Bakir Narimanoglu

Freelance Journalist

ZƏNGƏZUR ERMƏNISTANA NECƏ BAĞIŞLANDI?

06.06.2022 / Nərimanov həm də Naxçıvanın Ermənistana verildiyini elan etmişdi

Azərbaycan prezidenti İlham Əliyev Zəngilana son səfəri zamanı yenə Zəngəzurdan danışıb, Zəngəzurun Ermənistana sovet işğalından sonra bağışlandığını xatırladıb: “…Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrayandan bir neçə ay sonra Zəngəzur da bizim əlimizdən alındı. Bu tarixi hər kəs bilməlidir; 1920-ci ilin noyabrında sovet hakimiyyətinin qərarı ilə heç bir əsas olmadan tarixi diyarımız Qərbi Zəngəzur Azərbaycandan ayrıldı və Ermənistana verildi. Bu, xalqımıza qarşı növbəti düşmənçilik və ədalətsizlik idi. Çünki Zəngəzurun şərqində də, qərbində də Azərbaycan xalqı əsrlər boyu yaşamışdır və indiki Ermənistan ərazisində olan Qərbi Zəngəzurun bütün toponimləri, bütün kəndlərin milli tərkibi Azərbaycan xalqına məxsus idi”.

Bu tarixi fakt sənədlərdə öz əksini tapıb. Ancaq faktın indiki məqamda—Ermənistanla sülh müqaviləsi uğrunda danışıqların getdiyi zamanda səsləndirilməsi diqqət cəlb edir. İ. Əliyev eyni çıxışının davamında deyib: “Ermənistan hansısa xüsusi tələb irəli sürərsə, bilməlidir ki, bizim də tələblərimiz ola bilər. Bax, buraya çox da uzaq olmayan məsafədə bizim qədim torpağımız Qərbi Zəngəzurdur. Biz Ermənistana qarşı ərazi iddiası ilə çıxış etmirik ki? Etmirik. Amma əgər onlar bizə qarşı ərazi iddiası ilə çıxış edəcəksə, biz niyə etməməliyik? Tarix var. Hər kəs açsın baxsın kitablara, ensiklopediyalara. Nə vaxt Qərbi Zəngəzuru bizdən ayırıb Ermənistana verdilər? 1920-ci ilin noyabrında”.

Azərbaycan prezidenti bu ilin aprelində Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında da oxşar açıqlama ilə çıxış edib.

Bəs necə olub ki, Qərbi Zəngəzur Ermənistana bağışlanıb?

Qarabağ erməniləri rəsmən Azərbaycan hakimiyyətini tanıyırdılar

Ermənilərin iddia etdikləri Qarabağın dağlıq hissəsi Azərbaycan Cümhuriyyəti dövründə də Azərbaycanın tərkibində idi, bu bölgəni Azərbaycan Cümhuriyyəti hökumətinin general-qubernatoru idarə edirdi(Ataxan Paşayev, Azərbaycan Xalq Cümhuriyyəti – Şərqin İlk Demokratik Parlamentli Respublikası, Xalq qəzeti. 28 may 2014-cü il, №111, s.7). General-qubernatorluğun tərkibinə inzibati mərkəzi Şuşa şəhəri olmaqla Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzaları daxil idi. O illərdə Qarabağın yuxarı hissəsinin erməni milli assambleyası Azərbaycanın hakimiyyətini rəsmən tanıyırdı (1919)( Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, s.129). Bu fakt erməni tərəfinin Qarabağın həmin dövrdə “müstəqil qanuni qurum” statusuna malik olması ilə bağlı iddialarını təkzib edir.

1920-ci ildə, Bolşevik Rusiyası Cənubi Qafqazı işğal etdikdən sonra Ermənistan Azərbaycana qarşı ərazi iddialarını yenidən irəli sürür və Ermənilər Qarabağı ilhaq edə bilməsələr də, onun dağlıq hissəsinə muxtariyyət verdirməyə nail olurlar. 1921-ci il, iyulun 5-də Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin Qafqaz Bürosu “Yuxarı və Aşağı Qarabağ arasında iqtisadi əlaqələri nəzərə alaraq, “Dağlıq Qarabağın” Azərbaycan Sovet Sosialist Respublikası sərhədlərində saxlanılması” və Şuşa şəhəri inzibati mərkəz olmaqla ona geniş muxtariyyətin verilməsi barədə qərar qəbul edir(Yaqub Mahmudov, Kərim Şükürov, Qarabağ: real tarix, faktlar, sənədlər, s.54). Bu sənədin mətni sübut edir ki, Büro “Dağlıq Qarabağın” Azərbaycan SSR-yə Ermənistan tərəfinin iddia etdiyi kimi “verilməsi” və ya onun Azərbaycan hakimiyyətinə “tabe edilməsi” deyil, Azərbaycan SSR-nin tərkibində qalması barədə qərar verir.

