Ülvi Əmrahsoy

İqtisadçı

BANK SEKTORUNDA HƏLƏ DƏ BÖHRAN YAŞANMAQDADIR

09.05.2017 / Getdikcə sayları azalan bankları bu il də yeni sınaqlar gözləyir

Hökumətin neftin uzun müddət baha olacağına (bareli 100 dollar) hesablanan planları, ümumilikdə iqtisadiyyatı neftdən asılı olan Azərbaycanın vəziyyətini daha da çətin duruma saldı. Nəticədə 2014-cü ildən etibarən neftin ucuzlaşması ilə ölkə iqtisadiyyatı ciddi böhranla üzləşdi və artıq neft pullarının əvvəlki kimi böyük miqdarda olmaması bank sektoruna da böyük zərbə vurdu. Əsasən böyük neft pulları hesabına fəaliyyət göstərən Azərbaycan bankları artıq demək olar ki, iflic vəziyyətdədir.

Mərkəzi Bankın manatı devalvasiyası etməsi banklarda şok effekti yaratdı. Həm biznes, həm də əhalinin banklara olan inamı sarsıldı. Güvənsizlik bu gün də davam edir. İlk devalvasiyadan öncə bankların sayı 45 idi. Keçən il 10-dan çox bankın lisenziyası ləğv edildi. Son olaraq “Caspian Development Bank”ın “Atabank”a birləşdirilməsini də saysaq, bankların 30 faizi bazarı tərk edib. Hazırda Azərbaycanın bank sektorunda 31 bank fəaliyyət göstərir. Dövlət təşvişin qarşısını almaq üçün bankların birləşməsi prosesini vəziyyətdən çıxış kimi irəli sürür. Əsas olan heç də bankların sayının azalması deyil, iqtisadi tələbdir. Bugünkü şərtlərlə əslində 15-20 bank Azərbaycan iqtisadiyyatı üçün yetərlidir.

İflas olmuş, riskli, spekulyativ...

Mərkəzi Bank bu ilin fevralından başlayaraq manatı süni yolla bahalaşdırdı. Kredit verə bilməyən və faiz gəlirlərindən məhrum olan banklar bundan istifadə edərək vətəndaşlardan valyuta alıb satmağa başlayıb. Məzənnə üçün hesablanan 4%-lik marjanın da ləğv edildiyini nəzərə alsaq bankların valyuta alış-satışından qeyri-faiz gəlirləri yaranıb. Demək olar ki, banklar “valyuta dəyişmə məntəqələrinə” dönüb.

Dünyada qəbul edilən 3 beynəlxalq reytinq agentliyi var. Bunlar Moody`s, Fitch və S&P`s-dir. Bir qayda olaraq qiymətləndirmə A, B, C və D olaraq qeyd edilir. Sadə dildə desək A - bütün işlər əladı, bank kredit verir, ödənişlər vaxtında geri qaytarılır və depozitlərin toplanmasında, verilməsində heç bir problem yaşanmır. B - bank spekulyasiya ilə məşğuldur, banka depozit yerləşdirmək risklidir. C - bank yüksək riskə sahibdir, kreditlər geri ödənmir, əmanətlər geri qaytarılmır. D - Bank müflis olub.

Beynəlxalq reytinq agentlikləri də Azərbaycanın bank sistemində böhranın davam etdiyini vurğulayır. Fitch reytinq agentliyi son hesabatında bankları “ccc” səviyyəsində qiymətləndirib. Bu isə yüksək riskli, açıq spekulyativ, iflas olmuş, iflasa yaxın, qurtarılması gözlənilən mənasını verir. Qurtarılması gözlənilənə Beynəlxalq Bankı, iflas olana və iflasa yaxına bağlanmış bankları örnək göstərə bilərik. Spekulyasiya isə bankların vətəndaşdan valyutanı ucuz alıb, baha satmasını misal göstərmək olar. Əmanətlərin geri qaytarılmaması və kreditlərin ödənməməsi yüsək riskdir.

