Fuad Jafarli

Urban Specialist

BAKI NECƏ IDARƏ OLUNMALIDIR?

25.09.2018 / Səlahiyyətli şəhər bələdiyyələri Bakı ilə yanaşı reğionların optimal inkişafı üçün imkan yaradar


Şəkil wikipegia.org saytından götürülüb



Azərbaycan paytaxtında köhnə adıyla “Baksovet” (indiki İçərişəhər metrostansiyası) istiqamətini tanımayan az adam olar və orta və yaşlı nəsillərin buranı metronun ilk stansiyası kimi tanımasına baxmayaraq, buradakı qədim saatlı binada hələ 1902-ci ildən Bakının seçkili orqanı olan Duma və sonralar Sovet hakimiyyəti illərində Bakı Şəhər Xalq Deputatları Soveti və həm də İcraiyyə Komitəsi yerləşib.

Keçmişdə olduğu kimi, bu binada indi də Bakı şəhərinin yerli idarəetmə aparatı yerləşir. 2001-ci ildən başlayaraq bu binaya sahibliyi Hacıbala Abutalıbov edirdi və o, Bakı şəhərində 17 illik rekord müddətdə icra başçısı oldu. İndi müvəqqəti olaraq boş qalmış bu vəzifəyə yeni təyinatla bağlı sayı hesabı bilinməyən müzakirələr gedir və yeni icra başçısının kimliyi və necə rəhbər olmasını müzakirə edərkən Bakıya necə bir idarəetmə lazım olduğuna diqqəti yenidən yönəltməyin zamanıdır.

Yəqin ki, çoxlarınız Avropada turistik və ya işgüzar səfərlərdə olanda şəhərlərin qədim hissəsində şəhər bələdiyyələrinin binasını görmüsünüz. Bu binalar həm də Avropada orta əsrlər yerli demokratiyanın və iqtisadi inkişafının örnəyidir. Şəhərlərdə yerli idarəetmə ənənələri bu günə qədər davam edir. Güclü mərkəzləşmiş dövlətdənsə, daha çox özəl səlahiyyətləri olan yerli hakimiyyətlər həm də siyasi həyatın başlandığı bir arenadır.

Şəhər bələdiyyələri hər zaman yerli məsələləri yerli vergi və gəlirlər vasitəsilə həll ediblər. Müasir dövrdə isə onlar bu sərhədləri aşıblar - biz indi müxtəlif şəhərləri adının yaşamaq üçün ən yaxşı şəhər, start-up şəhəri və yaxud başqa kriteriyalar üzrə seçə bilirik. Buna səbəb isə yerli idarəetmədə vətəndaşların iştirakı, şəhərlərin geniş səlahiyyətlərinin olması və şəhərlərin davamlı inkişafı üçün imkan və meanizmlərin mövcudluğudur.

Bakının idarə edilməsinin tarixçəsi

Azərbaycanda da seçkili şəhər idarəetməsi təcrübəsi var və o, ilk dəfə 140 il əvvəl –Bakı şəhərinə 1878-ci ildə keçirilən şəhər Dumasına seçkilər zamanı yaranıb. Sovet hakimiyyəti dönəmində də Bakı şəhərində idarəetməni seçkili orqan olan Bakı Şəhər Xalq Deputatları Soveti və onun icra aparatı olan İcraiyyə Komitəsi (xalq dilində - Baksovet) həyata keçirirdi.

Hazırki icra hakimiyyəti orqanları 1992-ci ildə SSRİ dağıldıqdan sonra yerli xalq deputatları sovetlərinin icraiyyə komitələrinin əsasında keçid dövrü üçün yaradılmışdı. Seçkili orqan olan xalq deputatları sovetinin qərarları əsasında fəaliyyət göstərən bu komitələrin funksiyası birbaşa olaraq yerli icra hakimiyyətlərinə ötürüldü. 1995-ci ildə isə hələ 1990-cı ildə seçilmiş yerli xalq deputatlarının səlahiyyətləri bitən kimi onlar avtomatik olaraq ləğv olundular. Həmin il qəbul olunmuş ölkə Konstitusiyasına görə, yerli idarəetmə ilə bağlı səlahiyyətləri həyata keçirmək üçün bələdiyyələrin yaranması nəzərdə tutulurdu.

