Dövlət hesabına istirahət edənlər, sanatoriyalar daha əvvəlki kimi ucuz olmayacaq. Azərbaycanda sanatoriya-kurort müəssisələrinin əsas mülkiyyətçisi--Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası (AHİK) qiymətləri 7-9% artırıb. Bu barədə xüsusi elan yoxdur, sanatoriyaların internet səhifələrində də məlumat verilməyib, ictimaiyyət üçün açıqlama, izahat olmadığından, bahalaşmanın səbəbi də bəlli deyil. Yalnız, ötən ilin arxiv məlumatlarını indikilərlə tutuşdurduqda bütün sanatoriyalarda yaşayış və müalicə haqqının qaldırıldığını müəyyən etmək olur.
AHİK yanında “Kurort” Qapalı Səhmdar Cəmiyyəti sonuncu dəfə qiymətlərə 2016-cı ildə “əl gəzdirmişdi”. Ancaq dövlət idarələrində işləyənlər sanatoriyalara dövlət hesabına getdiklərindən, daha doğrusu, istirahət haqqının böyük hissəsini dövlət ödədiyindən istirahət və müalicə onlara yenə də baha başa gəlmirdi. Amma yayqabağı elan olunan qiymətlər artımdan xəbər verdi.
Hələ ötən il AHİK-in prezidenti Səttar Möhbalıyev “Kurort” QSC-yə daxil olan sanatoriyalarda bir nəfərin yollanış qiymətinin orta hesabla 600 manat olduğunu deyirdi. Əslində bu, cədvəldən göründüyü kimi, orta deyil, minimal qiymət idi. Konfederasiya rəhbəri qiymətlərin qaldırılmamasını “istirahət edənlərin sayında azalma riskinin olmasıyla” izah etmişdi http://ahik.org/articles/view/settar-mohbaliyev-ahik-in--sanatoriya-kurort-muessiselerindeki-seraitle-tanis-olub. Bəs builki bahalaşma həmin saya təsir etməyəcəkmi? Demək çətindir.
Sanatoriyalara dövlət büdcəsindən ayrılan məbləğ dəyişməyib
Sanatoriyalarda qiymət artımının hansı mənbədən maliyyələşdiriləcəyi də məlum deyil. Məsələ burasındadır ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) bu il üçün təsdiq olunmuş büdcəsindən AHİK xətti ilə sığorta olunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsinə 20 milyon manat ayrılıb. Bu, elə ötənilki qədərdir. Məbləğin 15.530.000 manatı sanatoriya-kurort müalicəsi və istirahət yollanışlarının alınması üçün AHİK-ə veriləcək. Elə 2018-ci ildə də AHİK sanatoriya yollanışlarına görə DSMF-dən bu qədər vəsait almışdı. Deməli, qiymət artımını maliyyələşdirməkdən ötrü alavə resursun ayrılması nəzərdə tutulmayıb. Fondun büdcəsinə sanatoriya-kurort yollanışlarının dəyərinin qismən ödənişi (yollanışın tam dəyərinin 15%-i, yəni sanatoriyaya gedən şəxsin özünün ödəməli olduğu vəsait) hesabına isə 2 milyon manat-- 2018-ci ildəkindən 200.000 manat çox toplamaq nəzərdə tutulur.
Qeyd edək ki, sanatoriyalara yollanış əldə etməkdən ötrü iş yeri üzrə həmkarlar ittifaqı komitəsinə, əgər həmkarlar ittifaqının üzvü deyilsinizsə, yaşayış yeri üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət etmək tələb olunur. Bu halda yollanışın dəyərinin yalnız 15%-i ödənilir. Məcburi sosial sığorta haqqı ödəyicisi olmayan şəxslər isə yollanışın dəyərini tam ödəməlidirlər.
AHİK sanatoriyalardan ötrü ildə azı 20 milyon manat alır
AHİK, eləcə də “Kurort” QSC maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına dair illik hesabatlarını ictimaiyyətə açıqlamaqdan yayınırlar. Bu səbəbdən sanatoriyalarda müalicə olunan şəxslərin sayı və əldə olunan vəsaitlər, eləcə də həmin vəsaitin necə xərclənməsi barədə məlumat yoxdur. Sanatoriyaları saxlayan maliyyə mənbəyi isə tək DSMF deyil. Məsələn, S. Möhbalıyevin sözlərinə görə, SOCAR öz əməkdaşlarının müxtəlif sanatoriya və istirahət mərkəzlərinə göndərilməsi üçün AHİK-ə ildə 5 milyon manat ayırır.
Ekspertlər sanatoriya-kurort müəssisələrinin idarə olunması prinsiplərinə və mexanizminə yenidən baxılmalı olduğunu deyirlər. İqtisadçı Rövşən Ağayev hesab edir ki, bir yandan sanatoriyaların AHİK-in mülkiyyətində olması, digər yandan maliyyələşmənin və yollanışların elə bu qurum tətəfindən idarə edilməsi maraqların toqquşmasına səbəb olur. Onun fikrincə, baxılmalı məsələlərdən biri mülkiyyət məsələsidir. AHİK-in bu prosesdə iştirakı, əməkçinin hüquqlarını qoruyan təşkilat kimi, sanatoriya-kurort müəssisələrinə yollanışların ədalətli və növbəlilik əsasında bölüşdürülməsinə nəzarət etməklə məhdudlaşdırılmalıdır.
Maraqlıdır ki, AHİK son 10 il ərzində bir neçə sanatoriya-kurort müəssisəsini qeyri-şəffaf şəraitdə satıb. Bir vaxtlar “Kurort” QSC-yə aid olan “Çinar”, “Qarabağ”, “Mil”, “Goran”, “Şirvan”, “Qalaaltı” və “Lənkəran” sanatoriyaları indi özəl mülkiyyətə keçib. Hazırda bu sanatoriyalar “PMD Hospitality”, “Gazelli Group”, “Gilan Holding” şirkətlərinə məxsusdurlar.