Bəkir Nərimanoğlu

Müstəqil jurnalist

RUSİYA İLƏ RUBLLA TİCARƏT NƏ VƏD EDİR?

27.04.2022 / Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi açıqlayıb ki, Rusiya ilə Azərbaycan arasında bütün ticarətin təxminən 30%-i rublla aparılır


Azərbaycan və Rusiya dövlət bayraqları



Bir çox ölkə, o cümlədən Ermənistan və Azərbaycan Rusiya ilə rublla ticarət etmək məcburiyyətində qalıb. Çünki Ukraynaya qarşı müharibəyə başlayandan sonra Rusiyanın bankları beynəlxalq banklararası sistem olan SWIFT-dən çıxarılıb. Qərbin sanksiyaları fonunda müzakirə olunan məsələlərdən biri də, baş verənlərin ABŞ dollarının dominantlığına təsiri məsələsidir. Əslində Rusiya uzun illərdi bu dominantlığın qarşısını almağa çalışırdı, iqtisadiyyatının və bunun fonunda valyutasının gücü buna imkan vermirdi. İndi isə məcburiyyət yaranıb.

Rusiyayla Azərbaycan arasında ticarətin 30%-i rublladır

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) aprelin 25-də verdiyi açıqlamada Rusiya ilə Azərbaycan arasında bütün ticarətin təxminən 30%-nin rublla aparıldığı deyilir. Rusiya XİN-nin MDB ölkələri dördüncü departamentinin direktoru Denis Qonçar “RİA Novosti”yə müsahibəsində bildirib ki, Rusiyanın Azərbaycanla iqtisadi münasibətləri qeyri-standart vəziyyətlərə tez uyğunlaşır: “Qərbin faktiki çirkin hərəkətləri ilə bağlı riskləri azaltmaq üçün vaxtında tədbirlər görməyə başladıq. Bütövlükdə Rusiya-Azərbaycan iqtisadi münasibətlərinin arxitekturasının özü də xarici mənfi amillərə o qədər də həssas deyil və qeyri-standart vəziyyətlərə tez uyğunlaşır. Bunu koronavirus pandemiyası göstərdi. 2021-ci ildə ölkələrimiz arasında qarşılıqlı ticarət dövriyyəsi covid dövrünə qədərki göstəriciləri üstələyərək, rekord həddə çatıb--3,4 milyard dollar təşkil edib. Rusiya Azərbaycanın aparıcı iqtisadi tərəfdaşları sırasında qalır və Azərbaycan neft məhsullarının idxalçıları arasında birinci yerdədir. Biz mövcud müqavilə sazişlərini həyata keçirməyə və yeni investisiya layihələrini təşviq etməyə davam edəcəyik.”

Rusiyalı diplomat əlavə edib ki, Moskvanın Qərbə qarşı qabaqlayıcı tədbirləri nəticəsində Azərbaycan da daxil olmaqla, bir neçə ölkə ilə milli valyutada hesablaşmalara daha fəal keçid ediblər.

SOCAR rublla ödəmir

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rusiyadan idxal olunan qazın dəyərini rublla ödədiyinə dair məlumat yayılmışdı. SOCAR bu məlumatların həqiqəti əks etdirmədiyini elan elədi. Ancaq başqalarının rublla ödəniş etmək məcburiyyəti var.

Azərbaycan sahibkarlarının əlavə problemi yaranıb

İqtisadçı ekspert Nazim Bəydəmirli deyir ki, Rusiyanın Ukraynanı işğal cəhdindən sonra qoyulan sanksiyalar--Rusiya mərkəzi bankının, banklarının, şirkətlər və ayrı-ayrı şəxslərin sanksiyalara məruz qalması rublun məcburi dövriyyəyə girməsinə yol verib: “SWIFT Rusiyada, demək olar ki, işləmir. Rusiyadan idxalla məşğul olan şirkətlər dollar və ya avro ilə ödəyə bilmədiklərinə görə, rubl alırlar. Şirkətlər rublu kommersiya banklarından alıb ödəyirlər”.

N. Baydəmirlinin sözlərinə görə, bu durum Azərbaycan sahibkarlarına əlavə problem yaradır: “Rusiyanın valyutası sabit deyil və mövcud kurs reallığı əks etdirmir. Rusiya mərkəzi bankı istədiyi rəqəmi elan edir. Bu yolla rubl süni olaraq, möhkəmləndirilir. İndi Rusiyada valyuta bazarı yoxdur”.

Ekspert əlavə edir ki, Azərbaycan bankları hazırda həmin pulun Rusiyaya çatıb-çatmayacağına təminat verə bilmirlər: “Sahibkarlara da əvvəlcədən xəbərdarlıq edirlər ki, müəyyən sanksiyalar səbəbindən pul köçməyə bilər. Ona görə də sahibkarlar çalışırlar ödənişləri müxbir hesablarla deyil, Rusiya bankları vasitəsilə, rublla həyata keçirsinlər. Bunlar Rusiya valyutasının, iqtisadiyyatının gücündən deyil, məcburiyyətdən qaynaqlanan addımlardır”.

Gömrük Komitəsinin məlumatına görə, bu ilin ilk 3 ayında Rusiya Azərbaycanın xarici ticarətində 5.79%-lik payla üçüncü yerdə qərarlaşıb. İxracda 1.94% payla doqquzuncu, idxalda isə 16.27%-lik payla ikinci yerdədir. Rusiya Azərbaycanın qeyri-neft məhsullarının ixrac olunduğu əsas ölkələr arasında 20.55%-lik payla ikinci yerdədir.

Xəbərləri izləmək üçün Açıq Azərbaycanın telegram kanalına abunə olun: https: //t.me/openazerbaijan