Aytan Alakbarli

Freelance Journalist

DÜNYA BANKI LAYIHƏSININ HESABATSIZ ICRAÇILARI

25.12.2019 / Yerli tərəfdaşlar 78 milyon dollardan çox vəsait xərcləyib, amma ortada tutarlı hesabat yoxdur

Elçin Əliyevin 52 yaşı var. O, Ağdam rayonundan məcburi köçkündür. Indi İmişlinin Gövəktala kəndində yaşayır. Natamam orta təhsillidir. Kənd təsərrüfatıyla məşğuldur, bir də ayda 180 manat yardım alır. Dövlətin qaçqın və köçkünlərdən ötrü həyana keçirdiyi layihələrdən xəbərsiz olduğunu, elə bir kömək görmədiyini deyir. Məcburi köçkünlərin, eləcə də E.Əliyevin yaşayışını yaxşılaşdırası layihə varmı?

Məcburi köçkünlərin güzəranını yaxşılaşdırmalı layihə

Dünya Bankı ilə Azərbaycan hökuməti arasında bəlli yerlərdə yaşayan məcburi köçkünlərin şəraitinin yaxşılaşdırılması və onların müxtəlif bacarıqlara yiyələnərək fərdi iş yerlərini açması üçün dörd illik layihə “gerçəkləşdirilib”. 2012-ci ilin fevralından düz 2016-cı ilin dekabrına qədər. Layihədə hökuməti Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) təmsil edib və fondun görülən işlərə qoyduğu vəsait 12 milyon ABŞ dolları civarında, Dünya Bankının payı 66.53 milyon ABŞ dolları olub.

Layihənin məqsədi məcburi köçkünlərin yaşayış şəraitini düzəltmək, onların iqtisadi baxımdan özünə inamını artırmaqdı. “Yaşayış şəraiti” dedikdə fiziki mühit, eləcə də infrastruktur, təhsil və səhiyyə müəssisələri, yollar, elektrik enerjisi və su təchizatı kimi sosial və kommunal xidmətlər, “iqtisadi özünə güvən” anlayışına gəlincə, məcburi köçkünlərin xarici yardımla deyil, öz səyləri hesabına təsərrüfat gəlirləri əldə etmək imkanlarını çoxaltmaq nəzərdə tutulub.

Layihənin maliyyə hesabatı hardadır?

Əsas icraçı MKSİF olsa da, onun rəsmi internet səhifəsində layihəylə bağlı tutarlı hesabata rast gəlmək mümkün deyil. Səhifədə görülən işlərin siyahısı açıqlanır, ancaq layihənin maliyyə məbləğinə, xərcləmələrə yer verilmir:

“Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsi” Azərbaycan Hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (Dünya Bankı) arasında bağlanıb (8096-AZ saylı kredit sazişi). 2012-2015-ci illər ərzində MKSİF tərəfindən “Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsi” icra edilib. Bu layihənin icra müddətində 307 müxtəlif növ icma mikrolayihəsi həyata keçirilib, 86 məktəb binası, 5 səhiyyə, 6 icma mərkəzi və 8 uşaq bağçası təmir olunub. 3 artezian quyusu qazılıb, 129 km su və 3 km drenaj xətti inşa edilib, 29 elektrik, 2 istilik təchizatı şəbəkəsində yenidənqurma işləri aparılıb, 693 km yol və 10 km suvarma kanalı bərpa edilib, müxtəlif mərasimlərin keçirilməsi üçün məcburi köçkün icmalarına 31 yığma mağar verilib və 2 idman meydançası qurulub. Məcburi köçkünlərin məskunlaşdığı 103 ictimai binada təmir işləri aparılıb... Məşğulluğun təmin olunması məqsədilə, 1862 nəfər məcburi köçkünə mikrokredit verilib, 400 icmada birləşmiş 3000 nəfərdən artıq məcburi köçkün gəlir gətirən fəaliyyətlərlə bağlı təlimlərə cəlb olunub, bu icmalar əsasında qurulmuş yeni sahibkarlıq subyektlərinə (MMC-lərə) gəlir gətirən fəaliyyətlərə başlamaq üçün qrantlar ayrılıb. Layihə müddətində 1500 nəfər məcburi köçkün gənc peşə təlimlərinə cəlb edilib və peşə ixtisaslarına uyğun olaraq müvafiq alət və avadanlıqlarla təmin olunub. Həyata keçirilmiş fəaliyyətlərdən ümumilikdə 240 min nəfər faydalanıb ki, bunların 75%-ni məcburi köçkünlər təşkil edib...”

Səhifədə rayonlar, o rayonlardakı sakinlər, məşğulluqla bağlı açılan müəssisələr və konkret hansı gəlir gətirən işlərin nəzərdə tutulması barədə detallı bilgi yoxdur.

