Rashad Hasanov

Economic Expert

“TOPAZ”IN XALQDAN QAZANDIQLARI

12.08.2021 / Mərc oyunlarına qarşı nə etmək olar?

2021-ci ilin martında Azərbaycanda yeni mərc oyunları operatoru -- "Azərlotereya" adlı yeni bukmeyer fəaliyyətə başlayıb. Beləliklə, mərc oyunları bazarında uzun müddət (2011-ci ildən) davam edən “TOPAZ” dominantlığı sona çatıb. Əhalinin olan-qalanını qeyri-etik yolla əlindən almağa çalışan şirkətlərin sayı, həmçinin mərc oyunları bazarına maraq artmaqdadır...

Qumarı oynadan qazanır

Müasir Azərbaycan cəmiyyətinin kifayət qədər problemi var: İşsizlik, diplomlu savadsızlıq, təhsildən erkən yaşlarda ayrılma, erkən yaşlarda evlilik, narkotik asılılığı, qumar, rüşvətə, korrupsiya və başqa cinayətlərə meyillilik, ifrat dindarlıq... Və işsizliyin, xüsusi ilə gənclər arasında işsizliyin geniş yayıldığı, layiqli əmək mühitinin olmadığı, kəskin təbəqələşmənin müşahidə edildiyi Azərbaycan kimi ölkələrdə fərdlər qanunsuz, yaxud riskli alternativlərə, o cümlədən də mərc oyunlarına meyillənirlər, qısa və asan yolla varlanmaq, yoxsulluğun daşını atmaq, xəyallarını bu yolla gerçəkləşdirmək istəyirlər. Nəticədə, nə qədər təhlükəli olsa da, qanuni hesab edilən mərc oyunları problemlər siyahısına əlavə olunur. Daha dəqiq desək, bu sahədə kifayət qədər peşəkar və əhatəli fəaliyyət göstərən “TOPAZ” Azərbaycanın ciddi problemlərindən birinə çevrilib.

Fəlakətin miqyası. Mərc oyunları nələrə səbəb olur?

Söz var: “Qumarı oynadanlar qazanır”. “TOPAZ”ın da kiməsə nə isə qazandırdığından çox bədbəxtliyə səbəb olduğunu eşidirik. Başlıqlar intihardan, ailə faciələrindən, saxtakarlıqdan xəbər verir: “Atasının pullarını “TOPAZ”da uduzan gənc özünü atdı”, “Gənc oğlan “TOPAZ”da yüksək miqdarda pul uduzduğuna görə intihara cəhd edib”. Ya da “19 yaşlı E.Ağayev polisə müraciət edərək, naməlum şəxslərin onu və ailə üzvlərini öldürməklə hədələdiyini 25 min manat pul tələb etdiyini bildirib... Araşdırma nəticəsində E.Ağayevin 25 min manatı “TOPAZ”da uduzduğu üzə çıxıb”, ““TOPAZ”da uduzan qadın səlahiyyətindən sui-istifadə edərək, şirkətə məxsus 20 min manatı oğurlayıb”, Beynəlxalq Bankın vəzifəli əməkdaşı E.Huseynov ayrı-ayrı şəxslərin adına kredit götürüb. İfadəsində E. Hüseynov götürdüyü kreditləri "TOPAZ"da uduzduğunu etiraf edib”... “Uşağım xəstədir”, deyib aldığı borcları “TOPAZ”a yatıranları, atasından təhsilhaqqını ödəmək üçün aldığı 10 min manatı “TOPAZ”da uduzanları da əlavə etsək, siyahını xeyli genişləndirə bilərik.

Bütün bunlar bir tərəfə, mütəxəssislər hesab edir ki, “TOPAZ” öz fəaliyyətində böyük saxtakarlıqlara yol verir. Məsələn, hüquqşunas Qurban Məmmədov yerli mediaya müsahibələrindən birində deyib ki, ““TOPAZ”ı işlədənlər böyük maxinasiyalar edir... İstənilən uduşun hardasa 50%-i təşkilatçının olur”.

