Open Azerbaijan

Analytic Portal

ALMANIYA KƏŞFIYYATININ KEÇMIŞ RƏHBƏRI AZƏRBAYCANA CASUSLUQDA ŞÜBHƏLI BILINIR

07.10.2026 / August Hanningin məxfi sənədlər əsasında Azərbaycan tərəfi üçün hesabat hazırladığı bildirilir


August Hanning. Foto Deutsche Welle-dən götürülüb



Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş prezidenti August Hanning oktyabrın 6-da casusluq şübhəsi ilə saxlanılıb. Federal Kriminal Polis İdarəsinin (BKA) əməkdaşları Hanningi Şimali Reyn-Vestfaliya əyalətinin Münster şəhəri yaxınlığındakı yerləşən evində saxlayıblar.

“Der Spiegel”in məlumatına görə, polis xüsusi təyinatlıları səhər saat 06:41-də əməliyyata başlayıb, Hanning isə saat 08:58-də evindən çıxarılaraq aparılıb. Eyni vaxtda BND-nin daha bir keçmiş yüksək vəzifəli əməkdaşı Manfred D. də Bavariyanın Bad Tölz–Wolfratshausen rayonunda saxlanılıb.

Almaniya Federal Baş Prokurorluğunun məlumatına görə, 80 yaşlı Hanning dövlət sirlərinin əldə edilməsi, dövlətə xəyanət və xarici dövlətin maraqları naminə gizli kəşfiyyat fəaliyyəti ilə bağlı aparılan istintaqda şübhəli şəxsdir.

BILD və “Der Spiegel” yazırlar ki, istintaq Hanningin Azərbaycan xüsusi xidmət orqanı ilə mümkün əlaqələrini araşdırır. “Der Spiegel”in məlumatına görə, Hanning BND-dən əldə edilmiş məxfi məlumatlardan istifadə edərək Azərbaycan xüsusi xidmət orqanının əməkdaşı üçün “analitik hesabat” hazırlayıb. Hazırda həmin sənədin Azərbaycan tərəfinə ötürülüb-ötürülmədiyi araşdırılır.

2 minə yaxın məxfi sənəd

Federal Baş Prokurorluğunun versiyasına görə, Hanning məxfi sənədləri BND-də uzun illər yüksək vəzifədə çalışmış Manfred D. vasitəsilə əldə edib.

BILD-in məlumatına görə, Manfred D. Hanning BND-yə rəhbərlik etdiyi dövrdə (1998–2005) onun aparat rəhbəri olub. Sonrakı illərdə isə BND-nin bir neçə prezidentinin aparat rəhbəri kimi çalışıb və 2026-cı ilin yazına qədər xidmətdə qalıb. Bu vəzifə ona BND-nin ən məxfi məlumatlarına çıxış imkanı verirdi.

İstintaq hesab edir ki, Manfred D. 2022-ci ilin iyun ayına qədər Hanningə təxminən 2000 sənəd ötürüb. Onların arasında yalnız BND-nin daxili istifadəsi üçün nəzərdə tutulmuş çoxsaylı məxfi sənədlər də olub.

Manfred D.-nin Hanningə ötürdüyü məxfi sənədlər arasında Almaniya Kanslerliyində təhlükəsizlik qurumları rəhbərlərinin rutin görüşləri üçün hazırlanmış materiallar da olub. Bu sənədlərdə İranın nüvə proqramı və Rusiya ordusu ilə bağlı təhlillər yer alıb.

BILD yazır ki, Hanning həmin məlumatları pul müqabilində əldə edib və sonradan onları məsləhətçilik fəaliyyəti çərçivəsində satmağı planlaşdırıb.

İstintaq necə başlayıb?

BILD yazır ki, Hanning və Manfred D.-nin izi əvvəlcə Hamburqlu iş qadını Christina Blockun işi üzrə aparılan istintaq zamanı ortaya çıxıb. Block və digər təqsirləndirilən şəxslər uşaqların zorla qaçırılması ittihamı ilə mühakimə olunurlar.

Həmin araşdırma zamanı BND-dən Almaniya Kanslerliyi üçün hazırlanan “Nachrichtendienstliche Lage” adlı məxfi kəşfiyyat arayışlarının sızdırıldığı üzə çıxıb.

2025-ci ilin sentyabrında Hanningin Westerwald bölgəsindəki evi və ofislərində axtarış aparılıb. Həmin vaxt rəsmi olaraq söhbət yalnız Block işindən getsə də, BILD yazır ki, Hanninglə əlaqəli şirkətlərdən birinə gizli istintaq əməkdaşı yerləşdirilibmiş. Bu isə dövlətə xəyanət şübhəsi ilə istintaqın artıq o vaxt başladığını göstərir.

Manfred D. artıq Federal Ali Məhkəmənin (BGH) istintaq hakiminin qarşısına çıxarılıb və barəsində həbs qətimkan tədbiri seçilib. August Hanning də oktyabrın 7-də istintaq hakiminin qarşısına çıxarılacaq və onun həbsdə qalıb-qalmayacağına qərar veriləcək.

Azərbaycan və Rusiya ilə əlaqələr

Hanning dövlət qulluğundan ayrıldıqdan sonra təhlükəsizlik və biznes sahəsində beynəlxalq məsləhətçi kimi fəaliyyət göstərib.