Qayıdaq Gövəktalaya. Kəndin digər sakini Elxan Əliyevin də vəziyyəti həmyerlilərindən fərqlənmir. O da Ağdamdan gəlib, 52 yaşı var, orta təhsillidir. Hökumət ailəsinə ayda 180 manat yardım göstərir. Özü kənd təsərrüfatıyla məşğuldur, bu layihə haqqında heç nə bilmir.

Kənd məktəbinin direktoru Nərgiz xanım 15 ildir burda işlədiyini, məktəbin təmirinə yardım almadıqlarını deyir. “Təmiri müəllimlərin köməyi ilə etmişik. Açığı, bu il şagirdəri də bu işə qatmışıq”.

27 yaşlı digər kənd sakini Nəbi Əliyev layihə çərçivəsində peşə təhsili kursunda iştirak etdiyini bildirir: “Mənə bu barədə dayım məlumat verdi. 6 aylıq kurs idi. Kursda bütün ehtiyaclarımız qarşılanırdı. Ancaq imtahanları verə bilmədim”.

O, iştirak etdiyi kursun Dünya Bankının layihəsi olduğunu tanışlarından öyrənəndən sonra xatırlaya bildi.

Layihənin əhatə etməli olduğu digər rayon və kəndlərdə də mənzərə fərqli deyil. Siyahıya görə eyni layihə Ağdam rayonunun Təzəkənd qəsəbəsində də həyata keçirilib. Ancaq Təzəkəndin bələdiyyə sədri Dünya Bankının hər hansı layihəsini xatırlamır(danışanların əksəriyyəti adının gizli qalmasını istəyib): “Bir neçə il bundan öncə Qızıl Aypara Cəmiyyəti 1100 manat yardım göstərdi. Kənddə olan yeganə məktəbi isə bir iş adamı tikdirib.”

Bu bölgənin keçmiş icra nümayəndəsi (son 2 ilə qədər) Valeh Abdullayev isə, “Təzəkənd kəndi və ona bitişik “Dördyol 1” və “Dördyol 2” qəsəbələri üçün layihə verildi, ancaq maliyyə ayrılmadı. Dünya Bankının maliyyəsi ilə Baharlı qəsəbəsinin su və kanalizasiya boruları təmir olundu və yeniləndi,” deyir.

Bərdə rayonunun Yeni Köçkün qəsəbəsi məcburi köçkünlərin əsas kompakt yaşadığı yerdir. Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinin Bərdə rayonu üzrə bölməsinin müavini Camal bəy də (soyadını demir) layihədən xəbərsiz olduğunu söyləyir.

Dünya Bankının yerli tərəfdaşları

Bəs Dünya Bankı ilə müqavilə imzalayıb, işləri boynuna götürən yerli tərəfdaşlar hansılardır?

Məcburi köçkünlərlə bağlı həyata keçirilən layihə iştirakçılarından biri Gəncə Regional İqtisadi Məsləhət Mərkəzidir (GRİMM). Bu haqda GRİMM-un elektron səhifəsində məlumat var, amma nə layihə haqda, nə də işə görə alınan məbləğ haqda bilgi verilir. (http://grmm.az/icra-etdiyimiz-layih%c9%99l%c9%99r/ ) Təşkilatın icraçı direktoru olmuş Arif Cahangirovun sözlərinə görə, hazırda layihələr dayandırılıb: “ Bizim işləri bir ildir ki, dayandırıblar. Qabaqlar işləmişik. Dünya Bankının fəaliyyəti dayandı, bizim də təşkilatın işləri dayandı. Təşkilatımızın ofisini də təhvil vermişik”.

Ancaq mərkəzin rəsmi internet səhifəsi təşkilatın fəaliyyətsiz olmadığını “deyir”. Mərkəzin idarə heyətinin sədri Nəcəfov Mətləb Möhübbət oğludur. Və M.Nəcəfov eyni zamanda “Gəncə Biznes-Qrup” MMC-nin (VÖEN: 2300184701 ) direktorudur. İcraçı direktor A.Cahangirov da “Gəncə Biznes-Qrup” MMC-nin, həm də Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşıdır. Ötən illərdə Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi layihələrdə layihə rəhbəri və qrup layihə rəhbəri olub.(http://www.shirvan-ih.gov.az/news/780.html, http://www.samux-ih.gov.az/news/1406.html, https://azertag.az/xeber/Yeni_layihe_kend_teserrufatinin_reqabet_qabiliyyetinin_guclendirilmesine_xidmet_edecek-988211)

