Hüseyn Nur

Müstəqil jurnalist

AVROPA VƏ “BİZİM YOL”

03.05.2017 / Kiçik Azərbaycanın qocaman dünyada “öz yolunu” seçməsi ölkəyə ancaq yeni problemlər vəd edə bilər

Yaxınlarda Ukranya və qonşu Gürcüstan Avropa Birliyi ilə vizasız gediş-gəliş haqqı əldə etdi. Bölgədə sevinc və sensasiya ilə qarşılanan bu xəbər, Azərbaycanda da viza məsələsini bir daha gündəmə gətirmiş oldu. Ölkədə başlanan müzakirələrdə ən çox sorğulanan sual isə, bu oldu: “Niyə biz də vizasız rejimə keçmədik?”. Gürcüstandan sonra Azərbaycan üçün də ümidlər oyanmağa başlasa da, çox uzun sürmədi. Prezidentin rusiyalı jurnalist Vladimir Sovolyovla müsahibədə səsləndirdiyi “Biz Avropa deyilik, bizim öz yolumuz var” fikri son ümidləri də puç etmiş oldu.

Hamının can atdığı Avropa və ondan uzaq düşən “bizim yol”

Zaman-zaman dünyanın müxtəlif intellektualları, filosof və akademikləri dəfələrlə Avropanı dünyanın qabaqcıl sivilizasiyalarından biri hesab edərək, bunu əsaslandırmaq üçün müxtəlif tarixi, mədəni, fəlsəfi işləri ilə sübutlar gətirməyə çalışıblar. Türkiyə Cümhuriyyətinin banısı Atatürk də Avropa dəyərləri və təcrübəsinə əsaslanaraq, köhnə, vaxtı keçmiş feodal bir cəmiyyətdən dünyanı heyrətə gətirə biləcək yeni bir dövlət qurmağa müvəffəq olmuşdu.

Uzun illərin təcrübə və mədəniyyətini özündə əks etdirən bugünkü Avropa, digər ölkələr üçün də nümunə sayıla biləcək qabaqcıl sivilizasiyalardan birinə çevrilməyə müvəffəq olmuşdur. Regionun ən müasir ölkələri Avropa Birliyində təmsil olunurlar və hələ də bir çox qonşu ölkələr bu “Avropa ailəsi”nin üzvü olmağa can atırlar. Buna səbəb tək AB ölkələrinin böyük iqtisadi uğurlar qazanması deyil, həm də bu uğurlara səbəb olan əsas demokratik dəyər və azadlıqların, ədalətlin, bərabərliyin, sivil toplumun, insan haqqlarına sayğının ön yerdə durduğu bir sivilizasiyanın formalaşmasıdır.

Atatürk Türkiyəsi nümunəsində olduğu kimi, bir çox üçüncü dünya ölkələri də Avropa siyasi və mədəni sistemini mümkün qədər mənimsəməyə və tətbiq etməyə çalışaraq, inkişaf etməyə və bu sivilizasiyanın tərkib hissəsi olmağa çalışırlar. Avropa Birliyi də öz növbəsində ona üzv olmaq istəyən dövlətlərə bu sistemi mənimsəməsi, inteqrasiya edə bilməsi üçün müəyyən yardımlar etməklə bu prosesə öz töhfəsini vermiş olur. Son illərin Ukrayna və Gürcüstanı təcrübəsində də bunu aydın görmək olar. Hər iki ölkə müəyyən siyasi və digər sahələrdə islahatlara getməklə “Avropa ailəsi”nin həqiqi üzvi olmaq istək və iradəsini açıq şəkildə ortaya qoymuş və AB-nın dəstəyini ala bilmiş oldular. Qonşu Gürcüstan uzun illər Avropa Birliyi və Avropa Şurası başda olmaqla bir çox siyasi, humanitar təşkilat və qurumlardan aldıqları yardımlar sayəsində ölkənin bir sıra önəmli problemlərinin həllinə nail ola bilib. Bu qarşılıqlı əməkdaşlığın nəticəsi hər iki ölkə üçün daha böyük nailiyyətlə mükafatlandırıldı, artıq Gürcüstan və Ukrayna AB ölkələri ilə vizasız gediş-gəliş imkanı əldə etdi.

“Bizim yol” nələr vəd edir?

Artıq “Avropa ailəsi” adlanaraq dəyərlərini ailə bağı formasında möhkəmləndirən və getdikcə onu daha böyük əraziyə genişləndirən Avropa Birliyi ilə müqayisədə, “bizim öz yolumuz” nə demək ola bilər? Çox kiçik resursları olan balaca bir dövlət, nəyə güvənib qüdrətli dövlətlərin, üstün mədəniyyətlərin formalaşdırdığı bir sivilizasiyaya arxasını çevirə bilər?! Özünü, hər cür yararlana biləcəyi sivil bir dünyadan təcrid etmək bu balaca ölkəyə nə qazandıra bilər? Əgər biz özümüzü artıq Avropaya aid etmiriksə, o zaman torpaqlarımızın işğalını, təcavüzə məruz qaldığımızı bundan sonra hansı beynəlxalq qanunların ədalət prinsiplərinə əsaslanaraq müdafiə edəcəyik? Böyük bir güc mənbəyindən qopub, “bizim öz yolumuz var” deyib, naməlum istiqamətə baş alıb getmək qərarı verilərkən dövlət təhlükəsizliyi deyə bir narahatçılıq heç kimi düşündürməyibmi? Görünür bu naməlum yolda qurd-quşa yem olmaq təhlükəsi gözə alınmır. Halbuki hökumət Rusiya və İran arasında təhlükəli bir regionda yerləşdiyimizi, uzun illər təhlükəsizliyimizin təminatının vacibliyi mövzusunda əsas arqumentlərdən biri kimi irəli sürürdü.

Avropa siyasi və mədəni həyatı nəinki bizə, bütün bəşəriyyətə “rol model”, yəni qabaqcıl nümunə hesab edilir. Avropa və Qərblə əməkdaşlıq isə bizə həm də təhlükəsizliyimizin qarantı baxımından vacib sayılmalıdı. Hazırkı iqtidarın hakimiyyəti öz əlində qoruyub saxlamaq naminə ölkəsinin ərazi bütövlüyünə, milli kimliyinə şübhə ilə baxan etibarsız qonşulara sığınması, bütövlükdə ölkənin taleyi üçün çox acı nəticələr doğura bilər. Avropa və Qərbə qarşı bu qədər konkret mövqenin sərgilənməsi, onlar tərəfindən də ölkəmizə qarşı münasibətin dəyişməsinə gətirib çıxaracağı qaçılmazdı. Bu gedişat acınacaqlı şəkildə bizi taleyin ümidinə buraxır. Ümumilikdə isə “bizim öz yolumuz var” neft nağılının ən qorxulu hissəsidir.