Rashad Hasanov

Economic Expert

QARABAĞ DÖVLƏTIN YOX, ÖZƏL SEKTORUN HESABINA QURULMALIDIR

09.06.2022 / İnvestorları azad olunmuş torpaqlara cəlb etməyin yolları


İlham Əliyev Zəngilan rayonunda Beynəlxalq Hava Limanının əsasını qoyur. 27.04.2021



Torpaqların işğaldan azad olunmasından il yarım keçib. 30 illik işğal dövründə baş verənləri, müharibənin vəhşi üzünü, dağıntıları indi lap yaxından görə bilərik, ancaq bərpanın miqyasını təsəvvür etmək hələ çətindir.

Ermənistanın işğal altında saxladığı ərazilərdə

tamamilə dağıdılıb.

Nazirlər Kabineti yanında “Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrup”un 2014-cü ilin yekunlarına dair hesabatına görə, işğal nəticəsində 690 orta məktəb, 855 məktəbəqədər müəssisə, 4 sanitar – müalicə kompleksi, 490 xəstəxana və digər səhiyyə obyektləri, 927 kitabxana, 386 klub, 85 müsiqi məktəbi sıradan çıxıb. İşğal olunan ərazilərdə 286 km dəmiryol xətti, 116 dəmiryol körpüsü, 25 min km avtomobil yolu, 348 körpü, 224 su hövzəsi istismara yararsız hala düşüb. Siyahını uzatmaq olar, bəs xərclər?

1 km yol 5, ya da 13 milyona başa gəlirsə...

Orta hesabla bir yaşayış evinin tikintisinə 70 min manat xərclənsə, yalnız evlərin bərpasına 9.2 milyard manatdan artıq vəsait lazım olacaq. Bu günlərdə Şuşa şəhərində bir məktəbin tikintisinə 3 milyon manat vəsaitin ayrıldığını nəzərə alsaq, azad edilən ərazilərdə məktəb, məktəbəqədər müəssisələrin inşasına 4.5 milyard manatdan çox vəsait xərclənməlidir.

Kütləvi informasiya vasitələrində yayılan məlumatlara görə, Azərbaycanda 1 kilometr yolun çəkilməsi dövlət büdcəsinə 3-8 milyon dollara (5.1 – 13.6 milyon manat) başa gəlir. Bu halda 1 kilometr yolun orta qiymətini ən aşağı göstərici ilə—5.1 milyon manatla götürsək, işğaldan azad edilən ərazilərdə yol infrastrukturunun qurulması üçün azı 127.5 milyard manat gərəkdir. Hesablamanı davam etdirmək olar. Lakin elə bu sadalanan istiqamətlər üzrə ehtimal olunan xərclər işğaldan azad edilən ərazilərdə bərpa və yenidənqurmanın yüz milyardlara başa gələcəyini deməyə əsas verir. Və bu günədək Qarabağda daha çox yerli resurslar, xüsusilə də büdcə və büdcədən kənar fondların vəsaitləri hesabına layihələrin icrasına üstünlük verilir. Alternativ maliyyələşdirmə alətlərindən zəif istifadə olunduğu görürük. Bu, beləmi olmalıdır—Qarabağı tək dövlətmi bərpa etməlidir? Dövlət bütün bu xərclərin öhdəsindən gələ bilərmi?

Yalnız yerli resurslara güvənmək olmaz

Təəssüf ki, Azərbaycan qlobal iqtisadiyyatın cəlbedici investisiya destinasiyalarından hesab edilmir. Neft gəlirlərin pik dövrü də daxil olmaqla 2005-2020-ci illərdə ölkə iqtisadiyyatında əsas kapitala cəmi 212 milyard manat məbləğində investisiya qoyulub ki, bunun da təxminən 37%-i neft sektorunun payına düşüb.

Əsas kapitala yatırılan sərmayələrin 140.3 milyard manatı, yaxud 66%-i daxili mənbələrdən formalaşıb. Daxili mənbələr hesabına qoyulan investisiyanın təxminən 74%-i (103.5 milyard manat) dövlətin payına düşür ki, bu da azalan karbohidrogen gəlirləri fonunda gələcək tempin saxlanması üçün böyük risk daşıyır.

Hesabat dövründə (2005-2020-ci illər) qeyri-neft sektoruna xarici mənbələrdən yönəldilən investisiyaların həcmi cəmi 17.4 milyard manat olub ki, bu da cəmi xarici investisiyaların 24%-idir.

2015-2016-cı illərdə müşahidə edilən iqtisadi resessiyadan sonra Azərbaycan iqtisadiyyatına yönəldilən birbaşa xarici investisiyaların da həcmində azalma gedir. Məsələn 2016-cı ildə qeyri-neft sektoruna 1.7 milyard dollar məbləğində birbaşa xarici investisiya cəlb edilmişdisə, 2019-cu ildə bu göstərici 45.3% az—0.93 milyard manata düşüb. 2020-ci ildə isə qeyri-neft sahəsinə cəlb edilən birbaşa xarici investisiyaların məbləği daha da azalaraq, cəmi 605 milyon dollar olub.

