Rashad Hasanov

Economic Expert

RUSIYA-UKRAYNA MÜHARIBƏSI - 3 MILYON AZƏRBAYCANLI ÜÇÜN TƏHLÜKƏ

02.03.2022 / Azərbaycan böyük re-emiqrasiya ilə üz-üzə

Bütün əks arqumentlərə, ümid və arzulara rəğmən Rusiya Ukraynaya silahlı hücum planına start verdi. 2022-ci ilin fevralının son həftəsindən başlayaraq, Rusiya hətta ən az ehtimal olunanı edir--Ukraynanı işğal eləməyə çalışır...

Ukraynaya hücum bütün dünyanı, o cümlədən Azərbaycanı çox ciddi çağırışlar qarşısında qoyub. Və Azərbaycan üçün yaranacaq ən böyük problem—ən ağır yük re-emiqrasiya (azərbaycanlı miqrantların geri, öz vətəninə qayıtması) və remitenslər (miqrantların öz ölkəsinə göndərdiyi qazanc) dinamikasında gözlənilən dəyişiklikdir.

Əslində bu münaqişənin hər iki tərəfi Azərbaycan və azərbaycanlılar üçün çox əhəmiyyətli miqrasiya destinasiyası olaraq formalaşıb. (Bu, müxtəlif səbəblərdən--coğrafi yaxınlıq, bir imperiyanın tərkibində yaşamaq məcburiyyətində qalmaq kimi oxşar talelər və s.-dən irəli gəlir.) Rəsmi məlumatlara görə, təkcə 1990-2020-ci illəri əhatə edən 30 il ərzində vətəndən kənarda yaşamağı seçən azərbaycanlıların hər beş nəfərindən üçü və ya 282.2 min nəfəri Rusiyanı, 36.7 min nəfəri isə Ukraynanı seçib. Başqa sözlə, son 30 ildə emiqrantların 70%-i ya Ukraynaya, ya da Rusiyaya üz tutub. Ancaq məsələ bununla bitmir...

Müharibə 3 milyondan çox azərbaycanlını təhlükə ilə üz-üzə qoyub

Alternativ mənbələrə görə, 1990-cı illərdən əvvəl Ukrayna və Rusiyaya miqrasiya edən və hazırda daimi yaşamaq hüququ əldə etməyən azərbaycanlılar daxil olmaqla Rusiyada 2.5 milyon və Ukraynada isə 0.5 milyon azərbaycanlı yaşayır. Onlardan bəzilərinin vətənlərindəki yaxınlarını da təmin etdiyini nəzərə alsaq, Rusiya-Ukrayna müharibəsi eyni zamanda 3 milyondan çox azərbaycanlı üçün təhlükə yaradır, yeni talelər vəd edir.

Doğrudur, müharibə Ukrayna ərazisində gedir. Ancaq dünyanın Rusiyaya qarşı görünməmiş şəkildə birləşməsi, bu günədək heç bir ölkəyə tətbiq edilməmiş səviyyədə sanksiyalar Rusiyada yaşayanların da həyatına artıq çox ciddi təsir etməkdədir və əgər bu proses bir neçə ay davam edərsə, ölkədə güclü iqtisadi tənəzzülə və sosial böhrana səbəb olacaq. Rəsmilər sanksiyaların yalnız Rusiyanın aqressiv elitasını və böyük maliyyə institutlarını hədəf aldığını, sadə rusiyalılara təsiri olmayacağını bildirir. Ancaq təcrübə başqa şey deyir.

2014-cü ildə, Rusiyada rublun kəskin şəkildə ucuzlaşması bu ölkəyə müvəqqəti iş üçün gedən miqrantların, o cümlədən azərbaycanlıların kütləvi şəkildə geri dönməsi ilə nəticələnmişdi. Bu deməkdir ki, yeni böhran yalnız Ukraynada məskunlaşan azərbaycan əsilli miqrantları deyil, Rusiyada yaşayan miqrantları da vətənə qayıtmağa məcbur edəcək.

