Sevda Sultanova

Writer

POPULIZMDƏN POPULYARLIĞA DOĞRU

26.05.2021 / Ağ Partiyanın sədri Tural Abbaslı geniş kütləyə necə çıxış tapdı?


Tural Abbaslı və Vətən Müharibəsində şəhid olmuş qardaşı Teymur Abbaslı



“Ağ Partiya”nın sədri Tural Abbaslının populyarlaşmasının səbəbi, güman ki, ənənəvi müxalifətin uzunmüddətli uğursuzluğu, xalqla interaktivliyini itirməsi, ünsiyyət modelini tapa bilməməsi, yeni diskurs təklif etməməsi nəticəsində yaranmış boşluqlardır. T.Abbaslı bu boşluqları dəyərləndirə bilib. O özü də uğurunu xalqın dilində danışmasında görür...

Siyasi fəaliyyətə 18 yaşında başlayıb

“Müsavat” partiyasında fəaliyyətə başlayanda T.Abbaslının 18 yaşı varmış. 25 yaşında “Müsavat” Gənclər Təşkilatının sədri olub, bir neçə il sonra ölkənin tanınan siyasi fiqurlarıyla birləşərək, Milli Şuranın yaradılmasında iştirak edib. O zaman T.Abbaslı müsahibələrində başqa cür görünürdü: daha təmkinli idi, emosiyalara yer vermirdi, fikirlərini səliqə-sahmanla çatdırır, artistizmdən yararlanmırdı, siyasi nitqinin intonasiya, temperament baxımından elə bir özəlliyi nəzərə çarpmırdı. Yəqin buna görə “Youtube”a yerləşdirilmiş əvvəlki çıxışlarına baxış sayı azdır.

Psixoloji terror səviyyəsində diktə edir

Sonralar — “Müsavat”dan çıxandan, “Ağ Partiya”nın sədri olandan T.Abbaslı davranışını, özünüifadə formasını, bədən dili və siyasi ritorikasını dəyişdi. İndi onun minlərlə izləyicisi var, internet platformalarında videoları, çıxışları populyardır.

Əslində emosional davranışı, populizmlə yüklənən dili, coşqulu temperamenti, debatlarda bir qayda olaraq, opponentlərinə danışmaq imkanı verməməsi (söhbət opponentiylə normal dialoq qurmasından yox, fikirlərini az qala psixoloji terror səviyyəsində diktə etməsindən gedir, bəzi məqamlarda hövsələsiz müdaxilələri ilə doğru fikirlərini effektsiz edir) ilə müəyyən mənada Sərdar Cəlaloğlunu, Rəsul Quliyevi, Tofiq Yaqublunu, Nemət Pənahlını, İsgəndər Həmidovu xatırladır. Bu сür siyasətçilər anında əsəb partlayışı keçirir, sinirləri daim üzdədir, debata yararlı və funksional olmayan mühit yaradırlar. Ancaq T.Abbaslı S.Cəlaloğlunun, R.Quliyevin redaktə olunmuş modelidir və onu adı çəkilən siyasətçilərdən fərqləndirən özəlliyi var.

Düşünülmüş obraz

Emosionallıq, əsəb partlayışı T.Abbaslının gerçək təbiəti yox, daha çox imitasiyası, düşünülmüş obrazı kimi görünür. Düşünülmüş olduğuna görədir ki, o, kütlə qarşısında daha dəqiq oynayır, nitqinin təsir gücünü artırmaq üçün insanların duyğularına toxunan, emosional gərginliklə təzahür edən söz və intonasiya təkrirlərindən yararlanır. Və analoji yaşlı nəsildən fərqli olaraq, məhz düşünülmüş davrandığına görə kütlənin həssas nöqtələrinə basmağı bacarır: ““Skype”la dərs keçirsən, hələ bir imtahan da soruşursan, eyib deyil, qardaş? Bal ver də buna. Güya ki, bunlar 10 bal, 30 bal, 40 bal güzəşt eləsə, Azərbaycan elmi batacaq. Güya, belə yüksək səviyyədədir. Güya, Marsa çıxmışdıq. Güya, nə bilim, “iPhone” istehsal eləyirdik”... “Bu, qudurluqdur. Bu, banditlikdir. Bu, xalqı ələ salmaqdır. Bu, xalqı üsyana hazırlamaqdır” və s.

T.Abbaslının yaşlı nəsildən başqa üstünlüyü onun xalqa xitab dilinin universallığıdır. Yəni bu dilin həm əyalət insanlarının, həm şəhərin mühafizəkar məhəllə sakinlərinin düşüncəsinə təsiri mümkündür (intellektual kəsimə təsir imkanları aşağı ola bilər, ancaq bu kəsim onsuz da T. Abbaslının hədəf qrupu deyil): “Kişi cinsindən olan üzü pudralı millət vəkilləri, tozsoran, qapı satan millət vəkilləri bizə xəyanət edir”... “Bir azdan belimizə udduğumuz havaya görə sayğac yükləyəcəklər. O hava sayğacını belimizə bağlayacaqlar, deyəcəklər, o sayğacın da pulunu ver...”