2 il sonra—1923-cü il, iyulun 7-də Xankəndi şəhəri (Xankəndi şəhərinin adı 1923-cü il, sentyabrın 18-də dəyişdirilib, ermənilərin bolşevik lideri Stepan Şaumyanın şərəfinə Stepanakert adlanıb, şəhərin adı 1991-ci ilin noyabrında bərpa edilib —B.N) inzibati mərkəz olmaqla, Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradılır(1991-ci ilin 26 noyabr tarixində Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə “DQMV” inzibati ərazi vahidi kimi ləğv olunub). Lakin Ermənistanda yaşayan 300 mindən çox azərbaycanlıya mədəni muxtariyyət verilmir. Həm SSRİ-nin mərkəzi hökuməti, həm də Ermənistan SSR hökuməti bundan imtina edir.

Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin (MİK) DQMV-nin yaradılması haqda dekreti Qafqaz Bürosunun 1921-ci il qərarına zidd idi. Belə ki, həmin dekretdə mərkəzi Xankəndi olmaqla, Dağlıq Qarabağın erməni hissəsindən Azərbaycan SSR-in tərkib hisssəsi kimi muxtar vilayətin təşkil olunması qeyd olunurdusa, qərarda yaranacaq muxtar vilayətin inzibati mərkəzinin Şuşa şəhəri olacağı deyilirdi. MİK-nin dekretində Şuşa heç vilayətin tərkibinə daxil edilməmişdi. Yalnız iki həftədən sonra—iyulun 16-da Şuşanın da DQMV-nin tərkibinə daxil edilməsi haqda qərar qəbul olundu(Mahmudov, Şükürov, yenə orada, s.54) .

Qarabağı ala bilməsə də, Ermənistan öz ərazisini Azərbaycan torpaqları hesabına genişləndirirdi. O zaman mərkəzə Bolşevik Rusiyası tərəfindən işğal olunan Ermənistanı (1920-ci il, 30 noyabr) sovetləşdirmək gərəkdi. Zəngəzur qəzasının qərb hissəsi məhz bu məqsədlə Ermənistana verildi, nəticədə Naxçıvan Azərbaycanın əsas hissəsindən ayrı salındı. (Hacı Nərimanoğlu, Zəngəzur: 100 sual, 100 cavab, s.129) Bu planın başqa məqsədi də vardı...

“Türklərin Bakıya yolunu bağlamaq”

Tarixçi, professor Cəmil Həsənli deyir ki, Zəngəzurun, həmçinin Naxçıvanın Ermənistana verilməsi ideyasını ortaya atan Qafqazın bolşevik “canişini” Serqo Orconikidze olub. Onun məqsədi, erməni kommunistlərinin hakimiyyətə gəlişini dayanıqlı etməklə yanaşı türklərin Bakıya yolunu bağlamaqdı: “İosif Stalin (o zaman RSFSR Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü idi—B.N) Bakı müşavirəsindən sonra hələ Moskvaya çatmamış, S.Orconikidze onunla səsli danışığa girir və deyir ki, indi Zəngəzuru, Naxçıvanı Ermənistana verib, türklərin Bakıya quru yolunun bağlanmasının əsl vaxtıdır… Noyabr ayının 23-də V.İ.Leninlə əlaqəyə girən İ.Stalin ona S.Orconikidzenin Bakıyla bağlı “narahatlığını” bildirir. İ.Stalin S.Orconikidzenin məlumatına istinad edərək qeyd edir ki, Bakı üçün əsas təhlükə türklərin Azərbaycanla ümumi sərhədlərə cəhd göstərmələrindən irəli gəlir və S.Orconikdze təklif edir ki, Zəngəzuru Ermənistana verməklə türklərin niyyətlərinə mane olmaq lazımdır. İ.Stalin özünün də bu təklifə tərəfdar olduğunu V.İ.Leninə bildirir. S.Orconikidze hesab edirdi ki, Bolşevik Rusiyasını bu məsuliyyətdən kənarda qoymaq üçün Zəngəzurla bağlı təşəbbüs Sovet Azərbaycanının birinci şəxsindən—Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovdan gəlməlidir.”