Göründüyü kimi, Azərbaycanda iqtisadiyyatın qeyri-neft sahələri ötən dövr ərzində xarici investisiya baxımından “inkişaf etmiş” status qazana bilməyib. Həmçinin, əsas fondların formalaşmasında yük daha çox dövlətin üzərində olub.

Bütün bunları nəzərə alsaq, Azərbaycanın karbohidrogen resurslarından əldə etdiyi iri gəlirlər dövrünün geridə qaldığını təsəvvür etsək, işğaldan azad edilən ərazilərin yerli resurslar hesabına bərpası mümkün görünmür.

Xarici investisiyanı cəlb etməyə mane olan nədir?

Vəziyyətdən yeganə çıxış yolu, bütün mümkün maliyyə mənbələrindən səmərəli şəkildə faydalanmaqdır. Bunlara özəl investisiyalar, o cümlədən yerli və xarici investisiyalar, xeyriyyə fondları, qrant proqramları, beynəlxalq maliyyə qurumlarının maliyyələşdirmə təşəbbüslərindən cəlb edilən vəsaitlər daxildir. Ancaq işğaldan azad edilən ərazilərə investisiyaların cəlb edilməsini zəiflədən bir sıra faktorlar var. Birinci məsələ, müharibənin bitməsi ilə əlaqədar güvənverici hüquqi əsasların olmamasıdır. Bu faktor xüsusilə xarici investorlar, fondlar və maliyyə institutlarından ötrü əhəmiyyətlidir. Beynəlxalq təcrübədə hər hansı uzunmüddətli konfliktin ölkə rəhbərləri tərəfindən imzalanan bəyənatla həll edilməsi təcrübəsi yoxdur. Azərbaycan və Ermənistan arasında yaşanan lokal konfliktlər/anlaşmazlıqlar bu problemin real təsirini daha da artırır. Problemin köklü həlli sülh sazişindən keçsə də, eyni zamanda risklərin həllini təmin edəcək konkret mexanizmlərin/məhsulların yaradılması zərurətdir. Bu məqsədlə aşağıdakı iki mexanizmdən yararlanmaq olar:

  1. “İnvestisiya Təminat Fondu”nun yaradılması. İşğaldan azad edilən ərazilərdə yerli və xarici sərmayələr üçün “risksiz investisiya mühiti” yaratmaq, bu məqsədlə investisiyaların hərbi münaqişə və onun fəsadlarından sığortalanması mexanizmini qurmaq mümkündür.

Bu fondun yaradılması bir tərəfdən investorlara risksiz fəaliyyət mühiti mesajı verər, digər tərəfdən əlavə xərclə nəticələnər. Ən azı növbəti 10 ildə müvafiq sığorta xərclərinin dövlət büdcəsindən subsidiyalaşması mümkündür.

  1. Kreditlərə dövlət zəmanətinin verilməsi. İşğaldan azad edilən ərazilərdə həyata keçirilən biznes təyinatlı layihələrdə əsas kapital qoyuluşlarının maliyyələşdirilməsi məqsədi ilə cəlb edilən kredit vəsaitlərinə risk təminatının verilməsi tövsiyə edilir.

Azad edilən ərazilərdə kommersiya bankları tərəfindən icra edilən biznes təyinatlı layihələrdə əsas kapital qoyuluşlarının maliyyələşdirilməsindən ötrü ayrılan kreditlərə, məsələn, kreditin 80%-i məbləğində dövlət zəmanətinin verilməsi bank vəsaitlərinin prosesə cəlb edilməsi üçün mühüm təşviq ola bilər. Dövlət zəmanətinin verilməsi, təbii olaraq, investor xərclərinin artması ilə nəticələnə bilər. Bu problemi aradan qaldırmaq məqsədiylə ilk 10 ildə kreditlərə dövlət zəmanətinin verilməsi xərclərinin dövlət vəsaiti hesabına ödənməsi məqsədəuyğun olar.

Mülkiyyət hüququ ilə bağlı konkret yanaşma olmalıdır

Maliyyə mənbələri üzrə diversifikasiya imkanlarını məhdudlaşdıran digər mühüm faktor, hökumətin bölgəyə münasibətdə mülkiyyət hüquqları ilə əlaqədar konkret yanaşmasının olmamasıdır. Bu, investor qərarının qəbulunda mühüm əhəmiyyət daşıyır. Mülkiyyətlə bağlı cavablandırılması mühüm olan suallar aşağıdakılardır:

və s.

İnvestisiya aspektindən digər mühüm məsələ torpaqlardan/tikililərdən istifadə/icarə prosedurlarının hüquqi əsaslarının rəsmən təsbit edilməməsidir.