O, Almaniya–Azərbaycan Forumunun (Deutsch-Aserbaidschanisches Forum) idarə heyətinin üzvü olub. Forum Almaniya ilə Azərbaycan arasında siyasi, iqtisadi və ictimai əlaqələrin inkişafını təşviq edən təşkilatdır. Son illərdə forumun adı Almaniyada Azərbaycanla bağlı lobbiçilik müzakirələrində də hallanıb.

Deutsche Welle yazır ki, Hanningin Rusiya, Çin və İsraillə də yüksək səviyyəli də əlaqələri olub. Nəşrlərin məlumatına görə, onun həmin ölkələrin dövlət strukturları, xüsusilə də Kremlə yaxın dairələrlə təmasları var idi.

Sonrakı illərdə də Hanning Rusiya ilə bağlı siyasi və biznes çevrələrində görünməyə davam edib.

2016-cı ildə o, Berlində Rusiya Dəmir Yollarının keçmiş rəhbəri Vladimir Yakuninin “Sivilizasiyaların dialoqu” fondunun təşkil etdiyi konfransda iştirak edib. 2021-ci ildə isə Hanning Londonda rusiyalı milyarder Oleq Deripaskanın xeyrinə yazılı ifadə verib. Həmin ifadə Deripaskanın başqa rusiyalı biznesmen Mixail Çernoyla məhkəmə çəkişməsi çərçivəsində təqdim olunmuşdu.

Hanningin adı 2019-cu ildə Latviyada müflis olmuş Rusiya əsilli biznesmen Qriqori Quselnikova məxsus PNB Banka (əvvəlki adı Norvik Banka) ilə bağlı qalmaqalda da hallanıb. O, həmin bankın Müşahidə Şurasının üzvü olub.

Maliyyə problemləri

Hanning son illər ciddi maliyyə problemləri də yaşayıb. O, Latviyada sonradan müflis olmuş PNB Bankanın (əvvəlki adı Norvik Banka - Bankın adı 2018-ci ildə dəyişdirilib) Müşahidə Şurasının üzvü olub. Bank Rusiya əsilli biznesmen Qriqori Quselnikova məxsus olub. 2019-cu ildə isə Avropa Mərkəzi Bankı onun fəaliyyətini dayandırıb və daha sonra bank iflas proseduruna daxil olub.

Bankın iflasından sonra Hanning və digər Müşahidə Şurası üzvlərinə qarşı hüquqi iddialar qaldırılıb. BILD yazır ki, bu səbəbdən onun pensiyasının bir hissəsi uzun müddət tutulub.

Azərbaycandan media qurumu vasitəsilə reaksiya

Azərbaycan Media və Yayım Şurası bildirib ki, “Der Spiegel”in ilkin olaraq yaydığı və daha sonra Reuters, AFP, France 24, The Times, The Telegraph və digər beynəlxalq media qurumlarının tirajladığı məlumatlar dezinformasiya xarakteri daşıyır. Şura Azərbaycanın adının rəsmi mənbəyə istinad edilmədən bu işlə əlaqələndirilməsini “informasiya manipulyasiyası” adlandırıb və bunu Azərbaycan–Almaniya münasibətlərinə xələl vurmağa yönəlmiş kampaniyanın tərkib hissəsi kimi qiymətləndirib.

August Hanning kimdir?

August Hanning hüquqşünas təhsili alıb və dövlət qulluğuna 1970-ci illərdə başlayıb. Əvvəlcə Şimali Reyn-Vestfaliya əyalətinin maliyyə administrasiyasında, daha sonra isə Federal Daxili İşlər Nazirliyində çalışıb.

1981-ci ildən Federal Kansler Aparatında işləyib. 1986–1990-cı illərdə Şərqi Berlində Almaniya Federativ Respublikasının Daimi Nümayəndəliyində təhlükəsizlik məsələlərinə cavabdeh olub və Şərqi Almaniyadakı siyasi məhbusların Qərbə çıxarılması proqramında iştirak edib.

1998-ci ilin dekabrında kansler Gerhard Şröderin hökuməti dövründə Federal Kəşfiyyat Xidmətinin (BND) prezidenti təyin edilib və 2005-ci ilin noyabrına qədər bu vəzifədə çalışıb.

Angela Merkel kansler olduqdan sonra Hanning Federal Daxili İşlər Nazirliyinə dövlət katibi təyin olunub. Burada polis, daxili təhlükəsizlik, miqrasiya, inteqrasiya, qaçqınlar, böhranların idarə olunması və federal təhlükəsizlik orqanlarının fəaliyyətinə nəzarət sahələrinə cavabdeh olub.

2009-cu ildə dövlət qulluğundan ayrıldıqdan sonra özəl sektora keçərək təhlükəsizlik üzrə məsləhətçi kimi fəaliyyət göstərib. O, həyat yoldaşı ilə birlikdə Hanning Consult şirkətini yaradıb, Britaniyanın G3 konsaltinq şirkətində Rusiya üzrə rəhbər vəzifəsində çalışıb, System 360 AG və Pluteos AG şirkətlərində rəhbər vəzifələr tutub. Həmçinin Almaniya–Azərbaycan Forumunun idarə heyətinin üzvü olub.