Tarixçi bu məsələdə S.Orconikidzeyə o zaman RSFSR Xarici İşlər Xalq Komissarı olan Georgi Çiçerinin təzyiq göstərdiyini qeyd edir. C.Həsənlinin dediyinə görə, S.Orconikidze N.Nərimanovu Naxçıvan, Ordubad və Şərur-Dərələyəzi Ermənistana güzəştə getməyə məcbur etmək istiqamətində ilk cəhdi hələ 1920-ci ilin yayında, Sovet Rusiyası ilə Ermənistan arasında müqavilə imzalanana qədər edib: “G.Çiçerinin göstərişlərini alan S.Orconikidze N.Nərimanova tələsik məlumat verirdi ki, “Qarabağ və Zəngəzurla bağlı indicə G.Çiçerinlə danışdım. Mən təklif edirəm, bu vilayətlər təcili və danışıqsız Azərbaycana birləşdirilsin. Siz digər vilayətlərə (Naxçıvan, Ordubad, Culfa və Şərur-Dərələyəz) iddianızdan imtina etməlisiniz, habelə Qarabağ və Zəngəzura muxtariyyət verməlisiniz. Yeri gəlmişkən sonuncu məsələ sülh müqaviləsində (Sovet Rusiyası ilə Ermənistan arasında 1920-ci ilin avqust ayının 10-da imzalanacaq müqavilə nəzərdə tutulur) heç bir halda göstərilməməlidir, bilavasitə sizdən gəlməlidir.”

C.Həsənlinin dediyinə görə, həm İ.Stalin, həm S.Orconikidze mərkəzi daim türk qorxusu altında saxlamağa üstünlük verirmiş: “Bu ideyalar “birdən 1918-ci il təkrarlanar, türklər yenidən Bakıya gələr və biz Azərbaycan üzərində nəzarəti itirərik, müsavatçılar Gəncədə ofis qurublar” qorxusu altında ortaya çıxmışdı. S.Orconikidze belə fikirləşirdi ki, erməni kommunistləri erməniləri bolşeviklərə tərəf çəkmək üçün, yeni kommunist hökumətini dayanaqlı etmək üçün İrəvana tarixi bir hədiyyə ilə getməlidilər. Qazaxda elan olunmuş Ermənistan Sovet Hakimiyyəti Dilicana, oradan da İrəvana məhz daşnakların uzun müddət əldə edə bilmədikləri bu “tarixi hədiyyə” ilə gedirdi... Dünya inqilabının cazibəsinə düşən N.Nərimanov Ermənistanın sovetləşməsi naminə nəinki Bakı neftini hər iki respublikanın sərvəti elan etməyə, hətta Azərbaycan torpaqlarının bir hissəsini yeni qurulan erməni sovet hökumətinə güzəştə getməyə hazır idi. Bu hazırlıq mərkəz və xüsusilə S.Orconikidze tərəfindən aparılmışdı.” (Meydan TV)

Nərimanov Zəngəzur və Naxçıvanın Ermənistana verildiyini elan edir

Ermənistanda sovet hakimiyyəti qurulduqdan bir gün sonra—noyabrın 30-da keçirilən Azərbaycan K(b)P MK Siyasi və Təşkilati Bürosunun iclasında Ermənistanla əlaqələr müzakirə edilir. Müzakirə nəticəsində aşağıdakı qərarlar qəbul olunur: “Sovet Azərbaycanı ilə sovet Ermənistanı arasında heç bir sərhəd mövcud deyil; Zəngəzur Ermənistana keçir; Qarabağın dağlıq hissəsinə öz müqəddəratını təyinetmə hüququ verilir; sovet Azərbaycanı sovet Ermənistanı ilə qırılmaz hərbi və təsərrüfat ittifaqı qurur.” (Musa Qasımlı, Ermənistanın sovetləşdirilmsəindən Azərbaycan ərazilərinin işğalınadək erməni iddiaları: Tarix olduğu kimi (1920-1992-cü illər), Bakı-2016, s.65)

