyi kəskin ucuzlaşan neft qiymətləri, iqtisadi resesiya, illeqal əmək bazarı və fiskal gəlirlərdə sürətli azalma ilə bağlı idi. Məqsəd pensiya sisteminin gəlirləri ilə xərcləri arasındakı rəqəmləri kiçiltmək, dövlət büdcəsindən ayrılan vəsaitin məbləğini azaltmaq idi.
İndi məsələnin parlamentdə gündəmə gəlməsi, rəsmilərin son çağırışları və müzakirələri adekvat reaksiyaya ümid yaradır. Digər tərəfdən, pandemiya, sonra da Rusiyanın Ukraynaya təcavüzü bütün dünyada olduğu kimi Azərbaycanda da ciddi inflyasiya riski yaradıb ki, bu da əhalinin dayanıqlı mənbələrdən aldığı gəlirlərinin artırılmasını zəruri edir.
Rəsmi məlumata görə, cari ilin mart ayında bütün növ mal və xidmətlər üzrə qiymətlərdə keçən illə müqayisədə orta hesabla 12.2% artım qeydə alınıb. Bu, 2017-ci ildən sonra ölkə üzrə ən yüksək bahalaşma səviyyəsidir (12.9%). Ərzaq məhsullarının qiymətinin 17.5% artdığı bildirilir. Bahalaşmanın əhalinin azgəlirli sosial qruplarına xüsusilə təsir elədiyini nəzərə alsaq, pensiya sistemində fundamental islahatların aparılması vacibdir və hökumət yeni çağırışlara reaksiya vermək məcburiyyətindədir.
Azərbaycandakı pensiya yaşı həddi adekvatdırmı?
Beynəlxalq təcrübədə pensiya yaşı həddi müəyyənləşdirilərkən nəzərə alınan əsas indikator orta ömür göstəricisidir. Orta ömür həddiylə əhalinin sağlamlığı, əmək qabiliyyəti arasında müsbət korrelyasiya var. Yəni, bir ölkədə orta ömür göstəricisinin çoxluğu, həmin ölkənin əhalisinin sağlamlığından, əmək qabiliyyətli yaş dövrünün yüksəkliyindən qaynaqlanır. Azərbaycanda orta ömür göstəricisi 73-dür, pensiya yaşı 65.
2017-ci ilki dəyişikliyə qədər Azərbaycanda pensiya yaşı kişilər üçün 63, qadınlar üçün 60 idi. Dəyişiklik bir tərəfdən pensiya yaşını artırılmasına, digər tərəfdən xanımlarla kişilərin yaş həddinin eyniləşdirilməsinə hesablanıb. Yaş artımı 2027-ci ilə qədər davam etməli, nəticədə həm kişilər, həm də qadınlar yalnız 65 yaşa çatanda pensiya almalıdırlar.
Hökumət bu dəyişikləri orta ömür müddətinin artması ilə izah edir. Lakin, müqayisəli təhlillər göstərir ki, Azərbaycanda orta ömür müddəti heç də çox deyil və yeni qaydalar gözlənilən pensiya ödənişi müddətini azaltmağa xidmət edir. Məsələn, hazırda əmək pensiyası üçün 65 yaş həddi Yaponiya, Avstriya, Belçika, Kanada, Honq-Konq, Yeni Zellandiya, Luksemburq, İsveçrə, Polşa, Ruminya, Serbiya, Xorvatiya, Braziliya, Gürcüstan, Çili və Meksikada tətbiq edilir.
Ölkələr üzrə müqayisə
Ölkələr |
Mövcud pesiya yaşı |
Gözlənilən orta ömür |
Gözlənilən pensiya müddəti |
Yaponya |
65 |
85 |
20 |
Honq-Konq |
65 |
85 |
20 |
İsveçrə |
65 |
83 |
18 |
Kanada |
65 |
82 |
17 |
Yeni Zellandiya |
65 |
82 |
17 |
Luksemburq |
65 |
82 |
17 |
Avstriya |
65 |
81 |
16 |
Belçika |
65 |
81 |
16 |
Çili |
65 |
80 |
15 |
Xorvatiya |
65 |
78 |
13 |
Polşa |
65 |
77 |
12 |
Brazilya |
65 |
76 |
11 |
Rumınya |
65 |
74 |
9 |
Serbiya |
65 |
74 |
9 |
Gürcüstan |
65 |
74 |
9 |
Azərbaycan |
65 |
73 |
8 |
Cədvəldən göründüyü kimi, Yaponiya və Honq-Konqda gözlənilən orta pensiya dövrü 20 ildir (Azərbaycanla müqayisədə 2.5 dəfə çox). Ən aşağı göstərici Azərbaycana məxsusdur. Başqa sözlə, bir yapon pensiya çıxdıqdan sonra 20 il yaşayır və bu müddət ərzində yaşayışı pensiya mexanizmi vasitəsi ilə müdafiə olunur, bir azərbaycanlı isə pensiya çıxdıqdan sonra 8 il yaşaya bilir.
