Togrul Valiyev

Economist

BAKI NƏQLIYYATI KEÇMIŞDƏ VƏ BU GÜN

20.06.2022 / Metrodan istifadə edənlərin sayı azalıb


Açıq mənbələrdən foto



2022-ci ilin ilk 4 ayı ərzində Bakı metropoliteni 63 530,5 min sərnişin daşıyıb. Bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 17,65% azdır. Həmin dövrdə metrodan istifadə edən sərnişinlərin sayı 77 141,8 min imiş. Yəni, 2020 və 2021-ci illərdən fərqli olaraq, heç bir məhdudiyyət olmadan fəaliyyət göstərsə də, 2022-ci ildə metro istifadəçilərinin sayı pandemiyadan əvvəlkinə nisbətən aşağıdır.

Bakı əhalisinin azalmadığını (bəlkə də əksinə, artdığını) nəzərə alsaq, gündəlik azı 56 min sərnişinin (gündə 2 dəfə istifadə etdiyini təxmin eləyərək) metrodan imtina etdiyini, başqa nəqliyyat növünə üstünlük verdiyini təxmin eləmək olar. Bəs üstünlük qazanan hansı nəqliyyat növləridir?

Bakının avtobus nəqliyyatına dair aylıq statistik rəqəmlər yoxdur. Ölkə üzrə (onun da əsas hissəsi Bakının payına düşür) ümumi rəqəmlər avtobusdan da istifadənin pandemiyadan əvvəlki dövr ilə müqayisədə 25% azaldığını göstərir. Belə çıxır ki, əhali ya şəxsi maşınlara (2019-cu ildə Azərbaycana 47 min avtomobil idxal olunmuşdusa, 2020-ci ildə ölkəyə 53 min, 2021-ci ildə 91 min, 2022-ci ilin 4 ayı ərzində 23 min avtomobil gətirilib), ya taksilərə (burda azalma müşahidə olunmur), ya da qeyri-rəsmi daşıyıcılara keçib.

Taksidən istifadə ilə bağlı rəqəmlərin dəyişmədiyini nəzərə alsaq, avtobus və metrodan imtina etmiş sərnişin kütləsinin qeyri-rəsmi daşıyıcılara üz tutduğunu demək olar. Əlbəttə ki, burda digər amillər də rol oynaya bilər (işsizlik, işin evə daha yaxın ərazidə tapılması, distant işə və təhsilə keçid), amma qeyri-rəsmi daşıyıcıların və şəxsi nəqliyyatın payının ciddi sürətdə artması faktdır. Məhz bunun nəticəsidir ki, Bakı yollarında faktiki nəqliyyat kollapsı müşahidə olunur. Və belə bir şəraitdə ictimai nəqliyyata (xüsusilə avtobuslara) əlavə üstünlüklərin verilməməsi (ayrıca avtobus xəttlərin təşkili, sahənin dotasiya olunması və s.) sakinləri bu nəqliyyatdan imtina etmək məcburiyyətində qoyur.

Sərnişinlərin alternativi yoxdur

Müasir Bakının nəqliyyatında alternativlər də yoxdur. Bakı nəqliyyatı hazırda yalnız avtobus və metrodan ibarətdir. Şəhərətrafı dəmir yol sistemi hələ alternativə çevrilə bilməyib, yeganə istisna günün müəyyən vaxtlarında Sumqayıt istiqamətində hərəkət edən qatarlardır (burda da ciddi problemlər mövcuddur).

Bu günlərdə “Facebook”da məşhur olan "Transport for Baku" səhifəsi Bakı nəqliyyatının vəziyyətini göstərmək üçün 30-cu illərin statistikasına istinad edən məlumat paylaşıb. Paylaşımdan görünür ki, indikindən fərqli olaraq, o zaman Bakı daha ekoloji, eyni zamanda bir-birinə inteqrasiya olunmuş nəqliyyat sisteminə sahib imiş.

