Rashad Hasanov

Economic Expert

İNKLÜZIV IQTISADI MODELƏ KEÇID NƏYI DƏYIŞIB, NƏYI DƏYIŞMƏK LAZIMDIR?

02.06.2022 / Yüz minlərlə əlil işsiz qalır


Açıq mənbələrdən foto



2021-ci ilin əvvəlinə ölkədə 614.7 min nəfərdən çox əlilliyi olan vətəndaş qeydə alınıb (52 min nəfəri 18 yaşdan aşağıdır). Yəni, əhalinin hər 100 nəfərindən 6-sı fiziki məhdudiyyətlidir. Bu qrupa daxil olan insanların sosial təminatının zəif olması ölkədə ən azı 6% yoxsulluq riski deməkdir. Əmək qabiliyyətli əlillərin sayının 500 min nəfərdən çox, ya da məşğul əhalinin 9.4%-ni təşkil etdiyini nəzərə alsaq, bu insanların işlə təmin edilməməsi inkluziv iqtisadiyyatın yaradılması hədəfi üçün ciddi riskdir.

Statistik göstəricilərin strukturu hazırda işsiz əlillərin sayının, yaxud xüsusi çəkisinin müəyyən edilməsinə imkan vermir. Yerli medianın bir neçə il əvvəl apardığı araşdırmaya görə, fiziki məhdudiyyəti olan vətəndaşların təxminən 5%-i əmək bazarının iştirakçısıdır. Bu nisbəti əlilliyi olan şəxslərin bu günki sayına tətbiq etsək, 470 min nəfərdən artıq əmək qabiliyyətli adamın işləmədiyini iddia edə bilərik.

Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin məlumatına görə ölkədə gözdən əlilliyi olan insanların cəmi 2%-i işləyir. Təşkilat bildirir ki, “gözdən əlillər üçün təşkil olunan rabitə, masaj kurslarını bitirən 15 nəfərdən biri, ya da ikisi işlə təmin olunur. Onlar da müvafiq qurumlarda tanışı olanlardır".

Dövlət Statistika Komitəsinin apardığı seçmə statistik müayinənin nəticələrinə görə hazırda məşğul əlillərin 37.4%-i aqrar sektorda, 8.6%-i ticarət, 5.8%-i tikinti, 5.7%-i təhsil, 5.3%-i sənaye, 4.8%-i nəqliyyat sahəsində çalışır.

Digər seçmə statistika nəticələri göstərir ki, məşğul əlillərin 59.8%-i muzdlu çalışan, 23.2 %-i ailə kəndli təsərrüfatında və ya ailə müəssisəsində haqqı ödənilmədən çalışan, 12.5%-i isə fərdi qaydada sahibkarlıqla məşğul olan şəxslərdir. Onlardan 4.4%-i biznes sahibidir. Əlillərin məşğulluğunda dövlətin payı 35.5%-dən çox deyil.

Bəs hökumətin məşğulluq proqramları?

Bu gün Azərbaycan hökuməti məşğulluğun dəstəklənməsi üçün 4 əsas alətdən/mexanizmdən istifadə edir:

Hazırda bu proqramlardan ən populyarı özünüməşğulluq proqramıdır. Proqram çərçivəsində işsiz və yaxud işaxtaran kimi qeydiyyatdan keçən, aktiv əmək müqaviləsi, VÖEN-i, əyani ali təhsil alan tələbə statusu olmayan və əmək qabiliyyətli vətəndaşlar, o cümlədən əlilliyi olanlar təqdim etdikləri biznes planlara uyğun olaraq, müəyyən istehsal vasitələri—aktivlərlə təmin edilməli, həmin şəxslərin fərdi sahibkarlıq fəaliyyətinə başlamasına dəstək verilməlidir.

