Elkin Xəlilov

Müstəqil jurnalist

RƏSULZADƏNİN EVİ ÖZGƏ ƏLLƏRDƏ

09.07.2018 / Bu yazı Cümhuriyyətin yüz illiyinə həsr edilir

28 Maydan bir neçə gün əvvəl Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə ilə telefonla əlaqə saxlayıb müsahibə götürmək istədiyimi bildirdim. Uzun söhbətdən sonra razılığa gəldik. Məni Azərbaycan Pedoqoji Universitetinin Abbas Səhhət küçəsində yerləşən fililalına dəvət etdi. Bildirdi ki, tədbirlərdən vaxt tapa bilmir, ona görə də burada görüşüb, qısa müsahibə verə bilər.

Müsahibəyə zamanı bir neçə sualıma cavab verməyəcəyini bildirdi. Bəzi suallara isə tamam fərqli cavablar verdi. Məni konfilikt axtarmıram, sakit bir müsahibə olsun deyib tez-tələsik müsahibəni tamamladı.

Müsahibə zamanı Rəsulzadə ailəsinə məxsus Nizami küçəsi 59 ünvanında (Mərkəzi Univermağın yanında), ikinci mərtəbəsində yerləşən dörd otaqlı mənzillə də bağlı sual verdim.

Rəis bəy söz verdi ki, indi "Çamadan nastrenya"dır. Cümhuriyyətin yüz illiyə ilə bağlı Amerikada tədbir olacaq, ora gedir. Qayıdan kimi bu məsələ ilə bağlı mənə danışacaq. Həmçinin, evlə bağlı sənədləri də gətirəcək. Razılşaraq Rəis bəyə uğurlu səfər arzulayıb otağı tərk etdim.

Aradan təxminən 15 gün keçdikdən sonra Rəis bəylə yenidən əlaqə saxlayıb ölkəyə qayıdıb-qayıtmamasını soruşdum.

Ölkədə olduğunu söyləyəndə yenidən ev məsələsini xatırlatdım. Mənə söz verdiyini, sənədləri gətirəcəyini söylədim.

Amerikada Rəis bəyə necə bir tədbir təşkil etmişdilərsə gedərkən verdiyi sözləri belə unutmuşdu. Birtəhər xatırlatdım ki, bu sözləri filan gün, filan yerdə söyləyib. Araya sakitlik çökdü. Bir neçə saniyə düşündükdən sonra indi bu məsələ ilə məşğul ola bilməyəcəyini deyib, ağlında başqa işlərin olduğunu söylədi.

Hər şey aydın idi. Müsahibə zamanı Rəis Rəsulzadənin duruşu, səsin titrəməsi, hər sualda bunu keçək deməsindən sonra, bu işin axrına kimi getməyəcəyi də məlum idi. Buna görə də təəccüblənmədim.

***

"Google Map"ın köməyindən istifadə edib Nizami küçəsi 59 ünvanına gəlib çatıram. Hava dəhşətli dərəcədə istidir. Ətrafda sürətlə ötüb keçən adamlar gözə çarpır. Kimdənsə bir saniyə saxlayıb söz soruşmaq belə qorxuludur. Ətrafa baxıram, heç kim gözə dəymir. Bir neçə dəqiqə var-gəl etdikdən sonra yaxınlıqda yerləşən kafedən bir ofsiant çıxır. Diqqətlə üzümə baxır. Yaxınlaşmaq istədiyimi görüb özü başlayır söhbətə. Hara getmək istədiyimi soruşur. "Rəsulzadənin evini axtarıram, mənə dedilər ki, burda yerləşir" dedikdə bu dəfə tam gözləri ilə məni rentgen şüasından keçirərmiş kimi baxır. Kim olduğumu soruşur. Jurnalistəm deyəndə, hə bildim, yaxşı gəl göstərim deyib binanın tininə doğru mənlə addımlayır. "Bu binadadır. Amma indi ərəblər qalır orda. Şirkət açıblar. O boyda kişinin bir evinə də sahib çıxa bilmədik" deyir qayıdır kafeyə. Təşəkkür etməyə belə macal vermir.

***

Binanın girişinə nəyinki Rəsulzadə ilə bağlı bir barelyef, hətta bir kəlmə söz belə yazılmayıb. Giriş qapısının üstündəki lövhədə “Caspian Safe” MMC-in loqosu bizi qarşılayır. Qapını açıb içəri keçdikdə reseptionda əyləşən xanım gəlişimin məqsədin öyrənir. Özümü təqdim edib, gəlişimin məqsədi barədə xanıma məlumat verirəm.

