Rashad Hasanov

Economic Expert

HƏBSƏ DÜŞƏN MƏMURLARIN ƏMLAKLARI KIMƏ ÇATIR?

29.04.2022 / Müsadirə aparılır, amma ...


Açıq mənbələrdən foto



Lənkəran Ağır Cinayətlər Məhkəməsi Kürdəmirin keçmiş icra başçısının əmlakının müsadirəsi haqda hökm verib. Kürdəmir Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı Ceyhun Cəfərova məxsus iki torpaq sahəsi müsadirə olunub: Türkan qəsəbəsində yerləşən 0,0370 hektarlıq torpaq sahəsi, Şüvəlan qəsəbəsində yerləşən 0,12 hektarlıq həyətyanı torpaq sahəsi. Həmçinin Baş Prokurorluğun depozit hesabında saxlanılan, C.Cəfərov tərəfindən ödənilmiş 102 min manat dövlət hesabına keçirilib. Beləliklə, 1986-2020-ci illərdə çilingərlikdən rayon icra hakimiyyətinin başçısı vəzifəsinə yüksələn, digər vəzifələri bir yana, 9 il icra başçısı kimi fəaliyyət göstərən C.Cəfərovdan müsadirə olunanların ümumi dəyəri 110-120 min manatdır. Çoxdurmu?

Müqayisə üçün daha kiçik vəzifələrdə çalışanlarla bağlı işlərə baxaq: Ötən il haqqında 10 il 6 ay həbs qərarı verilən Mehriban Rüstəmova (H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin keçmiş direktoru) 1 milyon manata yaxın vəsaiti mənimsəməkdə ittiham olunub. Yaxud bir neçə ay bundan əvvəl Binəqədi rayonu Biləcəri bələdiyyəsinin sabiq sədrinə dövlət büdcəsindən ayrılmış subvensiyadan 250 min manat mənimsədiyinə görə cinayət işi açılıb. Nizami rayon 117 saylı MİS rəisi (JEK) İsmayıl Mansurov isə vətəndaşdan mənzilində inşa edilən əlavə tikilinin sənədləşdirilməsini təmin etmək adı ilə 10 min 500 manat rüşvət aldığına görə cinayət işi başlanıb.

Keçmiş icra başçısı C.Cəfərov 2020-ci ilin avqustunda Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanmışdı. Onun haqqında Cinayət Məcəlləsinin:

Mətbuat C.Cəfərov haqqında onun həbsindən xeyli əvvəl yazırdı, onun digər məmurlarla əlaqələri, biznesləri, himayədarlıq etdiyi bizneslər, korrupsiya innovasiyaları, rüşvət zəncirləri və s. haqqında iddialar qaldırırdı. Yəqin buna görədir ki, həbs olunan məmurun ödədiyi rəsmi bədəl—110-120 manatlıq əmlakın müsadirəsi məhkəmələrə şübhə, sistemə etimadsızlıq yaradır.

Müsadirəyə qarşı tədbir əvvəldən görülür

Araşdırmalar göstərir ki, korrupsiya, rüşvət, mənimsəmə kimi ciddi ittihamlarla həbs olunan məmurların ödədikləri vəsaitin, müsadirə olunub dövlət hesabına keçən əmlaklarının dəyəri onların qanunsuz yollarla əldə etdikləri sərvətlərdən dəfələrlə azdır. Bəs bu necə mümkün olur?

Əmlakı müsadirədən yayındırmağın bir neçə yolu var:

