Open Azerbaijan

Analytic Portal

TALIBOVLARIN GÜRCÜSTANDAKI 270 MILYON DOLLARLIQ SƏRVƏTI

31.01.2023 / Yeni sənədlər Vasif Talıbovun ailəsinin Gürcüstan biznesini Emin Uçarın maskaladığını göstərir


Talıbov qardaşları Emin Uçar və Cahan Holdinqin rəhbəri Vüqar Abbasovla birlikdə



Vasif Talıbovun Gürcüstan biznesini Beynəlxalq Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması üzrə Jurnalistika Layihəsi (OCCRP) üzə çıxarıb. OCCPR-ın nəzərdən keçirdiyi yeni sənədlər Emin Uçar adlı Türkiyəli iş adamının Gürcüstanda qurduğu 270 milyon dollarlıq biznes və mülkiyyət imperiyasının əslində ona yaxın ailəyə—27 ildir Naxçıvanı idarə etməklə varlanan Talıbovlara məxsus olduğunu göstərir (https://www.occrp.org/en/investigations/azerbaijani-strongmans-business-partner-builds-property-empire-in-georgia).

OCCPR sərvətini Naxçıvanda toplayan E.Uçarın Talıbovlarla əlaqəsini hələ keçən ilin fevralında aşkarlamışdı. İndi E.Uçarın idarə etdiyi şirkətlərin Talıbov ailəsinə məxsus böyük holdinqlərlə açıq əlaqələri olduğuna, həmin holdinqləri maskalamasına dair yeni faktlar tapılıb. Məlum olub ki, Azərbaycanda “Gəmiqaya”, Gürcüstanda “Maqro Group” kimi tanınan şirkətlərin daxil olduğu şəbəkə Gürcüstanda otel və digər mülkiyyətlərə sahibdir, Türkiyədə isə “Arkoz” adı ilə inşaat malları istehsal edir “Arkoz” brendli inşaat malları zavodlarının ikisinin birgə qiyməti yüz milyon dollar dəyərində qiymətləndirilir. (Talıbov istefa verəndən bir həftə sonra “Gəmiqaya”nın adı dəyişdirilib, “Arkoz” olub. “Gəmiqaya”nın indi kimin mülkiyyətində qaldığı məlum deyil.)

“Gəmiqaya” Gürcüstanda 2012-ci ildən fəaliyyət göstərir

“Gəmiqaya” şirkəti Gürcüstanda fəaliyyətə 2012-ci ildə, Batumda mebel fabriki açmaqla başlayıb. Sonra şirkətin qolu “Maqro Group” adlandırılıb, işini tikinti, qida xidmətləri və turizm sahələrində genişləndirib. Vasif Talıbovun oğlu Rza Talıbov ilə Emin Uçarın birgə işlədikləri 2012-2016-ci illərdə “Maqro” Gürcüstanda 27 milyon dollar dəyərində mülkiyyət əldə edib. “Maqro”nun Gürcüstandakı ümumi mülkiyyət siyahısına Tbilisidəki 350 evlik “Green Budapest” adlı yaşayış massivi və şəhər ətrafındakı 120 milyon dollarlıq “Green Diamond” yaşayış kompleksi daxildir. Bundan əlavə, Tbilisidə opera binası yaxınlığındakı “Dinehall” restoranı, Fransanın “Accor” şirkəti ilə birlikdə tikilən beşulduzlu otel E.Uçarın biznes imperiyasına aiddir. 2000-ci illərin əvvəllərindən bu şəbəkə Azərbaycanda onlarla dövlət kontraktı əldə edib.

