İyunun 21-də Bakı Hərbi Məhkəməsində keçmiş polis zabiti Əfsəl Həsənəliyev üstünə benzin tökərək intihara cəhd göstərib. Bu hadisə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi, general Mövlam Şıxəliyev və onun tabeliyində çalışmış üç polkovnikin – şöbə rəisləri Vüsal Ələkbərov, Yasin Məmmədov və rəis müavini Sahib Ələkbərovun işi üzrə məhkəmə iclasında baş verib. Adları çəkilən sabiq MTN-çilər müxtəlif iş adamları haqqında qondarma cinayət işlərilə onları həbs edib, yaxınlarından külli miqdarda pul almaqda ittiham olunur. Bu cinayət işində 36 nəfər zərərçəkmiş qismində tanınıb, onlardan biri də Əfsəl Həsənəliyevdir.
Həsənəliyev də daxil olmaqla, zərərçəkmişlərin bir çoxu sabiq Baş prokuror Zakir Qaralov və onun birinci müavini olmuş Rüstəm Usubovun da cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir. Onlar məhkəmədə bu barədə vəsatətlər qaldırıblar. Son məhkəmə iclaslarında təqsirləndirilən sabiq MTN-çilər də bu tələbə qoşulub. Onlar da Qaralov və Usubovun məhkəməyə çağırılıb dindirilməsini tələb edirlər.
“Mən icraatımda olan işlərdə nə kimdənsə pul almışam, nə də nəsə tələb eləmişəm. Bu gün təqsirləndirilən şəxs qismində məhkəmə qarşısındayamsa, sağımda Zakir Qaralov, solumda da Rüstəm Usubov dayanmalıdır. Necə ki, burada baş verənləri mətbuat yazır, onlar da bizim kimi ölkə boyu rüsvay olmalıdır”, - Sahib Ələkbərov məhkəmədə belə deyib.
O, Rüstəm Usubovu onlarla adam oğurluqları və qətllər törətmiş, Daxili İşlər Nazirliyinin baş əməliyyat müvəkkili Hacı Məmmədovun dəstəsini himayə etməkdə ittiham edib. MTN polkovnikinin sözlərinə görə, bu dəstə barədə vaxtında Rüstəm Usubova məlumat verilsə də, o, heç bir tədbir görməyib. Əksinə, məlumat verən qadın – Rəna Nəsibova az sonra işlədiyi şirkətdə öldürülüb. Hadisə yerinə gələn Rüstəm Usubov ekspertizadan onun artıq dozada narkotik qəbulundan ölməsi haqda rəy alıb. Halbuki, o qadın ümumiyyətlə, narkotikdən istifadə etmirdi.
2005-ci ildə Hacı Məmmədovun dəstəsi ifşa olunandan sonra MTN-də araşdırma aparan istintaq qrupunun üzvlərindən biri olduğunu deyən Sahib Ələkbərovun sözlərinə görə, o zaman Rüstəm Usubovu dindirib. Həmin vaxt onun həbsi üçün yetərincə əsaslar olub: “Bu məsələni Mövlam Şıxəliyevə məruzə elədim, o, Rüstəm Usubovun həbsinə göstəriş verdi. Amma mən o göstərişi icra eləmədim, buna görə peşmanam. O vaxt göstərişi icra eləsəydim, bu gün burada olmazdım. Rüstəm Usubovun o vaxtdan – onu dindirdiyimə görə mənə qarşı şəxsi ədavəti var...”
Daha bir təqsirləndirilən polkovnik Vüsal Ələkbərov da məhkəmədə sabiq Baş prokuror və onun birinci müavinini günahlandırıb. O, MTN-də vətəndaşlardan hədə-qorxu ilə pul tələb olunması və rüşvət alınması kimi əməllərə görə bundan əvvəl 2015-ci ildə həbs olunmuşdu. Həmin vaxt ona 5 il həbs cəzası verilmişdi.