Kütləni manipulyasiyada 1988-ci ilin meydan ritorikası, pafosu hələ də effektlidir. Və T.Abbaslı bu sxemlə işləyir; yeri düşəndə situasiyaya adekvat olaraq hərəkət edir: ya ciddi ittiham səsləndirir, ya da çıxışını əyləncəli estetika üzərində qurur. Çünki sosial problemlərdən usanmış, aqressivləşən xalqın onun qəzəbini soyudan, ürəyindən tikan çıxardan sərt, məzəli, əyləncəli, beyni yormayan yüngül performans üslubuna ehtiyacı daha çoxdur, nəinki analitik yanaşmalara.

O, “Mən hər yerdə onların dilində danışıb, səslərini ala biləcəm”, deməkdə haqsız deyil. T.Abbaslı çıxışlarında termin işlətmir, dərin siyasi-iqtisadi analizlər eləmir, konseptual fikirlər irəli sürmür, nitqini sadə, bəsit, populist fikirlər üzərində qurur, hakimiyyətlə ittihamedici tonda danışır, sistemin problemlərinə yox, şəxslərə fokuslanır: “Ziya Məmmədovun oğlu, deyəsən, Afrikada zürafə axtarır yeməyə... Villalarından birini satsınlar, tələbələr oxusun, gələcəyini qorusun.”

“Mənim üçün iki cins var: kişi və qadın”

T.Abbaslının siyasi dilini şəhər və əyalət üçün universal edən başqa bir faktor onun söykəndiyi mühafizəkar dəyərlərdir. “Ağ Partiya”nın ideologiyası mühafizəkar dəyərlərin, ənənələrin üzərində dayanır. T.Abbaslının homoseksual mövzuda söylədikləri cəmiyyətin böyük hissəsinin mövqeyini əks etdirir: “Mən özümə mühafizəkar deyib, cinsi azlıqların hüquqlarını necə qoruya bilərəm? Mənim üçün iki cins var : kişi və qadın, vəssalam. Başqası yoxdur. Mən onların səsini istəmirəm. Vətəndaş olsun. Amma deməsin ki, şəxsiyyət vəsiqəmdə cinsiyyətim qeyd olunsun. Mən bu hüququ tanımıram. Vətəndaş kimi onu qoruyaram. Ancaq nə vaxt gəlib desə ki, mən biseksualam, nə bilim, transgenderəm, deyəcəm ki, mən elə cins tanımıram. Kişisən, ya qadınsan?” (“AzLogos”)

Digər siyasətçilərdən fərqli olaraq, homoseksualizmə münasibətini çəkinmədən söyləməsi, bu haqda açıq danışması da T.Abbaslını publika üçün simpatikləşdirir.

Kütlənin düşüncəsinə adekvat davranır

Videolara gələn rəylərdən də görünür ki, tamaşaçıların əksəri tamamən inkarçılıq üzərində qurulan, total və səthi tənqidi çıxışları dəstəkləyir, problemin konseptual həll yolundan danışan adamları dinləmək istəmir. İdeyalardan danışmaq insanları sıxır, bu, onların probleminə yad yanaşma kimi görünür. Və T.Abbaslı tamaşaçı düşüncəsinə adekvat davranır. Məsələn, Millət vəkili Erkin Qədirli ilə polemika zamanı rəylərdə “Parlament yoxdur” deyən T.Abbaslı dəstəklənir. E.Qədirli “Parlament də, məhkəmə də var, amma olanımız budur. Sadəcə standartlara uyğun olmayan təsisatlardır. O cümlədən parlament. Və ona “yoxdur” deməklə biz problemi çözmüş olmuruq və səbəbini də anlamış olmuruq. Bunu düzəltmək üçün gərək varlığını qəbul edəsən” (“Müsavat TV”) kimi rasional mövqeyinə görə söyülür.

Kütlənin tələbini nəzərə alsaq, T.Abbaslı doğrudan da xalqın dilində danışır, folklordan, atalar məsəllərindən, lətifələrdən gen-bol istifadə edir:

“Bunların verdiyi kadrlar pis gə linlər kimi evlərinə geri qaytarılır. Hardaydız elçi gedəndə, bir soruşun qonum-qonşudan ki, bu (korrupsiyaya görə həbs olunan icra başçıları nəzərdə tutulur), neynəyib, neyləməyib?”... “Hamı dəli olanda molla yanına gedir, molla dəli olanda hara gedir?”.

