Rashad Hasanov

Economic Expert

BAHALAŞMAYA YETIŞƏ BILMƏYƏN PENSIYA ARTIMI

17.02.2022 / Qiymətlər 6.7% qalxdığı halda pensiya 3.4% artıb

Ötən həftənin ən çox müzakirə olunan məsələlərindən biri əmək pensiyalarının “artması” oldu. Pensiyaçıların “sosial müdafiəsi üçün” görülmüş tədbiri “hər rübə 50 manat” tədbiri də adlandırmaq olar. Yeni qərarla, qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla, hər bir pensiyaçıya 2022-ci il ərzində 200 manat məbləğində maddi yardım ödəniləcək.

Yardım 4 bərabər hissəyə bölünərək (hər dəfə 50 manat) veriləcək. Maddi yardımla yanaşı qanunvericiliyin tələbinə uyğun olaraq, ötən həftə pensiyaların 3.4% indeksləşdirilməsi həyata keçirildi. Yəni, pensiya məbləğinin hər 100 manatı üçün 3 manat 40 qəpik artım oldu.

Əmək pensiyalarının indeksləşdirilməsi xüsusi təşəbbüs deyil, mövcud qanunvericiliyin tələbidir. Əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə, ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməlidir. Məqsəd, pensiyaçıları qiymətlərin artımı təzyiqlərindən qorumaqdır və indekləşdirilmə qiymətlərin artımı ilə uzlaşdırılır.

Əlavə pensiya nə qədər olacaq?

Rəsmi açıqlamalara görə, bu iki artımdan (pensiyanın indeksləşdirilməsi və illik maddi yardımdan) pensiyaçıların 92%-i, yəni 1 milyon 100 min nəfər yararlanacaq. Artımlara 352 milyon manat vəsait xərclənəcək ki, bu da hər pensiyaçıdan ötrü ildə orta hesabla 320 manat, ayda isə 26.7 manat əlavə gəlir deməkdir.

26.7 manatlıq orta aylıq əlavənin 16.7 manatı artım şamil edilən bütün pensiyaçılar üçün bərabər şəkildə paylanacaq. Çünki, artımın bu hissəsi yeni yaradılan “hər rübə 50 manat” sosial dəstək mexanizmi hesabına formalaşır. Digər 10 manatlıq hissəsi isə dəyişəndir və hər bir pensiyaçının aldığı pensiya məbləğinə uyğun dəyişir. Minimum səviyyə 8 manat 16 qəpik olacaq. Ona görə ki, bu hisssə mövcud əmək pensiyalarının indekləşdirilməsi mexanizminin töhvəsidir. Beləliklə, qanunvericiliklə təsbit edilmiş və pensiyaçıları inflyasiyanın, yoxsullaşmanın digər təzyiqlərindən qoruyan mexanizmin töhvəsi təxminən aşağıdakı kimi olacaq:

- Minimum artım: 8 manat 16 qəpik,
- Orta artım: 10 manat,

Hesabtsızlıqdan qaynaqlanan məlumat qıtlığı maksimum artım məbləğini hesablamağa imkan vermir (pensiyaların minimum və maksimum məbləği haqqında məlumatlar, median pensiya məbləği kimi göstəricilər ictimailəşdirilmir).

Əslində nə baş verir?

Bir cümlə ilə ifadə etsək, əslində 2017-ci ildən etibarən inşa edilən yeni buqələmun pensiya sistemi çökür. Prosesin əvvəlinə qayıdaq: “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı konsepsiyası” 2014-cü ildə təsdiqlənib. Konsepsiya ilə onun əhatə etdiyi illərdə pensiya təminatı sahəsində dövlət siyasətinin əsasları müəyyənləşdirilirdi. Əsas məqsədlərdən biri pensiya təminatı sistemini inkişaf etdirərək, vətəndaşların sosial müdafiəsini gücləndirilməsi və layiqli həyat səviyyəsinin təmin edilməsi idi. Lakin...

2015-ci ildə neft qiymətləri kəskin azaldı və müstəqil Azərbaycan iqtisadiyyatı, 2008-ci ilin qısamüddətli türbülansı nəzərə alınmasa, ilk dəfə ciddi iqtisadi şoklarla üzləşdi. Manat dəyərinin 54%-ni qısa vaxt ərzində itirdi, neft fondundan büdcəyə ayırmalar kəskin azaldıldı, nəticədə büdcə xərcləmələri də düşdü, büdcədən asılı oliqarx-məmur biznes modeli əlavə dəyər yarada bilmədi və 2016-cı ildə iqtisadiyyat 3.1% kiçildi, yoxsulluq uzunmüddətli 5%-lik pisxoloji həddi aşdı.

Sadalananlar gözlənilən idi, amma reallıqdan uzaq qərarqəbuledicilər üçün surpriz oldu. O vaxta qədər səsləndirilən “resurs lənəti”, “Holland sindromu” kimi təcrübə dolu riskləri hər hansı skeçlərin mövzusu hesab edənlər artıq həmin skeçlərin canlı obrazlarına çevrilmişdilər.

