Togrul Valiyev

Economist

AZƏRBAYCAN XALQI DÖZÜMLÜDÜRMÜ?

06.09.2022 / Dözümlü olmağın iqtisadi tərəfi haqda


Karikatura "Azadlıq" radiosunun saytından götürülüb



Heydər Əliyev xüsusilə 2000-ci ildəki çıxışlarında Azərbaycan xalqının dözümlü olduğunu tez-tez təkrarlayırdı. Həmin il o, bunu azı 15 dəfə müxtəlif formalarda qeyd eləmişdi (“bizim millətimizin xüsusiyyətidir ... dərdə dözümlü olmaq”, “naxçıvanlılar çox dözümlü olduqlarına görə” və s.). Məsələn, 2000-ci il, fevralın 8-də Türkiyə Böyük Millət Məclisinin sədri Yildirim Akbulut ilə görüşdə H.Əliyev demişdi: “xalqımız bu illər ərzində sübut etdi ki, çox dözümlüdür”...

Psixoloji, tarixi və s. amillərdən imtina edib, dözümlü olmağın iqtisadi tərəfinə baxaq. İqtisadi nəzəriyyə bu məsələyə nə deyir? Azərbaycan xalqı doğrudan da dözümlüdürmü? Və bunun hər hansı iqtisadi xeyri varmı?

Dözüm və iqtisadi artım arasındakı əlaqə

Milan Katolik Universitetindən Demoniko Delli Qatti, Fabrizio Panebianko, Pavia Universitetindən Yakob Grazzini və Milan Universitetindən Domeniko Massaro “The Impact of Growth on the Transmission of Patience” (Artımın Dözümün Ötürülməsinə Təsiri) adlı tədqiqatda dözümlülük (səbir) və iqtisadi artım arasında əlaqələri hesablamağa çalışıblar.

Araşdırma haqda danışmazdan əvvəl, ümumiyyətlə, səbir və ya dözümlülüyün iqtisadi tərifini müəyyən edək. İqtisadi baxımdan dözümlülük dərhal əldə oluna biləcək xeyirdən imtina deməkdir. Amma bu imtina gələcəkdə daha böyük fayda qazanmaq naminə edilir. Hələ 1968-1974-cü illərdə uşaqlar arasında keçirilmiş eksperiment göstərdi ki, insan gələcəkdə daha böyük fayda almaq naminə indiki kiçik faydadan imtina edir. Digər tədqiqatçılar müəyyən etdilər ki, bu imtina imkanı ən azı iki amilin təsiri altında formalaşır. Bir amil ailənin gəlir, o biri amil isə təhsil səviyyəsidir. Yəni, gəlir və səbir arasında müəyyən əlaqələrin mövcudluğu artıq çoxdan tədqiqat mövzusudur, bu əlaqələrin mövcudluğu faktiki müəyyən olunub.

Qeyd etdiyimiz tədqiqatın müəlliflərinə görə, əgər iqtisadiyyat artır və inkişaf edirsə, ən böyük xeyri səbirli və dözümlü olanlar əldə edəcək, çünki onlar indiki məqamda vəsaitləri daha çox investisiya etməyə çalışacaqlar və bu, gələcəkdə daha böyük gəlir gətirəcək. Amma əgər iqtisadiyyatda durğunluq yaşanırsa, ən böyük xeyri səbirsiz olanlar qazanacaqlar. Bunu müəyyən etmək üçün müəlliflər xüsusi nəsə etmədilər, sadəcə faiz dərəcələrini müqayisə etdilər. Yəni siz vəsaitlərinizi indi banka qoysanız (və ya hər hansı aktivə sərmayə etsəniz), inkişaf edən iqtisadiyyatda faiz dərəcələri artacaq, durğunluq yaşayan iqtisadiyyatda isə əksinə azalacaq, nəticə etibarilə indi xərcləmək daha sərfəli olacaq.

Eyni zamanda müəlliflər 1981-2021-ci illərdə keçirilən "World Values Survey" sorğusunun nəticələrini təhlil etdilər. Bu sorğu insan dəyərlərinin ölkələr və zaman üzrə dəyişməsini öyrənir. Müəlliflər "qənaət və ehtiyatlılıq" göstəricilərini səbir və dözümün göstəricisi kimi qəbul etdilər. Məlum oldu ki, daha yüksək iqtisadi artım templərinə malik olan ölkələrdə valideynlər uşaqlarını qənaətçiliyə daha çox öyrədirlər. Əksi olan ölkələrdə isə bu göstərici daha aşağıdır.

Dözümlülüyə səbəb iqtisadi inkişafdır

Beləliklə, müəlliflərə görə iqtisadi inkişafın artması "dözümlülüyün" artmasına səbəb olur. Yəni, əgər dözümlü xalq görürsünüzsə, bu o deməkdir ki, müvafiq xalq artıq uzun müddətdir ki, iqtisadi inkişaf şəraitində yaşayır. İndi tədqiqat müəllifləri Azərbaycanı təhlil ediblərmi, ya yox, demək çətindir. Amma bir məsələ var ki, Q. Bekkerin dediyinə görə, daha varlı ev təsərrüfatları gələcəyə daha çox sərmayə edirlər (yəni təhsilə, gələcək texnologiyalara və s.). Daha kasıb ev təsərrüfatlarının müvafiq imkanları yoxdur. Tədqiqat müəllifləri də bunu dözümlülük kimi qəbul ediblər. Yəni sən pulu indi xərcləmək yerinə, gələcəyə yatırırsan.

Bu baxımdan azərbaycanlıları təhlil etsək, dözümlü xalq nümunəsini görmək çətin olacaq. İqtisadi nəzəriyyə bunun səbəbini də izah edir. Aşağı gəlir və aşağı təhsil səviyyəsi şəraitində yaşayan xalq daha çox səbirsiz olur və daha çox indiki faydanı əldə etməyə çalışır. İtaliyalı tədqiqatçılar qeyd edir ki, “Uşaqları səbirli olmağa öyrədən valideynlərin seçimi övladlarının gözlənilən rifahını maksimum dərəcədə artırmaq məqsədi daşıyır”. Gələcəyə ümid olmadığı halda insanlar uşaqlara daha çox indiki faydanı verməyə çalışırlar. Bu da iqtisadi tədqiqatçılara görə səbirsizlik göstəricisidir.