Rusiyada müharibənin təsirləri daha çox sosial-iqtisadi mühitin pisləşməsi, o cümlədən gəlirlərin kəskin azalması ilə müşahidə olunursa, Ukraynada həm də insan həyatı üçün ciddi təhlükə var. Hər gün bir yox, bir neçə azərbaycanlının, bəzən bütün ailənin üzvlərinin ölüm xəbərləri gəlir https://qafqazinfo.az/news/detail/ukraynada-helak-olan-azerbaycanlilarin-adlari-aciqlandi-354878. Bütün bunlar miqrantların ən azı bir hissəsinin Azərbaycana geri qayıtmasına, qalanların isə öz ailələrinə və yaxınlarına maddi yardım etmə imkanının məhdudlaşmasına səbəb olub. Beləliklə:

- Azərbaycana xaricdən göndərilən pul vəsaitləri (remitensilər) azalacaq,

- Re-emiqrasiya ölkədə işsizlik səviyyəsini artıracaq, əmək bazarında tarazlıq pozulacaq.

2021—Pul baratlarının 53%-i Rusiyadan gəlir

Pul baratı göndərən ölkədəki iqtisadi tənəzzül və ya inkişaf həmin ölkədən göndərilən pul baratlarının məbləğinə əhəmiyyətli təsir edir. Nəzərə alsaq ki, Azərbaycana göndərilən vəsaitlərin əhəmiyyətli hissəsi Ukrayna və Rusiyaya miqrasiya etmiş azərbaycanılıların payına düşür, bu, ölkə əhalisi üçün əhəmiyyətli dəyişiklik deməkdir.

Rəsmi məlumatlara görə 2021-ci ildə Azərbaycana 1.9 milyard manat (1 milyard 133 milyon dollar) məbləğində pul baratları göndərilib. Bu isə il ərzində əhalinin cəmi gəlirlərinin 3.4%-nə bərabərdir. Başqa sözlə, əhalinin əldə etdiyi hər 100 manat gəlirin 3 manat 40 qəpiyi xaricdə yaşayan azərbaycanlıların ailə üzvlərinə və yaxınlarına göndərdiyi vəsaitin payına düşür. 2021-ci ilin 9 ayının məlumatına görə, pul baratlarının 53%-i Rusiyadan, 2.8%-i isə Ukraynadan gəlib. Müvafiq nisbətin dəyişmədiyi ehtimalı ilə hesablama aparsaq, bu iki ölkədən 2021-ci il ərzində Azərbaycana təxminən 1 milyard 60 milyon manatdan artıq vəsait göndərilib ki, bu da əhalinin ümumi gəlirlərinin 1.9%-nə bərabərdir. 2019-cu ildə müvafiq göstərici 2.6% olub. 2020-2021-ci ildə müşahidə edilən azalma pandemiyanın yaratdığı qlobal iqtisadi şərtlərlə ilə izah oluna bilər.

Dünya Bankının məlumatlarından aydın olur ki, 2015 - 2016-cı illərdə Azərbaycana göndərilən remitenslərin məbləği ardıcıl şəkildə 31.2% və 49.4% azalaraq, 1 milyard 846 milyon dollardan 643 milyon dollara düşüb. Nəticədə pul baratlarının ÜDM-ə nisbəti 2014-cü ildə 2.5% olduğu halda 2016-cı ildə 1.7%-ə qədər azalıb. Müqayisə dövrü Rusiyada Krımın işğalından sonra yaşanan böhran dövrü ilə üst-üstə düşür. Rəsmi göstəricilər də bu faktı təsdiqləyir: 2015-ci ildə də eniş olub, Rusiyadan Azərbaycan göndərilən pul baratlarının məbləği 45.8 % azalıb.

Alternativ hesablamalar isə göstərir ki, rəsmi rəqəmlər remitensilərin məbləğini tam əks etdirmir. Çünki miqrantlar tərəfindən Azərbaycana pul vəsaitləri müxtəlif kanallar vasitəsi ilə--özləri vətənə səfər edən zaman, yaxınları, dostları səfər edərkən onların vasitəsilə, xüsusi xidmətlər təklif edən qeyri-rəsmi pul köçürmə məntəqələrindən yararlanaraq və s. bənzər yollarla göndərilir. Bu kanallarla göndərilən vəsaitlərin uçotunu aparmaq mümkün olmadığından rəsmi rəqəmlər real göstəricilərdən dəfələrlə az olur. Məsələn, 2013-cü ildə Mərkəzi Bank il ərzində azərbaycanlı miqrantlar tərəfindən Rusiyadan Azərbaycana təxminən 1 milyard dollar göndərildiyini açıqladığı halda alternaitv qiymətləndirmələrə görə, bu rəqəm 3 milyard dollara yaxın olub. Bu o deməkdir ki, Rusiya-Ukrayna müharibəsinin təsiri gözləniləndən daha dərin ola bilər.

