Togrul Valiyev

Economist

AZƏRBAYCANIN SONUNCU KOLXOZU NECƏ YAŞAYIR?

21.10.2022 / Torpaq islahatının nəticələri

1996-cı ildən bu yana ilk dəfədir ki, torpaq islahatı Azərbaycanda aktual məsələyə çevrilib. Səbəb, torpaqların bir hissəsinin işğaldan azad olunmasıdır. 1996-cı ildə aparılan islahat bəlli səbəblərə görə işğal olunmuş əraziləri əhatə etməmişdi. “Torpaq islahatı” haqqında qanunun 24-cü maddəsinə görə “Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində zəbt edilmiş torpaqların azad olunmasından sonra torpaq islahatlarının aparılması və həmin torpaqlardan məcburi köçürülmüş şəxslərin xüsusi mülkiyyətinə torpaqların verilməsi qanunda göstərilən qaydada həyata keçirilir”. Maddə müvafiq ərazilərdə “islahatın aparılmasının, iqtisadiyyatın bərpasının dövlət proqramı əsasında həyata keçirildiyini” qeyd edir.

Beləliklə, azad olunan ərazilərdə ölkə üzrə tətbiq olunan qaydalara görə torpaq islahatı keçirilməlidir və bu islahat müvafiq bərpa proqramı çərçivəsində baş verməlidir. Bərpa proqramı barədə dəqiq nəsə demək çətindir. Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının Tədbirlər Planı çərçivəsində “Milli Prioritet 4. İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış” adlı bənd mövcuddur. Bənddə “Bu Prioritet “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış” Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində icra ediləcəkdir” deyən qeyd var. Amma prezident və ya hökumət tərəfindən təsdiq olunmuş sənədlər arasında belə bir dövlət proqramı mövcud deyil. Ona görə işğaldan azad olunmuş torpaqlarda torpaq islahatının aparılmasına dair yalnız təxminlər irəli sürə bilərik.

İndi hökumət tərəfindən ayrıca və xüsusi şəkildə qeyd olunmasa da, məcburi köçkünlərin öz torpaqlarına qayıtması birbaşa torpaq islahatı ilə də bağlıdır. Və işğaldan qurtarılmış ərazilərdə torpaq islahatına dair dəqiq məlumat olmadığından 1996-ci ilin təcrübəsinə istinad edə bilərik.

Ümumi təcrübə barədə bütün ölkə əhalisi məlumatlıdır; məhz bu təcrübənin nəticəsində Bakı əhalisi artmağa başladı, kənd təsərrüfatı ciddi böhranla üzləşdi və s. Amma bu torpaq islahatında bir istisna var idi.

İvanovka kəndi. Nikitin kolxozu

“Azərbaycan Xalq Təsərrüfatı 1988-ci ildə” adlı məcmuəyə görə, 1988-ci ilin sonunda Azərbaycanın ərazisində 789 sovxoz, 632 kolxoz və 215 müxtəlif tipli kənd təsərrüfatı müəssisəsi mövcud idi. Bundan başqa, kənd təsərrüfatı məhsulların emalı və bu sahə üzrə ixtisaslaşan tikinti müəssisələri də vardı. Müəssisələrin ümumi sayı 2088 idi. Torpaqların böyük hissəsi sovxozlara (3815,4 min hektar) və kolxozlara (2616,6 min hektar) məxsusdu. Şəxsi mülkiyyətdə olan torpaqların sahəsi cəmi 82,7 min hektar idi. 1996-ci ildə islahat çərçivəsində sovxoz və kolxozlara məxsus olan torpaqların bölünməsi qərara alındı. Nəticə etibarilə ölkə üzrə mövcud olan torpaqların 22%-i xüsusi mülkiyyətə keçdi. Bir istisna yarandı. Bu istisna İsmayıllı rayonunda yerləşən İvanovka kəndidir.

