Rövşən Ağayev

İqtisadçı ekspert

BEYNƏLXALQ BANK ƏTRAFINDA AÇIQ QALAN SUALLAR

14.05.2017 / Bankın xilası həm də şəffaflıqdan və güvəniləbilən hesabatlıqdan keçir

Beynəlxalq Bankın sağlamlaşdırılmasına dövlət milyardlarla manat xərcləyirsə, proses çox şəffaf aparılmalıdır. Problemli aktivlərin alınması ilə bağlı ən xırda detallar, bütün informasiyalar dövri (həm də operativ) hesabatlar vasitəsilə açıqlanmalıdır. Məsələn, bir neçə yaranmış sual var ki, onlara cavabı indiyədək yayılan məlumatlarda görə bilmədim. Söhbət hansı sullardan gedir?

Əvvəla, 1 yanvar 2016-ci il tarixinə (iki ardıcıl devalvasiyadan və aktivlərin yenidən qiymətləndirməsindən sonra) bankın problemli aktivkərinin dəqiq məbləği nə qədər olub? Ümumilikdə indiyədək "Aqrarkredit"ə ötürülən 10 mlrd. manat məbləğindədi, yoxsa daha çox? Hətta 10 mlrd. manatdırsa, bu fəlakətli bir məbləğdir. Çünki bu məbləğ Bankın 1 yanvar 2016-cı il tarixli aktivlərinin təxminən 70 faizi deməkdir. Halbuki 1981-2001-ci illərdə dünyada bank böhranları ilə üzləşən 11 ölklənin təcrübəsi göstərir ki, hökumətin sağlamlaşdırdığı banklar üzrə problemli aktivlərin ümumi bank aktivlərinə nisbəti orta hesabla 35 faizdən çox olmayıb.

Problemli aktivləri nələr təşkil edir?

Məlum olduğu kimi, problemli aktivlərə ödəmə qabiliyyətli olmayan müştərilərə verilmiş, vaxtı keçmiş, əsas və faizlər üzrə ödənməyən borclar, şirkətlərin kapitalına investisiya edilmiş, sonradan həmin şirkətlərin iflası ilə bağlı tam (və ya qismən) dəyərsizləşmiş aktivlər və s. daxildir. Burda növbəti sual yaranır: Beynəlxalq Bankın problemli aktivləri yalnız qaytarılmayan kreditlərlə bağlıdır, yoxsa problemə çevrilən başqa aktivlər də var? Bu informasiyanı tam olaraq hansısa mənbədə görmək mümkündürmü?

Məlumat üçün deyim ki, 2015-ci il 1 yanvar tarixinə Beynəlxalq Bankın bütün aktivlərinin 86 faizini və ya 7.9 mlrd. manatı müştərilərə kreditlər təşkil edib. Nəzərə alsaq ki, hökumət Bankın bütün problemlərinin məhz 2014-cü ilin sonunadək yarandığını söyləyir, həmin məlumatdan belə nəticə çıxarmaq olur ki, problemli aktivlər əsasən qaytarılmayan kreditlərlə bağlıdır. Və burdan başqa bir sual: dövlətə məxsus olan nəhəng borcları qaytarmayan əsasən kimlərdir – fiziki, yoxsa hüquqi şəxslər?

Kreditlərin 86 faizi korporativ müştərilərə verilib

Bankın hesabatından belə aydın olur ki, 1 yanvar 2015-ci il tarixinə kreditlərin təxminən 1 mlrd. manatı və ya 14 faizi fiziki şəxslərlə bağlı olub. Yerdə qalan 7 mlrd. manata yaxın kredit (bütün kreditlərin 86 faizi) korporativ müştərilər olub. Korporativ müştərilərə verilən kreditləri tam yarısı - təxminən 3.5 mlrd. manatı isə 30 şirkətə verilib. Göründüyü kimi kreditlərin konsentrasiyası həddən artıq yüksək olub. İndi bu sualın da cavabı aydın deyil: problemli kreditlərin yaranmasında böyük həcmli kreditlərin rolu nə qədərdir? Hər halda dövlət bankından söhbət gedirsə, borc öhdəliyini yerinə yetirə bilməyən bütün subyektlərin adı və öhdəliyinin həcmi ictimailəşdirilməlidir.