OCCRP Rza Talıbovun E.Uçara verdiyi etibarnamənin fotosunu əldə edib

Yeni sənədlər E.Uçarın Talıbovlar ailəsinə yaxınlığı ilə yanaşı, onların əlaltısı olduğunu, V.Talıbovun oğlu Rza Talıbovla birgə şirkətlərini idarə etdiyini, R.Talıbovun Gürcustandakı mülklərə məhz E.Uçar vasitəsilə sahibləndiyini göstərir. OCCRP R.Talıbovun E.Uçara 2012-ci ilin fevralında verdiyi etibarnamənin fotosunu yayıb. R.Talıbov 2012-ci ildə Batumda 1.5 milyon dollarlıq mülkü həmin sənədlə alıb—razılaşmanı E.Uçar R.Talıbovun verdiyi etibarnamə ilə imzalayıb. Oxşar etibarnamə sənədi ilə R.Talıbov tarixi binaya bitişik əraziyə sahib olub, bunun üçün 1.2 milyon dollar ödəyib—satış sənədlərini yenə E.Uçar imzalayıb. 2014-cü ildə həmin ərazi və binada beşulduzlu “Divan Suites Batumi” oteli yaradılıb. Açılış mərasimində qırmızı lenti R.Talıbov kəsib. Bu otelin Vasif Talıbovun istefasından sonra 18 milyon dollara satışa çıxarıldığı qeyd olunur.

İnsan haqları təşkilatları “Gəmiqaya”nı Talıbovların idarə etdiyini bildirirdi, amma Azərbaycanda şirkətlərin sahibləri haqda informasiyalar açıq olmadığından belə iddiaları sübut etmək çətindir. Ancaq “Gəmiqaya”nın keçmiş işçilərindən biri—polis tərəfindən döyüldüyünə görə Naxçıvandan qaçıb, Almaniyaya sığınan Nadir Məmmədov OCCRP-yə müsahibəsində E.Uçarın göstərişləri Talıbovlardan aldığını deyib.

Rza Talıbov OCCRP-nin suallarına cavab verməyib. Seymur Talıbovun vəkili isə Rza Talıbovla E.Uçarın Naxçıvanda “Gəmiqaya” adlı müxtəlif şirkətlərə ortaq olduğunu söyləyib. Lakin “Magro” və E.Uçarın vəkili bu iddiaları birmənalı şəkildə rədd edir.

Araşdırmadaçıların əldə etdikləri yeni sənədlərə görə, Türkiyədəki “Gemikaya” şirkəti hələ 2010-ci ildə yaradılıb, 2017-ci ildə Rza Talıbov bu şirkəti tərk edib. “Gemikaya” adlı daha bir şirkət Birləşmiş Ərəb Əmirliyində var, onun da sahibi V.Talıbovun digər oğlu Seymur Talıbovdur.

Türk mətbuatı E.Uçarı V.Talıbovun “etibarlı adamı” adlandırırmış

OSSRP Türkiyə mediasının hələ 2010-cu ildə E.Uçarı V.Talıbovun “çox güvəndiyi biri” kimi təqdim etdiyini yazır (https://www.turkiyeturizm.com/turkiyenin-bir-ucu-nahcivan-1-27816h.htm). Onun Naxçıvanda inşaat işlərinə hələ 1999-cu ildə başladığını, Azərbaycan mətbuatında onun adının 2004-cü ildə Naxçıvanda məktəb tikən türk şirkətiylə bağlı hallandığını xatırladır. Korporativ qeydlər göstərir ki, E.Uçar Talıbovların tərəfdaşı kimi ictimai şəkildə ilk dəfə 2008-ci ildə Naxçıvanbank komandasının tərkibində təmsil olunmaqla tanınıb. Ancaq E.Uçarın böyük sərvətə necə sahibləndiyi qaranlıqdır.

“Azərbaycanın Şimali Koreyası”

Araşdırmaçılar Naxçıvanın “Azərbaycanın Şimali Koreyası” adlandırıldığını qeyd edir, Vasif Talıbovun Muxtar Respublika rəhbərliyinə qohumu Əliyevlər tərəfindən təyin olunduğunu, respublikanı dəmir yumruqla idarə etdiyini, Naxçıvanda müstəqil medianı susdurmuş, dissidentləri psixiatriya xəstəxanalarına salan, saxlanılanları döydürən, işgəncələrə məruz qoyan rejim qurduğunu xatırladır. Vasif Talıbovun Naxçıvanı idarə etdiyi dövrdə ildə 26 min dollar maaş almasına baxmayaraq, böyük sərvət topladığını vurğulayır.

E.Uçarın isə elə Türkiyədə də V. Talıbovun etibar etdiyi şəxs kimi tanındığını xatırladır.