Bakir Narimanoglu

Freelance Journalist

AZƏRBAYCAN “ZƏNGƏZUR DƏHLIZI”NDƏN IMTINA EDIR?

14.03.2022 / Azərbaycanla İran arasında razılaşmaya görə, Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvanı birləşdirəcək dəhliz İran ərazisindən keçəcək


İlham Əliyev və Seyid İbrahim Rəisi



2022-ci il, martın 11-də Bakıda Azərbaycanla İran arasında yeni memorandum imzalandı. Sənədə görə, Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvanı birləşdirəcək dəhliz İran ərazisindən keçəcək. Halbuki 10 noyabr bəyannaməsi dəhlizin indiki Ermənistan ərazisindən (Sünik)—cümhuriyyət zamanı Azərbaycana məxsus olmuş Qərbi Zəngəzur torpaqlarından keçməsini nəzərədə tuturdu və Naxçıvanla Azərbaycanın digər əraziləri arasında yeni kommunikasiyaların yaradılması ilə bağlı anlaşmanı Bakı ilə İrəvanın imzalayacağı gözlənirdi.

Yeni memorandumu Azərbaycan tərəfdən baş nazirin müavini Şahin Mustafayev, İran tərəfdən isə Yol və Şəhərsalma naziri Rüstəm Qasemi imzalayıb. Sənəddə nələr nəzərdə tutulub?

İki körpünü Azərbaycan, ikisini İran tikəcək

Sənədə görə, Araz çayı üzərində yeni körpülər tikiləcək və bu körpülər Zəngilan rayonu ilə Ordubad rayonunu avtomobil, dəmir yolu, elektrik, qaz, rabitə xətləri ilə birləşdiriləcək. Çayın üstündə iki yeni avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur. Layihə sənədlərini tərəflərin qanunvericiliyi ilə müəyyənləşdiriləcək şirkətlər hazırlamalıdır. Layihələr bir aya hazırlanmalı, qanunvericiliyin tələblərinə uyğun olaraq razılaşdırılmalıdır.

Şərqi Zəngəzur iqtisadi rayonunu İranla birləşdirən avtomobil körpüsünün, eləcə də rabitə və enerji xətlərinin layihə sənədlərinin hazırlanması, tikintisi və bu tikintiyə nəzarət işləri üzrə bütün xərclər Azərbaycan tərəfindən ödəniləcək. İranı Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ilə birləşdirən avtomobil körpüsünün layihə sənədlərinin hazırlanması, tikintisi və tikintiyə nəzarət işləri üzrə bütün xərcləri İran tərəfi həyata keçirir.

Körpülərin layihələndirilməsi və tikintisi üçün tərəflərin müvafiq qurumlarının nümayəndələrindən ibarət Birgə İşçi qrup yaradılacaq. Avtomobil yolu körpülərinin tikintisi başa çatana qədər hər tərəf öz dövlətinin ərazisində avtomobil yollarının zəruri tikinti, genişləndirmə və yenidənqurma işlərini təmin etməli, avtomobil körpüsünə giriş yolları hazırlamalıdır.

Avtomobil yollarına paralel olaraq tikiləcək dəmir yolunun maliyyələşdirilməsi və ödənilməsinə dair təkliflər 6 ay müddətinə hazırlanıb, Azərbaycan və İran hökumətlərinə təqdim edilməlidir (APA).

Bəs Ermənistandan Naxçıvana dəhliz açılacaqmı?

İkinci Qarabağ müharibəsini başa çatdıran sənəd--Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2020-ci il, 10 noyabr tarixli birgə bəyanatı (https://president.az/az/articles/view/45923) regionda kommunikasiya xətlərinin açılması nəzərdə tuturdu. Bəyanatın 9-cu maddəsində deyilirdi: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası, vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir”.

2021-ci il, yanvarın 11-də isə Moskvada kommunikasiyaların açılması ilə bağlı yeni üçtərəfli bəyanat qəbul edildi. Bu sənədə (https://president.az/az/articles/view/50070 ) görə, 10 noyabr bəyanatının 9-cu bəndinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması məqsədilə Rusiya, Azərbaycan, Ermənistan Respublikasının baş nazirləri müavinlərinin birgə həmsədrliyi ilə üçtərəfli İşçi qrupu yaradıldı. İşçi qrup dəmir yolu və avtomobil yollarını seçməli, həmçinin tərəflər arasında razılaşma ilə sonrakı istiqamətləri müəyyənləşdirməli idi.

Ancaq sonrakı aylarda bu nəqliyyat xətlərinin hüquqi vəziyyəti ilə bağlı anlaşılmazlıq yarandı. Bakı nəzərdə tutulan nəqliyyat xətlərini “dəhiz” adlandırsa da, İrəvan bundan imtina elədi, Bakının bəyanatlarının əksinə olaraq, “Zəngəzur dəhlizi”nin müzakirə mövzusu olmadığını bəyan etdi. Halbuki, Azərbaycan prezidenti İlham Əliyev Zəngəzur dəhlizi məsələsinin Üçtərəfli Bəyanata salınmasını "tarixi nailiyyət" adlandırmışdı və Ermənistanın etirazından sonra bu dəhlizin “zorla” da olsa (https://president.az/az/articles/view/51216 ), işə düşəcəyini bildirmişdi: “Biz öz maraqlarımızı təmin etmək üçün lazımi addımları atmalıyıq. Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də, zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq”.

