Bakir Narimanoglu

Freelance Journalist

ŞAHDƏNIZ QAZI AVROPANIN RUSIYADAN ASILILIĞINI AZALDA BILƏR

17.07.2022 / Avropa İttifaqı və Azərbaycan yeni qaz sazişini müzakirə edirlər


Avropa Şurasının prezidenti Şarl Mişel və prezident İlham Əliyev



Avropa Komissiyası Avropa İttifaqı (Aİ) ölkələrinə təbii qaz idxalını artırmaq üçün Azərbaycanla saziş bağlamağı təklif edib. İdxal həcmini artırmaqdan ötrü həm də boru kəmərinin genişləndirilməsi təklif edilib.

Reuters agentliyinin bu günlərdə yaydığı xəbəri Bakı da təsdiqləyib. Azərbaycan prezidenti İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə deyib ki, yaxın günlərdə Aİ ilə Azərbaycan arasında enerji təhlükəsizliyi ilə bağlı sənəd imzalanacaq: “Bu il Aİ ilə fəal əməkdaşlıq aparılmışdır. Bildiyiniz kimi, biz yeni saziş üzərində işləyirik. Sazişin böyük hissəsi razılaşdırılıb və razılaşdırılmamış məsələlər də müzakirə olunur. Ümid edirəm ki, yaxın gələcəkdə bütün məsələlər razılaşdırılacaq”.

Avropa İttifaqı Şurasının prezidenti ilə bir neçə dəfə görüşdüyünü və telefon danışığını xatırladan İ.Əliyev deyib: “Əlbəttə ki, əsas mövzu Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır. Ancaq, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı geniş müzakirələr aparılır. Yaxın günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında önəmli sənəd - enerji təhlükəsizliyi ilə bağlı sənəd imzalanacaq və bizim əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldıracaqdır”. Əliyev əlavə edib ki, iyul 18-də Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində memorandumun imzalanması nəzərdə tutulur.

İl 20 milyard kubmetrlik qaz

Reuters agentliyi saziş layihəsinə istinadən xəbər verir ki, tərəflər kommersiya imkanlarına və bazarın tələblərinə uyğun olaraq, Cənub Qaz Dəhlizi ilə Avropa ölkələrinə ildə azı 20 milyrad kubmetr (2027-ci ilədək) təbii qazın ixrac olunmasını istəyirlər.

Agentlik yazır ki, bu layihə Avropanın Ukraynadakı müharibədən sonra Rusiya qazından asılılığı azaltmaq səylərinin bir hissəsidir.Reuters memorandum layihəsinin iştirakçı hökumətlərin təsdiqinə ehtiyacı olduğunu, onun məzmununun dəyişə biləcəyini qeyd edir.

Ukraynaya hərbi müdaxilədən sonra Almaniyaya qaz nəql edən Şimal axını-1 kəməri texniki xidmətə dayandırılıb. Hökumətlər və şirkətlər Moskvanın bu fasiləni uzada biləcəyini deyirlər.

Cənub Qaz Dəhlizi haqqında

Cənub Qaz Dəhlizi Azərbaycan prezidenti İ.Əliyevin "Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında" 25 fevral, 2014-cü il tarixli sərəncamı əsasında, "Şahdəniz" qaz-kondensat yatağının tammiqyaslı istismarı, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrində dövlətin iştirak paylarının birləşdirilməsi, idarə edilməsi və maliyyələşdirilməsi məqsədi ilə yaradılıb.

Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan Avropaya kommersiya məqsədli qazın nəqlinə 2020-ci il, dekabrın 31-də başlanıb.

878 kilometrlik boru kəməri ola TAP Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə (TANAP) birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək, İtaliyanın cənub sahillərinə çatır.

TAP İtaliyanın qazpaylayıcı şəbəkəsinə uğurla birləşdirildikdən sonra kommersiya məqsədli təbii qaz Melendugno məntəqəsindən SNAM Rete Gas (SRG) qazpaylayıcı şəbəkəsi ilə İtaliyaya, Nea Mesimvria məntəqəsindən isə DESFA şəbəkəsi ilə Yunanıstan və Bolqarıstana çatdırılıb.

TAP-ın səhmdarları SOCAR (20%), BP (20%), Snam (20%), Fluxys (19%), Enagás (16%) və Axpo (5%) şirkətləridir.

Rusiya layihəni əngəlləyə bilərmi?

Azərbaycan Enegetika Nazirliyinin martın 17-də yaydığı məlumata görə, 2020-ci il dekabrın 31-dən başlayaraq, Azərbaycan qazının Trans-Adriatik qaz kəməri (TAP) vasitəsilə Avropaya ümumi tədarükü 10 milyard kubmetrə çatıb. Nazirlik hesba edir ki, bu, TAP-ın missiyasını uğurla yerinə yetirdiyini göstərir.