“Mən ikinci dəfə bu həyatı yaşamayacağam. Hər şeyi olduğu kimi açıb deyəcəyəm. Gözləyirəm ki, Zakir Qaralov, Rüstəm Usubov özləri gəlib burada izah versinlər. Desinlər ki, kimlərinsə haqqında cinayət işi başlanması, qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi hansı qaydada baş verib”, - Vüsal Ələkbərov bildirib.
İyunun 21-də məhkəmədə məlum olub ki, hakim Elbəy Allahverdiyev sabiq Baş prokuror və müavininin çağrılıb dindirilməsi haqda vəsatəti təmin etmir. Bundan sonra zərərçəkmiş Əfsəl Həsənəliyev üstündə gətirdiyi yandırıcı mayeni üstünə tökərək intihara cəhd edib. Məhkəmə zalında olan icra məmuru və digər zərərçəkmişlər onun qarşısını alıblar. Əsfəl Həsənəliyev məhkəmə zalından çıxarılıb.
Zərərçəkmiş intihara cəhdinin səbəbini “Açıq Azərbaycan”a belə izah edib: “Mənim haqqımda saxta cinayət işində onların da adları, imzaları var. Məhkəmə niyə çağırıb dindirmir? Niyə cəzalandırılmırlar? Mənim ailəm bu cür özbaşınalıqlara görə evsiz qalıb. Çünki məni saxta cinayət işiylə həbs eləyib, azadlığım üçün pul tələb edəndə ailəm evi girov qoyub, bankdan pul götürmüşdü. O pulu da ödəyə bilmədik. Mənim bu yaşımda itirəcəyim heç nə yoxdur. Məni bu həddə çatdırırlar. Məhkəmə qarşısında dayananlar piramidanın aşağı tərəfində olanlardır. Başdakılar cəzalanmalıdır ki, bu cür əməllərin qarşısı alınsın”.
Zərərçəkmiş Bakı Hərbi Məhkəməsində bu işə baxan hakim Elbəy Allahverdiyevdən də narazılıq edib. O bildirib ki, Elbəy Allahverdiyev vaxtilə MTN-də müstəntiq kimi fəaliyyət gvöstərib, indi də onların əməllərini ört-bsdır eləmək üçün jurnalistləri məhkəməyə buraxmır: “Bu qədər özbaşınalıq olar? Məni bu addımı atmağa həm də hakimini hərəkətləri vadar edir”.
General Mövlam Şıxəliyev 2021-ci ilin aprelində həbs olunub. Sabiq MTN-çilər haqqında cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən və hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatlıq pulunu, əmlakını ələ keçirməkdən bəhs olunur.
Mövlam Şıxəliyevin 7 milyon manatdan artıq dəyəri olan əmlaklarının üzərinə həbs qoyulub. Onların arasında metronun “Sahil” stansiyasının üstündəki binada 5 mənzil, Fəvvarələr meydanında mənzil və obyektlər, mərkəzi Nizami küçəsində mənzillər, Novxanıda 1 milyon manatdan artıq dəyəri olan bağ evi və başqa mülklər daxildir.
Sabiq MTN-çilərə CM-in 182 (hədə-qorxu ilə tələb etmə), 294 (sübutları saxtalaşdırma), 311 (rüşvət alma) və 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrilə ittiham verilib.
Təqsirləndirilən Yasin Məmmədov uzun illər Mərkəzi Seçki Komissiyasının katibi, daha sonra sədr müavini işləmiş Natiq Məmmədovun qardaşıdır. Yasin Məmmədov və Sahib Ələkbərov MTN-dən çıxandan sonra vəkil kimi fəaliyyətə başlayıb. Onların adları iş adamları ilə yanaşı, bir sıra siyasi motivli həbslərdə də hallanıb.
MTN işində zərərçəkmişlər arasında “Texnikabank”ın keçmiş sahibi, “Muğanbank”ın filial müdiri, bir sıra sahibkarlar da var. Sabiq MTN-çilər isə ittihamları qəbul etmir, özünü təqsirli bilmirlər.