Durum gərgin olaraq qalır

Bank sektorunda baş verən çaxnaşmalardan sonra, həm daxili, həm də xarici aktivlərdə azalma oldu. Belə ki, xarici aktivlər 3 dəfə azalıb. Keçən ilin əvvəlində 6 mlrd dollar olan xarici aktivlər, son açıqlamalara görə 2 mlrd dollar civarındadır. Xarici öhdəliklər isə 4 mlrd dollardır. Manata olan inamsızlıq dollarla olan depozitləri artırıb. Banklarda olan manatla əmanətlər 4.8 mlrd manat, xarici valyutada isə 9.4 mlrd manat təşkil edir. Həm biznes, həm də vətəndaşlar əmanətlərini banklardan götürməyə çalışır. Təbii ki, kreditləri yığa bilməyən banklar, əmanətləri də geri qaytara bilmir. Hökumət isə həm qanunları sərtləşdirərək, həm də qərarlar qəbul edərək banklardan əmanətlərin götürülməsini, biznesin hesabdan pul çıxartmasını əngəlləyir. Biznesmenin bankda pulu onun şəxsi mülkiyyətidir. Hökumət isə bu mülkdən istifadə etməyi məhdudlaşdırıb. Dünya Bankının Azərbaycanla bağlı son hesabatında keçən il bank depozitlərinin 23 faiz azaldığı yazılır.

Hökumətin tədbirləri səmərəsizdi

Hökumət isə bank sektorunu böhrandan çıxarmaq üçün ayrıca Maliyyə Bazarlarına Nəzarət Palatası adlı qurum yaradıb və bank sektoruna artıq bu “Palata” nəzarət edir. Vəziyyətin yaxşılaşdırılması üçün tədbirlər görüldüyü iddia olunmasına baxmayaraq, böhran davam etməkdədir. Ümumiyyətlə böhranın əsasını problemli kreditlər təşkil edir. Geri ödənməyən kreditlər əvvəllər də var idi, lakin neft pullarının olduğu vaxtda bunu idarə etmək asan idi. Bankların kredit portfelinin 3-5 faizinin problemli olması normal qəbul edilir. Lakin hazırda bu faiz 30-50, bəzi banklarda isə 70-dir. Yəni bankların kredit kimi verdiyi hər 100 manatın 50-70 manatı geri qayıtmır. Bu isə o deməkdir ki, ümidsiz kreditləri çox olan banklar batıb. Sadəcə, bunun topluma elan edilməsinin vaxtı bəlli deyil. Problemli kreditlərin əsas hissəsini isə xarici valyutada verilmiş kreditlər təşkil edir. Hökumət bu durumda bank və əhali ilə birlikdə çalışaraq geri ödənməyən kreditləri kompensasiya etməlidir. Biznesə verilmiş dollarla olan kreditlər qarşılıqlı razılaşma ilə münasib məzənnə üzərindən manata çevrilməlidir. İstənilən halda sahibkarların bu kreditləri dollarla ödəmə gücü yoxdur. Çünki, 3-4 il öncə mövcud olan iqtisadi aktivlik ölüb. Dövlət bankların zərərli kreditlərini 2-3 il müddətinə satın alıb, banklar özünə gələndən sonra yenidən banklara sata bilər. Amma, hökumətin batmış kreditləri kompensasiya edəcəyi görünmür. Ən azından bu yolda addımlar atmır.

Sahibkarlar da artıq kredit ala bilmir

Mərkəzi Bankın apardığı sərt-pul kredit siyasəti (dövriyyədə olan manat kütləsinin azaldılması), uçot dərəcəsinin 3 faizdən 15 faizə qədər artırılması bankların ucuz kreditlərə çıxışını məhdudlaşdırıb. Azərbaycanın bank sektoru əsasən kreditlər hesabına aktiv olaraq fəaliyyət göstərə bilirdi. Amma indi bu imkanlar yoxdur. Mərkəzi Bank kredit vermir, ya da yüksək faizlə verir. Bu isə kommersiya bankları üçün uyğun deyil. Banklar biznesə kredit xətti aça bilmir. Nəticədə iqtisadiyyatın çarxları dönmür. Çarxlar dönmədiyi üçün iqtisadi durğunluq yaranıb. Hətta, Mərkəzi Bankdan kredit götürə bilməyən bir bankın sədri, buna etiraz olaraq vəzifəsindən ayrıldı. Dünya Bankının Azərbaycanla bağlı son hesabatında bildirilir ki, ötən il banklar tərəfindən özəl sektora verilən kreditlər 24 faiz azalıb. Ümumilikdə kreditləşmə 70 faizdən 50-ə qədər düşüb.