1996-cı ilədək İvanovka kəndi ilə Külüllü kəndinin birgə kolxozu—Kalinin adına kolxoz mövcud olub. Torpaq islahatlarının aparılması prosesində Külüllü kəndinin torpaqları kənd sakinləri arasında bölüşdürüldü. Lakin İvanovka kəndinin sakinləri torpaqlarını və kolxozun digər əmlakını öz aralarında bölüşdürməyə razı olmadılar. Kəndin rus icması prezidentə müraciət göndərərək, kolxoz quruluşunun saxlanmasını xahiş etdi. O da bu məsələyə, həm də kolxoza həmin təsərrüfata 41 il rəhbərlik etmiş N,V. Nikitinin adının qoyulmasına razılıq verdi. Nəticədə qonşu Külüllü kəndində 38 kəndli fermer təsərrüfatı, İvanovkada isə kolxoza daxil olan 822 təsərrüfat mövcuddur və ölkə üzrə yeganə kolxoz təsərrüfatı İvanovka kəndində qalır.

Əslində kommersiya hüquqi şəxslərin reyestrində daha bir kənd kolxozu qeydiyyatdan keçib. Bu, Goranboy rayonunda, molokanların məskunlaşdığı Rus Borisi kəndindəki kolxozdur, Sovet dövründən adı “Kalinin adına kolxoz” olub. O da Nikitin adına kolxoz kimi 1970-ci ildə yaranıb. 2017-ci ildə kolxoza sədrlik edən Mariya İvannikova deyib ki, “kəndin rus icmasının üzvləri ictimai təsərrüfatda çalışmağı üstün tutublar”, sadəcə kənddə təkcə ruslar yaşamadığına görə torpaqlar bölünüb. Kəndin 500 hektar ərazisinin yalnız 200 hektarı kolxoza aiddir. Buna görə də onu tam olaraq kolxoz adlandırmaq mümkün deyil və kommersiya hüquqi şəxslərin dövlət reyestrində bu kolxoz MMC kimi qeydiyyatdan keçib.

Ökənin sonuncu kolxoz təsərrüfatı necə fəaliyyət göstərir?

2016-ci ildə Modern.az-a müsahibəsində Kənd Təsərrüfatı nazirliyinin nümayəndəsi deyirdi ki, “İvanovkadakı sistem kolxoz kimi fəaliyyətini normal şəkildə davam etdirmir. Çünki, kolxozun xüsusi gəlir göstəriciləri yoxdur”. O zamanki kolxoz rəhbərliyi də bunu təsdiqləmişdi. Kolxoz sədrinin sözlərinə görə 2015-2016-ci il mövsümündə kolxozun zərəri 1 milyonu, dövlətə borcu isə 1,7 milyon manatı keçmişdi.

İsmayıllı rayonu İcra Hakimiyyətinin məlumatına görə, 2012-ci il, yanvarın 1-nə kolxozun balansında 8497 hektar ümumi, o cümlədən 5757 hektar kənd təsərrüfatına yararlı və 4977 hektar əkin yeri torpaqları vardı. Eyni dövrə olan məlumata görə, əsas fondların dəyəri 7 milyon manata yaxın idi. Kəndin bütün infrastrukturu, sosial obyektlər kolxozun balansında və idarəçiliyindədir. Məsələn, kəndin daxilində olan qaz, elektrik və su təsərrüfatının saxlanması və idarə olunması kolxoz tərəfindən həyata keçirilir. Mədəniyyət evi, uşaq bağçası, xəstəxana kimi sosial obyektlər də kolxozun vəsaiti hesabına saxlanır. Ancaq İcra Hakimiyyətinin verdiyi məlumata görə, kənddə olan bütün infrastruktur əsasən ya dövlət büdcəsi, ya da hər hansı digər maliyyə institutunun hesabına qalıb. Məsələn, kənddə xəstəxana Dünya Bankının kredit vəsaiti, su xətti dövlət büdcəsi, kənd xəstəxanası Yaponiya səfirliyi və s. hesabına tikilib, ya da bərpa olunub. Yəni kolxozun böyük infrastrukturu olmasına baxmayaraq, bu infrastruktur kolxoz hesabına yox, daha çox dövlət büdcəsi hesabına saxlanır və vəziyyət digər kəndlərdən ciddi sürətdə fərqlənmir. Misal üçün, 2021-ci ilin sentyabrın 8-də İsmayıllı rayon icra hakimiyyətinin başçısı xəbər vermişdi ki, İvanovka kəndinin 6 məhəlləsində uzun illərdən bəri davam edən içməli su problemi həllini tapıb. Müvafiq addımlar “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində atılıb.