“TOPAZ” kimlərə məxsusdur?

“TOPAZ” 2010-cu ildə yaradılan və Azərbaycanın idman mərc oyunları sektorunda fəaliyyət göstərən “Caspiantech”QSC-nin ticarət markasıdır. Şirkət bu marka ilə 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni mərc oyunu operatoru kimi fəaliyyətə başlayıb. 2019-cu ilədək “Caspiantech” QSC-nin adı “Azərinteltek” QSC olmuşdur. Mediada yayılan məlumatlara görə, bu şirkət yerli oliqarx Hafiz Məmmədovun, eks Gənclər və İdman naziri Azad Rəhimovun və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun ailəsinə məxsusdur. Hazırda ölkədə 500 eksklüziv “TOPAZ” satış agenti var. Müqayisə üçün qeyd edirik: Azərbaycanda fəaliyyət göstərən cəmi orta məktəblərin sayı 3313, liseylərin sayı 105-dir. Yəni, “TOPAZ” agentliklərinin sayı liseylərin sayından təxminən 5 dəfə çoxdur. 2010-2020-ci illərdə ölkədə cəmi 21 yeni tam orta məktəb istifadəyə verilib ki, bu da bu müddət ərzindən açılan “TOPAZ” agentliklərinin sayından 24 dəfə azdır.

Oyunlarda itən pullar

“TOPAZ”ın sahibi “Caspiantech” şirkəti öz hesabatlarını ictimaiyyətə açıqlamadığından oyunlarda itən pulların məbləğini dəqiq demək çətindir. Ancaq bəzi rəqəmlər əhalidən “mərc oyunları” adı altında, rəsmi yollarla oğurlanan vəsaitin həcmini təsəvvür etməyə imkan verir. 2015-ci ildə o zamankı Vergilər Naziri Fazil Məmmədov mərc oyunlarının illik dövriyyəsinin təxminən 300 milyon manat olduğunu açıqlamışdı. “Azərlotereya”QSC-nin 2019-cu il üçün maliyyə hesabatından məlum olur ki, lotareya biletlərinin satışından şirkətin illik gəliri 59.4 milyon manat olub. “Sfera.az” analitik qrupunun 2020-ci ildə apardığı araşdırmaların nəticələrinə görə, mərc oyunlarının bütün seqmentləri üzrə dövriyyə 800 milyon - 1 milyard manat arasındadır. Qrupun hesablamalarına göstərir ki, bu gəlirin 30-35%-i, yaxud 300-330 milyon manatı “TOPAZ”ın payına düşür. Qeyd edək ki, 2019-cu ildə Azərbaycanda əhalinin cəmi gəlirləri 56.8 milyard manat olub. Demək, Azərbaycan əhalisinin illik gəlirlərinin təxminən 1.4-1.7%-i mərc oyunları şirkətlərinin “oyununa gedir”.

Nə etməli?

Mərc oyunlarının reklamı qanunu pozur

Təcrübə göstərir ki, mərc oyunları bazarı, reklam olmadan belə, sürətlə genişlənir. Reklamlar isə bu istiqamətdə təhlükənin miqyasını daha da artırmağa xidmət edir. Təəssüf ki, Azərbaycanda televiziyalar bu məhsulları xəbərdarlıq qeydi olmadan reklam edirlər. Halbuki, qanunvericilik kütləvi informasiya vasitələrində mərc oyunlarının reklam edilməsini məhdudlaşdırır. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinin 5.1-ci bəndi mərc oyunlarının reklamında yetkinlik yaşına çatmayanlara müraciət olunmasını qadağan edir. Yetkinlik yaşına çatmayanların da TV izləyicilər sırasına daxil olduğunu nəzərə alsaq, TV və KİV-lərdə mərc oyunlarının reklam edilməsi qanunun müvafiq tələbini pozmuş olur.

