Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel Azərbaycan-Ermənistan liderlərinin son görüşünə dair açıqlama yayıb, müzakirələrin səmimi və məhsuldar olduğunu bildirib: “Biz bütün məsələlər toplusunu nəzərdən keçirdik. Humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi, məhbusların azad edilməsi və itkin düşmüş şəxslərin taleyinin həlli istiqamətində səylər barədə ətraflı müzakirə apardıq.”
Ş.Mişel Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla mayın 22-də Brüsseldə görüşüb. Bu, belə formatda üçüncü müzakirədir. Ş.Mişel mətbuata açıqlamasında müzakirələr haqda bir qədər detallı məlumat verib:
Sərhəd məsələləri
Yaxın günlərdə dövlətlərarası sərhəddə Sərhəd Komissiyalarının ilk birgə görüşü keçiriləcək. Görüşdə sərhədlərin delimitasiyası və sabitliyin ən yaxşı şəkildə təmin edilməsi ilə bağlı suallar müzakirə olunacaq.
Əlaqələr
Liderlər nəqliyyat əlaqələrinin açılması məsələsinin davam etdirilməsinin zəruriliyi ilə bağlı razılığa gəliblər. Onlar Qərbi Azərbaycanla Naxçıvan arasında və Ermənistanın müxtəlif bölgələri arasında Azərbaycandan keçən tranziti, eləcə də hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq daşımaları tənzimləyən prinsiplər barədə razılaşıblar. Xüsusilə sərhəd idarəçiliyi, təhlükəsizlik, torpaq haqları, həmçinin beynəlxalq daşımalar kontekstində gömrük prinsipləri barədə razılığa gəlinib. Bu işi yaxın günlərdə baş nazirlərin müavinləri davam etdirəcək.
Sülh müqaviləsi
Liderlər Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsi ilə bağlı müzakirələri davam etdirmək barədə razılığa gəliblər. Bu prosesi yaxın həftələrdə Xarici İşlər nazirlərinin başçılıq etdiyi qruplar davam etdirəcək. Hər iki liderə Qarabağdakı etnik erməni əhalinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsinin zəruri olduğunu vurğuladım.
Sosial-iqtisadi inkişaf
Aİ hər iki ölkənin və onların əhalisinin rifahı naminə iqtisadi inkişafı təmin etməyə çalışan İqtisadi Məşvərət Qrupunun işini hər iki tərəflə davam etdirəcək.
Mən həmçinin əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasının vacibliyini vurğuladım. Aİ dəstəyini gücləndirməyə hazırdır.
Əlaqə saxlamaqla bağlı razılığa gəldik və iyula-avqusta yenidən eyni formatda görüşəcəyik.”
Azərbaycan və Ermənistanın dövlət başçılarının eyni formatlı görüşü bundan əvvəl aprelin 6-da olub. İlk belə görüş 2021-ci ilin dekabrında baş tutub.
Aprelin 6-da keçirilmiş görüş zamanı tərəflər sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı işçi qrupların aprelin sonuna qədər yaradılması, onların fəaliyyətə başlaması barədə razılığa gəlmişdirlər. Bakı belə qrupu vaxtında yaratdığını və nümayəndə heyətini ezam etməyə hazır olduğunu, lakin sonuncu gün—aprelin 29-da İrəvanın razılaşdırılmış görüşü ləğv etdiyini bildirib. Azərbaycan 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsi təklifindən də Ermənistanın imtina etdiyini deyir. Bu barədə Azərbaycan prezidenti İ.Əliyev Brussel görüşündən öncə danışıb: “Azərbaycan hər zaman öhdəliklərə sadiq olub. Aprelin sonuna qədər görüşə hazır olduğumuzla bağlı Avropa İttifaqı Şurasının prezidentinin iştirakı ilə söz vermişdiksə, biz buna sadiq idik. Lakin, biz eyni məsuliyyəti Ermənistan tərəfindən də görməliyik. Başqa sözlə, bizdə müəyyən nikbinlik olsa belə, Ermənistan hökumətinin bu cür manevrləri və çox qəribə addımları, əslində, yaranan müəyyən etimadı pozur.” .
Bəs Brüsseldə keçirilən son görüşdə yeni olan nədir?
“Ermənilər bələdiyyə və digər buna bənzər hüquqlara malik ola bilərlər...”
