Open Azerbaijan

Analytic Portal

EUROPEAN UNION GIVES THE GREEN LIGHT TO ARMENIAN GOODS

03.09.2026 / Ermənistanın Aİ-yə ixrac etdiyi məhsulların təxminən 80 faizi iki il müddətinə rüsumlarından azad ediləcək


İlustrasiya Süni intellektin (Sİ) köməyi ilə hazırlanıb və rellığı əks etdirmir



Avropa İttifaqı Şurası Ermənistan məhsulları üçün müvəqqəti ticarət liberallaşdırılması tədbirlərinin tətbiqinə razılıq verib. Bu addım Rusiyanın son vaxtlar Ermənistana qarşı tətbiq etdiyi ticarət məhdudiyyətlərindən sonra ölkə iqtisadiyyatını dəstəkləmək məqsədi daşıyır.

Şuranın yaydığı mətbuat açıqlamasında bildirilir ki, bu tədbirlər Ermənistanın Aİ-yə ixracının təxminən 80 faizini liberallaşdıracaq.

Şura əlavə edib ki, güzəştli rejim müəyyən şərtlərlə müşayiət olunur və idxalın Aİ istehsalçılarına mənfi təsir göstərdiyi təqdirdə Aİ bazarının qorunması üçün müdafiə tədbirlərini də nəzərdə tutur.

Şura Avropa Komissiyasının təklifini dəyişiklik etmədən təsdiqləyib. Bununla da Avropa Parlamentinin də təklifi dəyişikliksiz qəbul edəcəyi təqdirdə qaydanın sürətlə qəbuluna yol açılıb.

İrlandiyanın xarici işlər və ticarət naziri Helen Makenti deyib: “Avropa islahatlar aparmaq və Avropa İttifaqı ilə daha sıx əməkdaşlıq etmək istiqamətində aydın yol seçmiş Ermənistanın və onun xalqının yanındadır. Bugünkü qərar aydın mesaj verir: iqtisadi təzyiqlərlə üzləşildikdə Aİ cavab verəcək. Biz yeni imkanlar yaradacaq və tərəfdaşlarımızın yanında olacağıq”.

Qayda Ermənistandan idxal olunan geniş çeşiddə məhsullara tətbiq edilən rüsumların müvəqqəti dayandırılmasını nəzərdə tutur. Buraya tarif kvotalarına tabe olan bəzi kənd təsərrüfatı məhsulları da daxildir.

Tədbirlər qaydanın qüvvəyə mindiyi tarixdən etibarən iki il müddətində tətbiq olunacaq. Bu güzəştlər Ermənistanın Rusiyaya ixrac etdiyi təzə meyvə, tərəvəz və bitkilərin təxminən 99 faizini, içkilər və spirtli məhsulların isə 91 faizindən çoxunu əhatə edəcək.

Təklif olunan qaydanın məqsədi Rusiyanın tətbiq etdiyi ticarət məhdudiyyətlərinin Ermənistanın ixracına və tranzit marşrutlarına yaratdığı problemlərdən sonra ölkəyə dəstək verməkdir. Eyni zamanda, bu addım Aİ–Ermənistan ticarət əlaqələrinin Avropa İttifaqı ilə Ermənistan arasında Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinə (CEPA) uyğun olaraq gücləndirilməsinə xidmət edir.

Aİ Şurasının bildirdiyinə görə, güzəştli ticarət rejimi Ermənistanın mənşə qaydalarına əməl etməsi, Aİ ilə inzibati əməkdaşlıq aparması, Aİ-dən idxala qarşı yeni ticarət məhdudiyyətləri tətbiq etməməsi və CEPA-nın əsas prinsiplərinə, o cümlədən demokratiya, qanunun aliliyi və insan hüquqlarına hörmət etməsi şərtilə qüvvədə olacaq.

Avropa Parlamentinin sentyabrda keçiriləcək plenar iclasında təklifi dəyişiklik etmədən qəbul edəcəyi gözlənilir. Parlamentin mövqeyi rəsmən qəbul edildikdən sonra Aİ Şurası onu təsdiqləyəcək və qayda qəbul olunacaq. Qayda Aİ-nin Rəsmi Jurnalında dərc edildikdən sonrakı gün qüvvəyə minəcək.

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen iyulun əvvəlində İrəvana səfəri zamanı Aİ-nin ciddi şəkildə qorunan və tənzimlənən bazarını Ermənistanın kənd təsərrüfatı məhsulları üçün açacağını vəd etmişdi.

Onun bu açıqlaması Rusiyanın həmin ilin mayında Ermənistandan müxtəlif məhsulların idxalını tədricən qadağan etməyə başlamasından sonra səsləndirilib. Qadağalar kənd təsərrüfatı və balıq məhsulları, içkilər, süd məhsulları və kəsilmiş güllər də daxil olmaqla müxtəlif məhsullara şamil edilib.

Rusiyanın tətbiq etdiyi məhdudiyyətlər Ermənistanda keçirilən iki Avropa sammitindən sonra qüvvəyə minib. Həmin görüşlər zamanı baş nazir Nikol Paşinyan rəhbərlik etdiyi hökumətin Ermənistanın gələcəkdə Aİ-yə üzv olmaq niyyətini bir daha təsdiqləyib.

Rusiya hesab edir ki, bu istiqamətdəki istəklər Ermənistanın Rusiyanın rəhbərlik etdiyi və ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıyan ticarət blokundakı üzvlüyü ilə artıq uzlaşmır.

Ermənistan hökumətinin ötən ayın sonunda açıqladığı məlumatlara görə, ölkənin ixracı iyulda da əhəmiyyətli dərəcədə azalıb və illik müqayisədə təxminən 16 faiz geriləyib.

Paşinyan Rusiyanın tətbiq etdiyi məhdudiyyətləri əsassız adlandırsa da, dəfələrlə yerli sahibkarları Ermənistanın ixracını şaxələndirmək üçün yaranmış bu “imkandan” istifadə etməyə çağırıb.