Bundan başqa, “Reklam haqqında” Qanunuun 11-ci maddəsi Azərbaycan ərazisində “zərərli vərdişlər aşılayan” nəsnələrin (əmtəə və hərəkətlərin) reklamını qadağan edir. Yuxarıda sadaladığımız faktlar və bu bazarın iştirakçılarının təcrübələri sübut edir ki, zərərli vərdiş yaratma aspektindən yanaşsaq, mərc oyunları narkotik, tütün məhsulları, alkoqollu içkilərdən az təsirə malik deyil. Bununla belə, hazırda ölkədə yalnız akreditasiya olunmamış idman oyunlarının təbliğatı və yayılması qadağan edilir. “Bədən tərbiyyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə deyilir: “Müvafiq icra hakimiyyəti orqanı tərəfindən tanınmamış və idman növlərinin dövlət reyestrinə daxil edilməmiş idman növlərinin Azərbaycan Respublikası ərazisində təbliği və yayılması qadağandır”.

Probelmin həlli yolları

Təklif 1: Mərc oyunları reklamı məhdudlaşdırılan məhsullar sırasına daxil edilsin. Bu məqsədlə “Reklam haqqında” Qanunun 32-ci maddəsinin 6-cı bəndi aşağıdakı redaksiyada verilsin:

32.6: İdman mərc oyunlarının reklamı, oyunların təşkili üçün nəzərədə tutulan məntəqələrdən (qapalı məkan) kənarda qadağa edilir. Lotereyaların reklamı telekommunikasiya, kütləvi informasiya, nəqliyyat vasitələrində, açıq məkanda olan reklam daşıyıcılarında yerləşdirilə bilər. İdman mərc oyunlarının, lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilir.

Təklif 2: Mərc oyunlarında iştirak, rəsmi qeydiyat tələb edən prosedurlar sırasına daxil edilsin. Mərc oyunları kontorlarında 100 manatdan artıq yatırımlar zamanı vəsaitin mənbəyi haqqında məlumatlar tələb edilsin. Bu məlumatlar təqdim edilmədiyi halda oyunda iştiraka icazə verilməsin. (Şəxsi vəsaitini konvertasiya məqsədi ilə banklara təqdim edən vətəndaşdan şəxsiyyəti və vəsaitin mənbəyi haqda məlumat tələb olunursa, zərərli və təhlükəli oyun iştirakçılarının da qarşısında belə tələb irəli sürülə bilər).

Təklif 3: Mərc oyunları kontorlarının orta və ali təhsil müəssisələrindən ən azı 2 km məsafədə olması tələbi müəyyən edilsin.

Təklif 4: Mərc oyunları kontorlarının iaşə xidmətləri göstərməsi qadağan edilsin. Bu yolla həmin məntəqələrdə sərf edilən zamanı azaltmaq və dolayısı ilə bu oyunlarda iştirakın əlçatanlığını zəiflətmək olar.

Təklif 5: Xarici rezidentlər tərəfindən onlayn platformalar üzərindən təklif edilən mərc oyunlarının Azərbaycan ərazisində yayılmasına və həmin saytlara girişə qadağa tətbiq edilsin. Porno saytlar üçün bənzər təcrübədən artıq istifadə edilir. Təbii ki, müasir informasiya texnologiyalarının sürətli inkişafı bu məhdudiyyətlərin özünü 100% doğrultmasına səbəb olmaya bilər. Lakin mərc oyunlarında iştirakı əhəmiyyətli şəkildə azaltmaq mümkündür.

Bundan başqa bu sahədə xüsusi dövlət proqramları həyata keçirilməlidir. Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi qurumlar mərc oyunlarında iştirakın mənfi tərəflərini əks etdirən məqalə müsabiqəsi elan edə, xüsusi TV proqramlarının hazırlanması üçün qrant layihələri həyata keçirə bilər. Bundan başqa vətəndaş cəmiyyəti institutları, KİV-lər ölkə ictimaiyyətinin diqqətini bu məsələyə yönəltməli, mövzunu gündəmdə saxlamaqla mərc oyunlarının insanların və ailələrin tragedik sonluğuna səbəb olmasını önləməlidirlər.