Rashad Hasanov

Economic Expert

QIDA QITLIĞI TƏHLÜKƏSI VƏ AZƏRBAYCAN

25.06.2022 / Ən çox əziyyət çəkən idxaldan asılı ölkələr olacaq

Ərzaq bazarında yaranan təhlükə təkcə Rusiyanın Ukraynaya müdaxiləsinə görə deyil. Pandemiya zamanı qida sənayesinin bütün halqalarında fasilələrin yaranması dünyanı onsuz da bu problemə doğru sürükləyirdi. Söhbət sözün hərfi mənasında milyonların aclığından gedir. Problem ərzaq təminatında idxaldan asılı ölkələrdə daha kəskin hiss edilir və uzun zaman da hiss ediləcək kimi görünür.

Kiyev İqtisad Məktəbinin (Kyiv School of Economics) hesablamalarına görə, buğda və qarğıdalı dünyadakı bütün kalorilərin və ya sadəcə olaraq bütün qidaların (müxtəlif formalarda) 30%-ni təşkil edir. Və bütün dünyanın buğda tələbatının təxminən 30%-ni, qarğıdalı tələbatının isə təxminən 18%-ni hazırda müharibə aparan Ukrayna ilə Rusiya ixrac edir. Bu isə əhalisinin 32,5%-dən çoxu yoxsulluq həddinin altında yaşayan Misirdə, qadınlar və uşaqlar arasında qeyri-kafi qidalanmanın adi hala çevrildiyi Yəməndə (kəskin qida çatışmazlığı üzündən 1,2 milyon hamilə və ya əmizdirən qadının, 2,3 milyon uşağın (5 yaşa qədər) müalicəyə ehtiyacı var), 19,4 milyondan çox vətəndaşının qida ehtiyaclarını ödəyə bilməyən İndoneziyada və bu qəbildən olan Banqladeş, Efiopiya, Liviya, İraq kimi ölkələrdə “ölüm aclığı” təhlükəsinin qaçılmaz olması anlamına gəlir.

Amma ərzaq təhlükəsizliyi yalnız üçüncü dünya ölkələrinin deyil, orta, hətta yüksək gəlirli ölkələrin də, o cümlədən Azərbaycanın üzərində dayanmalı olduğu ən ciddi problemlərdəndir. Prosesdən ən çox zərər çəkənlər idxaldan asılılığı yüksək olan ölkələr ola bilər. Bəs Azərbaycanda vəziyyət necədir? Potensial qida qıtlığı təhlükəsi Azərbaycan üçün hansı səviyyədədir? Tacikistan prezidentinin çağırışına əhəmiyyət verməyə—ərzaq ehtiyatı yaratmağa ehtiyac varmı?

Azərbaycanın ərzaq təhlükəsizliyi siyasəti

Müqayisəli üstünlük nəzəriyəsinə görə, ərzaq səbətinə daxil olan malların hamısının istehsalı iqtisadi baxımdan səmərəli deyil. İstehsal zamanı sərf edilən resursların miqdarı önəmlidir. Digərləri ilə müqayisədə daha çox ehtiyatın (əmək qüvvəsi, xam mal, enerji və s.) sərfi hesabına başa gələn məhsulun istehsalı səmərəli ola bilməz, çünki bu, məhdud dünya resurslarının səmərəsiz istifadəsi deməkdir. Bununla belə, ölkədə istehsal mühitinin formalaşdırılması zamanı hökumətlər ərzaq təhlükəsizliyi, fors major hallara və xarici amillərə davamlılıq, geosiyasi mühitdən qaynaqlanan çağırışlar kimi vacib faktorları nəzərə alır. Hökumətin sosial iqtisadi siyasətini qiymətləndirən meyarlardan biri də məhz bu amillər fonunda qızıl ortanın—tarazlığın tapılmasıdır. Bəs Azərbaycanda bu tarazlıq tapılıbmı?

Rəqəmlər ürəkaçan deyil

Müstəqillik dövründə Azərbaycan aqrar ölkə statusunu itirdi. Ötən əsrin sonuncu dekadasında ölkə iqtisadiyatında yaradılan əlavə dəyərin ¼ hissəsi kənd təsərüfatının payına düşürdüsə, bu göstərici 2000-ci ildə 16%-ə, 2005-ci ildə 9, 2010-cu ildə 5.5%-ə qədər azaldı. Əsas səbəb, neft sektorunun sürətlə böyüməsi, Azərbaycanın enerji gəlirlərini ənənəvi sahələrin yenilənməsi və inkişafına çevirə bilməməsi idi. Hazırda aqrar sektorun iqtisadiyatda payı 6% ətrafında dəyişir.

Ərzaq məhsullarının emalı sahəsində də böyük uğurlardan danışmaq olmr. Məsələn 2005-ci ildə Azərbaycanda qida məhsilları istehsalı ilə məşğul olan müəssisələrin sayı 534 idi, 2020-ci ildə bu göstərici 9% azalaraq, 487 ədədə düşdü (2015-ci ildə 382 ədədə qədər azalmışdı). Bu sahədə kəskin geriləmə neft bumu dövrünə düşür. Bəzən mütəxəssislər Azərbaycanda “neft lənəti” sindromunun yaşanmadığını iddia edirlər. Ancaq elə qida məhsulları istehsalıyla məşğul olan şirkətlərin statistikası neft lənətinin bariz nümunəsidir. Məhz qeyri-adekvat siyasət nəticəsində qida sənayesi ölkə iqtisadiyyatında qeydə alınan bütün sıçrayışlı böyümələrdən kənarda qalıb.