Dövlət səviyyəsində özünüməşğulluq proqramının icrasına 2016-cı ildən başlayıblar. Dövlət Məşğulluq Agentliyi 2021-ci ildə 1348 nəfər əlilliyi olan vətəndaşın özünüməşğulluq proqramına cəlb edildiyini bildirir. Ancaq proqramın icrasında problemlər də var; aktivlərin keyfiyyətsizliyi, təminetmədə gecikmələr, himayədarlıq və korrupsiya kimi neqativ hallar proqramın effektivliyinə zərər verir. Halbuki özünüməşğulluq proqramı dünya təcrübəsində, səmərəli və şəffaf idarəetmə şəraitində özünü doğrultmuş mexanizmlərdən biridir.

2020-ci ildən isə ölkədə sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi proqramına start verilib. Bu proqram çərçivəsində əhalinin həssas sosial qruplarını təmsil edənlərin işlə təmin edilməsi və bu halda dövlətin işəgötürənin əməkhaqqı fonduna yardım etməsi nəzərdə tutulur. Mexanizmin kifayət qədər mütərəqqi və təşviqedici olmasına baxmayaraq, yerli biznes bu imkanlardan geniş istifadə etmir.

Nəticədə bütün bu proqramlar əlilliyi olanların işsizlik probleminin həllinə, hələ ki, ciddi töhvə verməyib.

Aktiv mexanizmlərin nəyi yaxşıdır?

Əslində ölkə vətəndaşlarına, o cümlədən əlilliyi olanlara passiv sosial müdafiə mexanizmlərindənsə (ünvanlı sosial yardım, müavinət, prezident təqaüdü və s.) aktiv dəstək mexanizmlərindən (özünüməşğulluq, sosial iş yerlərində birgə maliyyələşdirmə) yararlanmaq faydalıdır. Çünki birinci halda insanın özünün və ailəsinin rifahı, təminatı qərarları verənlərin insafı və təşəbbüsündən asılı qalır. Ünvanlı sosial yardımın, müavinətin məbləği vətəndaşın fərdi bacarıqları və istəyi ilə artmır. Lakin əmək fəaliyyəti və sahibkarlıq fəaliyyətinə şərait yarananda vətəndaşın gəlirləri onun öz bilik və bacarıqları, təşəbbüskarlığı, əzmi və iradəsindən asılı olaraq arta bilir.

“Əmək qabiliyyətsiz” yazmasaq...

I qrup əlilliyi olanların tibbi vərəqində adətən “əmək qabiliyyətsiz” sözləri yazılır, başqa sözlə vətəndaşın əmək qabiliyyətinin tam itirilməsi diaqnozu qoyulur. Bu, həmin şəxsin məşğulluq proqramlarından istifadə imkanını hüquqi cəhətdən məhdudlaşdırır. Çünki qanunvericlikdə özünüməşğulluq proqramından yalnız əmək qabiliyyətli vətəndaşların istifadə edə biləciyi müəyyən edilib. Təcrübədə vəziyyət tamamilə fərqlidir, “əmək qabiliyyətsiz” diaqnozu qoyulan şəxslərin əksəriyyətinin fərdi bacarıqları var, ya da müxtəlif peşələrə yiyələnmiş olurlar. Məsələn, yerimə qabiliyyətini tamamilə itirmiş (aşağı ətrafların hərəkətsizliyi) şəxslərin dərzi, qidaların hazırlanması, digital texnologiyaların idarə edilməsi, o cümlədən proqramların hazırlanması və idarə edilməsi və s. kimi sahələrdə bacarıqları olur. Çoxları bu bacarıqlarını müvafiq istehsal şərtlərinə (texnika və avadanlıqlara) sahiblənə bilmədiklərinə görə istifadə etmirlər. Avadanlıq problemiylə əlilliyi olmayan vətəndaşlar da üzləşir. Bu problemləri dövlətin dəstək mexanizmləri, o cümlədən özünüməşğulluq proqramından istifadə etməklə həll etmək olar. Lakin “əmək qabiliyyətsiz” sözləri əlilliyi olanların özünüməşğulluq proqramlarından istifadəsini mümkünsüz edir. Məsələn, “əmək qabiliyyətsiz” statusu olan birinə onun bacaracağı işi verən—işəgötürən qanunu pozmuş sayılır ki, bu da biznesin belə əlillərin məşğulluğunun təmin edilməsi prosesində iştirakına maneə yaradır.

