Rashad Hasanov

Economic Expert

İQTISADI AZADLIQ YOXDURSA, QARABAĞA SƏRMAYƏ NECƏ CƏLB OLUNACAQ?

03.03.2022 / İqtisadi Azadlıq İndeksində Azərbaycanın əksər göstəriciləri pisləşib

Pandemiya və onunla mübarizə tədbirlərinin fundamental azadlıqlara mənfi təsiri beyin mərkəzlərinin müzakirə etdiyi əsas məsələlərdəndir. “Freedom House” təşkilatının pandemiyanın demokratiya və insan haqqlarına nüfuzu ilə bağlı yeni araşdırmasının (GQR sorğu şirkəti ilə birgə hazırlanıb) nəticəsi belədir: “COVID-19 pandemiyası demokratiya üçün böhranı bütün dünyada gücləndirib”.

Bəzi hökumətlər pandemiyanı fürsətə çevirərək mahiyyətindən irəli gələn mexanizmləri tətbiq edirsə, digərləri davranış qaydalarını dəqiqləşdirə bilmədiklərindən, üçüncülər isə çoxluğa qoşulmaqla qeyri-azad qərarlar qəbul edirlər.

Nəzəri təhlil və praktik qiymətləndirmələrdə demokratiyanın tədricən zəifləməsinə səbəb həm də avtokratiyaya daha güclü meyllənmə ilə xarakterizə olunur. Bu prosesin simptomları pandemiyadan əvvəl müşahidə edilməyə başlayıb. Keçmişdə avtokratiyadan demokratiyaya rəvan keçid edən ölkələrin də geriyə sürüşməsi riski ilə üzləşməsinə dair iddialar var.

Heritage Fondunun son hesabatı təməl azadlıqların sarsılması ilə əlaqədar narahatlıqları haqlı çıxardı. Sənəd--dünyada iqtisadi azadlığın hazırki durumunu əks etdirən “2022-ci ilin İqtisadi Azadlıq İndeksi” bütün ölkələrdə, o cümlədən Azərbaycanda iqtisadi azadlıqlar sahəsində geriləmədən danışır və bu geriləmənin hesabatın ilk nəşrindən bu yana ən yüksək həddə çatdığını göstərir.

“İqtisadi Azadlıq İndeksi” 1995-ci ildə Heritage Fondu və “Wall Street Journal” tərəfindən yaradılmışdır. Hesabat iqtisadi azadlıqların dərəcəsini ölçür, dövlətin nəzarət etdiyi iqtisadi mühit elementlərinin 4 müxtəlif sahəsini qiymətləndirir:

- Qanunun aliliyi;
- Dövlətin ölçüsü;
- Tənzimləmənin səmərəliliyi;
- Bazarın açıqlığı.

İqtisadi azadlıq 0-100 balla qiymətləndirilir və “0” bal “heç bir iqtisadi azadlıq yoxdur”, “100” bal isə “tam iqtisadi azadlıq var” mənasını verir.

Azərbaycan iqtisadi azadlıqların zəiflədiyi ölkələr sırasındadır

“2022-ci il İqtisadi Azadlıq İndeksi”ndə Azərbaycan 61.6 balla dəyərləndirilib, 177 ölkə arasında 75-ci, Avropa regionunda isə 37-ci yerdə dayanır. Azərbaycanın topladığı bal dünya üzrə ortalamanın üzərində olsa da, Avropa regionunda orta göstəricidən aşağıdır. Azərbaycan ilk dəfə 2013-cü ildə dünya ortalamasının üzərinə yüksəlmişdi. Sonralar eniş oldu və yalnız indi--2022-ci ildə ölkədə iqtisadi azadlıqların səviyyəsi dünya ortalamasına maksimum yaxınlaşıb. Ancaq dünya üzrə orta göstərici cəmi 60 baldır.

Azərbaycanın İqtisadi Azadlıq İndeksində göstəriciləri

Siyahıya müqayisə üçün baxanda Gürcüstanın 71.8 balla 26-cı, Estoniyanın 80 balla 7-ci, Litvanın isə 75.8 balla 17-ci yerdə qərarlaşdığını görürük.

Sənəddən aydın olur ki, Azərbaycanın “vergi yükü”, “dövlət xərcləmələri”, “fiskal sağlamlıq”, “monetar azadlıq”, “maliyyə azadlığı” kimi indikatorlar üzrə mövqeyi dünya ortalaması ilə müqayisədə yaxşı səviyyədədir. Azərbaycanın mövqeyinin zəifləməsinə təsir edən “məhkəmələrin effektivliyi”, “dövlətin bütövlüyü”, “biznesin azadlığı” və “mülkiyyət hüquqları” indikatorlarıdır. Məsələn, məhkəmələrin effektivliyi indikatoru üzrə orta bal 45.3-dür, Azərbaycan 15.9 bal alıb. Bu sahədə qeyri-müstəqil status, korrupsiyalaşma, məmurların cəzasızlığı əsas problemlər hesab edilir və son nəticədə Azərbaycan “əsasən azad” ölkələr sırasından “orta azad” ölkələrin sırasına enir. Başqa sözlə, “2022-ci il İqtisadi Azadlıq İndeksi” Azərbaycanın investisiya cəlbediciliyini itirməkdə olduğunu göstərib. Həm də belə həssas dönəmdə—ölkənin Qarabağın bərpasına investisiya cəlb etmək istədiyi dövrdə...