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, QHT rəhbəri hər hansı kommersiya qurumunun təssisçisi və ya rəhbəri ola bilər: “Bu ictimai fəaliyyətdir, buna məhdudiyyət yoxdur. Söhbət əgər dövlət qulluğunda olan şəxsdən gedirsə, vəziyyət dəyişir. Burda müəyyən məhdudiyyətlər mövcuddur. Dövlət məmuru kommersiya fəaliyyəti göstərə bilməz”.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun internet səhifəsində verilən məlumata görə, 2013-cü il ərzində Dünya Bankının satınalma qaydalarına və ölkənin qanunvericiliyinə uyğun olaraq proqram çərçivəsində məsləhətçi xidmətləri göstərəcək təşkilat kimi “Gəncə Regional İqtisadi Məsləhət Mərkəzi” İctimai Birliyi seçilib. 2013-cü il yanvarın 14-də təşkilatla MKSİF arasında müqavilə imzalanıb. Proqram üzrə 1650 nəfər gənc (15-24 yaşında) məcburi köçkünə sahibkarlıq bacarıqlarının artırılması üzrə biliklər verilib, icma səfərbərliyi üzrə tədbirlər keçirilib, peşə təlimlərinin təşkil edilməsi və sahibkarlıq fəaliyyətlərinin ilkin mərhələdə texniki və maliyyə baxımından dəstəklənməsi öyrədilib. Xərclənən vəsait haqda burda da məlumat yoxdur.

“QHT-lərin fəaliyyətində tərəflərdən biri dövlət qurumudursa, burada şəffaflığı təmin etməlidir, istər maliyyə hesabatlılığı, istərsə də funksional hesabatlılığı olmalıdır. Orada dövlət qurumu iştirak edirsə, dövlət fondu iştirak edirsə, layihə ilə bağlı detalları açıqlamalıdır. QHT-nin də öhdəliyi var ki, ictimai əsaslarla fəaliyyət göstərdiyi üçün maliyyə hesabatı versin.” Ələsgər Məmmədli belə deyir.

Layihədə iştirak edən ikinci QHT isə “Təmas” Regional İnkişaf İctimai Birliyi olub. Birliyin Facebookda paylaşdığı məlumatda deyilir ki, onlar 35 nəfər məcburi köçkün yeniyetməyə təlim keçiblər. Təlimlərin Gəncə Regional İqtisadi Məsləhət Mərkəzi və gender məsələləri üzrə partnyor olan TƏMAS Regional İnkişaf İctimai Birliyi tərəfindən həyata keçirildiyi qeyd olunur.

“Təmas” 3 sentyabr 2008-ci ildə Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Hüquqi təmsilçisi – birliyin sədri Ələkbərova Kubra İsmayıl qızı, direktoru isə Məmmədova Südabə Oqtay qızıdır. Birlik 2018-2019-cu illərdə QHT-lərə Dövlət Dəstəyi Şurasından “İnsan alveri və potensial insan alveri qurbanlarına xidmət göstərən regional Reabilitasiya Reinteqrasiya Mərkəzinin fəaliyyətinin dəstəklənməsi” layihəsini udub və onun icrasının davam etdirir. Həmçinin Şuranın DİN ilə birgə keçirdiyi qrant müsabiqəsində “Təmas” eyni istiqamət üzrə 24 000 manatlıq layihə udub.

Növbəti QHT Sosial Tərəqqi İctimai Birliyidir. Qəbələ rayonunda yerləşən birliyin elektron səhifəsi yalnız ingilis dilindədir. Direktoru Qalib Nəbiyevdir. Təşkilat bir neçə layihədə iştirak edib, hesabatlarını paylaşıb (http://sppu.org.az/index.php?event=publication). Məcburi köçkünlərlə bağlı layihə haqda məlumatda deyilir ki, 15-24 yaşlı 100-ədək gənci müxtəlif peşə təlimlərinə cəlb edərək, sonda onları lazımi iş avadanlıqları ilə təchiz ediblər. Bir neçə gəncin həyat hekayəsi də verilib. Hekayələrin sonunda gənclər Yaponiya Səfirliyinə də təşəkkürlərini bildiriblər (https://www.facebook.com/150839054947654/videos/481369601919091/UzpfSTIyMzczMDUzMDk3NDA3Njo1NjEwNDQxNjM5MDU2NDU/).

Bu layihələrdə adı hallanan daha bir qurum “ASR Konsaltinq və Araşdırma Qrupu” MMC-dir. Müəssisənin qanuni təmsilçisi öncə İsayev Orxan İsa oğlu, sonra isə İsayev Fərid İsa oğlu olub. Müəssisənin təsisçisi isə hazırda Qida Təhlükəsizliyi Agentliyində sədrin müşaviri işləyən Mikayılov Elxan Əvəz oğludur.

Dövlət Dəstəyi Şurasından yardım alan QHT-lər

“XX Əsrin Qadınları” İctimai Birliyi, “İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi” İctimai Birliyi, “Regional Gender Mərkəzi” adları layihə iştirakçıları sırasında gedən QHT-lərdir. Bu təşkilatların heç birinin hesabatında və ya haqlarında çıxan informasiyalarda hansı regionda yerləşən məcburi köçkünlərlə işlədikləri, hansı işləri gördükləri, bu işlər üçün nə qədər vəsait aldıqları və layihənin sonrakı səmərəliliyi haqda ətraflı məlumat yoxdur. Və bu təşkilatların hər biri ayrı-ayrı zamanlarda QHT-lərə Dövlət Dəstəyi Şurasından maliyyə yardımı alıb.