QEYD: Vaxtilə səhmdar cəmiyyətinə çevrilmək haqqında qərar verilsə də, Dövlət Vergi Xidmətinin məlumatına görə, kolxozun hüquqi statusu “digər kommersiya təşkilatı” olaraq göstərilib.

Kolxozun iqtisadiyyatı taxılçılıqla bağlıdır

AzərTAC-ın verdiyi məlumata görə, 2022-ci ildə İvanovka kəndində 4273 hektar sahədə taxıl yetişdirilib. Zəmilərin 2153 hektarı buğda, 2120 hektarı isə arpadır. Həmçinin 240 hektar ərazidə günəbaxan əkilib. Taxıl biçini vaxtı 20 kombayndan istifadə olunub.

Ümumi istehsala aid dəqiq rəqəmlər tapmaq mümkün olmadı, amma bildiyimizə görə 2016-ci ildə İvanovkada 3171 ton buğda, 2418 ton arpa, 22 ton noxud və 82 ton günəbaxan istehsal olunub. Bundan başqa, kənddə üzümçülük, tütünçülük və heyvandarlıqla məşğul olurlar. Tütünçülük nisbətən yeni sahədir, 2022-ci ildə İsmayıllı rayonunun istixana təsərrüfatlarında yetişdirilən tütün şitillərinin açıq sahələrə köçürülməsinə başlanıb. 15 hektarlıq sahhədə tütün yetişdirilməsi nəzərdə tutulur. Bu əkinlər Qalınçaq, Diyallı, Qurbanəfəndi, Sumağallı, Topçu, Təzəkənd və İvanovka arasında bölünüb. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin məlumatına görə İvanovka kəndi tütünün əkilməsində, yığılmasında və qurudularaq təhvil verilməsində yaxşı nəticə göstərən kəndlərdən biridir.

Heyvandarlıq zəifləyib

Digər istiqamətlər, o cümlədən heyvandarlq Sovet dövründən var. 2016-ci ildə kolxozda 1406 baş iribuynuzlu mal-qara, 6084 baş davar, 174 baş donuz, 64 baş at olub. Kolxoz sədrinin sözlərinə görə, onlar bu aktivdən iqtisadi vəziyyətin pis olduğu vaxtlarda fəal istifadə ediblər. Hələ 2014-cü ildə kolxoz heyvanların bir hissəsini borcu ödəməkdən ötrü satıb. Müqayisə üçün: 2005-ci ildə 3000 baş iribuynuzlu mal-qara olub, 2015-ci ildə göstərici 1800-ə düşüb. 2021-ci ildə isə müəssisədə cəmi 400 baş iribuynuzlu mal-qara qalıb. Kolxoz rəhbərliyinin sözlərinə görə qalan 1400-ü “maaş borclarını və kolxozun digər borclarını bağlamaq üçün” satıblar.

2020-2021-ci illərdə kolxozun 530 qoyununun hepatit, pnevmoniya və qastroentit xəstəliklərindən öldüyü bildirilmişdi. Sonralar rayon prokurorluğunun apardığı araşdırma nəticəsində məlum olmuşdu ki, ferma müdiri və baytar həkim qoyunların xəstələnməsiylə bağlı saxta sənədləşmə aparmış, əslində heyvanları sataraq, kolxoza ziyan vurmuşlar.