İnvestisiyalar azalır

Rəsmi məlumatlara görə, Azərbaycanda əsas kapitala investisiya qoyuluşu 2020-ci ildə 7.3%, 2021-ci ildə isə 8.2% azalıb. Müvafiq tendensiya qeyri-neft sahəsində özünü daha sərt şəkildə göstərib. Bu sahə üzrə əsas kapital sərmayələrində 2020-ci ildə 11.6%, 2021-ci ildə isə 9.6% azalma baş verib.

2021-ci ildə xarici investisiyalar hesabına əsas kapitala sərmayə qoyuluşları 4.3 milyard manat olub ki, bu da əvvəlki ilə nisbətən 15.3% azalma deməkdir.

Mərkəzi Bankın məlumatına görə qeyri-neft sektoruna qoyulan birbaşa xarici investisiya 2020-ci ildə 34.9% azalıb, 2021-ci ilin ilk üç rübündə cəmi 16.5% artaraq, ümumilikdə 579.3 milyon dollar olub.

Göründüyü kimi, iqtisadiyyata sərmayə qoyuluşlarında bütün mənbələr üzrə xroniki azalma müşahidə olunur.

Qarabağa sərmayə lazımdırsa...

Pandemiya və postpandemiya dövründə investisiya imkanlarının qlobal səviyyədə azalacağı və bu istiqamətdə rəqabətin daha kəskin xarakter alacağı gözlənirdi.

Belə bir dönəmdə Azərbaycan hökuməti qarşısında dayanan əsas çağırışlardan biri işğaldan azad edilən ərazilərin bərpasına investisilya cəlb etməkdir. İlkin hesablamalar göstərir ki, növbəti 10 ildə Qarabağda sosial infrastrukturun bərpasına 25-40 milyard manat vəsait lazım olacaq. Kütləvi informasiya vasitələrində yayılan məlumatlara görə, növbəti 10 ildə iqtisadi fəaliyyətlərin təşkili və inkişaf etdirilməsi məqsədi ilə 40-50 milyard dollar (68 – 85 milyard manat) həcmində özəl və xarici investisiyaya ehtiyac ola bilər.

Ancaq bu çağırışa cavab verməkdən ötrü hökumətin iqtisadi siyasətini təkmilləşdirməsi, liberal dəyərlərin inteqrasiyanı sürətləndirməsi gərəkdir. İnvestisiya cəlbediciliyinin artırılmasını tələb edən digər mühüm məsələ, ölkə iqtisadiyyatının zəif şaxələnməsi və resurs gəlirlərinin davamlı azalması kimi kritik problemlərin həllidir. Növbəti illərdə iqtisadiyyata sərmayə qoyuluşları dövlət sektorundan özəl sektora mərhələli formada transformasiya edilməlidir, əks halda dayanıqlı iqtisadi artımın təmin edilməsi daha da çətinləşəcək.

Bütün bunlardan bir nəticə çıxır: Azərbaycan hökuməti digər ölkələrin hökumətləri ilə müqayisədə daha çox səy göstərilməli, investisiya mühitinin yaxşılaşdırılması və iqtisadi azadlıqlıqların təmin edilməsi istiqamətində ciddi iş görməlidir. Ancaq proseslərin dinamikası atılan addımların özünü hələ ki, doğrultmadığını, yaxud cari çağırışlara adekvat olmadığını göstərir.

Hökumətin beynəlxalq reytinqlərə münasibəti

Beynəlxalq təşkilatlar, bu təşkilatlar tərəfindən hazırlanan hesabatlar/reytinqlər Azərbaycan rəsmilərinin tənqid mövzusuna çevrilir, beynəlxalq qurumlar ikiüzlülükdə, diskriminativ yanaşmalarda günahlandırılır. Lakin qlobal reytinqlərin nəticələri və onların yaxşılaşdırılması Azərbaycan hökumətinin diqqət mərkəzində qalır. 2015-ci il böhranından sonra bu istiqamətdə səylər artıb. Məsələn, 2019-cu ildə rəqabət prinsiplərinə əsaslanacaq biznes mühitini inkişaf etdirmək, investisiya cəlbediciliyini artırmaq, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq məqsədi ilə “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya” yaradılıb. Və “İqtisadi Azadlıq Hesabatı” bu komissiyanın əsas fəaliyyət istiqamətlərinə daxil edilən 4 mühüm reytinqdən biridir.

Bununla belə, hökumətin diqqətində olmasına baxmayaraq, ölkənin müvafiq indikator üzrə mövqeyi zəifdir və bu haqlı narahatlığa səbəb olur. Çünki belə reytinqlər investisiya cəlbediciliyinə əhəmiyyətli təsirə malikdir.

Çıxış yolu var

Nəzərə alsaq ki, post-pandemiya, post-işğal və post-neft kimi amillər Azərbaycan üçün tarixi dönüm nöqtəsi yaratmışdır. Yeni iqtisadi çağırışlar daha dəqiq qiymətləndirilməli, siyasətin bu çağırışlara uyğunlaşdırılması hökumətin qarşısında dayanan prioritetlərdən olmaldır. Bu zaman ilk növbədə hökumət bütün maraqlı tərəfləri islahatların səmimiliyinə inandırmalıdır. Həmçinin iqtisadi islahatlar siyasi, institusional və sosial islahatlarla paralel şəkildə aparılmaldır. Məhkəmə institutunun möhkəmləndirilməsi, mülkiyyət hüququnun təkmilləşdirilməsi və toxunulmazlığın gücləndirilməsi, biznes mühitin liberallaşdırılması, tənzimləmə funksiyasının təkmilləşdirilməsi islahatların əsas istiqamətləri olmalıdır.