Nurlan Huseynov

Freelance Jourlanist

SÜLH SAZIŞI ILIN SONUNA QƏDƏR IMZALANA BILƏR

13.10.2022 / Qarabağda Rusiyasız sülh mümkündürmü?

Azərbaycanla Ermənistan ilin sonuna sülh sazişini imzalamaq və sərhədlərin delimitasiyasına başlamaq barədə razılığa gəlib. Bunu Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan oktyabrın 12-də yerli İctimai televiziyanın efirində deyib: “İlin axırına kimi bizdə sülh razılaşması olmalıdır, həmçinin delimitasiyanın baş verməsi barədə razılaşma var, yəni anlaşma və delimitasiya bir-biriylə bağlıdır.”

Bu açıqlama Azərbaycan və Ermənistan dövlət başçılarının Praqa görüşündən bir neçə gün sonra səslənib. Görüşün ertəsi gün--oktyabrın 7-də hər iki dövlətin bir-biriin ərazi bütövlüyünü tanıdığı, sülh danışıqlarının mətnini hazırlamaq barədə razılığa gəldiyi bəyan edilmişdi. Dövlət başçıları Praqada Avropa Şurasının prezidenti Şarl Mişel və Fransa prezidenti Emanuel Makronun vasitəçiliyi ilə görüşdülər.

Rusiya vasitəçiliyi erası, deyəsən, sona çatır.

Əgər Birinci Qarabağ müharibəsi sonrası Bişkek sülhü və İkinci Qarabağ müharibəsini dayandıran 10 noyabr razılaşması Rusiya vasitəçiliyi ilə baş tutmuşdusa, indi Azərbaycanla Ermənistan arasındakı sülh danışıqları kollektiv Qərbin vasitəçiliyi ilə reallaşır.

Sərhəddə baş verən son toqquşmalar (sentyabr, 2022) Rusiyanın başının Ukraynadakı uğursuzluqlarına qarışması fonunda baş verdi və atəşkəsə həmişəkindən fərqli olaraq, Rusiyanın yox, Amerikanın səylərindən sonra ilə nail olundu. Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsi başlayandan Azərbaycan Ermənistan arasında danışıqlarda Avropa Birliyinin (AB) rolu heç vaxt olmadığı qədər artıb, Bruseldə liderlərin 4 görüşü baş tutub.

Praqa görüşündə Ermənistanın Azərbaycanla sərhədinə AB-nin mülki missiyasının göndərilməsi barədə razılıq əldə olunub. Oktyabrın 11-də isə Brüsseldə AB-nə üzv ölkələr Ermənistana mülki missiyanın gödərilməsi qərarını müzakirə ediblər. Beləliklə, Azərbaycanla Ermənsitan ilin sonuna kimi Brüseldə və ondan əvvəl Vaşiqntonda əldə edilmiş razılaşmalarla sülhə doğru addımlayırlar.

Bununla belə, bir çoxları üçün Rusiyasız sülhün mümkünlüyü inandırıcı deyil. Oktyabrın 11-də Rusiya Xarici işlər nazirliyinin sözçüsü Maria Zaxarova AB-nin müşahidə missiyasının Ermənistana gəlişi ideyasını tənqid edib: “Bunu Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına istənilən vasitə ilə müdaxilə etmək və Rusiyanın vasitəçilik səylərini sıxışdırmaq cəhdi kimi görürük.”

Bir gün sonra Rusiya Xarici işlər nazirliyinin rəhbəri Sergey Lavrov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyasının Ermənistan sərhədinə göndərilməsinə hazır olduğunu bildirib.

Sülhə ən ciddi təhlükə...

Rusiyanın Qafqaza, xüsusilə Ermənistana siyasi təsirinin azalması Ermənistanda geopolitik mübarizəni qızışdırır. Siyasi şərhçi Fərhad Məmmədov deyir ki, Ermənistandakı daxili siyasi vəziyyət və Rusiyanın bu proseslərə cəlb olunması sülh üçün təhdiddir: “Yaxın iki ayda sülh prosesinə ən ciddi təhlükəni Ermənistanın daxili siyasi vəziyyəti və Emənistanda hərbi bazası olan, parlamentdə təmsil olunan rusiya yönümlü siyasi gücü və ölkə iqtisadiyyatına təsiri olan ölkənin-- Rusiyanın ona cəlb olunması doğurur”.

Qarabağda silahlı qüvvələrini yerləşdirdiyindən Rusiyanın sülh prosesinə asanlıqla əngəl olmaq imkanları var. Erməni mənşəli rusiyalı milyarder Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçməsi, seperatçı qurumun rəhbəri Arayik Arutunyanın ona baş nazir postunu təklif eləməsi də yeni ehtimallar yaradıb. Vardanyanın Rusiyanın Qarabağda yeni lahiyəsi olduğunu və seperatçı qurumun başına gətiriləcəyi deyənlər var.

Rusiya Qərbin vasitəçiliyinə mane ola biləcəkmi? Buna qarşı hansı mexanizmlər işə salınacaq? Bu sual və ehtimalların cavablanmasına çox qalmayıb. Sülh sazişinin ilin sonuna imzalanması nəzərdə tutulur.