Sadalanan faktları nəzərə alsaq, böhranın Azərbaycanda ev təsərrüfatları üzrə gəlirlərin 2-5%-i üçün ciddi risk yaratdığını demək olar.

Müharibədən ən çox təsirlənən Gəncə-Qazax və Lənkəran olacaq

Rusiya-Ukrayna müharibəsinin zərərləri Azərbaycanın fərlqi bölgələrində fərqli səviyyədə hiss ediləcək. Lənkəran və Gəncə-Qazax iqtisadi rayonları miqrasiya etmiş azərbaycanlıların ən çox, Dağlıq Şirvan isə ən az pul vəsaiti göndərdikləri bölgələrdəndir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə ailə təsərüfatlarının gəlirlərində xaricdən göndərilən pulların ən yüksək olduğu iqtisadi rayon Lənkərandır. Bu bölgədə məskunlaşan ailə təsərüfatlarının gəlirlərinin hər 100 manatından 5.5 manatı xaricdən gəlir. Bu, ölkə üzrə göstərici ilə müqayisədə təxminən 2.8 dəfə artıqdır. Gəncə-Qazax iqtisadi rayonunda isə adambaşına düşən gəlirlərin 3.1%-i xaricdəndir. Lakin, Dağlıq Şirvanda müvafiq göstərici cəmi 0.2% olub. Bu isə Lənkəranla müqayisədə 22 dəfə azdır. Göründüyü kimi, yeni durum əhaliyə bölgələrdən asılı olaraq. fərqli təsirl göstərəcək.

İşsizliyin səviyyəsi arta bilər

Azərbaycan əsilli miqrantların profilini dəqiqləşdirmək asan deyil. Çünki bu haqda rəsmi məlumat yoxdur. Açıq mənbələr yalnız daimi yaşayış üçün başqa ölkəyə gedən insanlar haqqında informasiyalardan ibarətdir. Və bu məlumatlara görə, 2020-ci ildə Azərbaycandan digər ölkələrə daimi yaşamaq üçün gedən vətəndaşların 98.4%-i əməkqabiliyyətli yaşda olub. 2019-cu ildə isə müvafiq göstərici 95.7% imiş. Demək, Azərbaycan əsilli imiqrantların əhəmiyyətli hissəsi əmək miqrantlarıdır.

Əmək miqrasiyası axınlarında adətən kişilər üstünlük təşkil edirlər. Bəzi məlumatlara görə, əməkçi miqrantların 85%-i kişilərdir. Müharibə gedən bölgələrdə qadınların, uşaqların və yaşlıların çıxarılmasına üstünlük verildiyini və əmək qabiliyyətli kişilərin daha tərəddüdlü davrandığını nəzərə alsaq, bu faktor re-emiqrasiyanı nisbətən zəiflədən amil kimi görünür. Bununla belə, miqrantların əsas hissəsinin əmək miqrantları olması əks effekt yaradacaq. Əgər bu insanlar getdikləri ölkədə işləyə bilmyəcəklərsə, onların qayıtması ehtimalı çox yüksəkdir.

Əmək qabiliyyətli əhalinin re-emiqrasiyası təbii ki, əmək bazarında pandemiyanın təsirləri ilə zəifləyən tələb qarşılığında artmış təklifin bir az da yüksəlməsinə və işsizlik səviyyəsinin qalxmasına səbəb olacaq. Bu isə öz növbəsində ucuz işçi qüvvəsinin əlçatanlığı fonunda əmək haqqı səviyyəsinin azalması ilə nəticələnə bilər.

Remitensilərin ailə təsərüfatlarının gəlirlərinin strukturunda payından yola çıxmış olsaq, deyə bilərik ki, re-emiqrasiyanın ən ciddi təsirləri Azərbaycanın cənub bölgələrində, əsasən də Ləkəran iqtisadi rayonunda və qərbdə--Gəncə-Qazax iqtisadi rayonunda hiss ediləcək. Dağlıq Şirvan rayonu isə bu müharibədən ən az təsirlənən bölgələrdən ola bilər.

Beləliklə, Azərbaycanın müharibəyə birbaşa cəlb edilən ölkə olmaması faktı ölkə əhalisinin bu konfliktin neqativ sosial-iqtisadi təsirlərindən yayınmasına əsas vermir.