“Bu evdə vaxtı ilə Məmməd Əmin Rəsulzadə yaşayıb, indi də bu evin sənədləri onun ailəsinə məxsusdur, amma onlar bura gələ bilmirlər” dedikdə ətrafda öz növbəsini gözləyən insanlar belə ayağa qalxıb yenidən evin divarlarına baxırlar. İş üçün gəldikləri mənzilə indi fərqli baxışlarla baxırlar.

Xanımın özü də durxunub qalır. Bir az düşündükdən sonra bu barədə danışa bilməyəcəyini deyir. Sadəcə onu deyir ki, şirkətin rəhbəri ərəb mənşəli iş adamı Əşrəf Coudadır. Şirkət 2005-ci ildən fəaliyyət göstərir. Mətbuatla da ünsiyyəti yoxdur. Bu üzdən onunla əlaqə saxlmaq alınmayacaq.

Evin içərisindən bir neçə foto çəkmək istədiyimi bildirsəm də, xanım razılaşmır. Beləliklə Cümhuriyyətin 100 illiyində şəhərin mərkəzində, muzey ediləsi bir evdə FHN təlim keçən Ərəb şirkəti məskən salıb. Və bizə bu evdən bir foto çəkməyə də imkan vermirlər.

Tarixçi alim, Məmməd Əmin Rəsulzadə irsinin araşdırmaçısı Nəsiman Yaqublu deyir ki, məlum evlə bağlı indiyə qədər iyirmiyə yaxın dövlət idarələrinə məktub və teleqram yazıb.

Nəsiman Yaqublu bildirir ki, bu məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində də olub: "Bir neçə dəfə görüşdə olmuşam. Bildirdim ki, bu ev sərəncamla Rəsulzadənin ailəsinə məxsudur. Amma heç bir faydası olmadı. Artıq yorulmuşam. Nə qədər olar bir evlə bağlı məktub, teleqram yazmaq? Dövlət özü başa düşməlidir ki, Azərbaycan Respublikasını qurmuş bir şəxsin evinə bu cür münasibət yol verilməzdir."

Nəsiman Yaqublu qeyd edir ki, Məhhəm Əmin Rəsulzadə Cümhuriyyət dövründə bu evdə yaşayıb. Cümhuriyyət süquta uğradıqdan sonra bu ev onların əlindən alındı. Azərbaycan Respublikası yenidən müstəqi olduqdan sonra 25.05.1992-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı bu evlə bağlı sərəncam imzalayıb.

Sərəncamda A.Rəsulzadənin mənzil məsələsi ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinə müraciət etdiyi qeyd olunub və daha sonra bildirilir: “Azərbaycan Demokratik Cümhuriyyətinin Milli Məclisinin sədri Məmməd Əmin Rəsulzadənin oğlu - Azər Rəsulzadə 1937-ci ildən 1989-cu ilə qədər Qazaxıstan Respublikasında sürgündə olmuşdur. Onun qardaşı güllələnmiş, anası və bacısı isə vəfat etmişdir. Hal-hazırda A.Rəsulzadə 4 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı, 2 qohumu) Karaqanda şəhərində 2 otaqlı mənzildə yaşayır. 1989-cu ilin avqustunda onun ailəsi bəraət almışdır, lakin o, bu hüququndan istifadə etməmişdir. Xahiş edir ki, onun ailəsinə atasının əvvəllər yaşadığı mənzil verilsin”.

Sərəncamda daha sonra deyilir:

1. A.M.Rəsulzadəyə 4 nəfər ailə tərkibi ilə Nizami küçəsində 59 nömrəli evin, yaşayış sahəsi 35 kv.m olan 2 otaqlı sıxlaşdırılmış mənzili verilsin.

2. Həmin mənzilin qonşuluğunda yaşayan T.Baxşıyevanın və M.Rudakovanın ailəsinin köçürülməsi Yasamal Rayon İcra Hakimiyyəti başçısının aparatına tapşırılsın.

3. Göstərilən mənzillər boşaldıqdan sonra A.Rəsulzadənin yaşayacağı mənzilin sahəsinə əlavə edilsin.

4. Yasamal Rayon İcra Hakimiyyəti başçısının aparatına tapşırılsın ki, A.M.Rəsulzadəyə 1-ci bənddə göstərilmiş ünvana order təqdim etsin".

24 dekabr 1992-ci ildə mərhum prezident Əbülfəz Elçibəy də M.Ə.Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların ailə-məişət məsələlərinin həlli haqqında sərəncam imzalayıb. Prezident Nazirlər Kabineti və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısına bu sərəncamdan irəli gələn məsələlərin həllini də tapşırıb.

***

Bakı Şəhər İcra Hakimiyyəti isə dəfələrlə olunan zəngə bir kəlmə cavab verməklə işlərini yekunlaşdırdılar: “Hələlik İcra Hakimiyyətinə rəhbər təyin edilməyib, bu barədə nəsə deyə bilməyəcəyik”.