Azad olunan ərazilər dövlətin iqtisadi fəaliyyət meydançasına çevrilməməlidir

İşğaldan azad edilmiş ərazilərdə yuxarıda qeyd edilən təhlükəsizlik mexanizmlərinin yaradılması şərti ilə infrastrukturun, təyinatından asılı olaraq, aşağıdakı model və mənbələr üzrə maliyyələşdirilməsi tövsiyə edilir.

Əsas sosial infrastrukturun, o cümlədən yollar, körpülər, tunellər, kommunal xidmətlər, təhsil və səhiyyə infrastrukturunun büdcə və büdcədən kənar fondlar tərəfindən maliyyələşdirilməsi daha yaxşı olar. Amma bu zaman, xüsusilə də səhiyyə müəssisələrinin inşasında TİT (Tik-İdarə et-Təhvil ver) modeli tətbiq edilə bilər. Mövcud icbari tibbi sığorta modeli, maliyyələşdirmə yanaşması və səhiyyə xidmətləri sahəsində müəyyən təminatlar (müştəri və yaxud dövriyyə təminatı) qarşılığında özəl sektorun prosesə cəlb edilməsi mümkündür. Bu zaman Türkiyə təcrübəsinin təkmilləşdirilmiş forması gözdən keçirilə bilər.

TİT modelinə tarixi-mədəni abidələrin də bərpası zamanı müraciət edilə bilər. Dövlət tərəfindən hazırlanan eskizlər və layihələr nəzərə alınmaqla müvafiq abidələr, əlbəttə ki, uyğun olanlar özəl sektorun vəsaiti ilə təmir-bərpa edilə bilər. Bunun əvəzində həmin abidə sahibkarlıq məqsədləri (ziyarətlərin təşkili, iaşə xidmətlərinin göstərilməsi və s.) üçün əvvəlcədən müəyyən edilmiş müddətdə investorun istifadəsinə verilə bilər.

Dövlət vəsaitlərindən istifadədən imtina olunmalıdır

Hələ ki, eyni tendensiya müşahidə olunmaqdadır—Şuşa şəhərində inşası planlanan 24 binalıq yaşayış massivində iaşə obyektlərinin də dövlət vəsaitləri hesabına tikilməsi nəzərdə tutulur. Halbuki, dövlətin ən səmərəsiz idarəedici olması və vəsait qıtlığı nəzərə alınmalı, Qarabağın iqtisadi insfrasturkturu tam olaraq, özəl sektorun vəsaitləri hesabına yaradılmalıdır. Təbii ki, bu məqsədlə dövlət xüsusi dəstəkləyici və təşviqedici alətlərdən istifadə edə bilər.

Yaxşı xəbər odur ki, Azərbaycan Respublikası prezidentinin “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamında (10 dekabr, 2021) müəyyən edilmiş öhdəliklər çərçivəsində Nazirlər Kabineti aşağıdakı istiqamətlərdə təkliflər hazırlayır:

Özəl sektorun prosesə aktiv cəlb edilməsi həm məhdud dövlət vəsaitlərinin daha əhəmiyyəti məqsədlərlə istifadə edilməsinə imkan yaradır, həm də səriştəsiz idarəetmədən qaynaqlanan keyfiyyətsiz xidmət və qeyri-rentabelli fəaliyyət risklərindən sığorta olunmaq imkanı verir.

Tarixi və mədəni irsin bərpasında isə xarici və yerli donorlar, o cümlədən Qarabağ Dirçəliş Fondu və ictimai təşkilatların resurslarının səfərbər edilməsinə ehtiyac var. Bunun üçün xarici təşkilatların ölkədə sərbəst fəaliyyətinə imkan yaradılmalı, büroktarik əngəllər aradan qaldırılmalıdır.

Torpaqların yaxşılaşdırılması, asudə vaxtın təşkili infrastrukturunun yaradılması, ərazilərin tullantılardan təmizlənməsi, işarələnməsi kimi layihələrdə birgə maliyyələşdirmə (dövlət, özəl və qeyri-kommersiya təşkilatlarının birgə iştirakı) modelindən istifadə edilə bilər.

Yuxarıda sadalanan maliyyələşdirmə yanaşması işğaldan azad edilən ərazilərin daha sürətli və səmərəli bərpası imkanlarını təmin etməklə yanaşı, yüz minlərlə azərbaycanlının öz doğma yurdlua daha erkən qayıtmasına şərait yaradar. Həmçinin, tarixi səhvlərdən nəticə çıxarmaqla, həmin ərazilərdə əhalinin strukturunun azərbaycanlıların xeyrinə dəyişdirilməsi dövlət qarşısında dayanan mühüm çağırışlardan biridir.

Xəbərləri izləmək üçün Açıq Azərbaycanın telegram kanalına abunə olun: https: //t.me/openazerbaijan