2021-ci ildə Azərbaycanda qida sənayesində 4.5 milyard manatlıq məhsul istehsal edilib ki, bu da ölkə üzrə cəmi sənaye istehsalının 8.2%-nə bərabərdir. Halbuki ölkə əhalisinin istehlak etdiyi ərzaq məhsullarının ümumi dəyəri 21.7 milyard manatdır. Yəni istehlak istehsaldan 5 dəfəyə yaxın çoxdur.

Qida sənayesinin diqqətdən kənar qalmasının göstəricilərindən biri də bu sahəyə qoyulan investisiyanın məbləğidir. Rəsmi məlumata görə, 2005-2020-ci illərdə Azəbaycanda qida sənayesində əsas kapitala cəmi 1.4 milyard manat investisiya yatırılıb. Eyni dövrdə iqtisadiyyatda əsas kapitala yönəldilən investisiya qoyuluşları 131 milyard manatdan çox olub. Başqa sözlə, qida sənayesinə investisiya qoyuluşları əsas kapitala cəmi sərmayə qoyuluşlarının təxminən 1%-nə bərabərdir. Həmin dövrdə kənd təsərüfatında əsas kapitala sərmayə cəlbi 5.4 milyard manat olub. Ümumiləşdirsək, 2005-2020-ci illərdə ölkə üzrə mühüm məsələlərdən biri olan ərzaq təhlükəsizliyinin təmin edilməsinə cəmi 6.8 milyard manat sərmayə yatırılıb. Hələ “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası da həmin dövrə təsadüf edir...

Siyasi kurs ərzaq təminatındakı asılılığı aradan qaldıra bilibmi?

Əvvəl istehlak səbətimizə baxaq. Nazirlər Kabineti tərəfindən 2009-cu ildə təsdiq edilən siyahıya görə Azərbaycanda minimum istehlak səbətinin tərkibinə aşağıdakı məhsullar daxildir (adambaşına orta illik istehlak):

Rəsmi məlumata görə, 2020-ci ildə ölkə üzrə ərzaq və qeyri ərzaq məqsədli buğda tələbatı 3.5 milyon ton olub ki, bunun da 75.3%-i ərzaq məqsədli istifadənin payına düşür. İl ərzində ölkə üzrə cəmi buğda istehsalı 1.8 milyon ton olub ki, bu da cəmi tələbatın 51%-nin yerli mənbələr hesabına ödənildiyini deməyə əsas verir. İl ərzində 1.3 milyon tondan artıq buğda idxal edilib ki, bunun da 90%-nin ərzaq məqsədli buğda olduğu bildirilir.

İl ərzində ölkədə kartof tələbatı təxminən 1 milyon 117 min tondur və bunun 75%-i və yaxud 830.6 min tonu ərzaq məhsulu kimi istehlak edilir. İstehak olunan kartofun 17%-i idxal edilir. Bu məhsul üzrə idxalın təxminən yarısı qədər ixrac var. Ümumiləşdirmə aparsaq, ixrac olunan kartofu da nəzərə alsaq, Azərbaycan bu məhsul üzrə özünü 93% təminetmə qabiliyyətinə sahibdir.

11 məhsuldan 8-i idxaldan asılıdır

Cədvəldən göründüyü kimi ölkənin kartof, bostan məhsulları, meyvə və giləmeyvə, yumurta kimi mallar üzrə daxili istehlakı tam ödəmək imkanı var. Giləmeyvə və meyvə məshulları üzrə istehsal cəmi istehlakdan 16.5% artıqdır ki, bu da ixrac üçün əlverişli imkan yaradır.

İstehlak səbətində daxil olan mühüm məhsullar üzrə durum, 2020

Acaq elə məhsullar var ki, onların ixracının istehsal potensialına adekvat olmadığı müşahidə edilir. Məsələn, 2020-ci ildə ölkə üzrə bitki yağı istehsalı cəmi tələbatın 64.3%-ni ödədiyi halda, istehsalın 29%-dən artıq hissəsi ixraca yönəlidilib.

Buğda, o cümlədən ərzaqlıq buğda, ət, ət məhsulları, süd, süd məhsulları, balıq, balıq məhsulları və kərə yağında (mal-qara yağı) isə istehsal gücü tələblə müqayisədə nəzərə çarpacaq səviyyədə zəifdir.

Ümumiləşdirmə aparsaq, minimum istehlak səbətinə daxil olan 11 məhsul kateqoriyasından 8-i üzrə idxaldan asılılıq var. Bu isə Azərbaycan xalqının yüksək qiymət artımları və qıtlıq təhlükəsindən sığortalanmadığını deməyə əsas verir.

Nə etməli?

Azərbaycanda ərzaq təhlükəsizliyinin gücləndirilməsi, potensial qıtlıq və inflyasiya idxalınının bir qisminin önlənməsi naminə konkret addımlar atılmalıdır:

Ümumilikdə ölkədə ərzaq təminatı məqsədi ilə:

Bu tədbirlərlə növbəti 5 ildə ölkənin ərzaq təhlükəsizliyini maksimum həddə çatdırmaq mümkündür. Aqrar sektor qida təminatının etibarlı təchizatı ilə yanaşı ölkənin təbii resurslarının səmərəli istifadəsi, iqtisadiyyatın şaxələnməsi, ixrac strukturunun genişləndirilməsi və ən əsası da məşğulluq baxımından əhəmiyyətlidir. Bu, həm də bu sahədə səhvlərin nə qədər ciddi problemlər yarada biləcəyini təsəvvür etməyə imkan verir.