Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) müvəqqəti tədbirlərin tətbiqi ilə bağlı müraciətə cavab olaraq Azərbaycan hökumətindən müxalifət lideri Əli Kərimlinin səhhəti və saxlanma şəraiti barədə məlumat təqdim etməsini tələb edib. Bu barədə Əli Kərimlinin AİHM-də hüquqi müdafiəsini həyata keçirən, Londonda yerləşən “Doughty Street Chambers” vəkillər palatasının sentyabrın 3-də yaydığı açıqlamada bildirilir.
Bu tələb Əli Kərimlinin adından çıxış edən vəkillər qrupunun bu həftənin əvvəlində etdiyi müraciət əsasında irəli sürülüb. “Doughty Street Chambers”dən Cian Mörfi azərbaycanlı hüquq müdafiəçisi Emin Abbasovla birlikdə AİHM-də Əli Kərimlini təmsil edir.
Açıqlamad bildirilir ki, Əli Kərimli Azərbaycanın 61 yaşlı müxalif demokratik qüvvələrin lideri və ölkədə yaxşı tanınan, on minlərlə üzvü olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədridir. O, vaxtilə Azərbaycanda dövlət katibi vəzifəsində çalışıb. Əli Kərimli 2025-ci il noyabrın 29-da dövlət hakimiyyətini zorla ələ keçirməyə cəhd ittihamı ilə həbs edilib və hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Təcridxanasında həbs qətimkan tədbiri altında saxlanılır.
Onun 2026-cı il iyunun 10-da “France 24” kanalında yayımlanan müsahibəsindən sonra son üç ay ərzində saxlanma şəraiti kəskin şəkildə pisləşib. Həmin müsahibədə Əli Kərimli özünü “vicdan məhbusu” adlandırıb və Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasındakı yaxın münasibətlərdən danışıb.
Əli Kərimlinin saxlanma şəraiti ilə bağlı məlumatlara görə, onun içməli suya çıxışı yoxdur, təmiz geyim və yetərli qida ilə təmin edilmir, həddən artıq isti, zibil və ziyanvericilərin olduğu kamerada saxlanılır. O yuxudan məhrumetmə tədbirlərinə məruz qalır, hər hansı mənalı məşğuliyyət və fiziki hərəkət imkanından məhrum edilir. Ailə üzvlərinin və vəkillərinin Əli Kərimli ilə görüş imkanları da ciddi şəkildə məhdudlaşdırılıb.
“Amnesty International” və “Human Rights Watch” da daxil olmaqla, bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları Əli Kərimlinin saxlanması ilə bağlı narahatlıqlarını bildiriblər.
AİHM bundan əvvəl də Azərbaycan dövlətinin Əli Kərimlinin Konvensiya ilə təmin olunan hüquqlarını pozduğunu müəyyən edib. Ötən il qəbul edilmiş qərarlardan birində onun siyasi fəaliyyəti ilə əlaqədar sərbəst toplaşmaq hüququnun pozulduğu qənaətinə gəlinib. Hazırda Əli Kərimlinin daha bir işi Məhkəmənin icraatındadır.
Cari icraat çərçivəsində AİHM Azərbaycan hökumətindən 2026-cı il sentyabrın 10-dək aşağıdakı məlumatları təqdim etməsini tələb edib:
Ərizəçinin hazırkı saxlanma şəraiti necədir? Onun içməli suya və qidaya çıxışı varmı? Ailəsinə ona ərzaq bağlamaları göndərməyə icazə verilirmi? O, sistematik şəkildə yuxudan məhrum edilməsinə səbəb olan şəraitdəmi saxlanılır — məsələn, gecələr müntəzəm səs-küyə məruz qalırmı? Ərizəçinin hazırkı sağlamlıq vəziyyəti necədir?
Azərbaycan hökumətindən, həmçinin ərizəçinin saxlanma şəraiti və hazırkı sağlamlıq vəziyyəti ilə bağlı sənədləri təqdim etməsi istənilib.
Bundan sonra Əli Kərimlinin hüquq müdafiəçilərinə təqdim edilmiş məlumatlara münasibət bildirmək imkanı veriləcək. Daha sonra AİHM müvəqqəti tədbirlərin tətbiqi barədə müraciətin araşdırılmasını davam etdirəcək. Məhkəmədə müvəqqəti tədbirlərin tətbiqi proseduru haqqında əlavə məlumatı burada əldə etmək mümkündür.
Avqustun 30-da yayımlanan xəbərdə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin sözçüsü “The Independent” qəzetinə bildirib:
“Biz Əli Kərimlinin işini Azərbaycan hökumətinin yüksək vəzifəli nümayəndələri ilə müzakirə etmişik. Onları lazımi hüquqi prosedurlara əməl etməyə və beynəlxalq öhdəlikləri çərçivəsində zəruri tibbi yardıma çıxışı təmin etməyə çağırmışıq.
Biz Azərbaycandakı daha geniş insan hüquqları vəziyyəti ilə yanaşı, bu işi də yaxından izləməyə davam edir və azadlıqların qorunması ilə bağlı narahatlıqlarımızı birbaşa Azərbaycan hökumətinin diqqətinə çatdırırıq”.
Əli Kərimlinin və Azərbaycanda həbsdə saxlanılan digər şəxslərin işləri siyasi fəaliyyətin kriminallaşdırılması, bunun ifadə və sərbəst toplaşmaq azadlığına təsiri, siyasi məhbusların ədalət mühakiməsinə çıxışı və Avropa Şurasına üzv dövlətdə saxlanma şəraiti ilə bağlı mühüm məsələlər doğurur.