“Elman (millət vəkili Elman Nəsirov nəzərdə tutulur) bəy elə danışır ki, adamın əli üzündə qalır”.

Ərdoğanı təqlid elədiyini gizlətmir

Çoxlarınını fikrincə, T.Abbaslı ritorikası ilə Türkiyə prezidenti R.T.Ərdoğanı təqlid eləyir. Özü də müsahibələrində R.T.Ərdoğanı örnək bildiyini gizlətmir. Və bu etirafı da onun hazırkı siyasi obrazının təbiilikdən qaynaqlanmadığını, düşünülümüş olduğunu göstərir: ”Biz qaynar qanlı insanlarıq, Avropa soyuqluğu yoxdur bizdə. Məsələn, bizdə insana qarşı haqsızlıq edildiyini sakit desən, eşidilməyəcək. Emosional desən, effekt verəcək”. (“AzLogos”)

Amma bəzən yaratdığı obrazdan kənara çıxmalı olur. Bu, daha çox o, əsəbi, emosional siyasətçilərlə qarşılaşanda baş verir. Məsələn, “Pressklub TV”-də S.Cəlaloğlu ilə Qarabağ məsələsini, daha doğrusu Rusiya faktorunu müzakirə edərkən bu detal aydın nəzərə çarpır. Opponentlərinin çətin adam (danışmağa imkan verməyən) kimi tanıdığı T.Abbaslı S. Cəlaloğlu ilə debatda təmkinli, yumşaq, dözümlü siyasətçi kimi görünür.

“Xalqa oynamayım, kimə oynayım?”

Siyasi məkanda qəhrəmanımızı qeyri-ciddi qəbul edənlər, onunla hesablaşmayanlar da var. Məsələ, təkcə onun manipulyativ populizmində deyil, həm də ciddi polemikalar zamanı lağlağıya (sarkazm və yaxud ironiyaya yox) yol verməsindədir. Bununla T.Abbaslı diskussiyaları nəzərdə tutulan məcradan yayındırır.

Tural Abbaslı Müsavat üzvü olarkən başqan İsa Qəmbərlə

“Xural TV”-də Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alan bir qrup tələbənin imtahan suallarının onlara əvvəlcədən verilməsiylə bağlı tələbi müzakirə edilərkən universitetinin rektor müavini Anar Rzayev ona ünvanlanmış sualı cavablayır və Elmi Şuranın adını çəkəndə T. Abbaslının müdaxiləsi özünü gözlətmir:“Elmi Şura deməyin. Hüseynbaladan sonra Elmi Şura sözü ciddiyə alınmamlıdır.”

Xüsusən opponenti mədəni, təmkinli olanda onu üstələməyi, durumu öz xeyrinə çevirməyi də bacarır. “Müsavat TV”-də debat zamanı millət vəkili Elman Nəsirov onu kütləyə işləməkdə günahlandıranda T. Abbaslı vəziyyəti çevik dəyərləndirir: “Bəli, mən xalqa oynayıram. Sosial şəbəkələrə oynayıram. Xalqa oynamayım, kimə oynayım?! Siz oynayın rəhbərliyə, Əli Əhmədova. ”

Rayon təşkilatlarını whatsapp qruplarla əvəzləyib

Siyasətdə yeni model iddiasında olan T.Abbaslı nə yenilik eləyib? Qərbin dominant dəyərlərinə açıq meydan oxumasıdırmı yenilik? Xalqın dilində danışmasıdırmı? Rayon təşklatlarını whatsapp qruplarla əvəz edərək, partiya quruculuğunu yeni texnologiyalara daşımasıdırmı?

Müsahibələrindən birində T.Abbaslı klassik müxalifətin kabinetlərdən kənara çıxmadığını deyir. Amma onun özünün də partiya sədri kimi fəaliyyəti, hələ ki, virtuallıqdan, kabinetdən kənara çıxmır.

Əsas sual isə budur: T.Abbaslı populyarlığını real siyasi gücə çevirə biləcəkmi? Yoxsa gerçəkliklə üzləşəndə nüfuzu zəncirotu çiçəyi kimi bir anda dağılacaq? Onu ayıq, rasional düşünmək qabiliyyəti olmayan siyasətçi hesab etmək də çətindir. Ancaq özü demiş: “Bəzən cəmiyyət səndən çox şey gözləyir. Oturub tənqid eləyirsən, heç bir öhdəliyin yox, məsuliyyətin yox. Struktur belədir, müxalifətik. Gömrüyü, sosial müavinətləri və s. nizamlamaq kimi bir öhdəliyimiz yoxdur, tənqid elə, vəssalam. De ki, təqaüdçüyə min manat ver. Sabah bunu icra eləmək də var”...