Bəs Azərbaycanın ehtiyatları bu öhdəliyə əməl etməyə imkan verirmi? Ya da Rusiya belə bir müqavilənin imzlanmasını, yaxud icrasını əngəlləyə bilərmi?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban xatırladır ki, Azərbaycan BTC, Şahdəniz -1, Şahdəniz-2 kimi bir neçə irimiqyaslı layihə həyata keçirib və Rusiya bunların heç birinə əngəl törətməyib: “İndi neyniyəcək ki? Rusiyanın bizə təzyiq rıçaqları kifayət qədər azalıb. Biz Avropa ilə Rusiya arasında yaxşı balanslaşdırılmış siyasət yürütdüyümüzdən bu nəticələrə gəlmişik”.

Azərbaycan iqtisadiyyatı yeni dövrə qədəm qoyur

İ.Şaban bildirir ki, Azərbaycanın illik 20 milyard kubmetr qaz ixrac etməyə imkanı var: “Şahdənizdən sonra ən böyük qaz yatağımız Abşerondur. Onun təsdiqlənmiş, yəni çıxarıla biləcək ehtiyatı 350 milyard kubmetrdir. Bu ehtiyatın təqribən 45 milyard kub metri daxili bazara gələcək. Yerdə qalanı xarici bazar üçün hesablanıb”.

Ekspert hesab edir ki, Azərbaycanın böyük qaz həcmləri Şahdənizdən sonra böyük bazarlara çıxış əldə edəcək və 2027-ci il bunun başlanğıcıdır: “Əlavə 10 milyard kubmetr, ümumulikdə 20 milyard kub metr qazın Avropaya getməsi iki il çəkər. Çünki qazın yatağından çıxarılıb borularla göndərilməsi üçün müəyyən zaman lazımdır. Bundan başqa yatağın işlənməsi də ən azı 5 il aparacaq. Bu memorandumdan sonra mən gözləyirəm ki, sentyabr-oktyabr ayları üçün, maksimum ilin sonuna qədər kommersiya sazişləri imzalansın (“Şahdəniz 1” ilə əlaqədar olduğu kimi). Hər bir şirkət nə qədər qaz alacaq? Qazın qiymətinin kommersiya forması üzrə razılıq necə əldə olunacaq? ...Azərbaycanın neft gəlirlərinin qazla əvəzlənməsinin başa çatdığını bu layihə işə düşdükdən sonra demək olar. 2030-cu ili götürsək, Avropada 20 milyard qaz satsaq, qazdan gələn gəlir neft gəlirlərimizi üstələyəcək. Beləliklə, Azərbaycan iqtisadiyyatı yeni dövrə qədəm qoyacaq”.

Rusiyanın bu məsələlərə "isti baxmadığı" məlumdur

İqtisadçı ekspert Natiq Cəfərli “Amerikanın Səsi”nə bildirib ki, Azərbaycanla Avropa Birliyi arasındakı yeni qaz sazişi hər iki tərəf üçün çox önəmlidir. İndiki qaz böhranı, enerji böhranı zamanı alternativ enerji mənbələrinin çoxaldılması, çoxşaxəli təhcizat modellərinə keçid AB üçün həyatı əhəmiyyət kəsb edir: "Azərbaycan üçün də önəmlidir, çünki əlavə investisiyalar cəlb olunacaq, həm də AB ilə əməkdaşlığın genişləndirilməsi Azərbaycana yeni investisiyaların, texnologiyaların cəlbinə səbəb olan faktora çevriləcək."

N.Cəfərli də Azərbaycanın Avropaya daha çox qaz ixrac etmək potensialı olduğunu bildirib: “Hətta yeni texnologiyaların tətbiqi ixracı 24-25 milyarda qədər artırmağa imkan verir. İndiki danışıqlar və imzalanacaq müqavilələr yeni texnologiyaların tətbiqi ilə həcmlərin genişləndirilməsini nəzərdə tutur. Azərbaycanı həm də tranzit ölkəyə çevirə bilər. Yəni ətraf ölkələrin qaz resurslarının Azərbaycanın Cənub Qaz dəhlizi vasitəsilə Avropaya çatıdırılması imkanları genişlənəcək"

Bu sazişin Azərbaycan üçün Rusiya tərəfdən hansı təhlükələr yarada biləcəyi ilə bağlı suala gəldikdə ekspert Rusiyanın bu məsələlərə "isti baxmadığının" məlum məsələ olduğunu deyib.

Avropa Komissiyası sözügedən sənəd haqqında şərh vermir. Bu ayın sonu Aİ-nın enerji məsələləri üzrə komissarı Kadri Simsonun Azərbaycana səfəri gözlənir. Səfərdən əvvəl—iyulun 19-da tərəflərin Brüsseldə danışıqları nəzərdə tutulub.

Xəbərləri izləmək üçün Açıq Azərbaycanın telegram kanalına abunə olun: https: //t.me/openazerbaijan