Amma, nədənsə 1997-ci ildə qəbul olunmuş “Bələdiyyələrin statusu haqqında” qanunda Bakı və Gəncədə bələdiyyə şuralarının yaradılmasını “yaddan çıxdı”.

Avropa Şurası qarşısında mer seçkisi öhdəliyi

Üstündən bir neçə il keçdikdən sonra isə Avropa Şurasına üzvlüyə qəbul edilən Azərbaycan həm də 2002-ci ildə Avropa Yerli Özünüidarətmə Xartiyasına qoşuldu. Xartiyada Azərbaycanının üzərinə götürdüyü öhdəliklərindən biri də inzibati rayonlara bölünmüş Bakı və Gəncədə seçilmiş şəhər (bələdiyyə) şurasının və mer institutunun yaradılması idi.

Aradan 14 il keçir və bu müddət ərzində 2 dəfə bələdiyyə seçkiləri keçirilməsinə baxmayaraq, vəd verilən öhdəliklərin yerinə yetirilməsi istiqamətində hər hansı tərpənmə hiss olunmur və bu gün Bakı Avropada yeganə paytaxt şəhəridir ki, burada se,kili mer institutu yoxdur.

Bəs nə üçün bu institut yaradılmır? Həqiqətən onun mövcudluğu idarəetmə üçün müəyyən dəyişikliklər yarada bilərmi?

İqtisadi faktor - əksmərkəzləşmə

2000-ci illərdə əsas səlahiyyətləri mərkəzi nazirliklər tərəfindən alınmış Bakıda seçkili orqan yaradılaraq ona yenidən səlahiyyətlərin verilməsini gözləmək sadəlövhlük olardı. O zaman dövlət büdcəsi əsasən neft gəlirləri hesabına formalaşdığından hökumətin əlavə islahat dərdi yox idi.

Hazırda isə Bakıda seçkili orqanı və meri vacib edən edən başqa bir faktor da oraya çıxıb – yerli iqtisadiyyat. Ölkə iqtisadiyyatındakı ressesiyadan çıxmaq Bakı üçün həyata keçiriləcək əksmərkəzləşmədən asılı olacaq. Əksmərkəzləşmə həm də suveren səlahiyyətlər və yerli maliyyə imkanlarının axtarılması deməkdir.

Hələ ki, paytaxtın maliyyə idarəetməsində vergi və rüsumların payı çox aşağıdır. Maliyyə əksmərkəzləşməsi imkan verir ki, Bakı yerli gəlirlər hesabına öz büdcəsini artırsın. Məsələn, daşınmaz əmlak vergisi hesabına öz büdcələrini dolduran şəhərlər həm də ikiqat reklam vergisinə də əl atırlar. Bu vəsaitlərin məbləği isə heç də az deyil - İstanbul və Ankarada şəhər bələdiyyələri bu vəsait hesabına içməli su xətlərini və kanalizasiya sistemlərini qururlar, ictimai nəqliyyat xətlərini genişləndirirlər.

Məlumatlar 2017-ci ilə aiddir. Mənbə: Dövlət Statistika Komitəsi və Maliyyə Nazirliyi

Avropa Xartiyası böyük şəhərlərdə bələdiyyənin yaradılmasını tövsiyə edərkən və inzibati-siyasi islahatlardan daha çox muxtar bir iqtisadi çevrənin yaradılmasına önəm verirlər. Bunu araşdırmaq üçün müxtəlif ədəbiyyatlara istinad etməyə gərək yoxdur, çünki, yerli demokratik hakimiyyət həm də vətəndaş tərəfindən daimi nəzarət olunan yaxşı və səmərəli idarəetmə orqanıdır.

Şəhərlərin əksər hallarda ölkə iqtisadiyyatındakı yeri o qədər böyükdür ki, onlar hətta ölkə adı ilə müqayisə olunurlar. Əksmərkəzləşmə tərəfdarlarının əsas arqumenti odur ki, zəngin şəhərlər həm də suveren likvidliyə, vergiləndirməyə və fond bazarına girişi təmin etməlidir.

Burda daha çox maraq kəsb edən hissə ölkənin vahid resurslarının, məsələn, dövlət büdcəsinin daha ədalətli şəkildə bölgüsünü təmin etməkdir. Məsələn, Bakının fond bazarlarına girişi və ya sərbəst kreditləşməsi o demək olardı ki, şəhər xidmətlərinin maliyyələşməsi bilavasitə yerli vergilər və rüsumlar hesabına həyata keçirilsin. Deyək ki, indi Bakıda metropoliten tikintisi üçün lazım olan vəsait dövlət büdcəsindən ayrılır, amma, əksmərkəzləşmə ona şərait yaradır ki, bu vəsait paytaxtın hesabına həyata keçirilsin.