İranla imzalanan sənəddən sonra sual yaranır: Azərbaycan Zəngəzur dəhlizindən imtina edir?

Yeni memorandum yeni düzən yaradacaq

Beynəlxalq idarəetmə üzrə ekspert Əhməd Əlili deyir ki, Naxçıvana kommunikasiyaların İran üzərindən çəkilməsi Azərbaycanın Ermənistandan keçəcək xətlərdən imtina etməsi anlamına gəlmir: “Ancaq bundan sonra Azərbaycan Zəngəzur dəhlizi məsələsində öz şərtlərini daha ciddi şəkildə diqtə edəcək. Əslində İran üzərindən çəkiləcək kommunikasiyalar Tehranın istəyi idi. Çünki Ermənistandan keçəcək dəhliz Rusiyanın bu bölgədə iştirakını gücləndirəcəkdi”.

Onun sözlərinə görə, Azərbaycanın strateji planında həm Gürcüstan, həm Ermənistan, həm də İran ərazisindən keçəcək nəqliyyat xətlərindən istifadə etmək var.

Politoloq Elxan Şahinoğlu deyir ki, Azərbaycanın İranla imzaladığı memorandum bölgədə yeni düzən yaradacaq: “İran Azərbaycana imkan yaradır ki, Bakı Ermənistanı yenidən oyundankənar vəziyyətə salsın, bu ölkənin kommunikasiya xəttinə qoşulmasını əngəlləsin. Günah Ermənistan hakimiyyətindədir, İrəvan Moskvaya güvənərək, Qərbi Zəngəzur dəhlizinin açılması məsələsini yubatdı. Azərbaycan isə İrana imkan yaradır ki, yeni dəhliz vasitəsilə bölgədə rolunu və gəlirlərini artırsın, böyük arteriyanın tərkib hissəsinə çevrilsin”.

“Memorandum xarici siyasətdə növbəti doğru addımdır”

İqtisadçı ekspert Natiq Cəfərli də memorandumun İranla imzalanmasını doğru addım hedab edir. Onun sözlərinə görə, bu sənəd Ermənistan və Rusiyanın əlində təzyiq vasitəsi olan və Ermənistan ərazisindən keçməsi nəzərdə tutulan Zəngəzur dəhlizinin əhəmiyyətini azaldır: “İndi Moskva bu təzyiq alətindən istifadə edib, müəyyən güzəştlər qoparmağa çalışmayacaq. Zatən o dəhliz həyata keçsə, yeganə söz sahibi Rusiya olacaqdı, yollar, kommunikasiyalar Moskvanın tam nəzarətində olacaqdı. İndi isə top Ermənistan və Rusiya tərəfdədir – yeni regional logistik layihələrin iştirakçısı olmaq istəyirlərsə, daha yumşaq şərtlərlə Zəngəzur dəhlizinin açılmasına razı olmalıdırlar”.

Onun sözlərinə görə, hətta gələcəkd--Zəngəzur dəhlizi işə düşsə belə--mütləq alternativ olmalıdır: “Kremlin nəzarətində, Ermənistanın ərazisində olan kommunikasiya xətləri daim təhlükədə ola, həmişə təzyiq vasitəsinə çevrilə bilərdi. İrandan keçən alternativ kommunikasiya xətləri bu təzyiqi amortizasiya etməyə kömək edəcək”.

Ekspert əlavə edir ki, sənədin imzalanması geosiyasi anlamda İranın Ermənistandan üz çevirməsi deməkdir: “Dünəndən Ermənistan mediası İranı suçlayır, arxadan zərbə vurduğunu söyləyirlər. Anlamırlar ki, İran qədim diplomatiya ənənələrini, öz maraqlarını qorumaq üçün addımlar atan ölkədir və geosiyasət elə qurulub ki, daimi dostlar olmur, daimi maraqlar olur, maraqlar həmişə sentimentlərə qalıb gəlir”.

Naxçıvanı birləşdirəcək dəhlizin İndiki Ermənistandan keçəcəyi gözləndiyi halda İran və Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvanı birləşdirəcək dəhliz barədə razılaşma Ermənistanla gözlənilsə də, hələlik İranla əldə edildi. Martın 11-i Bakıda “Azərbaycan Respublikası və İran İslam Respublikası arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu və Naxçıvan arasında yeni kommunikasiyaların yaradılması barədə memorandum imzalandı.

Həm Azərbaycan, həm də Ermənistan tərəfdə bəzi ekspertlər hesab edirlər ki, dəhlizə görə narazılıq həm də siyasi ritorika ilə bağlıdır. Azərbaycan prezidenti və digər rəsmilərinin Ermənistanın Sürix bölgəsindən keçməli olan yolu məhz “Zəngəzur dəhlizi” adlandırması Ermənistanda ciddi narahatlığa səbəb olur. İ.Əliyev, eləcə də Azərbaycan XİN öz bəyənatlarında Azərbaycanın Ermənistana ərazi iddiası olmadığını dəfələrlə bəyan etsə də, dəhlizin bolşevik işğalına qədər (1920) Azərbaycana məxsus olmuş torpaqların adı ilə çağrılması İrəvanda qıcıq yaradır.

Xəbərləri izləmək üçün Açıq Azərbaycanın telegram kanalına abunə olun: https: //t.me/openazerbaijan