Statistik təsvirdən aydın olur ki, 65 yaş tətbiq edən ölkələr üzrə gözlənilən orta pensiya dövrü 16 ildir. Bu da Azərbaycandakı ilə müqayisədə iki dəfə yüksək göstəricidir.
Gürcüstanda vəziyyət Azərbaycandakına oxşardır. Lakin məhdud resurslu Gürcüstanın vətəndaşına 9 il pensiya verdiyi halda, fiskal siyasətini və iqtisadiyyatını karbohidrogen sərvətləri üzərində quran Azərbaycanın cədvəldə daha aşağıda dayanması...
Region və oxşar keçmişi olan ölkələrlə müqayisə edək
Pensiya yaşı Türkiyədə 60, Özbəkistanda 60, Ukraynada 60, Rusiyada 61.5, Ermənistanda 63, Qazaxıstanda 63, Latviya, Litviya və Estoniyada 64, Türkəminstanda isə 62 ildir.
Dünya Bankının açıqladığı orta ömür indikatorlarını nəzərə alsaq, pensiyaçı Türkiyədə 18 il, Özbəkistanda 12, Ukraynada 11, Rusiyada 9.5, Ermənistanda 12, Qazaxıstanda 8, Latviyada 11, Litvada 11, Estoniyada 14, Türkmənistanda isə 6 il pensiya alaraq yaşayır. Demək, Azərbaycanda gözlənilən pensiya dövrü bu ölkələr arasında yalnız Türkmənistandan çoxdur.
Azərbaycan hökuməti ölkədə gözlənilən pensiya dövrünün 144 ay, yəni 12 il olduğunu iddia edir. Ancaq bu rəqəm 2006-cı ildə müəyyən edilib və qanunlara dəyişikliklərə rəğmən bu indikatorda dəyişiklik aparan yoxdur (2006-cı ildə Azərbaycanda pensiya yaşı kişilərdə 62, qadınlarda 57 idi), pensiya yaşı davamlı artırılır, pensiya ödənişi dövrünə korrektə edilmir.
Pensiyaçıların qazancı onlara tam verilmir
Gözlənilən pensiya ödənişi dövrü aylıq pensiya məbləğinin hesablanmasına tətbiq olunan əsas parametrlərdən biridir (“Əmək Pensiyaları Haqqında” qanunun 45-ci maddəsi). Belə ki, sadə vətəndaşın pensiyasının aylıq məbləği (güzəştli şərtlərlə pensiya çıxanlar xaric) onun topladığı kapitalın gözlənilən pensiya ödənişi dövrünə bölünməsi ilə müəyyən edilir. Məsələn, vətəndaş pensiya yaşına çatdıqda onun hesabında 50 min manat vəsait (kapital) toplandığı məlum olur. Bu vəsaiti 144 aya bölərək, həmin vətəndaşa ayda 347 manat 20 qəpik yazılır. Əslində isə Azərbaycanda pensiya ödənişi dövrü 8 il, yəni 96 aydır. Bu o deməkdir ki, 50 min kapital toplamış vətəndaş daha çox—520 manat 80 qəpik pensiya almalıdır (indikindən 50% artıq).
İki təklif var
Pensiya probleminin qismən aradan qaldırılmasının iki yolu var:
1) Pensiya yaşının müəyyən edilməsində aşağıdakı formuldan istifadə edilə və pensiya yaşı həddi azaldıla bilər:
Pensiya yaşı = 73 (gözlənilən orta ömür) – 12 (gözlənilən pensiya ödənişi müddəti) = 61
Yəni pensiya yaşının indiki həddini 4 il azaldaraq, 61-ə endirmək, vətəndaşların daha uzun müddətpensiya almasını təmin etmək olar.
2) Ya da hökumət insanların kapitalının onlara geri dönüşünün ədalətliliyini təmin etmək naminə çalışmalı, gözlənilən pensiya ödənişi indikatoru aşağıdakı kimi dəyişdirilməlidir:
Gözlənilən pensiya ödənişi müddəti = 96 ay (8 il).
Belə dəyişiklik aylıq pensiya məbləğinin 50% artmasına səbəb olar ki, bu da əhalinin ahıllıq dövründə daha rahat və qayğısız yaşamasını şərtləndirər.
Xəbərləri izləmək üçün Açıq Azərbaycanın telegram kanalına abunə olun: https: //t.me/openazerbaijan