Bunun üçün müxtəlif maliyyə mənbələri və investisiya imkanları olsun. Dövlət büdcəsindən bu məqsədlər üçün ayrılmalı olan vəsait isə regionlardakı həyata keçirilən proqramlara sərf olunsun. Başqa sözlə, şəhər bələdiyyəsi birbaşa olaraq, məsələn, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və yaxud Deutche Bank kimi kreditor və investorların benefisiarı ola bilər.

Şəhərlərin gəlirləri həmişə var və inkişaf üzrə məsul banklar həvəslə belə əməkdaşlığa hazırdırlar. Belə bir praktika qonşu ölkələrdə artıq başlayıb: Tbilisi meriyası birbaşa olaraq 2016-cı ildə Maliyyə Nazirliyinin təminatı ilə ilk dəfə olaraq AYİB-dən 143 avtobusun alınması üçün 32 milyon avro dəyərində kredit almağa müvəffəq oldu.

Bakıda seçkili orqan nə üçün lazimdır?

Uzun illərdir Bakıda şəhərsalma üzrə çalışan mütəxəssislər paytaxtımızın hazırki qarmaqarışıq və qeyri-effektiv inzibati idarəetmə sisteminə görə çaşqınlıq içində olmasını gizlətmirlər. Hazırda 12 inzibati rayona bölünən şəhərdə 53 bələdiyyə var. Rayon icra hakimiyyətləri və bələdiyyələrin səlahiyyət bölgüsü bəzi hallarda təkrarlanır, əksər hallarda isə bu səlahiyyətləri dövlət agentlikləri həyata keçirirlər.

Budur ki, Bakı şəhər bələdiyyəsinin yaradılması artıq institusional və iqtisadi bir zərurətdir. Bu islahatlara başlayarkən, seçkili orqan və idarəetmə qurumunun səlahiyyətləri optimallaşdırılmalıdır. Bakı şəhər bələdiyyəsinin öz səlahiyyətlərinə sahib olması üçün bir-iki illik keçid dövrü müəyyən edilməli, sonradan gəlirlərə uyğun olaraq səlahiyyətlərin siyahısını da genişləndirilməlidir.

Hazırki durumda belə bir islahatın həyata keçirilməsi çox uzaq və qeyri-real görünə bilər. Ancaq, bunsuz Bakının və Azərbaycan regionlarının optimal inkişaf ssenarisi yoxdur. Hətta, ən böyük mərkəzçi dövlət olan Çində əksmərkəzləşmə sürətlənir və şəhərlər daha böyük səlahiyyətlər alırlar.

Hər bələdiyyə seçkilərindən öncə Bakıda və digər iri şəhərlərdə böyük şəhər bələdiyyəsinin yaradılması ilə bağlı ümidlər yenidən yaranır. Artıq meri seçilməli olan şəhərlərin sayı da artır – Sumqayıt və Gəncə də bu siyahıda olmalıdırlar. İlk vaxtlar üçün kompromislər də mövcuddur. 2000-ci illərdə Gürcüstan və Ermənistanda mer institutunun yaradılmasının konsensus formasında həyat keçirildiyi artıq məlumdur. Belə ki, ilk dövrlərdə bu vəzifələr ölkə başçısının təqdimatı əsasında təyinat baş verir və seçkili orqan onu təsdiqləyir.

Bakı şəhər bələdiyyəsinin yaradılması həm də ciddi bir inzibati islahat və regional inkişaf üçün “açarların” hazırlanmasının başlanğıcı ola bilərdi. Seçkili orqanın sözsüz ki, əsas vəzifəsi həm də şəffaf büdcə və vətəndaş iştirakçılığına dəstək verməkdir. Yerli gəlirlərin və xərclərin bölünməsi haqqında bilgilərimiz nə qədər çox olsa, şəhər parklarında “müvəqqəti narahatçılığa görə üzr istəyirik” lövhələrinin hasarladığı yerlərdə hansı məbləğ hesabına nəyin tikildiyi barədə söz-söhbətlər əsasında yox, real rəqəmlərə əsasən öyrənəcəyik.