Üzümçülük İvanovkada ənənəyə çevrilib, amma...

Deyilənə görə, Sovet dövründə İvanovkada üzüm əkinlərinin sahəsi 500 hektar olub.1980-ci illərin sonlarında alkoqolizm ilə mübarizə şəraitində üzüm əkin sahələri 300 hektara kimi azaldılıb. İndi kolxozda hər il orta hesabla 1000 ton üzüm istehsal edilir. Keçən illərlə müqayisədə bu nisbətən aşağı göstəricidir. Ancaq, məsələn, 2011-2012-ci illərdə illik yığım 500 ton olub, sonradan artıb, 2016-ci ildə 2700 tona çatıb. Amma o zaman bu üzümün yalnız 820 tonluq hissəsi satılıb.

İvanovkada yığılan üzüm əsasən Göyçay və Gəncə şərab zavodlarına satılır. Bu zavodlar üzümü ya çox ucuz alır, ya da ümumiyyətlə, almaqdan imtina edirdilər. Bunun nəticəsidir ki, üzüm yığımı kəskin şəkildə azalıb. Maraqlıdır ki, İvanovkada üzüm yığımı azalsa da, bütün İsmayıllı rayonu üzrə artım var. 2014-cü ildə rayonda 2791 ton üzüm yığılmışdısa (əsasən İvanovkadan), 2018-ci ildə bu göstərici 4124 ton, 2020-ci ildə 4347 tona çatıb. 2021-ci ildə rayon üzrə yığım 2711 tona kimi azalıb.

Kollektiv addımlar

Yuxarıda istinad etdiyimiz bütün mənbələrdə həm kolxoz rəhbərliyi, həm də yerli əhali kolxozun çətinliklə fəaliyyət göstərdiyini qeyd edir. Hələ 2020-ci ildə KİV-lərdə İvanovkada çalışan işçilərin məktubu yayıldı. Məktubdan məlum oldu ki, kolxoz 2009-cu ildə texnika və 96 baş iribuynuzlu heyvana görə dövlətdən 782 000 manat məbləğındə borc götürüb. 2015-ci ildə kolxoza məxsus borclar bütünlüklə silinib. Həmin il kənd rəhbərliyi də kolxozun xeyli problemi (taxılçılıqda məhsuldarlıq aşağı idi, üzum alınmırdı və s.) olduğunu bildirmişdi. Borcların silinməsinə baxmayaraq, problemlər qalırdı.

Kolxoz rəhbərinin sözlərinə problemlərin bir hissəsi dövlətdən subsidiya və kreditlərin alınmamasına görədir. Məsələn, 2018 və 2019-cu illərdə kolxoz Kənd təsərrüfatı nazirliyinə müraciət etsə də, istəyinə nail olmayıb, nəticədə “bankrot olmağa yaxınlaşıb”. Kənddə quşçuluq sahəsi itirilib, donuzçuluq, demək olar ki, ləğv olunub, toxum fondu qalmayıb. Kolxoz Bakı şəhərində olan hər iki mağazasını satmalı olub (birini 900 min, digrini 500 min manata). Amma bu da kömək etməyib.

İşçilərin məlumatına görə, 2019-cu ildə Nikitin Kolxozunun sədri iki sahibkarla (Vidadi Əliyev və Tahir Quliev) razılaşıb, kolxozun əkin sahələrini (4000 hektardan çox) kolxozun işçi və texniki qüvvələri hesabına əkib-becərib, məhsulu razılaşdığı adamlar vasitəsilə sataraq, gəliri mənimsəyib. İşçilər aylarla maaş ala bilmədiklərini deyirdilər. Maaşın ödənilib-ödənilməməsinə dair məlumat olmadığı halda, 2021-ci ildə bu razılaşmanın detallarına dair məlumat paylaşıldı. Məlum oldu ki, razılaşmaya əsasən torpaqların əkilməsi xərcini adıçəkilən şəxslər ödəyiblər və sonda məhsuldan əldə olunan gəlirin 40% kolxoza, 60% isə adıçəkilən şəxslərə çatıb. Nəticədə kolxozda çalışan fəhlələr kütləvi şəkildə narazılıq edib.