Zəmanət üçün qoyulan əmlakların doğurduğu suallar

Daha bir sual: problemli aktivlərin arxasında olan təminatın yenidən qiymətləndirməsinin nəticləri nə göstərir və hazırda onların real bazar dəyəri problemli aktivlərin hansı hissəsini qarşılamağa yetir? Bu sualı da aydınlaşdırmaq səbəbsiz deyil. Çünki Beynəlxalq Bankın 2014-cü il üzrə hesabatına görə, korporativ müştərilərə verilən kreditlərin cəmi 796 mln. manatı təminatsız olub. 3.5 mlrd. manat kredit üçün daşınmaz əmlak, 2.1 mlrd. manat üçün daşınar əmlak əsasında zəmanət verilib. Böhran nəticəsində bu əmlaklar ucuzlaşa bilər, amma gerçək əmlak olublarsa, hər halda onların dəyərinin hansısa hissəsi yerində olmalıdır. Və indiyə qədər bu əmlakların satışı hesabına problemli aktivlərin hansısa hissəsi geri qayıdıbmı? Əlavə olaraq 1 mlrd. mantdan artıq kreditə korporativ zəmanət olub. Bu zəmanətlərin arxasıda fors-major şəraitlərdə borc götürənə zamin duran 3-cü bir şirkətin real dəyəri olan aktivləri dayanıb. Bəs zamin duran bu şirkətlər hansılardır, onların aktivlərinin zamin durduqları borclar üçün qiymətləndirilməsi aparılıbmı?

Statistik məlumatlardan belə çıxır ki, müəssisə və şirkətlərə verilən borcların 80 faizə qədərinin arxasında real təminat olub. Amma niyə bu təminatların Bankın problemli aktivlərinin bərpasına cəlb edilməməsi də aydın deyil.

Problemli kreditlər kimin payına düşür?

Daha bir sual: problemli aktivlər daha çox hansı sektora verilən kreditlərlə bağlı olub? 2014-cü ilin yekunlarına görə, şirkət və müəssisələrə verilən kreditlərinin 3.4 mlrd. manatı inşaat və daşınmaz əmlak, 1.9 mlrd. manatı ticarət və xidmət, 1.8 mlrd. manatını isə istehsalla bağlı kreditlər təşkil etmişdir.

Daha bir sual qəbul edilən yeni qərarla bağlıdır: hökumət Beynəlxalq Bankın əvəzindən nə qədər borc qaytaracaq? 2015-ci ilin yekunlarına görə, Bankın 25-ədək xarici banka və beynəlxalq maliyyə institutlarından cəlb etdiyi kreditlərin həcmi 1.1 mlrd. dollara yaxın olub. Əlavə olaraq, 500 mln. dollar dəyərində avroistiqraz buraxılışını da nəzərə alsaq, Beynəlxalq Bankın hökumətə ötürülən xarici borclarının məbləğinin 1.6 mırd. dollardan az olmadığı üzə çıxır.

Sağlamlaşdırma prosesinin xariclə bizdəki fərqi

Bir məqamı da qeyd edim, rəsmilər tez-tez vurğulayır ki, bu cür sağlamlaşdırma dünyada bir çox ölkələrdə olub. Doğrudur olub, amma iki mühüm fərqlə:

  1. Bəzi təcrübələrdə hökumət özəl bankların problemli aktivlərini alıb, amma böhrandan çıxandan və banklar özünə gələndən sonra həmin aktivlərin hamısını və ya bir hissəsini geri qalmaq şərtilə. Bizim nümunədə dövlət bankından söhbət gedir, ona görə hökumətin büdcədən xərclədiyi pullar geri qayıtmayacaq;
  2. Hətta hökumətin geri qayıtmayan dəstəyi şəraitində hökumət prosesi tam şəffaf aparıb, cəmiyyətə gərəyindən artıq informasiya verib. Və ən əsası sağlamlaşdırmadan sonra bankın normal ayaqda qalacağı üçün dəqiq hesablamalar olub. Əminlik olub ki, iqtisadiyyatın imkanları bu bankın puldan pul qazanmasına təminat verəcək.

Təhlillər göstərir ki, neftin qiymətinin yüksəlməyəcəyi təqdirdə, indiki idarəetmə ilə Azərbaycanda iqtisadi fəallığın yaxın illərdə bərpa olunacağı real görünmür. Həmçinin, bank sektorunda oliqarxiya kapitalının xeyrinə yüksək təmərküzələşmənin mövcudluğu Beynəlxalq Bankı xarici kapital üçün nə dərəcədə cəlbedici ola bilər? Cəlbedici olsa belə, hökumətin az qala 10 mlrd. dollar xərcləyərək sağlamlaşdırdığı banka xarici sərmayədar nə qədər ödəyər? Ən azı bu sualların cavabı hökumətdə varsa, cəmiyyətə açıqlamaq çox önəmlidir.