Bu qətnaməni tərtib etmək N.Nərimanova tapşırılır. Tapşırığı yerinə yetirən N. Nərimanov Bakı Sovetinin 1920-ci il, dekabrın 1-də Dövlət Teatrında keçirilən təntənəli iclasında çıxışında Zəngəzurla yanaşı Naxçıvanın da Ermənistana güzəştə gedildiyini, Qarabağda isə ermənilərə tam muxtariyyət veriləcəyini bildirir.( Qasımlı, yenə orada, s.65) Bəyanatda yazılır: “Sovet Azərbaycanı Ermənistan və Zəngəzurda ən yaxşı yoldaşlarımızın – kommunistlərin günahsız qanını tökmüş və tökən daşnakların hakimiyyətinə qarşı əməkçi erməni xalqının mübarizəsinə yardım göstərərək elan edir ki, bundan sonra heç bir ərazi məsələsi əsrlərdən bəri qonşu olan iki xalqın—ermənilərin və müsəlmanların bir-birinin qanını tökməsi üçün səbəb ola bilməz; Zəngəzur və Naxçıvan qəzalarının ərazisi sovet Ermənistanının bölünməz hissəsidir; Dağlıq Qarabağın əməkçi kəndlilərinə isə öz müqəddəratını təyinetmə hüququ verilir. Zəngəzurun hüdudlarında bütün hərbi əməliyyatlar dayandırılır; sovet Azərbaycanının qoşunları buradan çıxarılır.” (Qasımlı, yenə orada, s.66)

Naxçıvanı Türkiyənin maraqları xilas edir

N.Nərimanov bu çıxışında Naxçıvanın adını çəksə də, bir gün əvvəlki—30 noyabr tarixli qərarda Naxçıvan məsələsinə, ümumiyyətlə, toxunulmamışdı. N.Nərimanovun bəyanatı Sovet Rusiyasının Azərbaycanda təmsilçiləri olan İ.Stalin və S.Orconikidze tərəfindən sevinclə qarşılanmış və "yüksək" qiymətləndirilmişdi. (Musa Urud. Zəngəzur. Bakı-2005, s.89)

N.Nərimanovun bəyanatıya Ermənistana hədiyyə edilmiş Naxçıvanın Azərbaycana qaytarılmasında o zamankı Türkiyə hökumətinin maraqları əhəmiyyətli rol oynayır. 1921-ci ildə baş tutan Moskva danışıqlarında Türkiyə nümayəndələri Yusif Kamal, Doktor Riza Nur və Əli Fuad Paşa Naxçıvan məsələsində israrlı olur, geri çəkilmirlər. Moskvaya səfər ərəfəsində nümayəndə heyətinin başçısı Yusif Kamal bəy Mustafa Kamal Paşa ilə görüşərkən ondan soruşur: “Paşam, ruslar Naxçıvan üzərində israr edərlərsə, nə edək?” Mustafa Kamal, “Naxçıvan türk qapısıdır. Bunu xüsusi olaraq nəzərə alıb, əlinizdən gələni edin” deyə cavab verir. (İsmail Hacıyev, Əbülfəz Amanoğlu, Atatürkün, yaratdığı Naxçıvan: dostluq körpüsü dövləti, https://atam.gov.tr/wp-content/uploads/125.y%C4%B1l-sempozyumu.pdf s.94) N.Nərimanov Naxçıvan, Qarabağ və Zəngəzurla bağlı qərara sonralar etiraz etmiş, V.İ.Leninə müxtəlif müraciət və teleqramlar göndərərək, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına müəyyən cəhdlər göstərmişdi. N.Nərimanov o illərdə V.İ.Leninə yazırdı: "Həmişə Denikini (Anton Denikin—sovet hakimiyyətinə qarşı mübarizə aparmış hərbi qüvvələrin başçılarından biri—B.N) müdafiə edən Ermənistan müstəqillik qazanır və əlavə olaraq, Azərbaycan torpaqlarını alır. Zaqafqaziya respublikaları arasında özünü Sovet Rusiyasının ağuşuna hamıdan əvvəl atan Azərbaycan isə həm müstəqilliyini, həm də ərazisini itirir. Azərbaycanın indiki vəziyyəti elədir ki, Mirzəyanlar heç bir maneəsiz onun taleyini həll edirlər". (Nəriman Nərimanov, Məktublar və Qarabağ məsələsinə dair sənədlər, Bakı 2016, s.103)