Bakir Narimanoglu

Freelance Journalist

LAVROVUN GƏLIŞI BAKIYA NƏ GƏTIRDI?

29.06.2022 / Rusiyalı nazirin ən faydalı bəyanatı


Azərbaycan prezidenti İlham Əliyev Rusiya xarici işlər naziri Sergey Lavrovu qəbul edib. 23.06.2002



Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov İrəvan və Tehran səfərindən sonra—23 iyunda Bakıya gəldi. Səfər iki ölkə arasındakı münasibətlərin bir o qədər də yaxşı olmadığı dövrə təsadüf edir…

S.Lavrovu ilk olaraq Azərbaycan prezidenti İlham Əliyev qəbul etdi və hər şeydən əvvəl bu il, fevralın 22-də (Rusiyanın Ukraynaya hərbi təcavüzündən 2 gün öncə) iki ölkə arasında imzlanan müttəfiqlik bəyannaməsini xatırlatdı: “Bu ilin əvvəlində Moskvada Müttəfiqlik Qarşılıqlı Fəaliyyət haqqında Bəyannamənin imzalanması bizim münasibətlərə, münasibətlərimizin yeni mərhələsinə yaxşı start, belə müsbət ahəng, dinamika verdi. Hesab edirəm ki, bizim münasibətlərimizin gələcək inkişafı üçün bu əsas sənəd çoxillik, çox səmərəli əməkdaşlığın gözəl yekunudur. Bəyannamənin müddəalarının implementasiyası çərçivəsində artıq xeyli iş görülüb. Əminəm ki, sizin səfəriniz çərçivəsində bu istiqamətdə yeni addımlar atılacaq”.

S.Lavrov isə, “Bütövlükdə, həmin sənəd bizim münasibətlərimizin yeni keyfiyyətini, bütün əvvəlki illər ərzində toplanmış müsbət təcrübəni təsbit etdi. Biz iki prezidentin bu bəyannaməni icra etmək, onu sektoral şəkildə həyata keçirmək, digər razılaşmaları artıq praktiki səviyyədə reallaşdırmaq barədə tapşırıqlarını yerinə yetirmək əzmindəyik” dedi. Amma...

Rusiya “müttəfiqliyi” dəfələrlə pozub

Sözgüdən sənədin elə ilk maddəsi (“Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qurur”) bu günlərdə dəfələrlə pozulub. Xatırlayaq:

  1. Rusiyanın Müdafiə Nazirliyi martin 7-də yaydığı bəyanatında Ukraynaya yardım göstərən ölkələr və separatçı rejimlərin adını açıqlayarkən "Dağlıq Qarabağ" ifadəsini də işlədib.
  2. Rusiya Müdafiə Nazirliyinin Fərrux kəndi ətrafında yaranan vəziyyətlə bağlı açıqlamasında deyilir: “Martın 24-dən 25-dək Azərbaycan Respublikasının silahlı qüvvələri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannaməsinin müddəalarını pozaraq, Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağdakı məsuliyyət zonasına daxil olub, müşahidə postu qurublar.” Göründüyü kimi, Rusiya rəsmi orqanı yenə “Dağlıq Qarabağ” ifadəsini işlədir, üstəlik kəndin adını Furux kimi qeyd edir, bu yaşayış məntəqəsində azərbaycanlıların “Dağlıq Qarabağ silahlı qüvvələrinə” zərbə endirdiyini bildirir.
  1. İyunun 8-də Ermənistanın baş prokuroru Qarabağa səfər edib. Bu səfərin məsuliyyəti Azərbaycan ərazisinə yerləşdirilmiş Rusiya sülhməramlılarının boynundadır.
  2. Özünü Azərbaycan ərazilərindəki qanunsuz qurumun nümayəndəsi kimi təqdim edən şəxsin Rusiyanın “RİA-Novosti” agentliyinə müsahibəsinin yayımlanmasıda cəmiyyətin narazılığına səbəb oldu və müsahibə agentliyin saytından yığışdırıldı, sayt Azərbaycanda bloklandı. (Son günlər bəzi Azərbaycan saytları da Rusiyada bloklanıb).