O dövrün rəsmi statistikasına istinad etsək, görərik ki, 1932-ci ildə Bakıdakı tramvay xətlərinin uzunluğu 64,8 kilometr, elektrik qatar xətlərinin uzunluğu 33,1 kilometr olub. Bu iki nəqliyyat növü birlikdə il ərzində 194,4 milyon sərnişin daşıyıb. Bu da gündə 532 608 nəfər deməkdir (456,6 min tramvayla, 76 min elektrik qatarlarla).

Müqayisə üçün bu günki rəqəmlərə baxaq: Bu ilin ilk rübündə elektrik şəhərətrafı qatarlar gündə 10 456 nəfər, Bakı metropoliteni isə 529 166 nəfər daşıyıb. Yəni, tramvay olmadığı halda şəhər elektrik nəqliyyatı gündə 539 622 nəfər daşıyıb.

Göründüyü kimi, bu günün rəqəmləri 30-cu illərin statistikasından o qədər də fərqlənmir. Halbuki, 1932-ci ildə isə tramvay xəttinin uzunluğu 64,8 kilometr idi, indiki Bakı metropoliteninin xətlərinin uzunluğu isə 36.6 kilometrdir. İndi bir anlıq təsəvvür edin, Bakıda həm tramvay, həm trolleybus, həm metro, həm elektrik qatar çalışır. Bakıda bu qədər nəqliyyat problemi olardımı?

Düzdür, 1932-ci ildə Bakıda avtobuslardan, demək olar ki, istifadə olunmurdu, şəxsi nəqliyyatdan da əsər-əlamət yox idi. Ona görə də hamı tramvay və şəhərətrafı qatardan istifadə edirdi. Onda 1970-ci ilin statistikasına müraciət edək. O illər Bakıda avtobuslar çoxalmışdı (gündə 673 min sərnişin daşıyırdılar), şəxsi nəqliyyat da az deyildi. 1970-ci il ərzində tramvay, trolleybus və metro (1967-i ildən istifadəyə verilmişdi, uzunluğu hələ 11,3 km idi) gündə 469 041 sərnişin daşıya bilirdi (şəhərətrafı elektrik qatarlar haqda statistikanı əldə etmək mümkün olmadı). Yəni, avtobuslarla elektrik nəqliyyatın tutumu bərabər idi. Metro genişləndikcə avtobusları da əvəz etməli idi, ancaq proseslər başqa məcrada inkişaf etdi, 1970-80-ci illərdə həm tramvay, həm də trolleybus xətlərinin uzunluğu azalmağa başladı...

Tıxaclardan qurtarmağın yolu

İndiki şəraitdə ictimai nəqliyyatı genişləndirmək (yeni metro xətlərinin, tramvay və digər nəqliyyat növlərinin yaradılması), onu rahat və nizamlı formaya salmaq Bakı Nəqliyyat Agentliyi, Bakı şəhər İcra Hakimyyəti, Azərbaycan Dəmir Yolları, Bakı metropoliteni və s. qurumların əsas işi olmalıdır. Dayanacaqların dizaynının bir neçə ildən bir dəyişdirilməsi kimi layihələrdənsə (istifadə olunmayan dayanacağın dizaynı kimə nə xeyir verir ki?), ictimai nəqliyyatın çatımlılığını artırmaq lazımdır. Yeni stansiyalar (həm ADY, həm Bakı metropoliteni) istifadəyə verilməlidir. Avtobus marşrutlarına yenidən baxılmalı, avtobusların sayı artırılmalıdır. Bu məqsədlə xüsusi dotasiya proqramı da hazırlamaq lazımdır.

Hələ yeni bərələr qurmaq, şəhərdaxili gəmiçiliyi inkişaf etdirmək kimi nə qədər yollar var...

Xəbərləri izləmək üçün Açıq Azərbaycanın telegram kanalına abunə olun: https: //t.me/openazerbaijan