Bəs hökumət kimlərə dəstək olur?

Bank sistemində gedən proseslər Azərbaycan Beynəlxalq Bankını da çökdürdü. Məlum oldu ki, dövlət bankında “iri sahibkarlara” verilən kreditləri geri qaytarmaq mümkün deyil. Keçən il bankın təxminən10 mlrd manat problemli kreditləri “Aqrarkredit”ASC-ə ötürülüb. Cari ildə isə bu rəqəmin 5.5-6 mlrd manat olacağı planlaşdırılır. Mərkəzi Bank ABB-nin 10 mlrd manatlıq problemli kreditləri üçün illik 0.15%-lə 30 illiyə Aqrarkredit”ASC-ə kredit ayırıb. Əhalinin, kiçik və orta sahibkarların kreditləri kompensasiya edilmir, lakin milyardlar dövlətin pulu hesabına ödənilir. Bundan başqa Neft Fondu Beynəlxalq Bankı qurtarmaq üçün burada 1 mlrd dollar depozit yerləşdirib. Ayrıca Neft Fondundan Mərkəzi Banka transfer üçün ayrılmış 7.5 mlrd manatın bir hissəsi də Beynəlxalq Bankın “sağlamlaşdırma” prosesinə yönəldilir. Yəni dövlət Beynəlxalq Bankın məsuliyyətsiz idarəetmə nəticəsində yaranmış borclarını ödəməklə məşğuldur. Qeyd edim ki, NF-in 1 mlrd dollar depoziti və Mərkəzi Bankın 10 mlrd manatının geri ödənəcəyi məlum deyil. Yəni, bu pullar kağız üzərində mövcuddur. Hökumət ABB-ni xarici borclarını tam ödədədikdən sonra özəlləşdirməyi nəzərdə tutur. Lakin, indiki pulsuzluq davam etsə, ABB-ni xarici və ya yerli biznes tərəfindən satın alınması mümkünsüz görünür.

Yalnış yolda addımlama davam edir

Banklar indi Mərkəzi Bankın təşkil etdiyi depozit hərraclarında, risk olmadan manatla əmanət yerləşdirərək, faiz gəlirləri əldə edirlər. Halbuki pullar real iqtisadiyyata yönəldilsəydi, daha səmərəli olardı. Depozit hərracları vasitəsilə toplanan manat kütləsi, manatın daha da ucuzlaşmasının qarşısını alır. Bankların valyuta hərraclarında dollar almaq üçün manatı məhduddur. MB bu yolla manatın kursunu 1.70 səviyyəsində, saxlaya bilib. Buna həm də dünya bazarında neftin qiymətinin bir neçə aydır 50-55 dollar intervalında olması kömək edib.

Mərkəzi Bankın apardığı sərt-pul kredit siyasəti də yalnışdır. Belə ki, dövriyyədə olan manat kütləsinin toplanması iqtisadi aktivliyi azaldır. Pul kütləsi 17 mlrd manatdan 9-10 mlrd manata qədər düşüb. Bu siyasət uzun müddət davam etsə bütövlükdə iqtisadiyyat çökəcək. Elə təkcə bu ilin birinci rübündə, banklardan 635 nəfər işdən ayrılıb. Bankların əksər filiallarını bağlayıblar. Hər həftə ləğv olunan xarici və yerli şirkətləri nəzərə alsaq, minlərlə vətəndaşın işsiz qaldığını söyləmək çətin deyil. Mərkəzi Bank sərt-pul kredit siyasətindən vaz keçməli, faizləri azaltmalı və bankları ucuz kreditlərlə təmin etməlidir ki, iqtisadi aktivlik artsın.

Müstəqil ekspertlərin ortaq fikri budur ki, Azərbaycanın bank sektoru yenidən qurulmalıdır. Belə ki, iqtisadiyyatın, əsas da kiçik və orta biznesin ucuz kreditlərə çıxışı üçün xarici ucuz kredit verən bankların Azərbaycana gəlməsi üçün şərait yaradılmalı və rəqabətli sistem olmalıdır. Qonşu Gürcüstanda bunun örnəklərini görmək mümkündür.