Rusiya ilə Azərbaycan arasında ən son gərginlik “Sputnik Azərbaycan”la bağlıdır. Saytın baş redaktoru Veronika Antonova-Trizno və onun həyat yoldaşı, “Sputnik Azərbaycan”ın prodüseri Pavel Antonovun ölkədə iş icazəsi vaxtının uzadılmasından imtina edilib. Bu informasiya vasitələriylə bağlı gərginliyin nəticəsi olaraq, iki ölkə arasında yeni saziş imzalandı.

İnformasiya təhlükəsizliyi sahəsində saziş

S.Lavrov azərbaycanlı həmkarı ilə birgə keçirdiyi mətbaut konfransında bildirdi ki,kütləvi informasiya vasitələri ilə bağlı mövzunu Azərbaycan prezidenti ilə müzakirə edib: “Bu və ya digər tərəfin qəbul etdiyi qərarın səbəbləri barədə anlayışımız var. Tərəflərin gətirdiyi nümunələri bilirik. Bizim ümumi anlayışımız var ki, bir-birimizin qanunlarına hörmət əsasında və bu qanunlara söykənən informasiya azadlığı prinsipi əsasında biz hər iki ölkənin aparıcı KİV rəhbərlərinin xüsusi tədbirlər silsiləsini keçirəcəyik, bir-birimizin ərazisində hadisələri necə işıqlandırdığımız barədə açıq danışacağıq. Razılaşmışıq, bu məsləhətləşmələri Xarici İşlər Nazirliyinin himayəsi altında təşkil edəcəyik.”

İyunun 24-də “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında saziş” də imzalandı. Siyasətçilər bu sənədin əhəmiyyətli olduğunu söyləyirlər.

Azərbaycan əleyhinə mümkün təhdidlər bloklanacaq

APA-nın Analitik Xidməti sazişi belə qiymətləndirir: “Lavrovun Azərbaycana səfəri bir çox cəhətdən əlamətdar oldu və bunlardan ən vacibi heç şübhəsiz iki ölkə arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlığa dair sazişin imzalanmasıdır. Yaxından tanış olarkən sazişin çox böyük əhəmiyyətə malik olduğunu söyləməliyik. İnformasiya təhlükəsizliyi sahəsində mövcud təhdidlərin qarşısının effektiv şəkildə alınması məqsədilə imzalanmış sazişdə informasiya təhlükəsizliyinin təmin olunmasına əsas təhdidlər sırasında dövlətlərin suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünün pozulmasına yönəlmiş aktlar, mühüm informasiya infrastrukturu obyektlərinə kompüter hücumları, terrorçuluğun təbliğatı və terror məqsədləri, dövlətin daxili işlərinə qarışmaq və ictimai qaydanın pozulması, millətlərarası, irqlərarası və konfessiyalararası ədavətin qızışdırılması, separatçılığın və ekstremizmin, nifrət və diskriminasiya yaradan, zorakılığa və qeyri-sabitliyə təhrik edən irqi və ksenofobiya fikirlərinin təbliğ olunması, vətəndaşların həyatına və təhlükəsizliyinə təhdid yaradan və ya ağır nəticələrə səbəb olan hallar haqqında bilərəkdən yalan məlumatın etibarlı mesajlar adı altında açıq şəkildə yayılması və digər hallar aid edilir... Sənədin müddəaları belə qənaətə gəlməyə əsas verir ki, saziş Rusiya informasiya məkanından Azərbaycan əleyhinə mümkün təhdidləri bloklayacaq. Saziş erməni lobbisinin və Ermənistanın Rusiyanın informasiya məkanında Azərbaycana qarşı fəaliyyətinə zərbə, Ermənistanın Rusiya mediasında anti-Azərbaycan fəaliyyətinə əsaslı maneə olacaq.”

