Open Azerbaijan

Analytic Portal

WHO DOES SOCAR OWE MONEY TO, AND HOW MUCH?

31.08.2026 / SOCAR-ın dövlətə bağlı qurumlara borcları 3 milyard 47 milyon manat olub


İlustrasiya süni intelektin köməyi ilə hazırlanıb



SOCAR-ın dövlətə bağlı qurumlara borcları 3 milyard manatdan çoxdur

SOCAR-ın maliyyə hesabatları göstərir ki, neft-qaz nəhənginin “əlaqəli tərəflər” - dövlət və dövlətə bağlı qurumlar, banklar və şirkətlər - qarşısında borc öhdəlikləri 31 dekabr 2025-ci il tarixinə 3 milyard 47 milyon manat təşkil edib. Bu məbləğə istiqrazlar üzrə ödəniləcək vəsaitlər də daxildir.

Borc öhdəliklərinin ən böyük hissəsi Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) payına düşüb. SOCAR-ın ARDNF qarşısındakı borcu 2 milyard 391 milyon manat olub. Bu, əlaqəli tərəflər qarşısındakı ümumi borc öhdəliklərinin 78,5%-nə bərabərdir. Öhdəliklər üzrə illik faiz dərəcələri 3,2-6% arasında dəyişir. Ödəniş müddətləri 1 sentyabr 2028-ci ildən 30 aprel 2032-ci ilədək olan dövrü əhatə edir.

Şirkətin Azərbaycan Maliyyə Nazirliyi qarşısındakı borc öhdəlikləri 270 milyon manat təşkil edib. Bu borclar üzrə faiz dərəcələri 0,1-3,13% arasında dəyişir, ödəniş tarixi isə 15 dekabr 2029-cu ildir.

Xəzər Dəniz Gəmiçiliyi qarşısındakı 169 milyon manatlıq borc üzrə faiz dərəcəsi 4%, ödəniş tarixi isə 31 dekabr 2027-ci ildir.

SOCAR-ın Azərbaycan Beynəlxalq Bankına (ABB) borcu 74 milyon manat təşkil edib. Bu öhdəliklər üzrə faiz dərəcələri 4,5-4,8%, ödəniş müddətləri isə 23 avqust–11 oktyabr 2026-cı il tarixləridir.

“Aqrarkredit” QSC qarşısındakı 69 milyon manatlıq borc üzrə faiz dərəcəsi 0,16% müəyyənləşdirilib. Borcun ödəniş tarixi 4 yanvar 2041-ci il kimi göstərilib.

Azərbaycan İnvestisiya Şirkəti qarşısındakı borcun məbləği 65 milyon manat təşkil edib. İllik faiz dərəcəsi 4% olan bu borcun 30 dekabr 2027-ci ildə ödənilməsi nəzərdə tutulur.

SOCAR-ın AZAL QSC qarşısındakı 9 milyon manatlıq öhdəliyi faizsizdir. Borcun ödəniş tarixi 31 yanvar 2028-ci il müəyyənləşdirilib.

Qeyd edək ki, SOCAR-ın əlaqəli tərəflər qarşısında borc öhdəlikləri 2024-cü ilin sonunda 3 milyard 753 milyon manat olub. Beləliklə, bu öhdəliklər 2025-ci ilin sonunda əvvəlki ilin sonu ilə müqayisədə 706 milyon manat və ya 18,8% azalıb.