Dövlət çıxış yolunu tapdı—pensiya yükünü atdı

“Nə etmək lazımdır?” sualının ən bəsit cavablarından biri sabit xərc yükündən xilas olmaq idi. Hər il pensiya təminatı sisteminin maliyyələşdirilməsi məqsədi ilə büdcədən Dövlət Sosial Müdafiə Fonduna edilən 1.5-2.0 milyardlıq transfertlər də bu sabit xərclərdən idi. Və... 2017-ci ildə ölkədə pensiya əlçatanlığını ciddi şəkildə sarsıdan sistem xarakterli dəyişikliklər bütün razılaşdırma və müzakirə mərhələlərini keçərək təsdiq edildi. “Əmək pensiyaları haqqında” qanun, demək olar ki, yenidən yazıldı. Yeni anlayışlar, yeni struktur, yeni meyarlar, yeni şərtlər, yeni tələblər yarandı--pensiyanın baza hissəsinin ləğv edilməsi, yaş həddinin artırılması, gender fərqinin aradan qaldırılması, demoqrafik təşviqlərdən imtina... Dəyişiklərin böyük əksəriyyəti sadəcə pensiya hüququnun məhdudlaşdırılması, dövlətin təminat verdiyi məbləğin azaldılması və beləliklə, sabit xərc yükünün minimuma edilməsi məqsədi daşıyırdı.

2017-ci ildə pensiya sistemində edilən ən maraqlı və heç bir məntiqə sığmayan, dünya təcrübəsinə uyğun gəlməyən və əsaslandırması olmayan--heteredoks dəyişiklərdən biri, pensiyaların orta aylıq əmək haqqının illik artım tempinə uyğun indeksləşdirilməsi qaydasının təsbiti idi. Həmin dəyişikliyə qədər dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da pensiyaların indeksləşdirilməsi istehlak qiymətləri indeksinə (inflyasiyaya) uyğun şəkildə aparılırdı (hələ rəsmi infyasiya göstəricilərinin əksər hallarda reallığı əks etdirməməsi də var).

İnfyasiya yoxsullaşdırır, indeksasiya bu təsiri aradan qaldırır. İnfyasiya səbəb, indeksasiya isə nəticədir. Beləliklə, pensiyanın orta aylıq əməkhaqqının illik artım səviyyəsində indekləşdirilməsi niyə yanlışdır və necə nəticələnir?

Heteredoks yanaşma—məntiqsiz siyasət

Pensiyanın əməkhaqqına görə dəyişməsi, birinci, yüksək yoxsullaşma riski daşıyır. Əksər iqtisadi böhranlarda iki mühüm problem--işsizlik və inflyasiya paralel müşahidə olunur. Birinici hal əmək bazarında təklif bolluğu və əməhaqqı səviyyəsinin aşağı düşməsi ilə, ikincisi isə hökumətlərin pul çap etməsiylə dəyərsizləşən pul, bundan qaynaqlanan qiymət artımları, alıcılıq gücünün azalması və yoxsullaşma ilə nəticələnir. Yəni, böhran olanda əməkhaqqı azalır, yaxud çox zəif artır, qiymətlər kəskin şəkildə qalxır, necə deyərlər, dərdlər üst-üstə gəlir.

İkinci, indeksasiya neqativi (infyasiyanı) neytrallaşdıracaq pozitiv alət olmaq funksiyasını itirir.

Qeyd edilən amilləri nəzərə alanda, Azərbaycanda hazırda tətbiq edilən əmək pensiyalarının indeksləşdirilməsi siyasətinin məntiqsiz olduğu görünür.

Hökumət dilemma qarşısında

2021-ci ildə inflyasiya 6.7% oldu, yəni qiymətlər 6.7% qalxdı (əslində əsas tələbat mallarının qiyməti daha çox yüksəkdir). Amma orta aylıq əmək haqqı cəmi 3.4% artdı. Qanunvericiliyə uyğun olaraq, pensiyaların da 3.4% artırılması gərəkirdi və bunu etdilər, amma...

Təkcə suyun və çörəyin bahalanması pensiyaçıya ayda 6 manat əlavə xərc yaradıb. Bu da indeksləşdirmədən əldə edilən minimum artımın (8 manat 16 qəpik) 69%-i, orta artımın (10 manat) 60%-i deməkdir.

Mövcud rəsmi normalarla pensiyaçılar üçün aylıq su tələbatı 6 kub müəyyən edilir. 2021-ci ildə suyun 1 kubunun qiyməti 50 qəpikdən 1 manata artırılıb. Yəni pensiyaçı istifadə etdiyi su üçün hər ay 3 manat artıq ödəyir. Hər pensiyaçı ayda orta hesabla 12 kiloqram çörək istehlak etməlidir. Çörəyin qiyməti 25% artırılaraq hər kiloqram üçün 1 manata çatdırılıb. Demək, pensiyaçı hər ay çörək istehlakı üçün 3 manat əlavə pul ödəməlidir.

Bəs digər mal və xidmətlərin bahalanmasından qaynaqlanan xərclər necə kompensasiya edilməlidir?

Mövcud normalara görə pensiyaçılar minimum istehlak səbətinə daxil olan 30 növ ərzaq, qeyri-ərzaq və xidmətlərdən istifadə edir. Bunlardan yalnız ikisinin bahalanmasından yaranan əlavə xərc indeksləşdirmədən əldə edilən gəlirin 60%-ni aparırsa, digər xərclər necə qarşılanmalıdır?

“Hər rübə 50 manat” maddi yardım mexanizmi çıxış yolu kimi yaradılıb. Hökumət müvafiq yardımın 2023-cü ildə pensiyaların illik tərkibinə daxil edilməsinin yollarını tapmalıdır. Yəni pensiyaların baza hissəsini 2017-ci ildə ləğv edən hökumət hazırda yeni bir kəşflə onu tam və yaxud qismən geri gətirməlidir.