  1. Özgəninmiş kimi göstərmək yolu ilə yayınma. Əldə edilmiş qanunsuz sərvət məmurun öz adına deyil, başqalarının adına rəsmiləşdirilir. Bu üsul Azərbaycan məmurları arasında çox rast gəlinən hallardandır. Əksər dövlət işçiləri, xüsusilə yüksək vəzifə sahibləri səlahiyyətlərindən istifadə nəticəsində əldə etdikləri qanunsuz vəsaitləri yaxınları, qohumları adına rəsmiləşdirməklə, onların adına əmlak almaq, biznes qurmaq və ya bank hesablarında yerləşdirməklə potensial təhlükələrdən-müsadirə riskindən yayınmağa çalışırlar. Məsələn, kütləvi informasiya vasitələrində yayılan məlumatlara görə Hacbala Abutalıbov Bakı şəhərinin meri olduğu illərdə əldə etdiyi milyonluq aktivləri qohumları və tanışlarının adına rəsmiləşdirib. Yaxud naməlum haker 2019-cu ildə "Cayman National Bank"a müdaxilə edərək, 2 terabaytlıq məlumat bazasını ələ keçirdikdən sonra məlum olub ki, keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun bütün obyektləri və şirkətləri 36 yaşlı oğlu Anarın və 31 yaşlı qızı Nərgizin adına rəsmiləşdirilib.
  2. Ölkə xaricinə çıxarma, izlərin silinməsi. Qanunsuz yollarla əldə edilən gəlirlərin qorunması yollarından biri, pulların ölkədən çıxarılaraq, hansısa pulyuma mexanizmləri və yaxud ofşor hesablara axıdılmasının təmin edilməsi, beləliklə, vəsaitlərin izlənilməsi imkanlarının məhdudlaşdırılmasıdır. Bu, məmurların əllərində olan səlahiyyətlərdən peşəkarcasına istifadə etməsi nəticəsində mümkün olur. Məsələn, Beynəlxalq Bankın həbsdə olan sədri Cahangir Hacıyevin 5 milyarddan artıq pulunu ofşorlara çıxardığı iddia edilir. Maliyyə Nazirliyinin rəsmisi bildirib ki, C.Hacıyevin göstərişləri ilə 3,7 milyard dollar və 1,1 milyard avro vəsait ölkədən çıxarılaraq (2 min dəfəyə), əksəriyyəti ofşorlarda yeni yaradılmış şirkətlərin borc kağızlarının alınmasına yönəldilib. Sonradan bu vəsaitlər çoxpilləli köçürmələr vasitəsilə son benefisiarı və ya benefisiarlardan biri C.Hacıyev olan layihələrə yönəldilib.
  3. İdxal imitasiyası. Oğurlanmış vəsaitlərin ölkədən çıxarılmasının digər mühüm alətlərindən biri, idxal imitasiyası yaratmaqla köçürmələr edilməsidir. Hansısa mal, yaxud xidmətlərin idxal edildiyi görüntüsü yaradılır, onların dəyəri dəfələrlə artıq göstərilir, beləliklə, geniş vəsaitlərin xaricə axınına qanuni don geydirilir. Həmin vəsaitlər sonradan əsl benefisiarın əlaqəli olduğu hesablara transfer edilir.

Məmurların qanunsuz yollarla əldə etdiklərinin dövlətin hesabına keçirilməsinin qarşısını alan təkcə bu yollar deyil. Mətbuatın tez-tez, qeyri-rəsmi mənbələrə əsaslanaraq yazdıqları məmur “vurulandan” sonra onun topladığı “qəniməti” digərlərinin bölüşdürdüyünə, nəticədə dövlətin yenə zərərli qaldığına inandırır.

Gəlir bəyannaməsi olsaydı...

Qanunvericiliyə görə məmurların dövlətdən, xüsusi ilə də büdcədən oğurladıqlarının hesabını Hesablama Palatası aparır. Bu qurum həmçinin həmin vəsaitlərin geri qaytarılmasında mühüm rol alır. Palatanın sədri 2020-ci ildə parlamentdə çıxışı zamanı bildirib ki, son illər aparılan nəzarət tədbirləri nəticəsində Hesablama Palatası tərəfindən 130,0 mln. manatdan çox vəsaitin həm pul, həm də natura şəklində bərpasına nail olunub. “Ümumilikdə 35 material hüquq-mühafizə orqanlarına göndərilib”. Ancaq palata rəhbərinin açıqladığı rəqəm də reallıqdan fərqlənir. Çünki hələ 2016-cı ildə yerli ekspertlər məmur-oliqarxlar tərəfindən ölkədən çıxarılan vəsaitlərin 100 milyard dollardan çox olduğunu iddia edirdilər. (Bu vəsait Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin gəlirlərindən 6.6 dəfə, Dövlət Neft Fonunun cari ehtiyatlarından (aktivlərindən) 2.2 dəfə çoxdur.)

Dünyanın bir çox ölkələrində korrupsiya, rüşvətxorluq kimi hallarla mübarizədə istifadə olunan ən effektiv alətlərdən biri “gəlir bəyannaməsi”dir. Belə bəyannamə gəlirlərin, sərvət yığımlarının izlənilməsinə şərait yaradır, qanunsuz gəlirlərin adsızlaşdırılması, yəni başqalarının adına rəsmiləşdirilməsi imkanını məhdudlaşdırır.

Xəbərləri izləmək üçün Açıq Azərbaycanın telegram kanalına abunə olun: https: //t.me/openazerbaijan