Kolxoz rəhbərliyi bu iş birliyini təsdiqləyir. Sədrin sözlərinə görə, kolxozu xilas etmək üçün dövlət strukturlarına, kənd təsərrüfatı nazirliyinə müraciətlər edib, dəstək ala bilməyiblər. Sonda kolxozu maliyyələşdirməyə razı olan şəxs tapılıb. Rəsmi mənbələrə müraciət edəndə bu şəxslərin “İvanovka Sovqatları Şirkətlər Qrupu” MMC-nin qanuni nümayəndələri olduğu üzə çıxır. Şirkət kənddə karamel fabrikinin tikintisinə başlayıb, bu məqsədlə 4,6 milyon manat sərmayə yatırııb. Fabrik bu yaxınlarda fəaliyyətə başlamalıdır.

Rəsmi rəqəmlər kolxozun problemlərinin hələ də həll olunmadığını göstərir. Avqustun 15-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi Novoseltsev Vasiliy İvanoviç (kolxoz sədri) barəsində məhkəmə iddiası qaldırıb. Vergi Xidməti onun ölkədən çıxışına qadağa təyin etmək niyyətində idi. Səbəb, kolxozun 705987,35 AZN vergi borcunun qalmasıdır. Maraqlıdır ki, sentyabrın əvvəlinə vergi borcu(bura DSMF və s. borclar daxil deyil) 664635,45 AZN-ə qədər azaldı.

Torpaq islahatı aparılmasa da...

Başqa tərəfdən, “Respublika” qəzeti bu il Nikitin adına kolxozda yüksək məhsuldarlıqdan yazır. Qəzet deyir ki, 2022-ci ilin məhsulu üçün 2021-ci ilin payızında 4215 hektar sahədə taxıl əkilib və hər hektardan məhsuldarlıq 50,5 sentner təşkil edib. Bu isə kolxoz yarandığı gündən bəri əldə olunmuş ən yüksək göstəricidir (kolxoz sədrinin sözlərinə görə, 2021-ci ildə məhsuldarlıq 33 sentner olub, məhsuldarlıq bir ilə 53% artıb).

Qida təhlükəsizliyi Agentliyi xəbər verir ki, 2021-ci ildə İvanovkada kolbasa istehsalına başlanıb. Kolbasa sexi ilə birlikdə kənddə 5 müəssisə mövcuddur. Onlardan biri “Eviar” MMC-ə məxsus çörək zavodudur. Digərləri süd və süd məhsulları istehsal ilə məşğuldur.

Beləliklə, İvanovka kəndində torpaq islahatı keçirilməsə də, vəziyyət digər kəndlərdən ciddi şəkildə fərqlənmir. Kolxoz 2010-2022-ci illər ərzində iki dəfə bankrot olmaq riski ilə üz-üzə qalıb. Birinci dəfə onu dövlət xilas edib, ikincidə sahibkar köməyə gəlib. Nəticə etibarilə digər kəndlərdə baş verən hadisələr burada da təkrarlanıb. Sadəcə digər kəndlərdə fermerlər problemlərini özləri həll etməyə çalışır (yəni torpağını iri şirkətə icarəyə verir və ya dövlətdən dəstək istəyir), burada eyni addımlar kollektiv şəkildə atılır. Üstəlik, kəndin bütün infrastrukturu kolxoza məxsus olsa da, reallıqda bu infrastrukturun saxlanma xərcləri digər yerlərdə olduğu kimi dövlət büdcəsi üzərindədir. Kolxoz özü nə müəssisələri, nə də infrastrukturu saxlamaq iqtidarında deyil, onun kənardan dəstəyə daimi ehtiyacı var.