Qeyd edilən məqamı—problemi nəzərə almaq, əlillik diaqnozunun qoyulması və əlilliyi olanın statusunun müəyyən edilməsi qaydalarını dəqiqləşdirmək, “əmək qabiliyyətsiz” və “məhdud əmək qabiliyyətli” ifadələrindən paralel istifadə etmək hamı üçün səmərəli olar. I qrup əlilliyi olanların özünüməşğulluq proqramından yararlanmasına, əmək bazarında iştirakına mane olan hüquqi əngəl aradan qalxar, həmin şəxslərin iqtisadiyyatda yaradılan əlavə dəyərdə iştirakı imkanı çoxalar (inkluzivlik), şəxsi rifahlarını şəxsi bacarıqları və təşəbbüsləriylə yaxşılaşdıra, sosial təminatlarını artıra bilərlər.

Əlilliyi olanlar bəzən 3 il, hətta daha çox gözləmək məcburiyyətindədirlər

Özünüməşğulluq proqramı icrasında ortaya çıxan digər mühüm problemlərdən biri aktivlərin gecikdirilməsidir. Proqram iştirakçıları ən çox bu problemdən şikayət edirlər. Bəzən gecikmələr 3 il , ya da daha çox çəkir. Bu, təkcə etirazlara yox, həm də təlimlər nəticəsində qazanılan biliklərin itirilməsinə, həyat planlamalarının dəyişməsinə və ümidsizliyə səbəb olur.

Dövlət qurumlarlarının izahatlarında gecikmələrə bir neçə səbəb göstərilir. Ən çox rast gəlinən problemlərdən biri rayonlar üzrə biznes-paketlərə ayrılan kvotalardır. Bəzənsə biznes-paketlər ayrıldığı halda həmin paketlərdən istifadə üçün müraciət edən olmur. Demək ki, biznes paketlərin ayrılması üzrə kvotaların regional tələblərə uyğunlaşdırılması gərəkdir. Yuxarıdan aşağıya planlamanı hazırki fiziki—aktivlər üzrə planlama modelindən fiskal—aşağıdan yuxarıya aktiv sifarişi planlaması ilə əvəzləməklə bu problemi də aradan qaldırmaq olar. Biznes paketlər təlimlərə cəlb edilənlərin seçdiyi fəaliyyət sahələri nəzərə alınmaqla, prosesin növbəti mərhələsində sifariş edilərək, alına bilər. Nəticədə biznes paketlərin tələbə uyğunlaşdırılmasına, özünüməşğulluq proqramının səmərəli və daha sürətli (gecikmə olmadan) təşkilinə, narazılıqların aradan qalxmasına, həmçinin dövlət vəsaitinin səmərəli istifadəsinə nail olmaq mümkündür.

Özünüməşğulluq proqramının davam etdirilməsi arzuediləndir. Lakin proqramın və dövlət vəsaitindən istifadənin səmərəliliyinin təmin edilməsi üçün müxtəlif tədbirlər görmək olar. Məsələn, kənar auditin, yaxud monitorinqlərin təşkili faydalı ola bilər. Monitorinqlər nəticəsində özünüməşğulluq proqramları çərçivəsində dəstəklənən biznes planların neçə faizinin uğurlu biznesə çevrildiyini müəyyənləşdirmək, proqramın maliyyələşdirilməsinə ayrılan vəsaitlər fonunda əldə edilən nəticələrin nə qədər səmərəli olduğunu bilmək olar.

Xəbərləri izləmək üçün Açıq Azərbaycanın telegram kanalına abunə olun: https: //t.me/openazerbaijan