Togrul Valiyev

Economist

ƏHALININ TƏBII QAZ XƏRCI 40% ARTIB

22.06.2022 / Səbəb təkcə qiymət deyil

2022-ci ilin yanvar-mart ayları ərzində qiymətlər 12,2% artıb, ərzaq məhsulları üzrə artım 17,5% təşkil edib (2021-ci ilin eyni dövrü ilə müqayisədə). Bu, rəsmi məlumatdır. Dövlət Statistika Komitəsinə (DSK) inansaq, qiymət artımı yanvar ayından bəri sabit olaraq 12,2-12,5% çərçivəsində qalır. Bu, Azərbaycan üçün böyük rəqəmdir. Mərkəzi Bankın 2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd olunur ki, “Pul siyasətinin son hədəfi—inflyasiyanın 4±2% dəhlizində idarə olunması dəyişməz qalır”.

Müşahidə etdiyimiz göstərici bu hədəfdən iki dəfə çoxdur

Azərbaycanda qiymət artımı bütün sahələri əhatə eləyib və səbəblərdən biri kommunal xərclərin çoxalmasıdır. Məsələn, ölkədə təbii qaz təchizatı tarifləri 2017-ci ildən bəri dəyişmirdi. Amma 2021-ci ilin ortalarından qiymət artımı başladı. Əvvəl təbii qaz təchizatında limitlərə yenidən baxıldı.

2019-cu ildə Tarif Şurası faktiki olaraq, istehlakçının xeyrinə qərar vermişdisə (limiti illik 1700 kubmetrdən 2200 kubmetrə kimi artırmışdı), 2021-ci ildə qiymət artımı fonunda artıq istehlakçı yox, daha çox istehsalçı və satış vasitəçilərinin mənafeyinə uyğun qərar çıxdı.

Cədvəl 1. Əhali qrupuna aid təsərrüfatların aylıq təbii qaz istehlakı (Azəriqaz)

2019-cu ildə verilmiş qərar istehlakçıların əsas qrupuna ciddi təsir etmirdi. DSK-nin məlumatına görə, hər bir istehlakçı bir kubmetrə görə ortalama 0,10 AZN ödəyirdi. Güzəştli tariflərlə qaz istehlak edən qrupun payı 300 min abonent artıb, ümumi abonent sayında 85% təşkil edirdi. 2021-ci ilin iyun ayında baş verən dəyişikliklər isə abonent qrupunun böyük hissəsinə təsirini göstərdi. Əhali qrupunda təmsil olunan ev təsərrüfatlarının 1 kubmetr təbii qaz təchizatına görə ödədikləri orta məbləğ 0,12 AZN-dən 0,16-ı AZN-ə kimi, yəni 33% artdı.

2021-ci ilin iyun ayında verilən qərara görə, artıq limitlər başqa cür formalaşırdı. Əvvəl iki tarif növü vardı: “illik 2200 kubmetrdən az” və “illik 2200 kubmetrdən çox”. Qərardan sonra üç tarif növündən istifadə edilməyə başladı: 0-1200, 1200-2500 və 2500-dən çox. Beləliklə, istehlakçıların 30-40%-i limiti keçənlərin sırasına daxil oldu.

2021-ci ilin oktyabrında isə güzəştli tariflə təbii qaz əldə edən şəxslər üçün tarifə yenidən baxmaq haqda qərar verildi. Nəticədə tarif 20% artırıldı. DSK-ya görə ev təsərrüfatlarının ortalama xərclərində bu, əlavə 6,25%-lik artımla nəticələndi.

Bəs real rəqəmlər istehlakçılara necə təsir etdi?

Bunu başa düşmək üçün biz Azəriqaz İstehsalat Birliyinin aylıq məlumatlarına baxaq. Ev təsərrüfatların təbii qaz təchizatı ilə bağlı xərclərini bu rəqəmlər əsasında hesablamağa çalışaq.

Aylıq məlumatlara görə, 2022-ci ilin ilk 4 ayı ərzində əhali arasında təbii qaz istehlakı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 50 milyon kubmetr azalıb (cədvəl 1). Əsas azalma (95 milyon kubmetr) fevralda müşahidə olunub. Azəriqaz İB rəhbərinin fikrincə, azalma bu ilin fevralında havaların nisbətən isti keçməsiylə əlaqəli ola bilər. Bunu Milli Hidrometeorologiya Xidməti də təsdiqləyir. Beləliklə, bu dövrdə əhali ümumi 2927 milyon kubmetr təbii qaz istehlak edib. Bu da bir ev təsərrüfatı üçün təxminən 1207 kubmetr deməkdir. 2021-ci ilin eyni dövründə bu göstərici 1262 idi. Belə çıxır ki, bir ev təsərrüfatına düşən orta istehlak keçən ildən bəri 4,4% azalıb.

Bəs necə olur ki, aylıq istehlak azalır, amma əhalinin xərcləri kəskin şəkildə artır? Səbəb limitlərlə bağlı dəyişiklikdir. Azəriqaz İB-nin məlumatına görə, 2021-ci ilin ilk 4 ayında limiti keçən abonentlərin sayı 122 min 500 olub. 2022-ci ilin ilk 4 ayında bu göstərici 510 min 751-ə qalxıb. Limitlərin 45% azaldılması nəticəsində, güzəştli tarifdən məhrum olan ev təsərrüfatlarının sayı 4,2 dəfə artıb. Rəqəmlərin şişməyinin digər səbəbi, əlbəttə, ən soyuq aylarının ilin əvvəlinə düşməsidir.

Nəticədə xərclər 40% artıb

DSK-nin ortalama tariflə bağlı məlumatlarına və Azəriqazın əhali qrupu üzrə göstərdiyi istehlak rəqəmlərinə əsaslansaq, görərik ki, 2021-ci ilin ilk 4 ayında əhalinin təbii qaz təchizatı ilə bağlı xərcləri 357,2 milyon manat təşkil etdiyi halda, 2022-ci ilin eyni dövründə bu göstərici 500 milyon manat olub. Başqa sözlə, əhalinin təbii qaz xərcləri 40% artıb (hətta ən minimal hesablamalara görə artım 13% təşkil edib).