Minsk qrupu ilə Lavrov da sağollaşdı

Bakıdakı mətbuat konfransında S.Lavrov ATƏT-in Minsk qrupu ilə bağlı Azərbaycanın mövqeni sərgiləyib. S.Lavrov azərbaycanlı həmkarı ilə danışıqlarda ATƏT-in Minsk qrupunu müzakirə etmədiklərini, qrupun fəaliyyətinin ABŞ və Fransanın təşəbbüsü ilə dayandırıldığını qeyd edib: “Biz postmünaqişə həll prosesini, əlbəttə ki, müzakirə etdik. Bu yeni prosesin bazası Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatıdır. 2020-ci ilin sentyabr, oktyabr aylarından sonra münaqişənin nizamlanması ilə bağlı həmin dövrə qədər işlənib hazırlanan sənədlər artıq, necə deyərlər, arxada qaldı. Bu, obyektiv reallıqdır. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin bəyanatı hamı tərəfindən yerdə qalan məsələlərin həlli istiqamətində hərəkət etmək üçün əsas kimi tanınır. Ona görə biz bu mövqedən çıxış edirik. Başa düşdüyüm kimi, bu reallığı bizim avropalı qonşularımız da qəbul edir, Avropa İttifaqının səylərini yerdə qalan tapşırıqların həllinə sərf etməyə çalışır. Lakin onların hamısı qəbul edir ki, bu tapşırıqlar mənim xatırlatdığım üçtərəfli sənəddə qeyd olunub və həmin sənədlər Minsk qrupunun fəaliyyəti ilə, həmin qrupun indiyə kimi gördüyü işlərlə heç bir şəkildə bağlı deyil (yekun məqsəd istisna olmaqla). Yekun məqsəd isə Qarabağı əhatə edən rayonların azad olunması və Qarabağın və onun əhalisinin həyat fəaliyyətiylə bağll məsələləri həll etmək idi”.

ABŞ dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə bürosunun "Twitter" hesabında verilən məlumata görə, ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri amerikalı həmkarının Qarabağla bağlı müzakirənin keçirilməsinə dair təklifini qəbul etməyib.

II Qarabağ müharibəsindən sonra Bakı dəfələrlə ATƏT-in Minsk qrupunun fəaliyyətinə ehtiyac qalmadığını bəyan edib.

“Lavrovun bizim üçün yeganə faydalı bəyanatı…”

Poltoloq Elxan Şahinoğlu deyir ki, S.Lavrov Bakıdakı açıqlamalarında Azərbaycanla Ermənistan arasındakı mövcud durumu müsbət dəyərləndirməyə çalışdı, sanki bütün istiqamətlərdə irəliləyiş var: “Halbuki, müharibənin bitdiyi il yarımda ortada nə sülh sazişinin mətni, nə ərazi bütövlüklərinin qarşılıqlı tanınması, nə kommunikasiya xətlərinin açılması, nə də sərhədin müəyyənləşməsi var. S.Lavrovun Bakıda bizim üçün yeganə faydalı bəyanatı Minsk qrupunun bundan sonra fəaliyyətinin mümkün olmadığını təkrar bəyan etməsiydi. Bu da sırf Ukraynadakı müharibə və Qərbin Rusiyaya qarşı sanksiyalarıyla əlaqəlidir”.

E.Şahinoğlu əlavə edir ki, Azərbaycan Rusiya ilə gərginlik istəmir: “Azərbaycana qarşı təxribatlar etməsinlər, əleyhimizə reportajlar yaymasınlar, erməni separatçılarını müxtəlif yollarla cəsarətləndirməsinlər, 3 il yarımdan sonra da 2020-ci il 10 noyabr bəyanatına görə hərbçiləri məmləkətimizi tərk etsinlər. Bunlara riayət edilərsə, münasibətlərdə gərginlik olmaz, əks halda Lavrov hər ay Bakıya gəlib, lehimizə təriflər yağdırsa belə nəsə dəyişməyəcək”.

Xəbərləri izləmək üçün Açıq Azərbaycanın telegram kanalına abunə olun: https: //t.me/openazerbaijan