Politoloq Elxan Şahinoğlu deyir ki, son görüşdə ötən dəfəki fikirlər təkrarlanıb: “Sərhədlərin və kommunikasiya xətlərinin açılması, sülh sazişi üzərində çalışmaların sürətləndirilməsinin vacibliyi bir daha vurğulanıb”. Ancaq E.Şahinoğlu Ş.Mişelin yekun açıqlamasında bir neçə yeni detala da diqqət çəkir: “Ş.Mişel Qarabağdakı etnik erməni əhalinin hüquqları və təhlükəsizliyi məsələsinin həll olunmasının vacibliyini bildirib. Bu,yəqin Azərbaycana mesajdır ki, rəsmi Bakı ermənilərin hüquq və təhlükəsizlik məsələlərinin həlli məqsədilə onlara nəsə təklif etməlidir. Ş.Mişel bununla həm də N.Paşinyanı sakitləşdirmək, radikal müxalifətin ona təzyiqini neytrallaşdırmaq istəyir. Çünki radikal müxalifət N.Paşinyana ona görə təzyiq edir ki, baş nazir Qarabağı “unudub”. N.Paşinyan isə Brüssel görüşünün nəticəsini əlində rəhbər tutaraq, Qarabağ ermənilərin hüquq və təhlükəsizlik məsələlərinin yekun bəyanata salındığına istinad edəcək. Bizə gəldikdə, əgər Qarabağ erməniləri Azərbaycan qanunları ilə yaşayacaqlarsa, separatçılıqdan vaz keçib, pasportlarımızı daşıyacaqlarsa, bələdiyyə və digər buna bənzər hüquqlara malik ola bilərlər”.
E.Şahinoğlu Ş.Mişelin İqtisadi Məşvərət Qrupunun işiylə bağlı dediklərini də xatırladır: “Ş.Mişel bu mexanizmin nədən ibarət olacağını və necə işləyəcəyini sonrakı cümlələrində izah etməyib. Ancaq Aİ Şurasının prezidenti böyük ehtimalla onu nəzərdə tutub ki, Brüssel iqtisadi zəmində Bakı və İrəvanla üçlü iqtisadi mexanizm çərçivəsində əməkdaşlığa maraq göstərir, ancaq bunun üçün iki ölkə arasında sülh sazişi imzalanmalıdır”.
Milli Məclisin deputatı Vüqar Bayramov isə deyir ki, görüşdə Azərbaycan üçün strateji və humanitar əhəmiyyət kəsb edən məsələlər müzakirə olunub və bu da regionda daha dayanıqlı sülhün formalaşması üçün yeni imkanlar deməkdir.
V.Bayramov diqqəti “Aİ-nın Cənubi Qafqaz ölkələrinin əsas ticarət tərəfdaşı olaraq qalması” fikrinə çəkir: “Aİ-nın ümumi ticarət dövriyyəsində payı Azərbaycanda 36.7, Gürcüstanda 23.9, Ermənistanda 18 %-dir. İttifaq pandemiyadan əvvəlki il, yəni 2019-cu ildə Aİ Azərbaycana 2.6, Gürcüstana 1.2, Ermənistana isə 1 milyard avro sərmayə qoyub. Azərbaycanla Aİ arasında ticarət dövriyyəsi ötən il 15 milyard dollaradək yüksəlib. Bütövlükdə ixracatımızın təxminən 48%-ə yaxını İtaliyaya yönəlib. Bu isə Aİ-nın Azərbaycan üçün mühüm ticari və iqtisadi tərəfdaş olduğunu göstərir. Eyni zamanda Aİ-nın Cənubi Qafqazda ticarət dövriyyəsinin 2/3-i Azərbaycanın payına düşür. Bu baxımdan Azərbaycan da Cənubi Qafqazda Aİ-nın əsas ticarət tərəfdaşıdır”.
“Münaqişənin həllinə ən çox dəstək ola biləcək qurum məhz Avropa İttifaqıdır”
V.Bayramovun fikrincə son Brüssel görüşləri də təsdiq edir ki, münaqişənin həllinə ən çox dəstək ola biləcək qurum məhz Aİ-dır: “Bu nüfuzlu beynəlxalq təşkilatın rəsmi mövqeyi regionda daha qısa zamanda sülhün formalaşdırılmasına xidmət edir. Digər tərəfdən, həm Azərbaycan, həm də Ermənistan münaqişənin həllində Avropaya etimad göstərir. Bu da sülhün əldə edilməsi imkanlarını genişləndirməklə yanaşı, prosesin daha intensivləşməsinə xidmət edir”.
2020-ci ildə II Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il, 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Müharibə başa çatandan sonra iki ölkə arasında sülh danışıqlarına əsasən Moskva vasitəçilik edib, ötən ilin sonlarından bu prosesə Aİ da qoşulub.
Xəbərləri izləmək üçün Açıq Azərbaycanın telegram kanalına abunə olun: https: //t.me/openazerbaijan