Erkin Gadirli

REAL Assembly Member

KEMEROVODAKI FACIƏ VƏ RUSIYANIN FACIƏSI

28.03.2018 / Bu ölkənin strateji mədəniyyəti yolsuzluq, sahibsizlik və məsuliyyətsizlik üzərində qurulub

Kemerovo şəhərində baş vermiş faciə haqqında çox yazıldı, yazılmalıydı da. Bu qədər insanın, özəlliklə uşaqlaın ölümü, kimsəni biganə qoya bilməz. Bununla belə, Rusiya üçün bu faciə nə birincidir, nə təkdir, nə də sonuncudur. Çox təəssüf, amma belədir.

"Strateji mədəniyyət" adlanan bir anlayış var. Daha çox beynəlxlaq münasibətlərdə istifadə olunur, amma onun miqyasını kiçiltmək olur. Bu anlayışın özülündə insana münasibət yatır. Rusiyada insana münasibət heç zaman yüksək olmayıb. Bu, bir tək Rusiyanın, ya da onun təsiri altında olan ölkələrin problemi deyil. Amma burada söhbət Rusiyadan getdiyindən, bu ölkənin örnəyində izah etməyə çalışacağam.

Strateji mədəniyyəti mentalitetlə qarışdırmayın. Bu anlayışın içinə aldığı və üzərində durduğu gümanlar, duyğulardan və düşüncələrdən çox qırağa çıxır, uzağa gedir. Buraya coğrafi yerləşmə, iqlim, məsafə, idarəetmə və s. kimi amillər aiddir.

Rusiyanın üç ən böyük şəhərləri bunlardır: Moskva (əhalisi 12.4 milyon), Sankt-Peterburq (5.3 milyon) və Novosibirsk (1.6 milyon). Sıralamada üçüncü olan şəhərin əhali sayına baxarsaq, o boyda ölkədə böyük şəhərlərin sayı çox olmadığı aydın görünür. Rusiyanın bu ölçüyə görə üçüncü böyük şəhəri Bakıdan az qala iki dəfə kiçikdir. Bu, önəmli amildir. Mədəniyyət - şəhər ortamıdır (kənddə təbiət, şəhərdə mədəniyyət). Bu, bütün zamanlar və məkanlar üçün keçərlidir.

Yanlış anlaşılmasın deyə, burada bir şeyi ayrıca vurğulamağa gərək var. "Mədəniyyət", anlayış olaraq, iki hissədən ibərətdir: kültür və folklor. Şəhər mədəniyyəti haqqında danışanda, söhbət kültürdən gedir. Kəndlərdə də mədəniyyət olur, təbii ki, amma oradakı mədəniyyət folklordur. Bu mövzuda bizi folklor maraqlandırmır. "Strateji mədəniyyət" anlayışının mentalitetdən daha bir fərqi bundadır - burada folklor nəzərə alınmır.

Rusiyada, Avropadan fərqli olaraq, şəhər mədəniyyəti üstün siyasi mədəniyyətə çevrilə bilməyib. Bunun səbəblərindən biri - böyük şəhərlərin arasında uzaq məsafələrdir. Moskvayla Sankt-Peterburq arasında məsafe 700 kilometrdən bir qədər çoxdur, Moskvayla Novosibirsk arasındakı məsafe isə 3000 kilometrdən bir qədər çoxdur. Yollar da rahat yerlərdən keçmir - buzluqlar, meşələr, bataqlıqlar və s. Uzaq məsafələr, keyfiyyətsiz yollar və nəqliyyat Rusiyanın içində şəhərlərarası ünsiyyətin qarşısını alır, ticarəti yavaşladır, yükdaşımaları bahalaşdırır, özünü-idarəetmənin inkişafını çətinləşdirir, mərkəzdən (Moskvadan) asılılığı gücləndirir, münasibətlərin hüquqdoğurabilənliyini azaldır (zəiflədir) və s. Belə bir ortamda Rusiyanın strateji mədəniyyəti üç özül daşı üzərində qurulmuş olur: yolsuzluq (бездорожье), sahibsizlik (бесхозяйственность) və məsuliyyətsizlik (безответственность).

Rusiya, tarix boyu bu problemlərin acısını yaşayıb, onları həll etməyə girişəndə də daha böyük problemlər yaradıb. Bu problemlərin yekun nəticəsi isə hər zaman eyni olub - insana verilən dəyərin aşağı olması. Rusiya, tarix boyu görməyə çalışdığı bütün işlərdə - tikintilərdən tutmuş savaşlara qədər, əkin-biçindən tutmuş texnoloji yeniliklərin tətbiqinə qədər, məişətdən tutmuş siyasətə qədər - insana vasitə kimi də deyil, təbii resurs kimi yanaşıb, ona görə də insana yüksək dəyər verə bilməyib. Burada həm sistem problemləri, həm də keçilmiş yoldan asılılıq var.

Rusiyanın imperiyalist siyasətində də bunun mənfi təsirini görmək olur. Rusiya, hər dəfə ərazilərini genişləndirməyə girişəndə, ona qədər sahib olduğu əraziləri düzəməlli idarə edə bilməyib. Nəticədə, tutduğu yeni ərazilərə yanlış təcrübələr gətirib. Bu isə başqa mövzudur, onun haqqında ayrıca yazmaq gərəkdir.

Yazı müəllifin Facebook səhifəsindən götürülüb