Bakir Narimanoglu

Freelance Journalist

TRANSXƏZƏR KƏMƏRI REALLAŞA BILƏR

11.07.2022 / Qazaxıstan neft ixracında Rusiyaya alternativ axtarır


Vladimir Putin və Kasım-Jomart Tokayev



İndi Qazaxıstan üçün prioritet istiqamət Transxəzər marşrutudur. Bunu Qazaxıstanın prezidenti Kasım-Jomart Tokayev deyib. O, neft tədarükünün şaxələndirilməsinin Qazaxıstan üçün mühüm vəzifə olduğunu söyləyib.

Tokayev bu fikri iyulun 7-də, Rusiya Xəzər Boru Kəməri Konsorsiumunun fəaliyyətini dayandırdığını elan edəndən sonrakı gün səsləndirib. Xəzər Boru Kəməri Konsorsiumu Qazaxıstan neftinin əsas ixrac marşrutudur və ölkədən boru kəməri ilə nəql olunan neftin həcminin 80%-dən çoxunu təşkil edir. Kəmərin gücü ildə 67 milyon ton neftdir. Konsorsiumun işinin dayandırılması Qazaxıstan neftinin ixracının dayandırılması deməkdir.

Xəzər Boru Kəməri Konsorsiumunun fəaliyyətinin saxlanması haqda qərarı Rusiyanın Novorossiysk şəhərinin Primorski rayon məhkəməsi çıxarıb. Qərarda “Rostransnadzor”un (Rusiyanın Nəqliyyat Sahəsinə Nəzarət Federal Xidməti) konsorsiumun fəaliyyətində pozuntular aşkar etdiyi, bu pozuntuların aradan qaldırılması üçün dəniz terminalının işinin 30 günlüyə dayandırıldığı deyilir (APA).

Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra Qazaxıstanın neft ixracı dörd dəfə kəsilib. Bu dəfəki kəsinti Qazaxıstan prezidentinin Rusiya televiziyasında canlı yayımda çıxış edərkən Ukrayna ərazisi olan, ancaq Rusiya tərəfindən tanınan “DXR” və “LXR”-in müstəqilliklərini dəstəkləmədiyini və bu "respublikaları" kvazi-dövlət hesab etdiyini bildirəndən sonra baş verib.

Fransanın AFP xəbər agentliyi beynəlxalq müşahidəçilərin fikirlərinə istinad edərək bildirir ki, Kreml ənənəvi multifidi Qazaxıstana Ukrayna böhranında neytral qalması üçün təzyiq göstərməyə çalışdığından belə edir.

Tokayev ötən həftə Qazaxıstanın nəqliyyat-tranzit potensialının inkişafına həsr olunmuş müşavirə zamanı deyib ki, o, Transxəzər marşrutunun həyata keçirilməsi üçün ən yaxşı variantı, o cümlədən Tengiz layihəsinin investorlarının cəlb edilməsi imkanlarını işlənib hazırlamasını istəyir və “KazMunayQaz”a bununla bağlı tapşırıq verib. Prezident qeyd edib ki, hökumət həm də “Samruk-Kazına” (Qazaxıstanın investisiya holdinqi) ilə birlikdə Atırau-Kenkiyak və Kenkiyak-Kumkol neft kəmərlərinin ötürücülük qabiliyyətinin artırılması üçün tədbirlər görməlidir.

Tokayev Azərbaycana gələcək

Bu günlər Azərbaycanla Qazaxıstan arasında səfərlər intensivləşib. Ötən həftə Nur-Sultan şəhərində iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 18-ci iclası keçirilib. İclasda komissiyanın həmsədrləri, Azərbaycanın energetika naziri Pərviz Şahbazovun və Qazaxıstan Baş nazirinin müavini - ticarət və inteqrasiya naziri Baxıt Sultanovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edib. Komissiyanın iclasının protokol layihəsinə daxil edilmiş iqtisadiyyat, enerji, nəqliyyat və logistika, kosmik və informasiya texnologiyaları, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, turizm, məşğulluq və sosial müdafiə, mədəniyyət, idman və gənclər siyasəti, səhiyyə, təhsil, innovasiya və rəqəmsal həllər kimi 12 məsələ ətrafında müzakirələr aparılıb.

Avqust ayında Qazaxıstan prezidentinin Azərbaycana səfəri planlanır.

Qazaxıstan neftini Bakı-Tbilisi-Ceyhanla da ixrac edə bilər

Sovet İttifaqı dağılanda, Qərb Xəzərin enerji resurslarına marağını ortaya qoyanda, yəni hələ 1990-cı illərdə Xəzər regionunun enerji daşıyıcılarının dünya bazarlarına Rusiyadan yan keçməklə çıxarılması haqda müzakirələr başlamışdı. Ancaq bu günədək yalnız Azərbaycanın neft və qaz ixrac boru kəmərləri vasitəsilə enerji nəqli həyata keçirilməkdədir. Tranxəzər neft-qaz boru kəməri layihələri isə hələ də reallaşa bilmir və buna mane olan Rusiya, həm də İranın layihələrə mənfi münasibətidir.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Qazaxıstanın öznün də bu məsələdə indiyə qədər fəal olmadığını deyir, Qazaxıstanın neft ixracının 90-92%-nin Rusiya üzərindın həyata keçirildiyini vurğulayır: “Digər kəmər, Çinə neft ixrac edən kəmərin illik ötürücülük qabiliyyəti heç 10 milyon ton deyil. Qazaxıstan neftinin dünya bazarına ixracını şaxələndirmək planı üzərində çalışmayıb. Azərbaycan istiqamətində kiçik həcmlər (illik 1 milyon, bəzən 2 milyon ton ətrafında) Aktaudan Bakıya tanker vasitəsilə daşınır. Halbuki, Qazaxıstan ildə 90 milyon ton neft hasil edir”.

İ.Şaban bildirir ki, neft ixracı üçün yeni boru çəkiləcəksə, buna 5 il lazımdır: “Təkcə Qazaxıstanın daxilində 700 km. magistral boru kəməri çəkmək lazımdır. Onun da gücü 30 milyon ton ola bilər. 25 milyonunu Azərbaycan üzərindən ixrac edə, 5 milyonunu isə İranla “svop” edə bilər. İranla belə planları var idi…”

Eksperin fikrincə Qazaxıstan neftinin 30 milyon tonunu Bakı-Tbilisi-Ceyhan vasitəsilə ixrac edə bilər: “Hazırda BTC-nin ötürüclük qabiliyyəti 60 milyon tondur, onun 50%-i istifadə olunur… Əvvəl böyük tankerlər vasitəsilə, sonra Bakı terminalının imkanlarını genişləndirməklə dəniz daşımalarına üstünlük verilər.”

Ancaq İ.Şaban yaxın 1 il ərzində Transxəzərin reallaşması yönündə addımlar atılacağına inanmır. Transxəzər neft kəməri sisteminin yaradılması ilə bağlı Azərbaycanla Qazaxıstan arasında hökumətlərarası sazişin 2006-cı ildən mövcud olduğunu, 16 il keçsə də, qazaxların heç nə etmədiyini xatırladır.

Xəbərləri izləmək üçün Açıq Azərbaycanın telegram kanalına abunə olun: https: //t.me/openazerbaijan