Open Azerbaijan

Analytic Portal

AZƏRBAYCAN PASPORTU 199 ÖLKƏ ARASINDA 134-CU YERDƏDIR

12.03.2018 / İlk beşlikdə Luksemburq, İrlandiya, İsveçrə, Portuqaliya və İsveç qərarlaşıb

Nomad Capitalist şirkəti 2018-ci il üzrə ölkələrin pasportlarının qiymətləndirməsinə əsasən dünya vətəndaşlığının reytinqini hazırlayıb.

Hesabatda Azərbaycan pasportu 134-cu yerə layiq görülüb. Müvafiq olaraq Azərbaycan pasportu vizasız səyahət üzrə 63, vergiyə cəlbolunma üzrə 30, qəbul edilmədə 30, ikili vətəndaşlıqda 10 və ümumi azadlıq kateqoriyası üzrə 10 balla qiymətləndirilib.

Hesabat hər bir ölkə vətəndaşlığının həqiqi qiymətləndirilməsini göstərmək məqsədi daşıyır. “Nomad Passport Index”in qiymətləndirməsi 5 kateqoriya üzrə ararılıb: vizasız səyahət (50%), vergiyə cəlb edilmə (20%), qəbul edilmə (10%), ikili vətəndaşlıq 10%), ümumi azadlıq 10%). Vizasız səyahət kateqoriyası pasportlar üçün vizasız ölkələrin sayı ilə qiymətləndirilir. O biri qateqoriyalar isə 10-50 aralığında hesablanır.

İlk beşlikdə Luksemburq, İrlandiya, İsveçrə, Portuqaliya və İsveç qərarlaşıb. Bununla belə, vizasız səfər edilən ölkələrin sayına görə ilk yeri Sinqapur, ikinci yeri isə Almaniya pasportu tutur.

Azərbaycanın nəticələri buna əsaslanır ki, ölkə vətəndaşları reytinq cədvəlinə daxil edilən 199 ölkənin yalnız 63-nə vizasız səfər edə bilər. Vergiyə cəlb edilmə və qəbul olunma üzrə ölkə vətəndaşlığının reqtinqi orta, ikili vətəndaşlıq imkanı və ümumi azadlıq üzrə isə minimal səviyyədədir.

Müqayisə üçün region ölkələrindən Rusiya 87, Ukrayna 91, Türkiyə 93, Gürcüstan 96, Ermənistan 132, İran isə 187-ci yerdə qərarlaşıb. Postsovet ölkələrindən Ukranya pasportu isə qiymətləndirmədə 2017-ci illə müqayisədə 21 pillə irəlililəyib.

Reytinq cədvəlinin son beşlikdə isə Liviya, Yəmən, Eritreya, İraq və Əfqanıstan pasportlarıdır.

Nomad Capitalist şirkətini 2012-ci ildə həvəskar səyahətçi və investor Andrew Henderson təsis edib. O, şirkəti vasitəsilə gördüklərini və öyrəndiklərini – başqa ölkələrdəki həyat tərzi, iş və sərmayə imkanları haqda məlumatları paylaşır. Şirkətin www.nomadcapitalist.com saytına illik 3 milyondan çox baxış var.